525.Az

Dost yanğısı


 

Dost yanğısı<b style="color:red"></b>

O gün evimin xudmani həyət bağçasında iş-gücdən sonra taxta oturacaqda yenicə əyləşib yerimi rahatlamışdım. Azacıq asudə nəfəs almaq istəyirdim ki, telefonum zəng çaldı. Yazıçı dostum Aydın Tağıyev idi. Neçə illərdən bəri az qala hər gün ünsiyyətdə olduğum Aydın müəllim bazar günü zəng edənlərə münasibətimi bilir. Görünür, nəsə ciddi bir hadisə baş vermişdi ki, kişi bu istirahət günündə, günortanın dolu vaxtında mənə telefon edirdi. Düyməni sıxdım, Aydın müəllim adətinə xilaf olaraq bu dəfə qısa bir hal-əhvaldan və ötəri salam-kəlamdan sonra: “Xəbərin var, Ələkbər Salahzadə bu gün rəhmətə gedib”, – deyib telefonun o biri başında hönkürdü.

Dostumun, Aydın müəllimin anası bir il bundan əvvəl rəhmətə getmişdi. O zaman uzaq səfərdə olduğumdan dəfn mərasimində iştirak edə bilməmişdim, telefonla başsağılığı vermişdim. Rəhmətliyin qırx məclisində iştirak etdim. “Torpağın üzü soyuqdu”, – deyiblər. Qırx gündən sonra dostum hüznlü görünsə də, ağlamırdı. Ancaq onu da bilirəm ki, olduqca həssas, duyğusal adam olan Aydın müəllim anası üçün mütləq ağlamışdı. Amma hönkürməyini təsəvvür edə bilmirəm. O söz sirdaşı, qələm dostu üçün hönkürürdü və mənim telefonda dediklərimi bəlkə də eşitmədən usanmaq bilmirdi.

O danışır, bəlkə də dediyinin fərqinə varmadan məndən xəbər alırdı ki, axı, onunla dünən telefonda danışmışdım. Səsi də çox gümrah idi...

Sanki onun bu qəfil ölümünə doğru cavabı məndən almaq istəyirdi.

Mən təsəlli verməyə çalışır:

– Həyatdı, dünya görmüş adamsan, Allah rəhmət eləsin, özünü belə üzmə, – desəm də ovunub usanmırdı, elə hey gövürrənirdi.

– Övladları qaldı, qızlarını hələ yerbəyer eləməmişdi. Oğlu sonbeşik Fəridinin toyunu görmədi, – sözünə ağlaya-ağlaya davam edirdi. – Atam, anam da ölüb. Ancaq Ələkbərin 72 yaşında ölümü məni çox sarsıtdı, deyə, – bəlkə də isterik şəkildə təkrarlayırdı.

Onu dinlədikcə yəqin elədim ki, Aydın müəllimin dost sevgisi həqiqətən hər anlamda riyadan, yalandan, zahiri görüntüdən çox uzaqdı, safdı, təmizdi.

Allah o dünyanızı versin, Ələkbər müəllim! Rəhmətinizi isə bu dünyada qazanmısınız, Sizi sevən, yaxınlarınızla, üzülən, Sizi yad edib daim xatırlayacaq dostlarınızla...

Ələkbər müəllimin vəfatı ilə bağlı bu yazını onun qəfil ölüm xəbərini mənə çatdıran dostumuz Aydın Tağıyevə təsəlli kimi yazmışdım və beləcə də adlandırmışdım: “Dost yanğısı”.

Ancaq bu gözəl sənətkarımızın ölümündən keçən bu qısa vaxtda onun haqqında mətbuat orqanlarında, xüsusən bizim “525-ci qəzet”də çap olunan yazılar da bunu sübut edir ki, bu bəlkə də təkcə bir dost yanğısı yox, şeirimizin yanğısıdır.

Onun ölümünə yanan dostlarının çoxu öz ürək sözlərini ən çox “525-ci qəzet”də çap etdirirlər. Qələm dostum Aydının dediklərinə görə, sağlığında da Ələkbər Salahzadənin sevdiyi qəzetlərdən biri elə “525-ci qəzet” idi. Sağlığında onun yaradıcılığı haqqında xoş niyyətli tək-tük yazılar da elə bu qəzetdə çap olunmuşdu.

Milli Qəhrəmanımız Çingiz Mustafayevə, ötən əsrin ən qanlı faciələrimizdən olan Xocalıya aid “Xocalı xəcilləri” poemasını da “525-ci qəzet”in bir neçə sayında dostumuz Rəşad Məcidin necə diqqət və qayğı ilə çap etdiyini də Aydından eşitmişdim.

Ölüm də bir səfərdir, kim olur-olsun, insan itkisi ağırdır. O ki qaldı Ələkbər müəllim kimi mənalı bir sənətkar ömrü yaşamış xeyirxah, ləyaqətli bir insan ömrü ola...

Ələkbər müəllimin yaradıcılığına bələd olsam da özü ilə şəxsən tanış deyildim. Ancaq indi uzaqda qalan gəncliyimdə sevə-sevə oxuduğum şairlərdən biri idi. Televiziya tamaşalarını, pyeslərini də sevə-sevə seyr etmişəm.

Bu günlərdə onu tanıyan dostlarının, ən çox da oxucularının dünyasını qəfil dəyişdiyi şair Ələkbər Salahzadənin özü ilə tanış olmasam da, az-çox yaradıcılığı ilə tanış idim. Ədəbi zövqünə inandığım Aydının sözlərindən sonra mən də onu müasir poeziyamızın görkəmli nümayəndələrindən biri kimi qəbul etmişdim.

Kitablarını vərəqlədim, şeirlərini oxudum:

Torpaq –
ulu babalar babası,
böyük nənələr nənəsi,
yeddi arxan,
yeddi qatın...
 
Özüm də bir torpaq adamı olduğumdan o torpaq şairi də mənə əziz oldu.

Ötən il vaxtı ilə baş redaktoru olduğu “Ulduz” jurnalında çap olunan ilk gənclik illərində qələmə aldığı poemasını da zövqlə oxumuşam və seçib vaxt tapanda bir də oxuyacağım, əlimin altına yığdığım əsərlər sırasına qoymuşam.

Oxucusu olduğum əsərlərini nəzərə almasaq, qiyabi tanışlığım da Aydının vasitəsi ilə olub. Aydın müəllimin təkidi ilə “Avtoportret” hekayəmi “Qobustan” jurnalının elektron ünvanına göndərdim. Çox keçmədi ki, hekayəm jurnalın növbəti saylarından birində çap olundu. Məni şəxsən tanımadan hekayəmi çap edən böyük şairə heç olmazsa telefonla zəng vurub minnətdarlıq etməyi özümə borc bildim.

Aydın müəllimdən Ələkbər müəllimin telefonunun nömrəsini alıb zəng vurdum. Özümü təqdim edib hal-əhval tutdum. Hekayənin çapına görə təşəkkür elədim. Zaman tapsa biz tərəflərə də yolunu salmağı, heç olmasa ata yurdu Qubaya ötüb keçəndə Şabranda ayaqüstü də olsa, ayaq saxlamağı, şəxsən tanış olmaq, görüşmək arzusunda olduğumu dedim. Görüşmək ümidi ilə də sağollaşdıq. Bir neçə dəfə də belə telefon söhbətlərimiz oldu. Rayonumuzda keçirilən ədəbi-mədəni tədbirlərdə digər görkəmli sənətkarlarımız, dostlarımız kimi onu da aramızda görmək istəyirdim. Üzə vurmasa da, səhhətinə görə nə yazıqlar olsun ki, görüşümüz baş tutmadı. Səhhəti şəxsi görüşlərə, fərdi ünsiyyətdə olmağa imkan vermədi.

 
Soyuqluqdan, “mənə nə!”dən
xal düşməsin adına!
Odunu mindir məşələ,
bax odunun işığına.
Adını döndər məşələ:
Çıx adının işığına!..
 
Yəqin ki, bu gözəl şairimiz öz poeziyası ilə qədirbilən oxucuların qəlbində adının işığına çıxacaq...

 





09.09.2013    çap et  çap et