525.Az

O - Türkan Turan yazır


 

O - <b style="color:red">Türkan Turan yazır </b>

Ondan əvvəli puç, ondan sonranı heç edəndir O. Əlifbanı A-dan yox, özündən başladandır O. Söz-söz düzülən də, cümlə-cümlə dəyişən də, vergül ilə ayrılıb, nöqtəni özündə qoyan da O. Beynimin ən gözəl düşüncəsi də O, ən dağıdıcı olanı da, elə dağılanı yenidən quran da O. Soyuq olub donduran da, Günəş olub isidən də O. Ocağına qızındığım, ayazında donduğum da odur!

Kündə kimi yoğurub, büküb, əzib çevirib, oxlov ilə saca sərib, şiş ilə götürən də O.

Adı dilimdən çıxanda əks-sədası dünyaya dağılan da, sükuta çəkilib, ölüm kimi susduğum da odur. Ağzımın suyu kimi dilimin altında, gözümün yaşı kimi kirpiyimin ucunda saxladığımdır O. Uçurumundan özümü atdığım da O, ürəyinə düşüb qurtulduğum da. Od olub yandığım da, tez qırılıb soyuduğum da, ətimin üstündən hissə-hissə soyulduğum da odur.

 “Sevir-sevmir” deyə-deyə bütün çiçəklərin ləçəklərində axtardığım, istədiyim cavabı ala bilmədiyim vaxt hikkəmdən köklərinə qənim kəsilməyimə səbəb odur. Odur - varlığı ilə ən çirkli havanı da tərtəmizmiş kimi udmağımın səbəbkarı da. Getdiyini seyr edəndə dağ havasını belə şüşə qırıntıları kimi ciyərimə çəkib daxilimdən parçalandığımı hiss etdirən də. Qışın ortasında bahar çiçəyi açmağıma səbəb olan da odur, yayın istisində payız kimi yarpaq-yarpaq tökülməyimə də. Oturduğu taxtından devirmək istədiyim də O, qılıncımı ataraq yorğun düşmüş qollarımı yerə çökmüş dizlərimin üstünə qoyub, üzümü göyə tutub, dərindən nəfəs alaraq məğlubiyyətimdən zövq aldığım üçün sevindirən də O!

Taqətdən salan da O, məni dünyanı ovucumun içinə alacaq qədər güclü edən də. İmmuniteti zəiflədib tük kimi edərək ölümə sürükləyən də, bircə gülüşü ilə ölümün pəncəsindən alaraq, həyata qaytaran da O. Din də O, iman da O, cənnət də O, cəhənnəm də O, elə qəbir də O! Əzabı isə Onsuzluq! Başlanğıc da, sonsuzluq da, son da O. Yoxu çox edən də, çoxu heç edən də O. Öldüyüm də O, öldüm deyə-deyə hər dəfə yenidən sevgisində doğulduğum da O. Əcəl gəlirmiş kimi qaçıb qurtulmaq istədiyim də, qaçarkən özümü tutub məhbəsinə qapatdığım da O.

Bütün yolların, körpülərin istiqamətini dayandığı nöqtəyə yönəldən də, sonra həmin yolları dağıdıb, körpüləri yandıran odur! Məni plastilin kimi əlində oynadıb istədiyi fiqura salan yenə də odur. Bir neçə dəqiqədə hər cür hava kütləsini yaşadıb insanı haldan-hala salandır O. Ətrini ovucuma yığıb bir küncə çəkilərək, darıxdıqca qoxladığım da, dərisinə toxunaraq min cür çiçək açdığım da odur.

“Qara sevda”, “dəli eşq” dedikləri də sən demə, elə O imiş! Heç bir halda əl çəkib, çıxıb gedə bilmədiyimdir O. Ən çox küsdüyüm, ən tez barışdığım, ən çox suçladığım, ən çox əfv etdiyimdir O. Uzaqlarım da odur, hüceyrələrimə doldurub beynimdə özümlə gəzdirdiyim də.

Lotoreyadakı uduş, xərçəngə qarşı dərman, Ələddinin sehirli çırağındakı üç arzunun hamısıdır O. Günəş onunla batıb, onunla qalxır, çünki həyatın mərkəzidir O. Gözümün kənarında yumrulanıb qalmış, hər an aşıb-daşmağa hazır olan göz yaşımdır O. Zülmətin içindəki mayak, fırtınanın ortasında qapqara buludları aralayıb başımın üstündə bərq vuran da odur!

Bütün əqrəblərin durmadan işlədiyi tərəfdir O. Vaxtın ayaqyalın ona tərəf qaçdığı,  günlərin əlisilahsız hücum çəkdiyi, zamanın yoxluğuna üsyan etdiyidir O. Ən gözəl gülümsəyən, dodağının kənarı qaçan kimi təbəssümünə yoluxduğumdur O. Sakit, düzənli, nəzarət altında olan dünyama özündənrazılığı, bəzən məsumluğu, bəzən şeytanlığı, ən çox da tufanı ilə gəlib, bütün təyinatı dəyişərək, ona qədər olan hər şeyi söndürüb, bozardıb, heçə döndərən odur. Sonsuzluq qədər dərin baxışla baxdığım da O, sevərək ilahi həzz duyduğum da.

Bir boşluğa püskürüb, bir tənhalığa ulayıb, bir izdihama qoşularaq səsim çıxdığı qədər kimsəsizliyə qışqırıb, yoxluğundakı çəkdiyim əzabdan danışmaq istədiyimdir O. Roman kimi sevginin sadəcə, kitablardan oxunmadığını, gerçək həyatda daha artığının mümkün olduğunu sübut edəndir O.

Dünyanın 8 möcüzəsinin elə hamısıdır O. Ürəyin ritmini dəyişdirən, ən kiçik anları yaddaşa həkk edən, gah hıçqırıqlara boğan, gah çarəsiz hiss etdirəndir O. Ölümün eşiyindən dönüb onsuzluğa məhkum etməyəndir O. Yanımda olmayanda beynimdə tamamladığım, beynimdəkinə şübhə edəndə uydurduğum, sonra bütün şübhələrə meydan oxuyub ürəyimin yuxarı başına qoyduğumdur O.

Adı yoxdur, yeri bilinmir! Kimdir, nəçidir bəlli deyil! Aydın olan bircə şey var: sevgidir, sevgilidir O!

 





26.01.2019    çap et  çap et