525.Az

Oralarda kimlər var- PUBLİSİST ZÖHRAB ƏMİRXANLI-1


 

Oralarda kimlər var- <b style="color:red">PUBLİSİST ZÖHRAB  ƏMİRXANLI-1</b>

 Zaman o Zaman idi...O Zaman ki,mən “Qobustan” toplusundan ayrılıb “Ulduz” jurnalına sığınmışdım və burda yeni baş redaktor Elçin Hüseynbəyli, şair Qulu Ağsəs, nasir İlqar Fəhmi,şair Mahir Mehdi kimi gənclərlə başbaşa işləyirdim. Axtarışlar olurdu,yeni-yeni proyektlər olurdu və hər nömrədə bir yeni  təkliflə çıxış edən yaradıcılar həqiqətən maraqlı və gözəyatımlı nömrələr hazırlayırdılar. Bu təkliflərdən biri də çağdaş jurnalistikamızda imzası olub, ancaq müəyyən səbəblərdən müvəqqəti sorağı gəlməyən qələm adamları ilə söhbətlər keçirilməsi məsələsi ortaya düşəndə  ilkin olaraq həmin nəsil Azərbaycan jurnalistikasının vəya publisistikasının çox tanınmış sıra nəfərlərindən biri Zöhrab Əmirxanlı xatırlandı. Və onun məhz bu yeni nəsil arasında seçilən yazar olmasına güvən verən bir çox  insan vardı ki, onlar həqiqətən bir zamanlar belə bir adda və soyadda bir yazarın olduğunu bu gün də çox böyük bir məmnuniyyətlə xatırlatdılar.Təbii  ki, bizim bu keçmiş zamanda yazmağımız heç kəsin ağlına başqa bir  fikir gətirməsin.Adam sağ və salamatdır, uşaqlarının yanındadır və yenə də Bakıda olur, yazıya bir qədər ara verdiyi günlərdə Moskvaya kedibmiş.Təbii ki, bütün bunlara biz söhbət əsnasında toxunacayıq.

Bunu açıq deyək ki, bir vaxtların çox qalmaqal və çox riskli yazarıyla görüşmək birbaşa “Ulduz” dərgisinin baş redaktoru Elçin Hüseynbəylinin təşəbbüsü idi və bu çoxdan baş tutmalıydı.Bəzi texniki səbəblər üzündən bu məsələ bir az uzandı.

Və nəhayət Zöhrab Əmirxanlı ilə  bir dostumuzun QUŞ DAMI deyə adlandırdığı Yazarlar Birliyinin üçüncü qatındakı “Ulduz” dərgisinin baş redaktor otağında  görüşdük.İndi Zöhrab bəyin 55 yaş günlərində bir az qalmaqallı o maraqlı sorğuya yenidən qayıtmaq ləzzətini yaşamaq istədik.

Dediyimiz kimi bu proyekti də, yəni SORAĞI GƏLMƏYƏNLƏR proyektini də elə Elçinin özü düşünüb tapmışdı, biz  sadəcə bir icraçıydıq bu işdə.Ona görə də Zöhrabla bu söhbəti bir neçə nəfərin dialoqu kimi də dəyərləndirmək olar. Və buna görə də ilk sorumuz məhz bu proektin adındakı sualla oldu.Necə oldu ki, o zaman Zöhrab Əmirxanlı qəflətən publisistikadan vəya belə deyək qəzetçilikdən uzaqlaşdı. Bunun ana səbəbi nəydi?

Zöhrab : söhbətimiz məhz bu həndəvərdə gedəcək?

–Xeyr, xeyr bu ana xəttidir, təbii ki, başqa şeylərə də toxunula bilər. 

JURNALİSTİKA MƏNİM ÜÇÜN BİR BAKİRƏ QIZ TİMSALINDA İDİ

 Zöhrab : Mən gərək ki, bir müsahibəmdə də demişdim : təsəvvür edin ki, bir kəndə gedirsən, bir toya düşürsən, mağarın ətrafı qız-gəlinlə dolu, sən də bu mağarın içindəsən vəya hardansa baxırsan, gəncsən, baxırsan gözaltı bu insanlara və birdən orda sənin gözünə gözəl bir qız dəyir və sən ona, onun təmizliyinə, onun bakirəliyinə nə qədər şablon olsa da, bu sözlər və məhz sən bu detalları onun sifətində görürsən.Və mənim də jurnalistikaya münasibətim bax o təmiz, o bakirə, o dünyanın hələ bicliyini bilməyən, qızlar bulağından yenicə su içmiş bir kənd gözəlinin içimə verdiyi işıq idi.Təsadüfən gözlər baxışır, gözlər öpüşür... bir dəfə, iki dəfə... dəli-divanə olursan...Mənim üçün jurnalistika bax, o qız idi.Bu işin bir az romantik tərəfi.Amma ilk yazımı altıncı sinifdə oxuyanda yazmışam. Şamaxıda “Yeni Şirvan” qəzeti çıxırdı, orada məqalə fason bir şey yazmışdım. O zaman atam bir az  xəstə-hal idi və məni  şəhərə buraxmaq niyyətində deyildi.Onun gözünün qabağında Şamaxıda Pedoqoji Texnikumda oxudum. Qurtarandan sonra bir rus kəndi vardı, məni göndərdilər ora.Mən orda müəllimlik elədim.Bir maraqlı faktı deyim ki, mən gedənə qədər o məktəbdə Azərbaycan dilində dərs keçilmirmiş və ilk birinci sinif açılmışdı mənim ora gəlişimlə. Və orda  müəllim işləyə-işləyə sənədlərimi verdim Jurnalistka fakültəsinə, yarım bal, bir bal, həmişə bir əskiklik olurdu və mən dördüncü cəhdimdə jurnalistikaya girdim. Mənim üçün hələ də o  1983-87-ci illər jurnalistikası var. O fakültə var, son dərəcə istiqanlı bir aura var və hətda az qala müəllimlə tələbə arasında bir istiqanlı münasibət var və birinci kursla beşinci kurs tələbələri arasında bir fərq yox. Jurnalistikanı qurtarandan sonra, Allah rəhmət eləsin Nəsir İmanquliyevə, müəllimimiz idi, həmdə “Bakı” qəzetinin baş redaktoru idi.Eşitmişdi mən qəzetlərə yazı yazıram.Bir gün dedi ki, neyçin bizim qəzetə yazmırsan? Mən elə birbaşa dedim : müəllim, sizin qezətinizdən xoşum gəlmir.Niyə dedi.Dedim ki,qoca-qoca kişilərdi.Gedirsən, adama o qədər yuxarıdan aşağı baxırlar ki,tapdanıb gedirsən ayaq altında.Niyə, kim sənə elə baxıb ?Yox, sən gəl bizim qəzetə. Və getdim. Allah ona da rəhmət eləsin Şakir Abdullayev vardı, təsadüfən gəlib düşdüm onun şöbəsinə.

(Baş redaktor müdaxilə edir : Şakir o Şakir Hənifəoğlu... Yox, canım, Hənifə oğlu  Şakir Yaqubovdur... Tofiq Abdinin müdaxiləsi).

...mən başladım “Bakı” qəzetində işləməyə.Təbii ki, o zaman baxın, bu balaca bir şey deyildi, atam tikinti işçisi, səkkiz baş ailə saxlayır,  anam evdar qadın və mənim bir kimsəm yox və mən gəlib düşürəm “Bakı” kimi bir populyar qəzetə.O zaman hətta hər hansı bir qəzetdə korrektor işləmək bir şərəf sayılırdı.Mən birbaşa  “Bakı” qəzetində müxbir işlədim.

(Elçin Hüseynbəyli müdaxilə edir: bir az mətləbdən uzaq düşdük. Sual belə oldu ki... və o bir daha sualı başdan təkrar edib, Zöhraba xatırladır və xüsusi vurğulayır: o gözəl-göyçək, o qızlar bulağından su içən, o jurnalistika həvəsi... nə oldu... niyə uzaqlaşdın? )

 Zöhrab: ...deyirsən cavabı qısa və konkret deyim : mən xaraktercə bir az impulsivəm, bir az emosionalam, köz üstündə oturmuş kimiyəm. Bir çox redaksiyalarda işləmişəm, pis yerlər olub, yaxşı yerlər də olub, təbii  ki, amma bunu açıq deyirəm ki,mən heç bir yerdə jurnalistikaya xəyanət eləməmişəm. Mənim haqqımda heç kəs deyə bilməz ki, Zöhrabın cibinə əlli manat qoymuşam.Doğrudur, indi bununla fəxr eləyənlərə bir  təhər baxırlar.

...o gözəl qız... o gözəl qız... ( Elçin yenə də müdaxilə edir)

İSTEDADLI KOLLEKTİVİMİZ VARDI

 Zöhrab : Yox, qız elə həmin qızdır, mən onu hələ də ürəyimin başında sevə-sevə saxlayıram, amma zaman onu da dəyişdirdi və mənim jurnalistikaya ilk ikrah hissim harda yarandı : “Azadlıq” qəzetində. “Azadlıq” qezətində qəzet içində bir qəzet vardı, humanitar sahəni içinə  alan bir qəzet. Və burada o zamanın ən gözəl jurnalistləri  Hacı Zamin,  Afaq Əfəndiyeva, Azər Qaraçənli,Şahnaz Bəylərqızı,Mahir Mehdi və mən özüm  daxil yeddi nəfərlə bir qəzet buraxırdıq.Bu o vaxt idi ki, yeddi pilləli bir senzura vardı, siyasi şöbələr bəzi şeyləri verə bilmədiyi biz onları bu humanitar şöbədə keçirə bilirdik.Bunun öhdəsindən çox böyük məmnuniyyətlə gəlirdim.Sonra qəzetdə qəribə şeylər yarandı : parçalanmalar başladı.Klassiklər, islahatçılar parçalanması oldu.Mən də belə şeyləri sevməyən bir adamam.Mənə dəxli yox idi siyasi şeyin. Və mən ordan getməli oldum.Dişimlə, dırnağımla qurduğum o qəzetdən getdim. Mahir bilir bunu.

( Mahir Mehdi bu sorğuda iştirak edir, yanımızdadır).

...Bu çox ağır bir addım idi. Getdim və fikirləşdim ki, nə çox qəzet gedib işləyərəm. “Müxalifət” qəzetində işlədim, ora “Azadlıq” deyildi, “Hürriyyət”də işlədim, ora da “Azadlıq” deyildi, gəldik sonra “Şans” qəzetini açdıq. Ora deyəsən “Azadlığ”a bir balaca yaxın idi.Son dərəcə gözəl bir mikromühit yaratmışdıq, adamın içini doyduran gözəl bir kollektiv idi. Həftədə üç dəfə çıxırdı, gözəl bir qəzetdi.Sonra maliyyə mənbəyi kasadlaşdı və o qəzet də eləcə bağlandı. Və məni çox sındıran nə oldu? Yuxarıdakı fikrimə nə əlavə edə bilərəm?

ZÖHRAB ƏMİRXANLININ YAZILARINDAN ALINTILAR 

(Publisistin yazılarından alıntılar sonradan əlavə olunub) 

...Aqil Qaçayoğludan yazı yazmadım, içimdə yara kimi qalıb. Ondan yazmaq istəyirəm. Çox əziz dostum Hüseyn Əfəndidən yazmaq istəyirəm. Allah ömür versin, Şakir Yaqubovdan yazmaq istəyirəm. Çox böyük jurnalistdir. Çox dəyərli adamdır.

...Azərbaycan jurnalistikasında itmiş adamlar var. Çox böyük məmnuniyyətlə Müsəllim Həsənovdan yazardım. Bu səviyyədə jurnalistə bu ölkədə yer tapılmadı, çıxıb gedib xaricdə yaşayır. Mövzular çoxdur. Çox şey keçir adamın ürəyindən. Amma güc qalmayıb.

... Keçib əyləşdik. Yeri gəlmişkən, deyim ki, Flora xanımın aurasında müsbət enerji problemi heç vaxt olmayıb. Sənətçi elə bu dəfə də həmin statusunda və həmin mərtəbəsindəydi. Oğul istəyirdi ki, sel kimi üstünə axan o enerjini axıracan canına çəksin, əzalarına hopdursun. Stolun üstünə seçmə konfetlərlə dolu gözəl bir vaz qoyulmuşdu. Əvvəlcə söhbətə giriş üçün rabitəsiz, mətləbə o qədər də dəxli olmayan məqamlardan danışdıq. Arada hiss elədim ki, Flora xanım üzümə qəribə və bir az da təəccüblə baxır.

Yaddaşıma  pərçimlənən yalnız Flora xanımın illərin o tayında qalmış narazı baxışlarıdır: “yəni o günə qalmışam ki, tanımadığım jurnalist mənim evimə sərxoş gəlir?..”

Sonralar Flora xanımla çox görüşmüşəm, amma həmin epizodun üstünə nə o qayıdıb, nə də mən açıqlama vermişəm. Bilmirəm niyə?

 

(HƏR İKİ HİSSƏ DAVAM EDƏCƏK)

[email protected]

tofigabdin.com

 





09.09.2013    çap et  çap et