525.Az

Ərbab ağa Məhəmməd: fədakar maarifçinin bioqrafiyasına dair qeydlər


 

Ərbab ağa Məhəmməd: <b style="color:red">fədakar maarifçinin bioqrafiyasına dair qeydlər</b>

XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarif və mədəniyyət uğrunda əzmkarlıqla mübarizə aparan həm mükəmməl təhsil almış, həm də heç bir təhsil üzü görməyən demokratik ruhlu insanların fəaliyyəti unudulmazdır.

İndiyədək belə fədakar şəxsiyyətlərdən olan Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar, Qurbanəli Şərifzadə, Mirzə Cəlil Şürbi, Fərəculla və Nəsrulla Şeyxovlar, Cümşüd bəy Sultanov, Eynəli bəy Sultanov, Mirzə Əli bəy Bəktaşi, Məmmədqulu bəy Kəngərli və başqaları haqqında müəyyən araşdırmalar aparılıb və fəaliyyətləri dəyərləndirilib. Lakin onların içərisində fəaliyyəti bu günədək lazımi səviyyədə öyrənilməyən şəxsiyyətlər də vardır. Ağa Məhəmməd Əkbərov belələrindən biridir.

Kimdir Ağa Məhəmməd Əkbərov?

Onun haqqında ilk mətbu məlumat professor Əziz Şərifə məxsusdur. Alim 1968-ci ildə Bakıda rus dilində çap etdirdiyi "Rojdeniye Molla Nasreddina" adlı monoqrafiyasında Ağa Məhəmməd Əkbərovun adını Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Nəsrulla Şeyxov, Mirzə Əli bəy Bəktaşi kimi maarifçi və inqilabçı-demokratlarla yanaşı çəkir və qeyd edir: "1963-cü ildə Naxçıvanda vəfat edən Ağa Məhəmməd Əkbərov maarif və mədəniyyətin təbliğində fəaliyyət göstərir, İran inqilabçılarına köməklik edirdi. Ağa Məhəmməd Əkbərov Naxçıvanda kitab mağazası saxlayır, dövri mətbuatın və demokratik ədəbiyyatın yayılmasına kömək edirdi. O, Qafqaz sosial-demokratları ilə Cənubi Azərbaycan inqilabçıları arasında əlaqə yaradırdı".

Ə.Şərifin bu cümlələri bir qədər ixtisar edilmiş şəkildə həmin monoqrafiyanın Azərbaycan dilindəki variantında da işlədilir.

Keçən əsrin 50-ci illərində Ə.Şərifin öz dayısı, Naxçıvanın tanınmış maarif xadimlərindən biri olan Əbdüləzim Rüstəmova yazdığı məktub isə sübut edir ki, Ə.Şərif həmyerlisi Ağa Məhəmməd Əkbərovu şəxsən tanıyırmış və ona məlumatlı bir adam kimi bələd imiş. Ə.Şərif yuxarıda adını çəkdiyimiz elmi işini yazmaq üçün Cəlil Məmmədquluzadə haqqında material toplamaq məqsədilə dayısına bildirir ki, ədibin ailəsi haqqında onun əlində olan məlumatlar azdır. Ə.Şərif yazır: "Bu məlumatı yalnız... Naxçıvanda zənginləşdirmək mümkündür. Qorxuram mən Naxçıvana gələnə kimi indi yaşamaqda olan qoca naxçıvanlılar (məsələn, Ərbab Ağa Məhəmməd) Allah rəhmətinə getsinlər. Buna görə də sənə zəhmət verməyi qərara aldım. Bu zəhmət sənin üçün də maraqsız olmaz. Səndən çox xahiş edirəm mənə mümkün qədər kömək edəsən. Ağa Məhəmmədə mənim xüsusi salamımı yetirib ondan soruşasan..."

Ağa Məhəmməd Əkbərov haqqında məlumatlara başqa bir müəllifin - keçən əsrin 20-70-ci illərində Naxçıvan ədəbi mühitində özünəməxsus iz buraxan şair Seyid Səbrinin yazdığı tərcümeyi-halında və "Şərq qapısı" qəzetinin  2 iyul 1971-ci il tarixli nömrəsində dərc etdirdiyi "Yaddaşımdan bir neçə söz" adlı yazısında da rast gəlirik.

Tərcümeyi-haldan: "Maddi vəziyyətim ağır olduğundan məcbur qalıb Naxçıvan sakini Ərbab Ağa Məhəmmədin verdiyi qəzet və jurnalları satırdım və əməkhaqqı alırdım".

"Şərq qapısı"ndakı xatirəsindən: "Naxçıvan şəhərində Məhəmməd Əkbərov (ləqəbi "Ərbab" idi) adlı bir şəxs özü bisavad olduğu halda ziyalı təbəqəmizin, yazıçı və şairlərimizin ən yaxın dostu, məsləkdaşı və sirdaşı idi. Dükanında camaatın ehtiyacına gərək olan ən yüngül şeylər satılardı. Çay, qənd, kibrit və sair bu kimi şeylər... Bu dükanın mahiyyəti iki məna, iki amal daşıyırdı. Bunlardan biri ailə dolanışığı, ikincisi isə o zamanın ziyalı və inqilabçıların bir növ ziyarətgahı kimi sayılırdı. Onlar tək-tək və ya üçlükdə bu dükanda görüşər, danışar və məsləhətləşərdilər. Bu iki-üç nəfərin söhbət və məsləhətləri digər iki-üç nəfərə Ərbabın vasitəsilə çatdırılardı... Bunlardan başqa, düka-na Zaqafqaziya miqyasında nəşr olunan bəzi qəzet, jurnal və kitablar da olardı".

S.Səbri satılmaq üçün ona verilən qəzetlərin adlarını da göstərmişdir: "Sədayi-həqq", "İqbal", "Açıq söz", "Dəbistan", "İrşad", "Şəlalə", "Tuti", "Məzəli", "Molla Nəsrəddin".

Ə.Şərif və S.Səbrinin Ağa Məhəmməd Əkbərovun dükanı haqqında yazdıqları bizi həmin məsələ ilə bağlı əlavə məlumatlar əldə etmək üçün axtarışlara sövq etdi və cəhdimiz bo-şa çıxmadı. Müraciət etdiyimiz mənbələrin birində - S.Səbrinin müasiri və qohumu (xalasının əri - F.X.), o vaxt Naxçıvanda yaşayan, sonralar isə yazıçı və tərcüməçi kimi Azərbaycanda məşhurlaşan Əli Səb-rinin "Mühitim... təhsil illərim" adlı xatirəsində bu barədə nisbətən ətraflı məlumata rast gəldik: "Naxçıvan ədəbi mühitindən danı-şarkən 1905-ci il inqilabının təsiri ilə yaranan bir klubun fəaliyyətini yada salıram. Bu klub Naxçıvanda "Ərbab Məhəmməd" adı ilə şöhrət tapan bir dükanda yerləşirdi. Bu dükanda Krımda çap olunan "Tərcüman" qəzeti və bütün Azərbaycan qəzet və jurnalları gəlirdi. Qəzetlər oxunur, buradakı məqalələr haqqında mübahi-sələr başlanır, mülahizələr irəli sürülürdü. Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov, Qurbanəli Şərifov... Əsəd ağa Kəngərli bu klubun əsas iştirakçıları idilər... Məni ən çox valeh edən qonşumuz Qurbanəli Şərifovun çıxışları idi. Ona görə ki, Q.Şərifov öz fikirlərini məntiqi şəkildə sübuta yetirir, nitqi sərrast və tutarlı idi... Kluba toplaşanlar bəzən pul toplayır, yoxsul uşaqlara kitab, dəftər və digər dərs ləvazimatı alırdılar".

Bəzi mənbələrdə Ağa Məhəmməd Əkbərovun da xeyriyyəçi bir insan olması haqqında məlumatlar vardır. Məsələn, görkəmli yazıçımız Mir Cəlal M.Ə.Sabirə həsr etdiyi "Yolumuz hayanadır" romanının bir yerində yazır ki, müxtəlif şəxslərin vasitəsilə M.Ə.Sabir üçün "ianə verənlərin hamısını mətbuat səhifəsində adbaad vermək çətin idi. Onlardan bir qisminin adları belədir". Sonra müəllif M.Ə.Sabirə ianə göndərən 74 nəfərin adını çəkir. Bunların içərisində Ağa Məhəmməd Əkbərovun da adı vardır. Şübhəsiz ki, Mir Cəlal bu adları vaxtı ilə mətbuatda, xüsusilə "Molla Nəsrəddin" jurnalında dərc olunan ianəçilərin siyahısından götürmüşdür. Axtarışlar zamanı rast gəldiyimiz bir fakt bu fikrimizin əsaslı olduğunu göstərir. Budur həmin fakt:

"Naxçıvanda Qurbanəli Şərifov cənabları vasitəsilə mərhum Sabirin oğluna dəftər-qələm pulu ianə edənlərin adları:

1. Ağa Məhəmməd Əkbərov - 3 manat.

2. Məhəmməd bəy Camalbəyov - 2 man.

3. Heydər Məmmədov - 1 man.

4. Həsən Mustafayev - 2 man.

5. Abdulla Sultanov - 1 man.

6. Məşədi Əli Cəfərov - 2 man.

7. Mirhəbib Əsədullayev - 1 man.

8. Bağır bəy Bektaşov - 2 man.

9. Hacı Məmməd Bağırov - 2 man.

10. Məşədi Əsəd Muradov - 1 man.

11. Rauf bəy Səfərəlibəyov - 3 man.

12. Mirzə Əli bəy Bektaşov - 3 man.

Cümlətani 23 manat. Göndərilib Naxçıvandan Şamaxıya Hacı Əbdürrəhim Səmədov cənablarına".

"Molla Nəsrəddin" jurnalında dərc olunan bu siyahını Mir Cəlalın siyahısı ilə tutuşdurduqda aydın oldu ki, o, ianə toplayan naxçıvanlıların adlarını çəkərkən məhz həmin siyahıdan istifadə etmişdir.

Bu faktlar sübut edir ki, Ağa Məhəmməd Əkbərovun müsəlmanları qəflət yuxusundan oyatmağa çalışan xalq şairi M.Ə.Sabirə məhəbbəti o dərəcədə imiş ki, hətta vəfatından sonra da ona ehtiramla yanaşmış, ailəsinə yardım işində ən öndə getmişdir. Deməli, Ağa Məhəmməd Əkbərovun adının M.Ə.Sabirin ailəsinə ianə edənlərin siyahısında birinci yazılması heç də təsadüfi deyilmiş. Bu baxımdan Ağa Məhəmməd haqqında müstəqillik illərində "Şərq qapısı" qəzetinin 12 mart 2010-cu il tarixli nömrəsində oxuculara nisbətən geniş məlumat verən tarix üzrə fəlsəfə doktoru M.Quliyev öz məqaləsini "Böyük şairimiz Mirzə Ələkbər Sabirin naxçıvanlı maarifçi dostlarından Ağa Məhəmməd Əkbərov haqqında bir neçə söz" adlandırmaqda haqlıdır.

Ağa Məhəmməd Əkbərovun C.Məmmədquluzadə ilə tanışlığı və ona müəyyən yardımlar etməsi haqqında da şifahi məlumatlar vardır. Ağa Məhəmmədin qonşusu, hazırda təqaüddə olan Naxçıvan şəhər sakini Sadıq Rəhimovun bizə və M.Quliyevə dediyinə görə, "Ağa Məhəmməd Əkbərovun özü nəql edirmiş ki, yazıçı Mirzə Cəlillə yaxından dostluq münasibəti olub. Hətta yeri gələndə jurnala ("Molla Nəsrəddin" jurnalı nəzərdə tutulur - F.X.) maddi köməyini də əsirgəmirmiş".

Ağa Məhəmməd Əkbərovun xeyirxahlığının bir səciyyəvi cəhətinin üzərində də dayanmağı zəruri hesab edirik. Bu da onun "Sağ əlin verdiyindən sol əl xəbər tutmasın" prinsipinə əməl etməsi ilə bağlı olan bir məsələdir. Keçək konkret faktlara.

Professor Ə.Şərif 1983-cü ildə Bakıda çap etdirdiyi "Keçmiş günlərdən. Atam və mən" adlı sənədli xatirələr kitabında atası Q.Şərifovun 1911-ci ilin sonlarında ona yazdığı məktubdan belə bir sitat gətirir: "Bilirəm ki, sizə xərcləmək üçün pul lazımdır. Ağa Məhəmməd Əkbərovun mənə 50 manat borcu var. Nəqd pul vermişəm. Get Ağa Məhəmmədin yanına və bu kağızı ver ona. 50 manat ondan al, ver anana və xırda-xırda alıb xərclə".

Ə.Şərif atasının bu sözlərini belə şərh edir: "Bu sətirlərdən atamın o zaman pula ehtiyacı olduğu aydınlaşır, çünki ehtiyacı olmasaydı o, qətiyyən borc verdiyi pulu yada salmaz və tələb etməzdi".

Sual olunur: M.Ə.Sabirin ailəsinə, C.Məmmədquluzadəyə və bizə bəlli olmayan kimlərəsə həmişə yardım əlini uzadan Ağa Məhəmməd Əkbərovun Ə.Şərif demişkən, "ehtiyacı olan" Q.Şərifzadədən nə az, nə çox o dövr üçün böyük bir məbləğ olan 50 manat borc alması nə dərəcədə inandırıcıdır? Bizcə, buna inanmaq olmaz. Çünki Ə.Şərifin öz xatirələrində dəfələrlə qeyd etdiyi kimi, 1909-cu ilədək atasının "cibi boş deyilmiş", "gənc ikən qürbətə alışmış və qazanc üçün vətəndən ayrılmış - Aşqabad, Mərv, Kətə-Kurqan, Səmərqənd, Buxara və bu yerlərə yaxın başqa şəhər və qəsəbələrdə olduqca ağır şəraitdə ürək sıxıntısı, nigarançılıq içində harada isə işləyər, pul qazanar, öz yeməyinə geyiminə qənaət edə-edə topladığı qazanc ilə öz vətəninə qayıdarmış". "Qohumlara yardım edərdi, sovqat gətirərdi".

Ə.Şərifin yazdığına görə, 1909-cu ildən etibarən isə atasının maddi durumu ağır vəziyyətə düşür. "Bu dövrdə atamın maddi vəziyyəti yaxı olmamalı idi". "Atamın maddi imkanı yox idi". İş o yerə çatmışdı ki, 1909-cu ildə Ə.Şərifin təhsil haqqını Q.Şərifzadənin işlədiyi müəssisənin rəisi Əbdülqafar Səmədov ödəmişdi. Belə olan halda Q.Şərifovun Ağa Məhəmmədə 50 manat borc verməsinə imkanı var idimi? Bizcə, xeyr!

Bəs Q.Şərifzadə nə üçün oğluna bu sözləri yazmışdır? Həmin sualın cavabı çox sadədir: Özünü ailəsinin yanında sındırmamaq və qürurunu saxlamaq məqsədilə ərk etdiyi dostundan məhz bu yolla borc almağı məqbul saydığı üçün. O, dəqiq bilirdi ki, dostu Ağa Məhəmməd məktubdakı sözləri oxuyarkən məsələdən hali olacaq və istədiyi 50 manatı oğlu Əzizə verəcəkdir. Həm də bu sirr ancaq onların arasında qalacaqdır. Budur Ağa Məhəmməd Əkbərovun xeyriyyəçiliyinin səciyyəvi cəhətlərindən biri.

Heç bir övladı olmayan Ağa Məhəmmədin xeyriyyəçiliyinin bir nümunəsi də Seyid Səbri kimi yoxsul təbəqəyə mənsub olan bir gəncə atalıq qayğısı göstərərək onu həvəsləndirib mətbuat aləminə cəlb etməsidir.

Ağa Məhəmməd və onun məslək dostlarının sonralar başa düşdükləri bir səhvləri var idi: Sovet hakimiyyətinə inanmaq! Uğrunda mübarizə apardıqları bu hakimiyyət onların axırına çıxdı. Qaçan qaçdı, tutulan tutuldu, bir çoxu sürgün olundu, ölən canını qurtardı. Qalanlar isə ömrünün sonunadək səksəkə içərisində yaşadı.

Ağa Məhəmmədin yuxusuna da girməzdi ki, böyük ümidlər bəslədiyi sovet quruluşunda gün çörəyinə möhtac qalıb gözətçi işləməklə ailəsini dolandırmağa məcbur olacaqdır. Sovet dönəmində ona təqaüd də vermədilər!

Ağa Məhəmməd Əkbərovla bağlı mübahisəli və aydınlaşdırılmağa ehtiyacı olan bəzi məsələlərin üzərində də dayanmaq istəyirik.

Əvvəla, onun təvəllüd və vəfat tarixi haqqında.

Professor Ə.Şərifin yazdığına görə, o, 1963-cü ildə vəfat etmişdir. Qonşusu Sadıq Rəhimovun bizə verdiyi məlumata görə isə 94 il ömür sürən Ağa Məhəmmədin vəfat tarixi 1962-ci ilə təsadüf edir. Bizcə, o vaxt uzaq Moskvada yaşayan Ə.Şərifin sözlərindənsə, yaxın qonşusu olan S.Rəhimovun dediyinə inanmaq lazımdır. Bunun doğruluğunu Ə.Şərif də sonralar dəqiqləşdirdiyi üçün "Molla Nəsrəddin" necə yarandı" kitabının Azərbaycan dilindəki variantında Ağa Məhəmmədin 1963-cü ildə vəfat etməsinə aid fikrini bir daha təkrar etməmişdir.

94 il yaşayan Ağa Məhəmməd Əkbərovun 1962-ci ildə vəfat etməsini qəbul etsək, deməli, onun təvəllüd tarixi 1868-ci ildir.

İkinci bir məsələ. Nə üçün Ağa Məhəmmədə "Ərbab" deyə müraciət etmişlər?

M.Quliyev bunu belə izah edir: "Ərbab onun Səttarxan hərəkatında daşıdığı ləqəbdir". Bu fikir haradan qaynaqlanır? Bəlli deyil. Sadıq Rəhimov bizə belə bir məlumatı eşitmədiyini bildirmişdir. Hər halda həmin fikri təsdiq edən heç bir fakt və rəsmi sənəd ortada yoxdur. M.Quliyevin Ağa Məhəmmədin Şeyx Məhəmməd Xiyabaninin yaxın dostlarından olması haqqındakı fikrinin də əsaslandırılmağa ehtiyacı vardır. Şübhəsiz ki, gələcək araşdırmalar Ağa Məhəmməd Əkbərov barəsində daha ətraflı məlumatlar əldə etmək üçün müəyyən imkanlar yaradacaqdır.

Hələlik isə araşdırmalarımız bizə aşağıdakı nəticələrə gəlməyə əsas verir. Ağa Məhəmməd Əkbərov:

1. Əqidəcə maarifçi-demokrat olmuşdur.

2. Naxçıvanda klub səviyyəsində fəaliyyət göstərən dükanında dövri mətbuat və demokratik ruhlu ədəbiyyat nümunələrini əldə edib yaymışdır.

3. Maarifçi ziyalılarla yanaşı, sosial-demokratlara da rəğbət bəsləmiş, Cənubi Azərbaycan inqilabçıları ilə Qafqaz sosial-demokratları arasında əlaqələndirici rolunu oynamışdır.

4. Xeyriyyəçiliklə məşğul olmuş, maarif və mədəniyyət yolunda maddi yardımını əsirgəməmişdir.

Heç bir təhsil almasa da, Naxçıvanda maarifçilik hərəkatında özünəməxsus iz buraxan Ağa Məhəmməd Əkbərov yaddaşlarda yaşamağa haqqı vardır.

 





24.01.2019    çap et  çap et