525.Az

Gənc fəalın anası prezidentə məktub yazdı


 

Gənc fəalın anası prezidentə məktub yazdı<b style="color:red"></b> Sosial şəbəkə istifadəçisi, hazırda həbsdə olan Rəşad Ramazanovun anası Zenfira Əkbərova Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
 
Masallı rayonu Digah kənd orta məktəbinin müəlliməsi, YAP-ın kənd orta məktəbi üzrə sədri Z. Ələkbərova APA-ya göndərdiyi müraciətində oğlunun hər hansı günahının olmadığını vurğulayıb: “Bir ana fəryadı ilə Sizdən kömək diləyirəm. 40 ildən artıqdır ki, Vətənimizə öz şərəfli peşəmlə - müəllimliklə xidmət edirəm. Mən böyük bir haqsızlıqla qarşılaşmışam. Bircə övladımı - Ramazanov Rəşad Ağəddin oğlunu əsassız olaraq həbs ediblər. Millətin övladlarına tərbiyə verən bir ana kimi mən heç zaman  nankor övlad böyüdə bilməzdim. Etiraf  edirəm ki, oğlum müxalif fikirli olub, amma bu o demək deyil ki, o, hər hansı bir şərəfsiz işlə məşğul olub. Rəşad Ramazanov AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantıdır. O, bir neçə elmi məqalənin müəllifidir və bir ana kimi də fəxr edirəm ki, övladımın bir kitabı Prezidentin Kitabxanasında saxlanılır. Mən Sizə üz tuturam. Ümid edirəm ki, bu fəryadıma biganə olmayacaqsınız. Rəşadın iki azyaşlı uşağı var. Onlardan biri heç öz atasını görməyib. 5 yaşlı qızı isə hər gün ağlayaraq atasının yolunu gözləyir”.
 
Z. Ələkbərova dövlət başçısından oğlunun əfv olunmasını xahiş edib: “Ümidim göydə Allaha, yerdə Sizədir ki, oğlumu əfv edəcəksiniz”.
 
 
Qeyd edək ki, R. Ramazanov mayın 9-da həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham olunur.
 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində R. Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
 
 





09.09.2013    çap et  çap et