525.Az

Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabı təqdim olundu - Fotolar


 

Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabı təqdim olundu - <b style="color:red">Fotolar</b>

Qarabağ müharibəsi tarixində elə hadisələr var ki, haqqında ya çox az söz açılıb, ya da ondan heç bəhs olunmayıb. 1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin əsarətinə keçən Kəlbəcər rayonunun ən böyük və ən ucqar kəndlərindən olan Başlıbeldə baş verənlər də həmin hadisələrdən biridir.

Tanınmış jurnalist Elxan Salahovun “Qanlı kaha” sənədli-publisistik povestində Başlıbel kəndinin erməni terroristləri tərəfindən işğal edilməsi, işğal zamanı köməksiz vəziyyətdə qalıb mühasirəyə düşən kənd sakinlərinin dörd aya yaxın müddətdə məhrumiyyətlərlə dolu həyatından söhbət açılır.

Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə, tanınmış jurnalist Elxan Salahovun yenicə çapdan çıxmış “Qanlı kaha” kitabının təqdimat mərasimi keçirilib.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov giriş sözündə deyib ki,  “Qanlı kaha” kitabında erməni quldurları tərəfindən Başlıbel kəndində törədilən faciə təsirli dillə oxuculara çatdırır. Mühasirədə qalan uşaq, qoca, qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin şücaəti, vətən sevgisi burada öz dolğun əksini tapıb. 

Kitabın müəllifi Elxan Salahov deyib ki, “Qanlı kaha” 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay ərzində kahalara sığınmış 76 dinc sakinin mühasirə həyatından bəhs edir. Mühasirəyə düşənlər arasında 8 uşaq, 24 qadın, 15 qoca da olub. Onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi ilə keçən ağır həyatı, soyuğa, aclığa qarşı apardıqları mübarizə Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir. Mühasirə zamanı dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 19 nəfəri girov götürülüb, 36 sakin amansızlıqla qətlə yetirilib, 1 nəfər itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Qətlə yetirilən sakinlərin 27 nəfəri, girov götürülənlərin isə hamısı mülki vətəndaşlardır. Qətlə yetirilənlərin 14-ü qadın, 1-i azyaşlı uşaq, 7 nəfəri yaşı 70-dən yuxarı qoca, o cümlədən, 3 nəfəri yaşı 100-ü keçmiş şəxsdir. Təəssüflər olsun ki, Azərbaycan ərazisinin işğalı zamanı törədilən ağır cinayətlərə görə təcavüzkar Ermənistana qarşı beynəlxalq miqyasda hələ də heç bir ciddi tədbir görülməyib”.

E.Salahov bildirib ki, Başlıbel kəndi Kəlbəcərin ən böyük və ən ucqar yaşayış məntəqələrindən biri idi. Rayonun işğalı zamanı kənd ucqar olduğuna görə sakinlərin ermənilərin Kəlbəcəri üzük qaşı kimi mühasirəyə almasından gec xəbər tutmuşdular: “Kənd əhalisi inana bilməyib ki, doğrudan da Kəlbəcər işğal oluna bilər. Çoxları bunun təxribat xarakterli məlumat olduğunu hesab edib. Ona görə də kimsə öz evini tərk edib getməyib. Aprel ayının 1-də kəndin ayağı yer tutan sakinləri dağ yolu ilə Kəlbəcərə doğru köç etməyə başlayıb. Lakin kənddən yaşlılar, uşaqlar, xəstələr və qadınlar çıxa bilməyib. Evlərində qalan insanlar ancaq aprelin 4-də erməni kəşfiyyatçılarının kəndə gəlişi ilə başa düşüblər ki, həqiqətən də Kəlbəcər işğal olunub. Həmin andan sonra sakinlərin bir qismi evlərini tərk etmək istəsə də, onlardan 10 nəfəri düşmən tərəfindən qətlə yetirilib, 5 nəfəri girov götürülüb, qalan 76 nəfər isə dağlara üz tutub. Sonda cəmi 62 nəfər qalıb. Həmin 62 nəfər də dağlarda kahalara sığınıb. Mən də məhz o insanların 100 gündən çox birlikdə yaşadığı zamanı qələmə almışam”.

Xalq şairi Sabir Rüstəmxanlıya görə, “Qanlı kaha”da təsvir olunan hadisələri, günahsız insanların əzablarını, dözülməz şəraitdə hər cür məhrumiyyətə tab gətirmələrini dünya ictimaiyyətinə çatdırmaq lazımdır. 100 gündən artıq müddətdə təbiətin bir parçası kimi yaşamaq hər xalqın işi deyil. Bu, xalqımızın başının ucalığıdır. Hər kəs elə bilir ki, dövr bitdi, torpaqlar getdi. Amma elə deyil. Qarabağın ermənilərin əlində qalması bizim tarixi faciəmizdir. Mən Azərbaycanı Kəlbəcərsiz, Qarabağsız təsəvvür edə bilmirəm”.

Əməkdar jurnalist Əlövsət Ağalarov qeyd edib ki, Başlıbel camatı inanılmaz dəhşətlərlə, müsibətlərlə üzləşib: “Kitabı oxuduqca o dəhşətlər, insanların yaşadıqları faciələr göz önündə canlanır. Başlıbel kəndində törədilmiş soyqırımın canlı şahidlərinin fikirləri, mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin şücaəti, Vətən sevgisi bu kitabda özünün hərtərəfli əksini tapıb. Peşəkar jurnalist Elxan Salahov “Qanlı kaha” kitabını yazmaqla ermənilərin Başlıbeldə törətdiyi  vəhşiliyi, cinayəti şahidlərlə, faktlarla oxuculara təqdim etdi. O insanların yaşadıqları acıları, dəhşəti hər kəsə göstərmiş oldu”.

Əməkdar elm xadimi Şahlar Əsgərov vurğulayıb ki, ermənilərin köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşilikləri kitabdan oxuduqca insanı dəhşət bürüyür. Şahidlərin “Qanlı kaha”dakı sözləri isə insanın damarda qanını dondurur: “Erməni daşnaklarının Başlıbeldə günahsız insanlara qarşı törətdikləri bu cinayət ən ağır cəzaya layiqdir”. 

Qulu Məhərrəmli XX əsrin başlanğıcında və sonunda ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədildiyini önə çəkib. Ermənilərin məqsədi yalnız müharibədə qalib gəlmək yox, Qarabağ ərazisində yaşayan müsəlman əhalisini tamamilə məhv etmək olub. Bu da düşünülmüş surətdə törədilən cinayət və soyqırımdır. Azərbaycanın  Qarabağ regionuna gəlmə olan bu ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdiyi aşağıda qeyd olunan vəhşiliklər tarixdə heç bir müharibədə baş verməmiş, insanlığa qarşı yönəlmiş bir terrordur. Kəlbəcər rayonunun Başlıbel kəndində də ermənilər insanlığa sığmayan bir cinayət, sözün əsl mənasında, terror, soyqırım törədib”.

Hadisələrin iştirakçı olmuş Elşad Əzizov, Səlim Mehdiyev Kəlbəcərin işğalı zamanı yaşanan dəhşətlərdən, mühasirədəki çətinliklərdən bəhs ediblər.

S.QARAYEVA

 





27.01.2019    çap et  çap et