525.Az

Emin Həsənli: “Azərbaycan xalqı öz dövlətinin uğurlu layihələrini dəstəkləyir..."


 

"... xaricdən gələn məkrli proyektləri yox”

Emin Həsənli: “Azərbaycan xalqı öz dövlətinin uğurlu layihələrini dəstəkləyir..."<b style="color:red"></b>

“Əgər Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı və cənab Prezident İlham Əliyev dövlət başçısı kimi onun siyasətini uğurla davam etdirməsəydi, Azərbaycan da yəqin indi Əfqanıstanın, Suriyanın, Misirin vəziyyətində olardı. Görün indi Suriya, Misir, Liviya nə durumdadır, oranın vətəndaşları necə ümidsiz bir hala düşüblər. Bu halın bir başqa variantını biz 1993-cü ildə yaşamışıq. İndi də o sınaqları təkrarən Azərbaycanda keçirmək istəyən qüvvələr var. O vaxt ümummilli lider buna imkan vermədi. Azərbaycanı stabil dövlətə, ölkənin milli maraqlarını qorumağı əsas məqsədə çevirdi. Balanslı xarici siyasət kursu formalaşdırdı. Cənab prezident də hazırda bu yöndə sistemli, ardıcıl işlər aparır”. Bu fikirləri Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri, politoloq Emin Həsənli əməkdaşımızla söhbəti zamanı qeyd edib. Onun fikrincə, 1993-cü ildə başlanan, 2003-cü ildən yeni mərhələyə qədəm qoyan məqsədyönlü siyasət ölkəmizdə uğurla davam etdirilir: “Dövlətimizin başçısı hər zaman milli maraqlarımızı qətiyyətlə qoruyur. Artıq cəmiyyət üçün sirr deyil ki, dünyanın bəzi gücləri Qarabağ məsələsi və başqa məsələlərlə bağlı ölkəmizə təzyiq edirlər. Biz hətta ən doğma dövlət olan qardaş Türkiyəyə də Ermənistanla sərhədlərin açılması məsələsində güzəştə getmədik. Ondan əvvəl Azərbaycanla Ermənistan arasında da sərhədləri açmaq istəyirdilər. O təzyiqlərin qarşısında dövlətimizin başçısı əzmlə dayanır və Azərbaycanın müstəqilliyini qoruyur. Prezident İlham Əliyev regionu münaqişə yox, dinc əməkdaşlıq müstəvisinə çevirməyə çalışır. Yəni, qonşu dövlətlər istəsələr də, bizim ABŞ-la, İsraillə əməkdaşlığımıza təsir göstərə bilmir. Eləcə də ABŞ, İsrail bizim Türkiyə, Rusiya, İranla əməkdaşlığımıza təsir edə bilmir. Çünki dövlətimizin rəhbəri müstəqil siyasət aparır”.

E.Həsənli qeyd edib ki, hazırda Yaxın və Orta Şərqdə baş verən qanlı olaylardan cəmiyyət və siyasi qüvvələr mühüm ibrət dərsləri götürməlidir: “Azərbaycan xalqı müdrik xalqdır. 1993-cü ildə xalqımız ümumilli ilderə üz tutdu və qətiyyətli mövqe göstərərək Azərbaycanda sabitliyin, inkişafın tərəfdarı olduğunu nümayiş etdirdi. Bu gün də xalqımızın böyük əksəriyyəti həmrəydir və dövlətin apardığı siyasəti dəstəkləyir. İndi informasiya əsridir, 5 dəqiqə sonra hamı baş verənlərdən məlumatlı olur. Xalqımız Yaxın və Orta Şərqdə gedən prosesləri diqqətlə izləyir. Eşidirlər, görürlər ki, Misirdə son iki ildə neçə çevriliş oldu, insanlar məhv edildi və yaxud Suriyada necə qanlar axıdılır. İnsanlarımız bunu görür, dərk edirlər. Azərbaycan xalqı üçün bu gün ilk növbədə sabitlik, təhlükəsizlik maraqlıdır. Suriyada əhalinin ölüm sayı artıq on minlərlə ölçülür. Misirdə, Liviyada da onun kimi. Azərbaycan əhalisi bunu istəmir. Azərbaycan xalqı övladının sağlam olmasını, təhsilli olmasını istəyir. Bir var ki, münaqişə ölüm-itim düşmənin hücumunu dəf edən zaman ola, bir də var ki, vətəndaş müharibəsində əhali bir-birini qıra. Bunlar tam fərqli şeylərdir. Təbii ki, o dövlətlərdə o proyekti, islam coğrafiyasında o sınaqları həyata keçirənlər Azərbaycanda da həmin ssenarini təkrarlamaq istəyirlər. Buraya xeyli vəsait yönəldirlər, gəncləri bu proseslərə cəlb etməyə çalışırlar. Amma böyük əksəriyyət buna imkan vermədiyi, dövlət və xalq arasında böyük etimad olduğu, xalq bu dövlətə və hakimiyyətə inandığı, hakimiyyət bu məsələlərdə qətiyyətli mövqe tutduğu, bacarıqlı siyasət apardığı üçün Azərbaycan dövlətində bu hadisələri həyata keçirmək mümkünsüzdür. Onlar özləri də yaxşı başa düşürlər ki, dəfələrlə cəhd eləsələr də bu, alınası deyil”.

E.Həsənli Azərbaycan xalqının xaricdə hazırlanıb gələn məkrli proyektləri yox, öz dövlətinin uğurlu, rifah yaradan layihələrini dəstəklədiyini əminliklə qeyd edib: “Müxalifət öz proqramını burada elan etməlidir. Bəzi müxalifət qüvvələri ancaq ABŞ-a, Britaniyaya, Avropanın digər ölkələrinə, Rusiyaya dəvət edilmələrini öz uğurları kimi qeyd edirlər. Bizdəki seçkinin nəticələri nə ABŞ-da, nə Rusiyada, nə Britaniyada müəyyən oluna bilməz. Bu nəticələri burada, xalq özü müəyyən edir. Müxalifətdəkilər dəfələrlə birliklər yaradır və bir-biriləri haqqında olmazın fikirlər səsləndirirlər. Doğru siyasət yürütmürlər, doğru proqram müəyyənləşdirə bilmirlər, doğru namizəd seçmirlər. Müxalifət qüvvələri Qərbin əlində alət olduğu üçün Azərbaycan xalqı onlara inanmır. Onlar bir dəfə də olsun ABŞ, Britaniya, Fransa, ATƏT  səfirliyi qarşısında bir piket keçirib Qarabağ məsələsi ilə bağlı fikirlərini bildirmirlər. Düşünmürlər ki, bizim tarixi torpaqlarımızın taleyi necə olacaq? Onlar vətənpərvərdirlərsə, niyə bunu tələb etmirlər, getdikləri xarici ölkələrdə, beynəlxalq aləmdə bu məsələni qaldırmırlar? Ancaq Azərbaycanda guya hansısa qondarma problemlərin mövcudluğunu qabardırlar. Bizim indi ən böyük problemimiz torpaqlarımızın işğalı məsələsidir. Bir şəxsin ki, namizədlik məsələsinin həlli başqa bir dövlətin başçısının əlində ola, o da, onu dəstəkləyənlər də necə bu xalqın səsinə ümid edə, yaxud hansı qətiyyətli siyasəti yeridə bilərlər, xarici təsirlərə necə dözə bilərlər? Partiya yoldaşının təzyiqinə dözə bilməyən, jurnalistlərin ağzının üstündən vurmaq fikrini ortaya qoyanlar, mətbuata, cəmiyyətə dözümsüz olanlar, bir-birilərinə inanmayanlar sabah Azərbaycan dövlətini necə idarə edə bilərlər? Onlar bir bələdiyyə sədri, bir icra nümayəndəsi vəzifəsini yerinə yetirə biliblərmi ki, bu boyda ölkəyə rəhbərlik iddiasında olsunlar? Biz vətəndaşlarla görüşürük, hamı hazırkı siyasətin davamını istəyir. İnsanlarımız indi gələcəyə böyük ümidlə, inamla baxırlar, ümidlərinin qırılmasını istəmirlər. Ona görə də hazırkı iqtidarın siyasəti dəstəkləyirlər və hələ çox uzun zaman dəstəkləyəcəklər”.

S.ABDULLAYEVA

 





09.09.2013    çap et  çap et