525.Az

Ötən ilə nəzər: Optimallaşdırılmış balanslı xarici siyasət


 

Ötən ilə nəzər: <b style="color:red">Optimallaşdırılmış balanslı xarici siyasət</b>

Ötən il Azərbaycan üçün istər ölkə daxilində, istərsə də xaricində bir sıra önəmli hadisələr baş verdi.

İl ərzində baş vermiş həmin hadisələrin kontekstləşdirilməsindən çıxarılan əsas nəticələrdən biri Bakının ənənəvi olaraq yürütdüyü balanslı xarici siyasət xəttinin daha da optimallaşdırılması, bütövlükdə isə Azərbaycanın balanslı xarici siyasət xəttinin incəliklə və hiss olunacaq qədər çevikləşdirilməsidir.

Siyasi baxımdan bu xətt 2018-ci il növbədənkənar Prezident seçkilərinin gözlənilmədən mart ayında keçiriləcəyinin elan olunması ilə başladı. Bu, Rusiya və Ermənistanda keçirilən seçkilərlə demək olar ki, eyni vaxta təsadüf edirdi. Qərar Azərbaycandakı daxili siyasi proseslərə yönəlmiş olan potensial xarici təhdid və riskləri aktiv surətdə önləmək zərurətilə əsaslandırıldı. Ölkə daxilində və xaricində baş verən sonrakı prosseslər bu arqumentə legitimlik qazandırdı. Birincisi, Ermənistandakı "Məxməri inqilab" adlandırılan proseslərin baş verdiyi dönəmdə Azərbaycanda siyasi stabilliyi qoruyub saxlamaq üçün bu, uzaqgörən və tədbirli qərar idi. İkincisi, Qarabağ münaqişəsi zonasına yaxın olan və strateji Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz təbii qaz ixrac kəmərlərinin keçdiyi - Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə iyul ayında zorakı, silahlı hadisələr törədildi. Bu hadisələr hüquq-mühafizə orqanları tərəfindən terrorçuluq kimi qiymətləndirildi və şübhəli şəxslərin xarici əlaqələri olması barədə məlumatlar yayıldı.

Prezident seçkilərindən sonra Azərbaycanda bir sıra nazirlər və yüksək vəzifəli məmurlar nisbətən gənc kadrlarla əvəzləndi. Bu addımı idarəetmə sistemindəki elitanın gəncləşməsi kimi xarakterizə etmək daha düzgün olar. Prezident İlham Əliyev bildirdi ki, yeni təyinatlarda və kadr islahatlarının aparılmasında məqsəd hökumətin çevik fəaliyyət göstərməsini, dövlət siyasətinin və qarşıya qoyulan tapşırıqların effektli surətdə həyata keçirilməsini təmin etməkdən ibarətdir.

İqtisadi baxımdan 2018-ci ildə bir neçə mühüm transmilli layihələrin təntənəli açılışı keçirildi. Həmin layihələr ölkənin iqtisadi gücünü və beləliklə də, beynəlxalq səviyyədə siyası çəkisini artırmağa xidmət edir.

Birincisi, təbii qazı Xəzər dənizindən Avropaya çatdıracaq Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Boru Kəməri (TANAP) istismara verildi. İkincisi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə dəyəri milyardlarla dollar olan "Star neft emalı zavodu"nu istismara verdi. Üçüncüsü, Azərbaycan Çindən Avropaya qədər uzanan Şərq-Qərb Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan, Xəzər dənizi sahilində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin rəsmi açılışını etdi. Hindistanla Avropanı - Azərbaycandan keçməklə - birləşdirən Şimal-Cənub Nəqliyyat Dəhlizinın yaradılması üzrə işlər də hazırda davam etməkdədir. Bu layihələrin transmilli xarakteri və miqyası Azərbaycanla bağlı müxtəlif geosiyasi maraqların da böyüməsinə səbəb olur. Ölkədə əmin-amanlığa əsas risklərin daxildən deyil, xaricdən qaynaqlandığı barədə səsləndirilən fikirlər də məhz bu kontekstdən anlaşılmalıdır.

Beynəlxalq arenada isə Bakı Transatlantik məkanla əməkdaşlığını davam etdirmək əzmindədir. Həqiqətən də ötən il Avropa İttifaqı ilə münasibətlərdə müəyyən irəliləyişə nail olunub. Xüsusən də Bakı və Brüssel əməkdaşlıq üçün strateji tərəfdaşlığın dörd prioritet istiqamətini müəyyən ediblər. Bu, 2015-ci ildən bəri tərəflərin assosiasiya sazişinin imzalanması barədə razılığa gələ bilməməsindən sonra kompromis hesab oluna bilər. Avropa İttifaqının Qarabağ münaqişəsilə bağlı o zaman tam aydın olmayan mövqeyi, insan hüquqları və demokratikləşmə məsələləri kimi ziddiyyətli mövzular, tərəfdaşlıq prioritetləri barədə imzalanmış sənəddə prioritet kimi əks olunmayıb.

Ötən il Rusiya Azərbaycanla münasibətlərdə fəal rəsmi və ictimai diplomatiya yürüdüb. İkitərəfli münasibətlərdə əhəmiyyətli dərəcədə isinmə müşahidə olunub. İki ölkənin prezidentləri arasında il ərzində 6 görüşün keçirilməsi bunun bariz nümunəsidir və bu görüşlərdən ikisi qarşılıqlı rəsmi səfərlər zamanı baş tutub. İkitərəfli iqtisadi və kommersiya əlaqələri də inkişaf etməkdədir. Rusiyaya və Rusiyadan Azərbaycan ərazisindən keçməklə həyata keçirilən tranzit daşımalarındakı 10 dəfəyədək artıma nail olunması buna əyani  sübutdur.

2018-ci ildə İranla münasibətlərdə də irəliləyiş müşahidə olunub. Bakı və Tehran Xəzər dənizindəki mübahisəli enerji yataqlarının birgə işlənməsinə dair razılaşma əldə ediblər. İki dövlət arasında bir sıra müştərək iqtisadi və kommersiya layihələri həyata keçirilir. Azərbaycan eyni zamanda, İsraillə də tərəfdaşlığını, o cümlədən, müdafiə məsələləri sahəsindəki tərəfdaşlığını əzmlə davam etdirir.

Keçən il Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan Xəzər dənizinin hüquqi statusuna dair saziş imzaladılar. Dənizin dibinin delimitasiyası, mübahisəli enerji yataqları və sualtı boru kəmərlərinin inşası kimi ciddi məsələlərin hələ də həllini gözləməsinə baxmayaraq, saziş sahilyanı dövlətləri qane edir. Sazişdə  sahilyanı olmayan dövlətlərin hərbi qüvvələrinin dənizə daxil olmasına qadağa qoyulub.

Qarabağ münaqişəsinin həlli problemi isə hələ də Azərbaycan üçün əsas prioritet məsələ olaraq qalır. "Bakı sakit status-kvo görmək istəmir, amma mənim fikrimcə, çox təəssüf ki, Ermənistanın yeni rəhbərliyi məhz sakit status-kvo görmək istəyir", deyə Cənubi Qafqaz üzrə analitik Tomas De Vaal bildirir. Hazırda Azərbaycan Ermənistana və onun yeni "inqilabçı lider"inə münasibətdə "strateji səbr" nümayiş etdirir. Bundan əlavə, Azərbaycan Ermənistanla rəsmi dövlət sərhədində ordu qüvvələrini sərhəd qoşunları ilə əvəzləməyə başlayıb. Qarabağ ətrafında qoşunların təmas xəttində yerləşən Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında zorakı insidentlər son aylar ərzində əhəmiyyətli dərəcədə azalıb və atəşkəsin ciddi pozuntusu halları qeydə alınmayıb. Bundan əlavə, gələcəkdə baş verə biləcək silahlı insidentlərin qarşısını almaq məqsədilə tərəflər operativ əlaqə kanalları yaradıblar. Ümid etmək olar ki, daha fəal ikitərəfli danışıqlar üçüncü tərəflərin münaqişəni və iki qonşu ölkə arasındakı düşmənçiliyi manipulyasiya etmək imkanlarını məhdudlaşdıra bilər. Bu isə Azərbaycanın ənənəvi olaraq yürütdüyü balanslaşdırılmış xarici siyasət xəttinin  bölgədə və ondan kənardakı yeni şəraitə, eləcə də yaranmaqda olan reallıqlara cavab olaraq optimallaşdırmasının xüsusilə nəzərəçarpacaq və mənalı bir elementidir.

Rəhim RƏHİMOV
Siyasi analitik

 





23.01.2019    çap et  çap et