525.Az

ADU pedaqoji təcrübəyə hazırlıq prosesini Cocuq Mərcanlıdan başlayıb


 

ADU pedaqoji təcrübəyə hazırlıq prosesini Cocuq Mərcanlıdan başlayıb<b style="color:red"></b>

Təhsilin inkişafı üçün müəyyən işlərin görülməsi, yəni lazım olan infrastrukturanın yaradılması, müəyyən islahatların aparılması vacibdir.
 
Son dövrlərdə təhsillə bağlı qəbul olunan qərarlar, qarşıya qoyulan məqsəd və vəzifələr bizə bunu deyir ki, aparılan təhsil siyasəti düzgün istiqamətdədir. Bu islahatların bir qismi də ali məktəblərdə pedaqoji təcrübənin aparılması sayıla bilər. Bildiyimiz kimi, universitetlərimizin çoxu Bakı şəhərində yerləşir və pedaqoji təcrübəni də burada keçirlər, məlumdur ki, bunun da obyektiv və subyektiv səbəbləri var.

Azərbaycan Dillər Universiteti ilə Cəbrayıl Rayonu Təhsil Şöbəsinin qarşılıqlı razılığı olaraq tələbələrimizin bir qisminin rayonun Cocuq Mərcanlı kəndinin Novruz Aslanov adına kənd tam orta məktəbində təcrübə keçmələri planlaşdırılıb. Bildirmək istəyirəm ki, Universitetimizin rektoru, akademik Kamal Abdullanın birbaşa səyi və istəyi nəticəsində baş tutan bu proses keçən tədris ilinin davamı olaraq yerinə yetirilir. Xatırladım ki, keçən ildə bizim universitetin tələbələrinin bir qismi öz təcrübələrini bölgələrdə yerləşən köçkün məktəblərində keçmişlər.

Biz, ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məhəmməd İsmayılov, Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent Amil Cəfərov, Psixologiya kafedrasının dosenti Əzim Əliyev, unversitetin İctimaiyyətlə əlaqələr departamentinin müdiri Araz Ağayevdən ibarət nümayəndə qrupu əvvəlcə Biləsuvar rayonuna yollandıq. Nəzərinizə çatdırmaq istərdim ki, Cəbrayıl rayonunun Təhsil Şöbəsi Biləsuvar rayonundakı Cəbrayıl rayonu qaçqın şəhərciyində yerləşir. Biz Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanovla görüşdük, müəyyən istək və planlarımızı aydınlaşdırdıq. Sonra Cocuq Mərcanlı kəndinə yollandıq.

Biz ilk olaraq xüsusi yaradılmış hərbi keçid məntəqəsindən keçdik. Məlumdur ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış şərait barədə çox yazılıb, çox da danışılıb, amma hər kəs orada olanda, bu quruculuq işlərini gözləri ilə görəndə içində bir ehtiram və rəğbət duyur ki, bunların hamısı Azərbaycan prezidenti cənab İlham Əliyevə ünvanlanır.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bizi qəbul etdi. Müəyyən istək və təkliflərimizi paylaşdıq. Bu aksiyanın xoş və uğurlu olmasını dilədi. O bildirdi ki, ölkə rəhbəri cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində torpaqlarımıza qayıdış prosesi inşallah tezliklə yekunlaşacaq, digər kəndlərimizdə də bu cür şərait və yaşayış bərpa olunacaq.

Səmimi keçən görüşdə bizə çay da təklif olundu. Mən bir Cəbrayıllı kimi soruşdum ki, çayın suyu Cəbrayıl torpağındandı, yoxsa gətirirlər? Bu sualım bir az duyğusal anlar yaşatdı. Həqiqi mənada bizlər kimi başçının da gözlərindəki o hiss və emosiyaları sezməmək olmazdı. Kamal müəllim gülümsəyərək, "Allah bizlərə doğma Cəbrayılımızın suyundan içmək nəsib etdi. Bəli müəllim, bu çay Cəbrayıl suyundan qaynadılıb və içirik. Yenə deyirəm, biz cəbrayıllılar Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk, bu gün burda sizinlə əyləşməyimiz onun və onun yaratdığı qüdrətli ordumuzun sayəsindədir. Kənddə artezian quyusu vurulub, evlərə çəkilib, heç bir çətinlik yoxdur. Mən həftədə üç, dörd dəfə bura gəlirəm, ayağım bu torpağa dəyəndə özümü daha güclü hiss edirəm, içimdəki inam daha da artır. İnşallah, başlanan bu QAYIDIŞ tez bir zamanda sona çatacaq".

İcra başçısı ilə görüşdən sonra, biz Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyevlə məktəbdə olduq, sinif otaqlarını gəzdik. Məktəbdəki şəraitin müasir standartlara tam cavab verdiyini, şagirdlərin elmə, oxumağa həvəsli olduğunun hiss etdik. Məktəbin kitabxanası, idman meydançası, istixanası və başqa yardımçı otaqları var.

Biz həmçinin, dərslərdə olduq, müəllimlər də bizim gəlişimizin səbəbini çox bəyəndilər, əlaqələrimizin genişlənməsini dilədilər. Dərsində iştirak etdiyimiz Rahilə müəllimə bizim universiteti və bu təhsil ocağının özəlliyindən, universitetə bağlılığından danışdı. Universitetimizin rektoru, akademik Kamal Abdullaya xüsusi salam və təşəkkürlərini çatdırmağımızı xahiş etdi.

Kəndin mərkəzində inşa edilən Məsciddə olduq, geniş və səliqə ilə salınan kənd parkı, fəvvarə və uşaqlar üçün əyləncə yerləri bizlərdə xoş əhval yaratdı.

Kəndin geniş küçələri, evlərin həyət-bacaları, uşaqların ora-bura qaçışması, adamların qoyun-quzunu, mal-qaranı səsləməsi, toyuqların qaqıltısı bir ümidin çırağını yandırır - tezliklə işğala son qoyulacaq, yağı düşmən rədd olub torpaqlarımızdan qovulacaq, uzaqlaşdırılacaq. İnsanlarımız evlərinə dönəcək, balalarımız doğma məktəblərində təhsil alacaqlar.

Folklorumuzda belə bir deyim var: "Düşmənimə də arzulamıram..." Bu nə deməkdir: yəni bu əzab, bu zülm o qədər dözülməz və iztirabdir ki, ən qəddar düşmənə də arzu etmirsən. Bax torpaq həsrəti, yurddan didərgin düşmək insanı bu kəlməni işlətməyə vadar edir. Yüzlərlə baba-nənələrimiz, ata-analarımız, soydaşlarımız bu müqəddəs torpağa həsrət qalaraq, ən ümdə istəkləri olan yurda qovuşmaq, ulularının yanında dəfn olunmaq, əbədi yuxuya dalmaq arzusuna çatmayaraq gözlərini yumublar, dünyadan köçüblər. Az da olsa onların istəkləri yerinə yetirilib desək, yanılmarıq. Şükürlər olsun bu gün ayaqlarımızı basdığımız Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin torpağını görmək bizlərə nəsib oldu.

Əzim ƏLİYEV
ADU-nun Psixologiya kafedrasının dosenti

 





23.01.2019    çap et  çap et