525.Az

Davosda Qarabağ danışıqları


 

AZƏRBAYCAN PREZİDENTİ VƏ ERMƏNİSTANIN BAŞ NAZİRİ MÜNAQİŞƏNİN NİZAMLANMASINA DAİR DANIŞIQLAR PROSESİNİN CARİ VƏZİYYƏTİNİ MÜZAKİRƏ ETDİLƏR

Davosda Qarabağ danışıqları<b style="color:red"></b>

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.
 
Bununla 2018-ci il sentyabrın 28-də Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında qeyri-rəsmi söhbət aparan tərəflər növbəti dəfə danışıqların prosesinin müsbət həlli istiqamətində dialoq qurmaq imkanı əldə ediblər. Əvvəlki görüşdə az vaxt ərzində Ermənistan-Azərbaycan sərhəddi və qoşunların təmas xəttində insidentlərin qarşısının alınması üçün atəşkəsin möhkənləndirilməsi və operativ rabitə əlaqəsinin yaradılması ilə bağlı razılıq əldə olunmuşdusa, Davosda artıq tərəflər 1 saatdan çox Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyətini müzakirə ediblər.

Davosda keçirilən görüşlə bağlı Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Azərtac"a bildirib ki, bu görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib. H.Hacıyevin sözlərinə görə, görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər: "Bildiyiniz kimi, danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu il yanvarın 16-da Parisdə, 2018-ci il dekabrın 3-də isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub".

Prezident Administrasiyasının şöbə müdiri əlavə edib ki, tam formatda dövlət başçıları səviyyəsində görüş, bir qayda olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunur.

Düşənbədə əldə olunan razılaşmalar Nikol Paşinyana hakimiyyəti formalaşdırmaq imkanı yaradıb ki, nəticədə, bu, Ermənistan rəhbərliyindən cinayətkar "Qarabağ klanı"nın tamamilə uzaqlaşdırılmasına imkan verib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev açıq şəkildə çıxışlarında bildirib ki, "Qarabağ klanı" - cinayətkar rejimin ifşa olunması, hakimiyyətdən uzaqlaşdırılmasında Azərbaycanın da rolu var. Həm siyasi, həm iqtisadi, həm də hərbi müstəvidə atılan addımlar cinayətkar rejimin dalana dirənməsinə səbəb olmuşdu ki, nəticədə gözlənilən hadisə baş verdi: Ermənistanda günlərlə davam edən geniş etiraz aksiyaları nəticəsində Serj Sarkisyan hakimiyyəti təhvil verməyə məcbur oldu.

Düşmən ölkədə uzun illər zor gücü ilə hakimiyyəti əlində saxlamış, Azərbaycana qarşı işğalçılıq siyasətinə rəhbərlik etmiş Koçaryan-Sarkisyan cütlüyünün siyasi səhnədən qovulması münaqişə ilə bağlı danışıqların artıq kontruktiv məcrada inkişaf edəcəyinə dair ümidləri artırıb.

Bu mənada, Prezident İlham Əliyevin son çıxışlarında qeyd etdiyi kimi, bu il Dağlıq Qarabağ münaqişəsinin həllində əlverişli şərait yarana bilər. Regionun iqtisadi güc mərkəzinə çevrilən, qonşu ölkələrin mütləq əksəriyyəti ilə unikal əməkdaşlıq platformaları yaradan və təbii ki, bu  fəaliyyətin uğurlarını siyasi müstəviyədə daşıya bilən Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıq Ermənistanın işğal siyasətindən geri çəkilməsini şərtləndirir.

Bu mənada, 2019-cu ilin yanvarın 26-da Fransanın paytaxtı Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında baş tutan görüş müəyyən fasilədən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların başladığını göstərirdi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan Dağlıq Qarabağ danışıqları qarşı tərəfin heç bir əlavə şərti qəbul edilmədən prosesə cəlb edildiyini bir daha təsdiq edib. İnqilab nəticəsində düşmən ölkədə hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın bundan əvvəl səsləndirdiyi separatçı rejimin də danışıqlara cəlb olunması kimi qeyri-məqbul şərtlər nəticə verməyib, sülh prosesindən yayınma cəhdləri baş tutmayıb. Nəticədə, Parisdə görüşən xarici işlər nazirləri 4 saatdan çox danışıq aparıb, qarşılıqlı anlayış və etimada dair müəyyən razılığa gələ biliblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Bildirilib ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən, hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Şübhə yox ki, Dağlıq Qarabağ danışıqlarının davam etməsi, düşmən ölkənin prosesdən yayınma cəhdlərinin qarşısının alınması Azərbaycanın apardığı xarici siyasət - hücum diplomatiyası nəticəsində mümkün olub. Eyni zamanda, beynəlxalq, o cümlədən, regional əlaqələrdə balanslı siyasət həyata keçirən rəsmi Bakının yaratdığı əməkdaşlıq formatları, inkişaf etdirilən əlaqələr Ermənistanın məsələyə baxışını dəyişməyə vadar edir. Çünki Rusiya, Türkiyə, İran və Gürcüstanın iştirakı ilə həyata keçirilən ayrı-ayrı layihələr, o cümlədən, "Cənub Qaz Dəhlizi", "Şərq-Qərb" və "Cənub-Şimal" nəqliyyat dəhlizləri bütün tərəfləri qane edən əməkdaşlıq platformalarının yaranması ilə nəticələnib ki, bu da işğalçı ölkənin regionda təklənməsinə gətirib çıxarıb. Nəticədə, küncə sıxışdırılan düşmən vəziyyətinin daha da ağırlaşacağının fərqinə vararaq aqressiv mövqeyindən geri çəkilmək məcburiyyətində qalıb. Ermənistanda Nikol Paşinyanın formalaşdırdığı yeni hökumət iqtisadi problemlərin girovuna çevrilməməsi üçün çıxış yolunun Azərbaycanla əlaqələri bərpa etmək olduğunu dərk etməyə başlayıb. Münasibətlərin bərpası isə Dağlıq Qarabağ münaqişəsinin həlli - işğal olunmuş torpaqların geri qaytarılmasından keçir.

Azərbaycan prezidenti İlham Əliyevin Davosda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan Düşənbədə zəif baş nazir idi, çünki Ermənistan parlamenti hələ "Qarabağ klanının" nəzarətində idi və buna görə o, Düşənbədə İlham Əliyevə qəti bir söz deyə bilməzdi: "Buna baxmayaraq, Düşənbə görüşündən sonra atəşkəsin pozulması halları azalıb, buna görə Paşinyan İlham Əliyevə minnətdar olmalıdır, əks halda Paşinyan ciddi problemlərlə üzləşəcəkdi. Rəsmi Bakı Paşinyana dekabrda seçkini rahat şəkildə keçirməyə imkan tanıdı və o, qələbə çaldı, "Qarabağ klanı"nı parlamentdən uzaqlaşdırdı. Azərbaycan hakimiyyəti düşündü ki, "Qarabağ klanı"ndansa Paşiyanla danışıqlar aparmaq daha münasibdir. Doğru strategiya idi. Ancaq Paşinyana tanınan limiti uzatmaq da olmaz. Hazırda parlament Paşinyanın nəzarəti altındadır. Ona görə də Ermənistanın baş nazirinə əlavə vaxt verməyə lüzum yoxdur".

Politoloqun sözlərinə görə, hiss olunur ki, "Qarabağ klanı" Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı Davos görüşünü öz məqsədləri üçün istifadə etmək istəyir: "Klan ermənilər arasında şübhə toxumu səpməyə çalışır ki, guya Paşinyan "təslimçi sülhə" hazırlaşır. Halbuki Davosda heç bir razılaşma qeydə alınmayıb. Buna baxmayaraq, "Qarabağ klanı" Paşinyanın mövqelərini zəiflətmək üçün bütün fürsətlərdən istifadə edir və edəcək. Azərbaycan prezidenti ilə görüş də bu qəbildəndir. "Qarabağ klanı" ondan da şübhəlidir ki, nədən onların hakimiyyətdə olduğu dövrdən fərqli olaraq Nikol Paşinyanın hakimiyyəti dövründə cəbhə bölgəsində atəşkəsə riayət olunur, gərginlik yoxdur. Yəni demək istəyirlər ki, Azərbaycan hakimiyyətinin Paşinyana münasibəti eks-prezidentlər - Serj Sarkisyana və Robert Koçaryana münasibətdən fərqlənir".

Politoloq İlqar Vəlizadə isə qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gündəlikdəki detalların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edir. O, SİA-ya bildirib ki, Azərbaycan üçün torpaqların işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması prioritet təşkil edir. Ermənistanı isə regionda blokadan çıxmaq məsələsi maraqlandırır: "Çünki blokada vəziyyəti Ermənistan iqtisadiyyatına ağır zərbələr vurub. Paşinyan xalqa müəyyən vədlər versə də, onları indiki şəraitdə yerinə yetirə bilmir. Bu vədlərin yerinə yetirilməsi üçün danışıqlar intensivləşməlidir. Bu görüşün nəticələri mütləq şəkildə fevral ayında baş tutacaq Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə öz nəticəsini verəcək".

Münaqişənin həlli istiqamətində yeni gündəliyin qaralama formasının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son bir neçə görüşləri zamanı hazırlandığını deyən politoloq qeyd edib ki, fevral ayında baş tutacaq növbəti görüşdə gündəlik tam şəkildə formalaşa bilər: "Bu da danışıqların yeni mərhələyə qədəm qoyması deməkdir".

İ.Vəlizadə bildirib ki, bir müddət öncə Ermənistan vahid mövqe nümayiş etdirmək üçün hakimiyyətin formalaşdırılması zərurətini ortaya atırdısa, artıq Ermənistanda seçkilərin başa çatması və yeni hökumətin qurulması onların məsuliyyətdən yayınmasına imkan verməyəcək: "Ermənistan münaqişənin həlli istiqamətində yeni mövqe ortaya qoya bilər".

Ceyhun ABASOV

 





24.01.2019    çap et  çap et