525.Az

Nəzərlər yenidən Davosda: Builki forumda diqqət hansı məsələlərə yönəldiləcək?


 

Nəzərlər yenidən Davosda: <b style="color:red">Builki forumda diqqət hansı məsələlərə yönəldiləcək?</b>

Bu həftə İsveçrənin Davos şəhəri yenidən ənənəvi Dünya İqtisadi Forumuna ev sahibliyi edir.  Builki forum "Qloballaşma 4.0: dördüncü sənaye inqilabı dövründə qlobal memarlığın formalaşması"dır mövzusunda keçirilir.

Yanvarın 25-də öz işini başa vuracaq foruma 110 ölkədən 3000-dən çox iştirakçı qatılacaq. Forumda 350-dən artıq paneldə müxtəlif məsələlərin müzakirəsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci ildə isveçrəli professor Klaus Şvab tərəfindən kiçik bir qrup formasında yaradılıb. Əvvəllər Avropa İdarəçilik Forumu adlanan bu format 1987-ci ildən Dünya İqtisadi Forumu adlanmağa başladı. İlk dəfə olaraq 1971-ci ildə dünya iqtisadiyyatının perspektivlərini müzakirə etmək və ümumi bir strategiya hazırlamaq məqsədilə Avropanın 450 aparıcı  şirkətlərinin rəhbərləri bu forum vasitəsilə bir araya gəlib. Avropa Komissiyasının  himayəsi altında keçirilmiş ilk görüşlərdə rəqabətlilikdə Qərbi Avropanın mövqeyinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub. İllər keçdikcə isə mövzular da genişlənib, forumun əhatə dairəsi böyüyüb, digər regionlara da təsir göstərən siyasi, iqtisadi məsələlər, dünya ticarətinin mexanizminin təkmilləşdirilməsi problemləri və düzgün tərəfdaşlıq kimi mövzular gündəliyə daxil edilib.

70-ci illərin ortalarından etibarən bütün dünyada nüfuzlu insanlar, hökumət üzvləri, biznes liderləri Davosu ziyarət etməyə başladılar və növbəti onillikdə forum ilin əsas hadisələrindən birinə çevrilə bilmək statusu əldə etdi. Hazırda WEF 3 min nəfərə yaxın iştirakçıya ev sahibliyi edən böyük təşkilata çevrilib. Dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın iri şirkət və təşkilat WEF-in üzvüdür. Daimi icraedici orqanı Direktorlar Şurasıdır. Baş qərargah Cenevrədə yerləşir. Forumun büdcəsi illik üzvlük haqqı və forum iştirakçıları tərəfindən yatırılan vəsait hesabına formalaşır. İştirakçıların siyahısına isə hər il yenidən baxılır.

Dünyanın hər bir nöqtəsindən bu foruma qatılanlar aktual məsələlər ətrafında fikir mübadiləsi aparır, həll yolları təklif edirlər. Forumun tarixində dərhal həll olunan problemlərdən biri, 1980-ci illərdə Türkiyə-Yunanıstan müharibəsinin qarşısının alınması olub. Onda Türkiyənin keçmiş baş naziri Turqut Ozal yunan həmkarı Andreas Papandreou ilə görüşmüşdü və qərara gəlmişdi ki, ona etibar edə bilər.

Bu tribuna biznesin inkişafı üçün də çox yaxşı bir imkandır. Yəni dünyanın uğurlu biznes rəhbərlərini burada görmək, müzakirələr aparmaq mümkündür.

Forum ənənəyə uyğun olaraq yanvar ayında, yaxud fevralın əvvəllərində Davosda baş tutur. ABŞ-da baş vermiş 2001-ci ilin 11 sentyabr terror hadisəsindən sonra isə istisna hal olaraq 2002-ci ildə ABŞ-la həmrəyliyi nümayiş etdirmək məqsədilə forum Nyu-Yorkda keçirilib.

Müxtəlif panellərdə, dəyirmi masalarda, kiçik tərkibli görüşlərdə dünyadakı əsas hadisələr, iqtisadi inkişafın gələcəyi, dünyada sülh və təhlükəsizliyin möhkəmlənməsi, qaynar nöqtələr müzakirə olunur.

2013-cü ilin aprelində isə Bakı "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq" mövzusunda I Dünya İqtisadi Forumuna (Davos Forumu) ev sahibliyi edib. Forumunun açılışında Prezident İlham Əliyev iştirak etmişdir. Əlbəttə ki, bu mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsi ölkəmizin regionun və dünyanın nüfuzlu dövlətinə çevrildiyinin göstəricisi olduğunu bir daha sübut etdi.

Onu da vurğulamaq lazımdır ki, Davos Dünya İqtisadi Forumu özünün hesablamalarını da hazırlayır və orada ölkələrin inkişaf indekslərini açıqlayır.

Məsələn, 2017-ci ilin hesabatına görə, Azərbaycan iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırıb. Bununla bağlı olaraq Prezident İlham Əliyev bildirib ki, bizim iqtisadi sahədə uğurlarımızı göstərən, əks etdirən Davos Dünya İqtisadi Forumunun hesablamalarıdır:

"Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Beləliklə, 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, böyük uğurumuzdur, tarixi nailiyyətdir. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında liderliyi saxlayırıq, qoruyuruq. Bu, əslində, bizim iqtisadi siyasətimizin uğurlarını dünyanın ən mötəbər iqtisadi forumu olan Davos Forumu tərəfindən qiymətləndirilməsi deməkdir".

Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında isə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub. Ümumi daxili məhsula alternativ qismində hazırlanmış "İnklüziv inkişaf indeksi" insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Qeyd edək ki, cari hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələr indeksində isə Norveç, İslandiya və Lüksemburq liderlik edirlər.

Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb.

Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak etmək üçün Davosa səfər edib. Ölkə başçısı artıq bir sıra görüşlər keçirib. İlk görüşlərdən biri isə Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə olub.

Görüşdə Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyulub. Bu məqsədlə Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirilib.

Prezident İlham Əliyev Azərbaycan hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında əməkdaşlıq sazişinin vacibliyini qeyd edərək deyib ki, bu sənəd bizim tərəfdaşlıq ruhumuzu və qarşılıqlı səylərimizi davam etdirməkdə istəkli olduğumuzu nümayiş etdirir. Dövlət başçısı bildirib ki, Azərbaycan dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcək.

Borge Brende Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıqdan və ölkəmizin bölgədə oynadığı roldan məmnunluğunu ifadə edərək, deyib ki, Azərbaycanın qonşu və region dövlətləri ilə iqtisadi əməkdaşlığının və ölkəmizin güclənən iqtisadiyyatının bölgə ölkələrinin inkişafında əhəmiyyətli rolu var. Dünya İqtisadi Forumu bu rolu qiymətləndirir.

Dövlət başçısı, həmçinin, BP, "Visa", "CISCO", "SAP SE" kimi nəhəng şirkətlərin rəhbərləri, Dünya Bankının baş icraçı direktoru, bir sıra ölkələrin rəsmi şəxsləri ilə görüşlər keçirib. Bu görüşlər dünyada tanınmış iri şirkətlərin ölkəmizlə əlaqələrinin genişlənməsi, investisiyalar cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Təbii ki, bu il keçirilən Davos Forumunda da Azərbaycanın əldə etdiyi uğurlar bir daha vurğulanacaq, eyni zamanda, ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsi yenidən beynəlxalq birliyin diqqətinə çatdırılacaq. Ekspertlər bu iqtisadi platformanı Azərbaycana investorları cəlb etmək üçün əhəmiyyətli sayır. Onların fikrincə, Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar aça bilər. Bu, istər kənd təsərrüfatının, istər turizm sektorunun, istərsə də digər sahələrin inkişafı üçün vacibdir.

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, Davos Forumu əhəmiyyətinə görə, dünyanın ən əhəmiyyətli forumlarından hesab olunur. Onun dünyada aparıcı dövlətlərin hökumət başçılarını, biznes, beyin mərkəzlərinin, media rəhbərlərinin bir araya toplayan yeganə forum olduğunu nəzərə alsaq, budəfəki forumda da fərqli auditoriyanı təmsil edən liderlərin bir araya gələcəyi istisna edilmir.

Ekspert söyləyib ki, qloballaşmanın mənəvi tərəflərinin də araşdırılması forumun əsas hədəflərindən biridir: "Eyni zamanda, forumda super güclər arasında olan ticarət müharibələri, beynəlxalq qurumların, o cümlədən, Ümumdünya Ticarət Təşkilatı qarşısında öhdəliklərini yerinə yetirməyən güclü dövlətlərlə bağlı məsələlər aktualdır. Bu baxımdan Davos Forumu qlobal iqtisadiyyatda istiqamətləri müəyyənləşdirəcək".

Forumun Azərbaycan üçün əhəmiyyətinə gəldikdə, ekspert vurğulayıb ki, Azərbaycan üçün forumun əhəmiyyətini göstərən faktorlardan biri ölkəmizin nümayəndə heyətinə dövlət başçısının rəhbərlik etməsidir: "Bu da əlbəttə ki, ölkəmizin foruma verdiyi önəminin göstəricisidir. Forum Azərbaycan üçün öz potensialını nümayiş etdirməsi, qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. Prezident İlham Əliyev Forum çərçivəsində təkcə rəsmilərlə deyil, eyni zamanda, aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirir ki, bu da ölkəmizin potensialının nümayişi baxımından çox vacibdir".

V.Bayramov deyib ki, Azərbaycan forum üçün vacib tərəfdaşlardan biridir: "Bu gün Avropa Birliyinin Cənubi Qafqaz üzrə illik ticarət dövriyyəsi cəmi 15 milyard dollardır ki, bunun 11.2 milyard dolları ölkəmizin payına düşür. Gürcüstanın Avropa Birliyi ilə ticarət dövriyyəsi 2.6, Ermənistanın 1.1 milyard dollardır. Avropa Birliyinin regionla ümumi sərhəd dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Bu isə ölkəmizin investorlar, eyni zamanda, aparıcı ölkələr üçün cəlbedici tərəfdaş olduğunu göstərir. Cənubi Qaz Dəhlizinin istifadəyə verilməsi və daha da genişlənməsi də Azərbaycanın inkişaf etmiş ölkələr və eləcə də Avropa Birliyi ilə iqtisadi əlaqələrinin möhkəmlənməsinə imkan yaradacaq. Bu kontekstdən Azərbaycan da Davos İqtisadi Forumu üçün vacib tərəfdaşdır və nəticə etibarı ilə tərəflər faydalı şəkildə bu əməkdaşlığın inkişafında maraqlı görsənir".

PƏRVANƏ

 





23.01.2019    çap et  çap et