525.Az

Radikalların sərhəd tanımayan oyunları


 

HƏTTA ŞƏHİDLƏR XİYABANINDA DA TƏXRİBAT TÖRƏTMƏKDƏN ÇƏKİNMƏDİLƏR

Radikalların sərhəd tanımayan oyunları<b style="color:red"></b>

Yanvarın 19-da "Məhsul" stadionunda keçirdikləri mitinqlə rəzil duruma düşən, pərt vəziyyətində qalan radikal müxalifət qüvvələri öz siyasi oyunlarını reallaşdırmaq üçün Şəhidlər Xiyabanını hədəf seçməkdən belə çəkinməyiblər.

Rəzil duruma düşmələrinə səbəb isə hər zamankı kimi meydanın boş qalması olub. Belə ki, izdihamlı mitinq vədinin ardınca, heç üç min nəfəri bir araya yığa bilməyən bu qüvvələrin bəhanə üçün hər hansı bir səbəbləri qalmamışdı. Mitinqin keçirilməsinə heç bir mane yaradılmayıb, insanların təhlükəsizliyini isə hüquq-mühafizə orqanlarının əməkdaşları yüksək səviyyədə təmin ediblər. Deməli, radikallar əslində, vəziyyətdən nəticə çıxarmalı idilər, amma həmişə olduğu kimi, günahkarı başqa yerdə axtarmağa başladılar.

Öz ambisiyalarını həyata keçirmək üçün isə 20 Yanvar - Ümumxalq hüzn günündə təxribata əl atan radikallar bununla da aldıqları sifarişi yerinə yetirmək üçün hər şeyə hazır olduqlarını növbəti dəfə isbatladılar.

Şəhidlər Xiyabanının Azərbaycan xalqı, dövləti üçün nə demək olduğunu izah etməyə belə ehtiyac yoxdur. Bu məkan müasir tariximizdə xüsusi çəkiyə malik, dövlət müstəqilliyi ideyasına güclü təkan verən, istiqlal mübarizəsini simvollaşdıran müqəddəs məkandır.

Belə bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericliyə ziddir, həm də milli-mənəvi dəyərlərimizə, ənənələrimizə, milli mübarizə tariximizə hörmətsizlikdir.

Ölkədə demoqrafik bum yaşandığından 1990-cı ilin yanvarından sonra doğulanlar, eləcə də həmin qanlı hadisələr zamanı 5 yaşından aşağı olanlar ölkə əhalisinin 50 faizdən çoxunu təşkil edir. Müxalifətin fəallaşması o tarixdə indiki meydan "liderlərinin" oynadıqları mənfi rolu unutdurub, yeni nəslə özlərini qəhrəman kimi təqdim etmək cəhdidir.

Təəssüf ki, həmin vaxtı xalq hərəkatına rəhbəlik edənlərin yol verdiyi təxribat səciyyəli səhvlər Bakıya qoşun yeridilməsinə şərait yaratdı.

O zaman insanları küçələrə çıxaran, təxribata sürküləyərək tankların, zirehli maşınların altına dəvət edənlərin bir qrupu yenə də meydandadır.

Bu dəfə də vətəndaşları küçələrə, itaətsizliyə, dağıtmağa, çevirməyə, devirməyə çağırır, lakin bu dəfə söhbət müstəqil Azərbaycandan, dövlətimizdən gedir. O zaman SSRİ-nin qüdrəti kimlərəsə sərf etmədiyi kimi, bu gün də Azərbaycanın  müstəqilliyi, öz iradəsinin sahibi olması regionda, dünyada müəyyən rəqib qruplar və koalisiyaları qıcıqlandırır.

Burda yada salmaq lazımdır ki, 1990-cı ilin 20 yanvar müdaxiləsinə ABŞ da öz "töhfəsini" verib. Con Kerri başda olmaqla bir qrup amerikalı konqresmen Qorbaçovdan tələb etmişdi ki, Azərbaycanı hüquqları pozulan erməniləri müdafiə etməkdə, tədbir görməkdə tələssin.

Müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi" internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi.

25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı.

Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.

Mitinq yalnız yerli çağırışlarla başa gəlmədi. Xaricdəki bloqerlər mitinqə çağırış edirdilər və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan antiazərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi.

AXCP sədri Əli Kərimli vaxtilə İsa Qəmbərin etdiyi kimi davranaraq bütün müxalifətin birgə ərsəyə gətirdiyi aksiyanı öz adına çıxmaq istədi. Bu davranış müxalif düşərgədə yeni siyasi vəziyyət yaradır.

Bakıdakı aksiya zamanı Azərbaycan polisinin davranışı ilə "Sarı jiletlilər" hərəkatını yatırmaq üçün fransız jandarmeriyasının sərgilədiyi davranışla müqayisədə də Azərbaycan məmurunun nə qədər sivil, mədəni, qanunpərəst olduğunu görmək olar.

Burda müqayisə üçün bir məqamı yada salmaq vacibdir: İsgəndər Həmidov daxili işlər naziri olduğu 9 ay ərzində jurnalisti məqaləsini qəzet qarışıq udmağa vadar edib. Partiya liderini maşınının baqajına basıb aparıb.

Meydan "liderlərindən" digəri özünü yaxşı aparmayan icra başçısını cəzalandırmaq üçün ayaqlarını vannaya qoyduğu ləyənin suyunu ona içirdib.

AXC-Müsavat hakimiyyəti etnik azlıqların ekstermistləşməsinə səbəb olub. Dövləti parçalamağa başlayanda isə başları və başçıları qarışıq qoyub qaçıblar.

Nəhayət, 1990-cı ilin yanvarında hamılıqla qaçıb gizlənmişdilər, çünki övladlarını itirənlər, yaxın adamlarını şəhid verənlər o "liderləri" xalqı qırğına verənlər adlandırırdılar. Bu gün isə yenə utanmadan meydanlara çıxır, xalqı mübarizəyə səsləyirlər. Axı, xalq sizi yaxşı tanıyır, onu hara qədər aparacağınızı da çox yaxşı bilir. Niyə özünüzə əlavə "əziyyət" verib meydanlara çıxırsınız. Özünüz deyib, özünüz eşidəcəksinizsə, bunu meydanda etməyin nə mənası var?! Sadəcə kabinetlərinizdə, qərargahlarınızda 5-10 tərəfdarınızı başınıza yığıb bunu edə bilərsiniz.

Görünən budur ki, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Çünki belə qüvvələrə Azərbaycanda aparılan və xalqın böyük dəstəyini qazanan islahatlar, tədbirlər, inkişaf sərf etmir. Onlar ölkəni özləri kimi rəzil durumda görmək istəyirlər. Bu, baş vermədikdə isə aqressiyaları artır.

Bundan çıxış edərək keçirilən etiraz aksiyasını aparılan islahatlara qarşı formalaşdırılan müqavimətin ilk təzahürü də hesab etmək olar.

Müxalifətin Şəhidlər Xiyabanında qarşıdurma yaratmaq cəhdinə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, deputat Musa Quliyev deyib ki, Şəhidlər Xiyabanı müqəddəs yerdir və burada uyuyan insanlar Azərbaycan xalqının dəyərli övladları, xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda özlərini fəda etmiş insanlardır: "Hər kəs şəhidlərimizin xatirəsini hörmətlə yad etməli, davranışına fikir verməlidir. Partiyasından asılı olmayaraq hər hansı müxalifət nümayəndəsi xalqımız üçün müqəddəs sayılan bir məkanda öz davranışına fikir vermirsə, ədəb-ərkan çərçivəsindən kənara çıxırsa, o zaman bunun adı tərbiyəsizlik, şəhidlərə, xalqın adət-ənənəsinə hörmətsizlikdir".

O bildirib ki, ölkəmizin hüquq-mühafizə orqanlarının borcu da ictimai asayişi qorumaq olduğundan heç kimə əxlaq normalarından kənara çıxmaq və ictimai asayişi pozmağa imkan verilmir.

Milli Məclisin deputatı Elman Məmmədov isə vurğulayıb ki, artıq Azərbaycan 80-ci illərin sonu 90-cı illərin əvvəllərində olduğu kimi deyil. Ölkəmizdə kifayət qədər möhkəm dövlətçilik var və insanlarımız ayıqdır. Bu təxribatçıların cavabını isə Şəhidlər Xiyabanına ziyarətə gələn vətəndaşlarımızın özü verdilər. Bundan sonra da hüquq mühafizə orqanları bu cür qanun pozuntularının qarşısını alacaq.

E.Məmmədov deyib ki, mitinqi təşkil edənlər yaxın keçmişə nəzər salmalıdırlar: "Çünki onlar 1990-cı illərdə də keçirdiyi mitinqlər vasitəsilə, dövlətin, xalqın başına oyunlar, müsibətlər gətirdilər. Ölkəmizi ağır vəziyyətlərə düçar etdilər, vətəndaş müharibəsinə qədər gətirib çıxardılar. O dövrdə həyata keçirilən müsibətlər illərlə aradan qaldırıldı. İndi yenə iştaha düşüblər? Azərbaycan xalqı müxalifətin törətdiyi özbaşınalığın əziyyətini illər öncə çəkib və bu gün onlara nə inanır, nə də arxaları ilə gedir".

"Milli Şura"nın qarşıdurma yaratmaq cəhdinə toxunan E.Məmmədov qeyd edib ki, burada məqsəd şəkillər çəkdirib qrant almaq üçün Avropadakı dostlara göndərmək idi: "Amma onların istəyi alınmadı. Çünki ölkəmizdə qanun keşikçiləri var və əqidəsindən, vəzifəsindən, kimliyindən asılı qanuna əməl etməyənlərə qarşı sərt tədbirlər görülür".

Deputat vurğulayıb ki, Milli Şura belə hərəkətlər ilə xaricdəki dostlarının xoşuna gəlib qrantlar almaqla Azərbaycan dövlətçiliyinə qarşı heç bir fəaliyyət həyata keçirə bilməyəcək: "Onlar xaricdən alınan sifariş əsasında Azərbaycanda dövlətçiliyə qarşı çıxmaq, çevrilişə cəhd etmək, təxribat törətmək istəyirlər. Lakin istəklərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan möhkəm daxili sabitliyə, stabilliyə malik bir dövlətdir. Ölkəmizin nüfuzu gündən-günə artır və dövlətçiliyimiz yüksək səviyyədə qorunur".

AZAD

 





23.01.2019    çap et  çap et