525.Az

General İsmayıl xan Kəngərli-Naxçıvanskinin ömür yoluna bir nəzər


 

General İsmayıl xan Kəngərli-Naxçıvanskinin ömür yoluna bir nəzər<b style="color:red"></b>

İsmayıl xan Kəngərli-Naxçıvanski 90 il ömür sürsə də, hərbi və ictimai fəaliyyəti sovet dövründə öyrənilməyib, adı belə çox az hallarda çəkilib.

Odur ki, ensiklopediyalarda da onun haqqında çox qısa məlumatlar verilib. Halbuki Rusiya imperiyasının arxivlərində və o dövrdə nisbətən qapalı saxlanılan kitabxana fondlarında onun hərbi fəaliyyəti, ümumiyyətlə, ömür yolu haqqında xeyli sənədlər, kitablar vardır.

Ömrünün 69 ilini hərb sənətinə həsr edən, döyüş cəbhələrində ən qorxulu sahələrdə, qanlı döyüşlərdə böyük şücaətlər göstərən bu sərkərdənin vətənə sədaqəti, doğma Naxçıvana bağlılığı olduqca aktualdır.

XIX yüzilliyin ortalarında və XX yüzilliyin əvvəllərində öz adını Azərbaycanın və Rusiyanın hərb tarixində qızıl hərflərlə yazan tam süvari generalı İsmayıl xan Naxçıvanski 5 yanvar 1819-cu ildə Naxçıvan xanlarından olan məşhur sərkərdə general-mayor I Ehsan xan Naxçıvanskinin ailəsində anadan olub.

Rusiya Dövlət Hərbi-Tarix Arxivində general İsmayıl xana məxsus xidmət siyahılarının orijinalı, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində isə surəti saxlanılır. Həmin sənədləri araşdırarkən bilindi ki, İsmayıl xanın anası Xırda xanım olub.

İsmayıl xan Naxçıvanski ilk təhsilini atası I Ehsan xanın sarayında almış və fars dilini mükəmməl öyrənmişdi. Sonralar atası I Ehsan xan onu təhsil alması üçün Tiflisə aparmış və kişi gimnaziyasına qoymuşdu. İsmayıl xan həmin gimnaziyada orta təhsil almışdır. Qeyd edək ki, arxiv sənədlərində onun neçənci ildən nə vaxtadək təhsil alması haqqında məlumat yoxdur. Gürcüstan arxivlərində bu istiqamətdə axtarışlarımız var.

Aparılan araşdırmalar göstərir ki, 1837-ci ildə Rusiya çarı I Nikolay Cənubi Qafqaza səfərə gəlib. Çar I Nikolayın xatirələrini qraf Aleksandr Benkendorf qələmə alıb. O, I Nikolayın dilindən yazır: "... Vadiyə daxil olanda qarşımda döyüşə hazır vəziyyətdə dayanmış bənzərsiz Kəngərli süvarilərini gördüm. Onlar hamısı eyni formada geyinmiş və yaraşıqlı atların üstündə oturmuşdular. Onların rəisi Ehsan xan atını mənim yanıma çapdı və bizim nizamlı qoşunların zabiti kimi rusca raport verdi. Mən onların mühafizəsində məşhur Üçmüəzzin monastırına gəldim... Öz zənginliyi ilə mənim gözlədiyimə cavab verməyən monastırdan çıxanda Kəngərli süvarilərinin paradını qəbul etdim..."

Rusiya imperiyasının xüsusi ümidlər bəslədiyi Naxçıvanın Kəngərli süvarilərinin hərbi paradı 5 oktyabr 1837-ci ildə keçirilib. Bəzi məlumatlara görə, bu baxışın təsvir olunduğu açıqca da buraxılıb.

Ecazkar atların üstündə oturan ağ çərkəzi çuxalı cavan döyüşçülərdən biri də 18 yaşlı İsmayıl xan idi. Buna görə İsmayıl xan da xüsusi hazırlanmış gümüş medalla təltif olunub.

İsmayıl xan Naxçıvanski hərbi xidmətə 1 may 1839-cu ildə başlayıb. O, Qafqaz müsəlman süvari polkunun naibi vəzifəsini daşıyıb. Qeyd edək ki, o, 15 oktyabr 1839-cu ildə polka gəlib çatıb və fəaliyyətə başlayıb. Çünki onun hərbi xidmətə başladığı polk Varşava şəhərində (Polşada) yerləşirdi.

İsmayıl xan Varşava ətrafında keçirilən hərbi baxışlarda və təlimlərdə əla bacarığına görə 28 oktyabr 1840-cı ildə praporşik hərbi rütbəsinə layiq görülür. Yüksək hərbi bacarığı ilə həmişə seçilən İsmayıl xan 27 dekabr 1841-ci ildə poruçik, 29 fevral 1844-cü ildə ştabs-kapitan hərbi rütbələrini alır.

Onun xidmət etdiyi ordunun baş komandiri general-feldmarşal İ.F.Paskeviç idi. O, həm də atası Ehsan xanın yaxın dostu olmaqla bərabər, Kəngərli süvarilərinə xüsusi hörmət bəsləyirdi. Qraf Paskeviç gənc hərbçi İsmayıl xanın hərbi istedadını çox yüksək qiymətləndirirdi. Buna görə də 1844-cü ilin 2 may tarixində İsmayıl xana 4 aylıq məzuniyyət verir və Naxçıvana evlərinə yola salır.

Arxiv sənədlərindən məlum olur ki, İsmayıl xan 4 aydan sonra bir daha Varşavada yerləşən hərbi xidmət etdiyi polka qayıtmır.

Baş komandanın əmri ilə 3 mart 1845-ci ildə Əlahiddə Qafqaz korpusunda süvari qoşunların hissəsində hərbi xidmətini davam etdirir.

10 avqust 1845-ci ildə o, İranın 3-cü dərəcəli Şir və Günəş (ulduzlu) ordeni ilə təltif edilib və sinəsində gəzdirməyə icazə verilib. 1846-cı ilin fevralında İsmayıl xanın atası Zaqafqaziya Müsəlman qoşunlarının hərbi-yürüş atamanı I Ehsan xan vəfat edir.

Atasının vəfatından sonra İsmayıl xan Kəngərli tayfasının və Kəngərli süvarilərinin rəisi təyin edilir. Bu haqda verilən əmr 19 sentyabr 1847-ci ilə aiddir. 23 avqust 1848-ci ildə Rusiya çarı I Nikolay İsmayıl xanın atası general-mayor I Ehsan xan hərbi fəaliyyətini nəzərə alaraq onun oğlanları İsmayıl xana, II Kalbalı xana və qızı Lalabəyimə yüksək təqaüd təyin edir.

Hərbi xidmətini uğurla davam etdirən İsmayıl xan 5 fevral 1853-cü ildə kapitan rütbəsinə layiq görülür. 1853-cü ildə Kəngərli süvarilərinin qoşun hissələri ləğv edilir. Bu səbəbdən İsmayıl xan yenidən, yəni 8 iyul 1853-cü ildə, Əlahiddə Qafqaz Korpusunda hərbi xidmətə göndərilir. İsmayıl xan 10 noyabr 1853-cü ildə İrəvan bəy drujinası qoşunlarının rəisi təyin edilir. O, həm də 1 may 1854-cü ildə 4№-li süvari müsəlman polkuna komandir köməkçisi təyin edilir. İrəvan dəstəsinin tərkibində olan 4№-li süvari müsəlman polkuna İsmayıl xan 5 dekabr 1854-cü ilədək komandir köməkçisi kimi rəhbərlik etmişdir.

İsmayıl xana əla hərbi xidmətinə görə 4 avqust 1855-ci ildə rotmistr rütbəsi verilərək Əlahəzrətin Saray qvardiyasının kazak polkuna dəyişdirilir. 13 oktyabr 1856-cı ildə 3-cü dərəcəli Müqəddəs Stanislav (qılınclarla birlikdə) ordeni ilə təltif edilmişdir. Əla döyüş bacarığına görə 3 aprel 1860-cı ildə general İsmayıl xana polkovnik hərbi rütbəsi verilir.

İsmayıl xan Naxçıvanski 1865-1867-ci illərdə İrəvan bəy komissiyasının (Naxçıvan qəzası üzrə) üzvü olmuşdur.

Rusiya imperiyasının ordusunda zabit kimi 25 il nümunəvi xidmətinə görə İsmayıl xana müsəlmanlar üçün təyin olunmuş 4-cü dərəcəli Müqəddəs Vladimir (bantla birlikdə) ordeni verilmişdir.

İsmayıl xan Naxçıvanski 23 yanvar 1868-ci ildə İranın 2-ci dərəcəli Şir və Günəş (ulduzu ilə birlikdə) ordeni ilə təltif olunur. İsmayıl xanın aldığı mükafatlar arasında 22 sentyabr 1872-ci ildə 2-ci dərəcəli Müqəddəs Stanislav (imperator taclı) ordeni də vardır. İsmayıl xan 5 may 1877-ci ildə İrəvan qeyri-nizami süvari polkuna komandir təyin edilir.

O, 1877-1878-ci il rus-türk müharibəsinin iştirakçısı olub. Onun formulyar siyahısından məlum olur ki, İsmayıl xan 5 may 1877-ci ildən 28 yanvar 1878-ci ilədək İrəvan qeyri-nizami süvari polkunun komandiri olmuşdur.

Qafqaz hərbi dairəsinin 123№-li əmrinə əsasən (5 may 1877) "ovçu müsəlmanlardan" və İrəvan quberniyasının könüllü azərbaycanlılarından təşkil olunan İrəvan qeyri-nizami polkuna komandirlik etmişdir.

Tarixdə "Bəyazid mühasirəsi" kimi (6-28 iyun 1877-ci il) qalan döyüşlərin qəhrəmanı olan İsmayıl xanın igidliklərindən vaxtı ilə az yazılıb. Lakin son illərdə İsmayıl xan Naxçıvanskinin Bəyazid qalasında göstərdiyi iradə və mərdlik haqqında ətraflı yazılmışdır.

Moskvada yaşayan tədqiqatçılar E.E.İsmayılov və F.Nağdəliyev yazdıqları  kitablarda unudulmaz generalın həyatı, xüsusilə hərbi fəaliyyəti haqqında ətraflı məlumat vermişlər.

Rusiya tarixçisi (təəssüf ki, artıq mərhum!) Rudolf İvanov bu sırada xüsusilə fərqlənir. O, general İsmayıl xanın həqiqi müdafiəçisi kimi həmin illərin döyüş hünərlərini başqalarının adına yazan müəllifləri, həmçinin, Bəyazid qalası haqqında film çəkən rejissorları mətbuatda tənqid etmiş və özünün məşhur sənədli povestini yazmışdır.

Bəyazid qalası mühasirədə qalarkən Rusiya ordusunun qarnizonu xeyli itki vermişdir. Mühasirə zamanı həlak olan və yaralı olan 9 zabit və 473 aşağı rütbəli döyüşçülər qeydə alınmışdır.

Bu mühasirədə mərdlik, sədaqət və yüksək döyüş hünərləri göstərən İsmayıl xan 19 dekabr 1877-ci ildə general mayor hərbi rütbəsi verilməklə, 31 dekabr 1877-ci ildə 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilmişdir. Onun adı Moskva Kremlində Georgiyevski salonunda mərmər lövhəyə qızıl hərflərlə yazılmışdır (№33). Qeyd edək ki, 23 günlük Bəyazid mühasirəsi haqqında danışmağı çar Rusiyası qadağan etdiyi üçün general İsmayıl xan 18 il, hərbi jurnalistlərin təkidlərinə baxmayaraq, heç bir müsahibə verməmişdir. Hətta general-mayor, ədəbiyyatçı K.K.Heynsin də bu haqda təklifinə razılıq verməyib.

Amma 1895-ci ildə qardaşı II Kalbalı xanın kürəkəni general Maqsud Əlixanov -Avarskinin arzusunu nəzərə alaraq Bəyazid mühasirəsindən danışıb. İsmayıl xan qalanın içərisində baş verən hadisələrə aydınlıq gətirib. Çünki hələ generalın sağlığında onun hünərlərini başqalarının adlarına çıxmaq istəyənlər vardı. Həmin müsahibədə ağ bayraq qaldırmaq istəyən Paçeviçlə bağlı hadisəni İsmayıl xan belə nəql edir: "Artilleriya zabiti yel kimi yanıma gəldi. O, həyəcanlı idi. Paçeviç ağ bayraq qaldırıb. Artıq türklər qala qapısındadırlar, - dedi. Bunu eşidən kimi həyətə qaçdım. Gördüm ki, zabit və əsgərlər yığışıb, uzun bir ağaca ağ bayraq bağlayıb qala divarına bərkidiblər. Onun yanında Paçeviç və bir neçə zabit dayanıb. - Ağalar, siz nə edirsiniz?! - deyə qışqırdım. Biz özümüzü və silahımızı təhqir etmək üçünmü and içmişik?! Ayıbdır! Axırıncı damla qanımız qalana kimi Bəyazidi qoruyacağıq. Əgər kim ayrı cür hərəkət etsə, o, satqındır. Və əmr edirəm, yubanmadan atəş açın! Rədd olsun ağ bayraq, atəş açın, uşaqlar!

Ağ bayraq cəld endirilir, atəş açılır. Birinci olaraq Paçeviç ölümcül yaralanır. Həkimlər nə qədər çalışırlarsa, onu xilas edə bilmirlər. İyunun 16-da o, vəfat edir".

“Mən hər dəfə təkrar edirdim ki. Bəyazid qalasının təslim olmasına heç vaxt razı olmaram. Çünki müsəlmanam. Bilirəm ki, bunu əsas götürəcəklər və digər minlərlə səbəblər axtaracaqlar”.

İsmayıl xan Naxçıvanski 28 yanvar 1878-ci ildə İrəvan qeyri-nizami süvari polkunun komandiri vəzifəsindən azad edilmişdir.

Bu igid naxçıvanlı sərkərdə 1878-ci ilin 28 yanvarından Qafqaz ordusunun sərəncamına verilmişdir. Arxiv sənədlərinə görə, 1890-cı ilin 28 oktyabrında Rusiya çarının əmri ilə Naxçıvanda onun hərbi fəaliyyətinin 50 illik yubileyi böyük təntənə ilə keçirilmişdir. O zaman Naxçıvan zadəganları İsmayıl xana qiyməti çox olan papiros qutusu bağışlamışlar.

Tədbir keçirilən günün axşamı isə Xan dikində, Ehsan xan sarayının önündə böyük atəşfəşanlıq olmuşdur. O, 21 iyul 1883-cü ildə 3-cü dərəcəli Müqəddəs Vladimir ordeni ilə təltif edilmişdir.

İsmayıl xan Ehsan xan oğlu Naxçıvanski yüksək döyüş bacarığına görə 6 oktyabr 1888-ci ildə müsəlmanlar üçün təyin edilmiş 1-ci dərəcəli Müqəddəs Stanislav ordeni ilə də təltif olunub. Rusiya imperiyasının ordusunda yüksək sərkərdəlik bacarığı və hərbi xidmətinin əlli illiyi ilə əlaqədar olaraq 28 oktyabr 1890-cı ildə İsmayıl xan süvari ordunun general-leytenant hərbi rütbəsi ilə mükafatlandırılıb. Və ona ildə 2034 rubl təqaüd təyin olunub. Özünün hərbi biliyini əsgərlərdən əsirgəməyən İsmayıl xan 1 yanvar 1901-ci ildə müsəlmanlar üçün müəyyən olunmuş 1-ci dərəcəli Müqəddəs Anna ordenin, 10 mart 1903-cü ildə isə İranın Şir və Günəş (ulduzlu) ordeninin də kavaleri olmuşdur.

Rusiya Dövlət Hərbi-Tarix Arxivində İsmayıl xanın 9 iyul 1908-ci ildə tərtib edilmiş xidmət siyahısından aydın olur ki, o, hərbçiyə aid olan bir təmiz ömür yaşamışdır. İsmayıl xan Naxçıvanskiyə 18 avqust 1908-ci ildə süvari generalı hərbi rütbəsi verilir və ordudan tərxis olunur. Ona general mundirini saxlamağa və geyməyə icazə verilir. İsmayıl xana 1430 rubl təqaüd təyin edilir.

General İsmayıl xanın 1908-ci ildə 2472 rubl əmək haqqı alması haqqında məlumat  vardır.

Ümumiyyətlə, İsmayıl xanın döyüş şücaətlərinə görə aldığı mükafatlar içərisində medallar da vardır. İsmayıl xan həm də Rusiya imperiyasının 5 medalını - "İmperatorun 1837-ci ildə Qafqazı keçməsi" gümüş, "1853-1856-cı illər üçün Xatirə medalı" açıq tunc rəngli, “1877-1878-ci illər üçün Xatirə medalı” açıq tunc rəngli, "İmperator III Aleksandrın hakimiyyətinin xatirəsinə" və "İmperator I Nikolayın hakimiyyətinin xatirəsinə" gümüş medalı ilə təltif edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, İsmayıl xan iki dəfə - 1883 və 1885-ci illərdə Rusiya çarının tacqoyma mərasimlərinə də dəvət edilmişdir. Bu münasibətlə ona 1883-cü ildə III dərəcəli "Müqəddəs Vladimir" ordeni verilmişdir. 1888-ci ildə isə Rusiya çarı Tiflisə gələrkən İsmayıl xan da oraya dəvət edilmiş və bu böyük sərkərdəyə "Müqəddəs Stanislav" ordeni təqdim edilmişdir.

General İsmayıl xan dövrünün çox zəngin zadəganlarından olmuşdur. Qıvraq, Şahbuz, Nurs, Sirab kəndlərində malikanələri, Naxçıvan şəhərinin mərkəzində, İsmayıl xan hamamının qarşısında sarayı olmuşdur. Sarayın hərtərəfi bağ olmuşdur. Onun Naxçıvan şəhərində karvansarası və əlavə olaraq 4 bağı olmuşdur. Çar hökuməti ona və qardaşı II Kalbalı xana və bacıları Lalabəyimə Ələhi, Bist və digər kəndləri tiyul kəndlər kimi bağışlamışdır.

İsmayıl xan Naxçıvanda yaşadığı illərdə quruculuq, maarifçilik, xeyriyyəçilik işlərinə yaxından köməklik göstərib. Hətta yazıçı Məmməd Səid Ordubadinin atası Hacı Fəqir Ordubadi general İsmayıl xana mədhiyyə-qəsidələr də yazıb:

İsmayıl Xan Naxçıvaniyə

Ey vuran tənə cəlal ilə şəhi-xaqanə,
Ey olan şöhrət ilə rəşk məhi-tabanə.

Şükrlillah ki, səni xaliqi-bimisli-nəzir,
Eyliyib rüknü  sütun xaneyi-din, imanə.

Edə hər kimsə həsəd şan ilə bu şövkətüvə,
Hədəf olsun cigəri nizə ilə peykanə.

İzzətü cahü-cəlalın ola dərya-dərya,
Nə qədər kim, səhərin badi əsər bostanə

Ey olan həzrəti - İsmayilə həmnami-əziz,
Ey olan qabili-layiq kərəmi-sübhanə.

Aparır rəşki-həsəd rizişinə əbri-bahar,
Hümmətin tənə vurar sübhü məsa ümmanə.

Görüm, ey xan, sizin övladları həqq edə hifz.
O ğəmi-hadisədən kim, yetişir dövranə.

Zilli-lutfi-kərəmüz düşməsə gər fərqimizə,
Bigüman, kafər edər din evini viranə.

Siz kimi sahibi-ehsani-mürüvvət ki, dəxi,
Bir nəfər gəlmiyəcək daireyi-imkanə.

Möhnəti-dərdü ğəmi-hadisə bimariləri,
Yüz bu dərgahə qoyub, cümlə gəlib dərmanə.

Məni-nalani də, ey xan, bu qədər qüssəvi-ğəm,
Zar dilxəstə qılıb, həm yetiribdir canə.

Dut mənim də əlimi,dutsun əlin şiri-xuda,
Qoyma düşmən sala bu həddə bizi böhtanə.

Eylə bir nameyi-fərman kərəm, ey xanı-kərim,
Bu Fəqiri-dili-xyngəşteyi-sərgərdanə. 

10 fevral 1909-cu ildə səhər saat 7-də 90 yaşlı İsmayıl xan Naxçıvanda dünyadan köçüb. Bu qəhrəman sərkərdəni Qafqaz canişinliyi təntənəli surətdə dəfn etdirib. İsmayıl xan Naxçıvandakı İmamzadəyə bitişik tikilən Naxçıvan xanlarının sərdabəsində atası Ehsan xanın, qardaşı II Kalbalı xanın və oğlu Aman xanın yanında dəfn olunub. General İsmayıl xan Naxçıvanski məşhur hərbçi Novruz ağa Kəngərlinin qızı Xanımcan xanımla ailə qurmuş və bu nikahlarından 12 övladları olmuşdu. Qeyd edək ki, Rusiya arxivlərində İsmayıl xana aid xidmət kitablarında onun övladlarının hamısının adları qeyd edilməyib.

Bu yaxınlarda Naxçıvan MR Dövlət Arxivində general İsmayıl xanın Zaqafqaziya Ruhani İdarəsinə yazdığı ərizəni tapdıq. Ərizə rus və fars dillərində yazılıb. Həmin ərizədə göstərib ki, oğlanlarından başqa 6 qızı da vardır.

General İsmayıl xanın oğlanlarının adları aşağıdakı kimidir: (6 oğlan və 6 qız).

Aman xan (1845-1891), Bəhman xan (1851- ?), Həbubulla xan (1852 - ?), I Əziz xan (1857 - ?), II Əziz xan (1860-1883), Rüstəm xan (? - ?). Rusiya arxivlərindəki sənədlərdə onun oğlu Rüstəm xan qeyd edilməyib. Belə bir sənəd Naxçıvan MR Dövlət Arxivində  vardır.

General İsmayıl xanın özü qızların siyahısını Naxçıvan "Cümə məscidi”nin Naxçıvan şəhərinin 1889-cu ilə aid ailə siyahısından götürdüyünü qeyd edib. Onun qızlarının bu siyahıya görə doğum tarixlərini də müəyyən etmək mümkün oldu.

Qızları: Tərlan xanım 50 yaşında (1847 - ?), Xırda xanım (rus arxivlərində Xardı kimi yazılıb - müəllif) 44 yaşında (1853 - ?), Səltənət bəyimxanım 43 yaşında (1854 - ?), Şirin xanım 37 yaşında (1860 - ?), Bəyim xanım 34 yaşında (1863 - ?), Sitarə bəyim 32 yaşında (1865-?) (1). Qeyd edək ki, Şirin xanım Maku xanlarından olan Kamilpaşa xanın anasıdır. Onların evində general İsmayıl xanın fotoşəkli olub. Bu istiqamətdə axtarışlarımız var.

General İsmayıl xanın ikinci həyat yoldaşı Abbasqulu xan İrəvanskinin qızı Şövkət xanım olub. Onların nikahından övladları  olmayıb.

Qeyd edək ki, kitablarda və dövri mətbuatda general İsmayıl xanın fotoşəkli kimi təqdim edilən foto generalın deyil. Bu foto onun qaynı, podpolkovnik İsmayıl ağanındır. Foto Naxçıvan MR Dövlət Arxivində saxlanılır. Fotoşəklin arxasında yazı vardır. Bununla bağlı “525-ci qəzet”də yazımız çap olunub.

Həyatı və fəaliyyəti hələ tamamilə araşdırılmamış İsmayıl xan Naxçıvanskinin ömür yolu bu gün də, sabah da Azərbaycan xalqının, o cümlədən, naxçıvanlıların qürur yeridir.

 





25.01.2019    çap et  çap et