525.Az

“Avrasiyaçılıq ideyalarına Azərbaycandan baxış”


 

“Avrasiyaçılıq ideyalarına Azərbaycandan baxış”<b style="color:red"></b>

Müasir dünyada gedən proseslər o qədər mürəkkəb və çoxşaxəlidir ki, hər hansı bir ideologiyanın nə qədər uğurlu və real olacağı haqqında fikir yürütmək kifayət qədər çətindir.
 
Dövlətlərarası inteqrasiya, qloballaşma prosesi gücləndikcə hansısa regional ideologiyaların, dünya xəritəsində müəyyən bir bölgənin birliyi üçün cəhdlərin əhə­miyyəti də azalır. Ancaq digər tərəfdən də, dünyanın siyasi səhnəsində qütbləşmələrin, sövdələşmələrin hələ də sən­gimədiyi aydın görünür. Xüsusilə XX əsrdə daha da sürətlənən siyasi qübləşmə bu gün də öz gücünü gös­tər­məkdədir. Siyasi birliklərdən fərqli olaraq, xalqların vahid humanitar məkanda, etno-mədəni birliklərdə daha sıx birləşməsi, öz milli identikliklərini qoruyub saxlamaqla bir-birinə sıx inteqrasiya olunması uğrunda mədəni, fəlsəfi, kulturoloji baxışlar, fikirlər daim bədii və elmi ədəbiyyatda ortaya çıxmış, bu ideyaların təşəbbüskarları öz fikirlərini elmi nəzəriyyələrlə ortaya qoymuşlar.

Bu gün dünyada, bəlkə də, ən çox müzakirə olunan ideologiya - Avrasiya materikində mədəni, humanitar birliyin bərqərar olmasını hədəfləyən avra­si­ya­çılıq ideologiyasıdır. Bu ideologiya türk dünyası ilə slavyan xalqlarının vahid etno-mədəni orqanizm olaraq birləşməsinini nəzərdə tutur. Avrasiyaçılıq nəzəriyyəsini ideoloji konsepsiya olaraq XX əsrin əvvəllərində rus filosofları irəli sürüblər. Rus avrasiyaçı alimlərin başlıca tezisi Rusiyanın Qərbdən çox Asiyaya məxsus olması və onun Asiyanın Avropa hökmranlığına qarşı mübarizəyə başçılıq etməsindən ibarətdir.  Bu elmi-nəzəri istiqamətin əsas məqsədlərindən biri türk və slavyan xalqlarının vahid orqanizm kimi birləşərək Qərbə qarşı müqavimət göstərməsi olmuşdur. Bu gün klassik avrasiyaçılar adlandırılan N.Trubetskoy, R.Yakobson, P.Savitski, V.Vernadski kimi rus filo­sofları hesab edirdilər ki, zəngin tarixə malik olan rus mədəniyyəti Avropa mə­dəniyyəti ilə eyniyyət təşkil etmir, rus mədəniyyəti Qərb və Şərq mədə­niyyətinin bir sıra mütərəqqi xüsusiyyətlərini özündə birləşdirən ayrıca bir dünyadır. Onlar siyasi, hüquqi, coğrafi, ədəbi, mədəni sahələrdə öz fikir və mülahizələrini əsaslandırmaqla, əsasən, humanitar məkanda bu birliyin intişar ta­pa­cağına, türk və slavyan xalqlarının ortaq dəyərlər üzərində birləşəcəyinə ina­nırdılar. Bədii ədəbiyyatda, fəlsəfədə, kulturologiyada avrasiyaçılıq nəzəriyyəsinin mahiy­yətini açmağa, onun bölgənin gələcək inkişafında əhəmiyyətini təsvir edirdilər.

XX əsrin sonlarında formalaşan neoavrasiyaçılıqdan fərqli olaraq, klassik avrasiyaçılıq nəzəriyyəsi, onun mahiyyəti və əhəmiyyəti Azər­baycan ziyalılarının  zaman-zaman diqqətini cəlb etmiş, onun ayrı-ayrı müddəaları şərh olunmuşdur. Bir sıra tədqiqatlarda nəzəriyyənin elmi əsasları təhlil edilmişdir. Azərbaycan alimlərinin əsas diqqəti qədim türk və slavyan ədəbi abidələrində türk-slavyan birgəyaşayış təcrübəsinin, bu xalqların qarşılıqlı təsirlərini özündə ehtiva edən faktların klassik avrasiyaçıların elmi-nəzəri irsi prizmasından tədqiqinə yönəldilmişdir. Telman Vəlixanlı, Cavanşir Feyziyev, Fərid Ələkbərov kimi tədqiqatçıların son dövrlərdə nəşr olunan əsərlərində klassik və yeni avrasiyaçılıq ideyaları azərbaycançılıq və azərbaycanşünaslıq, türkoloji tədqiqatlar müstəvisində təhlil olunur, avrasiyaçılıq ətrafında düşüncələrin elmi-nəzəri əsasları şərh olunur.

Telman Vəlixanlının (Cəfərovun) bu günlərdə işıq üzü görən “Avrasiyaçılıq ideyalarına Azərbaycandan baxış” kitabı da bu istiqamətdə atılmış növbəti addımdır. Kitabda avrasiyaçılıq nəzəriyyəsinin humanitar məkanda təzahürləri, ədəbi-mədəni, tarixi-coğrafi əlaqələrdə əhəmiyyətinin açılması istiqamətində müəllifin müxtəlif vaxtlarda yazdığı məqalələr və avrasiyaçıların yaradıcılığından etdiyi tərcümələr toplanmışdır. Müəllifin özünün qeyd etdiyi kimi, “avrasiyaçılıq təkcə tarix və coğrafiya müstəvisində baxılacaq məsələ deyil. Elə klassik avrasiyaçıların da müxtəlif elm sahələrini təmsil etməsi məsələnin kökündə ayrı mətləblərin dayandığını göstərir. Ədəbi abidələrə müraciət olunması, Avropa fəlsəfi və pe­da­qoji fikir tarixinin vərəqlənməsi, həm Avropa, həm də Asi­ya də­yər­lərini özündə yaşadan xalqların Qərb sivi­li­za­si­yasına tam inteqrasiyası proseslərinin mümkünsüzlüyü sü­but etdi ki, Avrasiyanın Avropa və ya Asiya kimi dərki qə­bu­l­edil­məz­dir...”

Kitaba daxil olan məqalələrdə avrasiyaçılıq ideyalarına müasirlik priz­ma­sın­dan işıq tutulur, Avrasiya kontekstində türk-rus təsirləri, rus ədəbi abidələri avrasiyaçılıq ideyaları, avrasiyaçılıq və azərbaycançılıq ideologiyalarının təmas nöqtələri və yaxınlaşma perspektivləri araşdırılır. Kitaba daxil edlimiş tərcümələr də (S.Pletnyovanın “Poloveslər”, Q.Nosovski və A.Fomenkonun “Rus, İngiltərə və Romanın qədim tarixinin yeni xronologiyası və konsepsiyası”, E.Xara-Davanın “Monqol Rusu: Çingiz xan və monqol nüfuz dairəsi”, F.Dostoyevskinin “Yazıçının gündəliyi” kitabından tərcümələr, eləcə də N.Trubetskoyun “Rus mədəniyyətində Turan elementləri” məqaləsi, L.Qumilyovun “Naş sovremennik”, “Sosium” jur­nallarına müsahibələrinin tərcüməsi və s.) avrasiyaçılıq nəzəriyyəsinin dərk edil­məsi baxımından əhəmiyyətlidir.

Britaniyalı politoloq və jurnalist Arnold Toynbinin “Sivilizasiya tarix qar­şısında mü­ha­ki­mədə. Dünya və Qərb”, türkiyəli avrasiyaçı-alim Ömər Göksel İş­yarın “Avrasiya və avrasiyaçılıq” kitablarına müraciət, bəzi parçaların şərhi və tərcüməsi göstərir ki, müasir dövrdə avrasiyaçılıq ideyaları Qərb-Şərq müna­sibətləri müstəvisində qarşıdurmanın davam etdirilməsinə deyil, daha sıx və qarşılıqlı fayda verəcək inteqrasiyaya, əsrlər boyu formalaşmış və artıq dünya sivili­zasiyasının malına çevrilmiş mənəvi və maddi dəyərlərin ümumi-ortaq də­yər­lər sistemi kimi qiymətləndirilməsinə və qorunmasına xidmət edir.

Klassik avrasiyaçıların, o cümlədən, Lev Qumilyovun əsərlərindən çıxış edərək, Telman Vəlxanlı avrasiyaçılığı ictimai və təbiət elmələrini ağuşuna alan olduqca geniş bir elmi-ideoloji istiqamət kimi qiymətləndirməklə yanaşı, problemə yeni bir aspektdə - ədəbiyyat, ədəbi mənbələr aspektində yanaşmağı təklif edir. Bu mənada o, Orta əsrlər qəhrəmanlıq eposlarına müraciət edir, mövzu-ideya və mifopoetik məziyyətləri ilə “Kitabi-Dədə Qorqud”u bütün Avrasiya məkanı üçün universal epos nümunəsi sayır.

“Ötən illərin hekayəti”ndən və “İqor polku haqqında söyləmə”dən başlamış “Kazan tarixi”nədək Qədim Rus ədəbi abidələrində slavyan və türk xalqlarının, Qədim Rus və Böyük Çölün ortaq tarixini və birgəyaşayış təcrübəsini qabardan müəllif, bugünkü Rusiyanın öz tarixinin Avrasiya konsepsiyasına diqqət göstərməsini, onun öz ucsuz-bucaqsız əraziləri, dövlətçilik ənənəsi, hərb təc­rü­bə­si, maddi-mənəvi dəyərləri, insan resursları və s. türk dünyasına bağlılığını qə­dərincə qiymətləndirməsinin, ilk növbədə, öz inkişaf perspektivləri üçün əhə­miyyət daşıdığını dönə-dönə vurğulayır. Bu məqsədlə də Lev Qumilyovun “... sirr ola­raq Sizə bir şey deyə bilərəm ki, Rusiya nicat tapa­caq­sa, o yalnız Avrasiya döv­ləti kimi və yalnız avrasiyaçılıq ide­yaları hesabına xilas oluna bilər” tezisinə istinad olunur.

Müəllifin özünün də qeyd etdiyi kimi, coğrafi və tarixi-mədəni areal kimi Azərbaycan özünəməxsus Avrasiya modelinə malikdir. Kitabda T.Vəlixanlı Av­rasiya və Azərbaycanın kulturoloji aspektdə müqayisəli tədqiqi üçün yeni üfü­qlərin açıldığını göstərmiş, klassik və yeni avrasiyaçılıq nəzəriyyələrinə azərbay­can­çılıq və azərbaycanşünaslıq müstəvisində işıq tutmuş, türk-slavyan əlaqələrini avrasi­ya­çılıq müstəvisində nəzərdən keçirərək, avrasiyaçılığın mədəni dominant üzərində qurulan elmi-nəzəri platforma olduğunu əsaslandırmağa çalışmışdır. Ümid edirik ki, kitab bu gün geniş elmi-fəlsəfi və si­ya­si aspektlərdə nə­zərdən keçirilən avra­siyaçılığın dərin elmi-nəzəri köklərini öyrənməyə, bu tarixi-mədəni areal­da yaşamış və ya­şa­yan xalqların maddi-mənəvi irsinə düz­gün münasibətin for­ma­­laşması və obyek­tiv qiymətin ve­rilməsinə kömək edəcəkdir.

Ə.AĞAMİRZƏYEV
Filologiya üzrə fəlsəfə doktoru

 





23.01.2019    çap et  çap et