525.Az

“Gənclər siyasəti dövlətin prioritetlərindən biridir”


 

“Gənclər siyasəti dövlətin prioritetlərindən biridir”<b style="color:red"></b>

Hər bir ölkənin gələcəyi onun gəncliyinin sağlam yetişməsindən asılıdır. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Azərbaycanda da gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.  Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən uğurla həyata keçirilir.

“Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar cəmiyyəti”nin rəhbəri İlqar Orucov Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qiymətləndirildiyini deyərək bu siyasətin əsasını ümummili lider Heydər Əliyev tərəfəindən qoyulduğunu bildirib. O, hazırda bu siyasət ölkə rəhbəri İlham Əliyev tərəfindən yeni və müasir formada, uğurla davam etdirildiyini söyləyib: “Son 10 ildə gənclərin hərtərəfli inkişafı ilə bağlı dövlət gənclər siyasəti haqqında qanun, müxtəlif dövlət proqramları qəbul olunub. Əlbəttə, bütün bunlar Azərbaycan gəncinin gələcəyinə ünvanlanmış addımlardır. Bu istiqamətdə aparılan işləri təbii ki, gənclər təşkilatının rəhbəri olaraq yüksək qiymətləndirirəm. Dünyada ilk dəfə olaraq “Avropa məkanında yeni çağırışlar: Avropa Gənc Alimlərinin I Bakı Forumu” adlı tədbir Azərbaycanda keçirilib və 45 ölkədən 175 gənc alim burada iştirak edib. Sözügedən tədbirdə iştirak edən gənclərin də qeyd etdiyi kimi, Azərbaycanda reallaşan gənclər siyasəti dünyanın heç bir ölkəsində bu qədər əhəmiyyət kəsb etmir. Bütün bunlar onu göstərir ki, Azərbaycan prezidentinin gənclərlə bağlı siyasəti ilk növbədə onların inkişafına yönəldilib. Bu sahədə istedadlı və yaradıcı gənclər olaraq gənc alimlər də xüsusilə fərqlənirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, gənc alimlərlə bağlı bənd qəbul olunmuş bütün dövlət proqramlarında aparıcı məsələlərdən biridir. Təbii ki, biz gənclər də dövlətin gənclərlə bağlı həyata keçirdiyi siyasəti çox yüksək qiymətləndiririk”.

Onun sözlərinə görə, Azərbaycan gənci bu gün ona göstərilən etimadı yüksək səviyyədə doğruldur: “Bu gün Azərbaycan gənci beynəlxalq tədbirlərdə, elmi konfranslarda, beynəlxalq forumlarda, simpoziumlarda ölkəsini layiqincə təmsil edir. Gəncləri yaşlı həmkarlarından fərqləndirən başlıca amil onların müxtəlif xarici dilləri tez mənimsəməsi, İKT-dən istifadə etmə imkanlarının daha çox olmasıdır. Bir tərəfdən sadaladıqlarımız, digər tərəfdən isə gənclər üçün yaradılmış hazırki şərait onlara Azərbaycanı yüksək səviyyədə təmsil etməyə imkan verir. Ölkəmizin dövlət siyasətində insan kapitalının inkişafı başlıca faktor kimi göstərilib. Bu baxımdan kadrların inkişafı dedikdə ilk növbədə gənclər anlaşılır. Bu gün bizim minlərlə gəncimiz dünyanın aparıcı ali təhsil ocaqlarında, elmi mərkəzlərdə oxuyurlar və çalışırlar. Bütün bunlar Azərbaycan gəncinin ona göstərilən qayğını qiymətləndirməsindən xəbər verir. Bəzi gənclərin müxalifət partiyalarının qurbanına çevrilməsinin də şahidi oluruq. Amma bu gənclər azlıq təşkil edirlər. Biz dəfələrlə şahidi olmuşuq ki, radikal siyasətçilərin qurduqları oyunların iştirakçısı olan bu gənclər mitinqlərə çıxır, əsasız fikirlər səsləndirirlər. Bizim onlara tövsiyələrimiz budur ki, onlar öz enerjilərini daha doğru istiqamətə, Azərbaycanın inkişafına yönləndirsinlər. Fəaliyyət göstərən radikal partiyaların gənclər təşkilatlarında tez-tez dəyişikliklər baş verir, öz səhvlərini anlayan gənclər üzv olduqları partiyaları tərk edirələr. Ümummilli liderimizin arzusu idi ki, Azərbaycan gənci vətənpərvər olsun, savadı və dünya görüşü ilə fərqlənsin. Bu gün artıq biz bu arzunun reallaşdığını görürük. Belə ki, artıq dövlətin məqsədi olan savadlı, intellektual, vətənpərvər gənclər formalaşıb”.

AQİL

 





09.09.2013    çap et  çap et