525.Az

"Bu qız ay istəyir"- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ


 

PƏRVİNin təqdimatında

"Bu qız ay istəyir"- <b style="color:red"> YÜZ GÖZƏL SEVGİ ŞEİRİ</b>

Bir otağa girib təkcə oturmaq, yaxud adamsız yerdə özünlə baş-başa qalmaq tənhalıq deyil. Tənhalıq doğmaların arasında, əzizlərinin  yanındakı təklikdi. Yüzlərin əhatəsində kimsəsizsənsə, tənhasan... Elə hər yanından ötən, həyatından keçən “cavansan, atıl-düş, şənlən...” – deyir. Amma  yaşıdlarının maraqları sənə bəsit, mövzuları dayaz gəlirsə, onlarla ünsiyyətdə naqolaysansa, əylənməyi heç bacarmırsansa, neyləyəsən?!

...Hələ uşaqlıqdan hiss etmisən bunu. Başqasan! Və bu başqalığınla heç də üstün deyilsən adamlardan. Hər halda özün belə hesab eləmirsən. Kiminsə səni səhv anlayacağına, inciyəcəyinə görə çox qorxursan bəzən... Elə bu səbəbdən əsasən öz qabında, qınında yaşayırsan! Sıxılanda başını çıxarıb ətrafa baxırsan, insanlara qaynayıb – qarışmaq istəsən də, alınmır.

...Həmyaşıdlarına necə izah edəsən ki, könlündən tonqal üstündən atılmaq keçmir Novruz bayramında?! Sakitcə ocağa baxıb tüstünün, qoxunun beynində oyatdığı xatirələrə dalmaq istəyirsən...

... Axı qəbul eləməzlər beləliyini! Hay-küylü məclisdə susmağını, bir nöqtəyə baxıb fikrə getməyini, özünə çəkilməyini necə başa düşsünlər?! Hansısa “yasxana” janrında (onların düşüncəsində!) musiqidən kövrəlməyinin səbəbini nə cür anladacaqsan?! Heç cür... Sadəcə qınayırlar səni... “Qapalısan, belə olmaz...” – deyirlər. Amma kimsə bilmir ki, sən ÖZÜNü axtardıqca, hər dəfə xəyal qırıqlığına uğradıqca qapanmısan. Dopdolusan boşluqlarla! Ürəyin boşdu ona görə! Yarımçıqsan! Məhz yarımçıqlıqdı ən böyük dərdin... Ardınca düşüb izləyən, qapını pusan gənc heyranların çox adidilər səndən ötrü. Özün də başqasan, istəyin də başqa...

Və bir gün bütün ehtiyaclarının cavabı, arzularının adamı çıxır qarşına... Heç bilmirsən necə baş verdi bu?! Elə dünən bədbindin, təkdin, ətraf bomboz, dünya bomboş idi. Amma bu gün doludu həyatın, için, hamı yaxşı adamdı, hər yer gözəldi... Vurulmusan! Nə deyim sənə?! Məhəbbətin də özünə bənzəyir, anlamaq olmur nədi istədiyin, qorxduğun nə?!

Amma... Heç vaxt sənin olmayacaq birini sevməyin acısını təsəvvür edirsənmi? Çərçivələrə sığmayan, qanunları sındıran məhəbbətin baha başa gələcək sənə. Kimlərinsə qeybət mövzusuna, gülüş hədəfinə çevrilə bilərsən! Bəzən hissindən özün də hürkürsən... Sadəcə sığınmaq istəyirsən onlara – sevginə və sevdiyinə... Ürəyindəki duyğuya, söykəndiyin çiyinə arxayınsansa, qarayaxmalar nə edəcək?!

Məhz belə qadındı Eldar Baxışın Sərçə balası! Zərif, ürkək! Bəlkə də özünü  yeni-yeni dərk etməyə başlamış balaca qızdı. Ya da sevgidən başı gicəllənmiş, dünyanı unutmuş sanballı bir Xanım.

Hər nədisə, Eldar Baxışdan ötrü Sərçə balasıdı!!!

Şair sevgidə yaş fərqini fərqli üsulla ifadə edir. Və şeirdə aşiqin   itmiş gəncliyinə, ürəkdolusu sevən vaxtlarına görə təəssüf hissi ilə yanaşı, məhəbbətin qeyri-adi tərəflərindən biri – Qorumaq duyğusu təsvir olunub.

Şeiri kiçik poema da adlandırmaq olar. Maraqlıdı ki, lap elə klassik poemalarda olduğu kimi, əsər Allaha müraciətlə başlanır... Amma şair heç kimi tərif eləmir, sadəcə danışır, başına gələnlərdən danışır... Yalvarışları, arzuları, gileyləri, qorxuları, əsəbləri, duyğuları, hamısı var misralarda, bir az qarışıq, pərakəndə... Amma elə bunun özü də sevən adamın ovqatıdı!

Eldar Baxış bu əsərdə təcrübəli, dünyaya açıq gözlə baxan, həyatın üst qatını da, dibini də görmüş  aşiqin düşüncələrini yazır... Axı ilk sevginin qığılcımlarından ağlını itirmiş adam hardan bilərdi ki,  kişilər, arvadlar bu qıza güləcək, bir böyük şəhər ondan danışacaq, dilə-dişə düşəcək... Məhz burdan gəlir Qızı qorumaq istəyi... Böyüklükdən!  Əvvəlki qanadını, inadını, istəyini itirmiş aşiq balaca sərçəni yuvasından eləmək istəmir. Və burda ağılla hisslərin qəribə mübarizəsi hiss olunur: “Lap belə tərpəndik, lap belə getdik,  Sən deyən, mən deyən olası deyil...” Şair hər halda, “tərpənməyin”, “getməyin” mümkünlüyünü də inkar eləmir! Sadəcə sonu bildiyindən, ondan ötrü mübarizə mənasızdı... Yenə də günahı sürətlə uçub gedən vaxtın üstünə atır. Sanki üsyan edir, taleyinə, zamana, Allaha... Sərçə balasını gec göndərdiyinə görə! “Səni də düşəsən mənim günümə!” – deyərək.

Yenə də Bu Qızı qorumaq arzusu hər şeyin fövqündədir... Aşiqin  “Bu qızla işin olmasın” sözləriylə şeirin başlanğıcındakı ovqat  tamamlanır.

Amma İlahinin Bu Qızla işi olub artıq, Başqa yaradıb onu, Sevgi salıb ürəyinə! Qadağan Sevgi!

 

Eldar Baxış: “İlahi, neyləsən, sən mənə eylə” 

İlahi, mənə yox, mən istəmirəm,
İlahi, yazığın gəlsin bu qıza.
Elə eləmə ki,
oğlanlar, qızlar,
Kişilər, arvadlar gülsün bu qıza.
Elə eləmə ki,
vüsal yerinə
Göz yaşı danışsın, qəhər danışsın.
Bir qızdan bir bölük adam danışsın,
Bir qızdan bir böyük şəhər danışsın.
 
Elə eləmə ki, bu qız bu eldə,
Dilə-dişə düşsün məndən ötəri...
Sərçə balasıdı bu qız bu saat,
Boynunu uzadıb dəndən ötəri.
 
Bu qızın
bu saat məndən umduğu,
Məndən istədiyi dən məndə yoxdu.
Bu qız ay istəyir, ay yoxdu məndə,
Bu qız gün istəyir, gün məndə yoxdu.
 
Sevgi yoxdu məndə sevəm bu qızı,
Elə axan suyu belə döndərəm.
Çevirəm özümü kəpənəyə mən,
Bu qızı çiçəyə, gülə döndərəm.
 
Səndən çiçək olmaz, səndən gül olmaz,
Məndən də kəpənək, sərçə balası.
Durduğumuz yerdə biz niyə duraq,
Biz niyə tərpənək, sərçə balası?
 
Lap belə tərpəndik, lap belə getdik,
Sən deyən, mən deyən olası deyil.
Sərçə balasısan sən bu dünyada,
Şair ki, kəpənək balası deyil.
Kəpənək olmuşam dünyada bir vaxt,
Qanadım da olub bilmək istəsən.
İstəyim də olub özümə görə,
İnadım da olub, bilmək istəsən.
 
O qanad,
o inad,
o istək hanı?!
O qanad,
o inad,
o istək öldü.
Bircə gün çəkmədi gəlib-getməyi,
Kəpənək doğuldu, kəpənək öldü.
 
Ağca pambıq kimi,
ağca yun kimi,
Diddilər, diddilər o kəpənəyi.
Daraşıb qanadlı, əlli-ayaqlı,
Yedilər, yedilər o kəpənəyi.
 
Hanı o kəpənək, hanı o sevgi?-
Yaşamır, yaşamır, sərçə balası.
Bu ağ kəpənəklər o kəpənəyə,
Oxşamır, oxşamır, sərçə balası.
 
...Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.
 
Səni də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın...

 





09.09.2013    çap et  çap et