525.Az

“Ən böyük qanun – mənəviyyatdır və əsas odur ki, bu qanuna sözsüz əməl edəsən” (Müsahibə)


 

“Ən böyük qanun – mənəviyyatdır və əsas odur ki, bu qanuna sözsüz əməl edəsən” <b style="color:red">(Müsahibə)</b>

DİLSUZUN YAZIÇI HÜSEYNBALA MİRƏLƏMOVLA “SƏMİMİ SÖHBƏT”İ

– Hüseynbala müəllim, çoxdandı ki, Sizinlə həm ədəbi, həm elmi, həm də siyasi fəaliyyətinizlə bağlı səmimi söhbət etmək istəyirəm.

– Çox yaxşı. Buyurun.

– Ədəbiyyatsevərlər Sizi biri-birindən maraqlı hekayələrin, povestlərin, romanların, dram əsərlərinin, görkəmli adamların həyatı seriyasından – yeri gəlmişkən, Azərbaycanda bu seriyanın ilk yaradıcısı – banisi sizsiniz – Azəbaycan Respublikasının Prezidentləri Heydər və İlham Əliyevlərə və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevaya həsr olunmuş kitabların, eləcə də, bu günümüz üçün son dərəcə aktual olan publisistik yazıların, esselerin, az qala, unutmuşdum, kino-ssenarilərin müəllifi kimi tanıyırlar.  İstərdim ki, bulağın gözünə – ilk yazını yazdığınız günə qayıdaq. Necə oldu ki, əlinizə kağız və qələm götürdünüz?

– Dəqiq yadımdadı: dördüncü sinifdə oxuyurdum. Axşam tez yatmalı idim ki, səhər də tez durum, dərsə gecikməyim. Amma nədənsə, yuxum gəlmirdi, pəncərənin ağzında,  qotaz-qotaz ulduzları sayrışan səmaya baxa-baxa qalmışdım. Elə bil, gümüşü rəngli Ayı, pəmbə buludları ilk dəfə idi görürdüm. Tilsimlənmişdim. Qeyri-ixtiyari öz-özümə pıçıldadım:

Ulduzlar bənövşətək açıb səmada,
Nəğməli quşlar uyuyurlar yuvada.
Sən ey sirli-soraqlı, sehrkar axşam,
Qoy qanadlarına alsın məni ilham.

O vaxtdan mən, demək olar ki, hər gün şeir yazırdım, amma bu barədə heç kimə – nə müəllimlərimə, nə sinif yoldaşlarıma bir söz  demirdim. Günlərin bir günü həmin şeirlərdən beş-altısını seçib, o illərdə məktəblilər arasında çox oxunan “Azərbaycan pioneri” qəzetinə yolladım. Aradan heç on beş-iyirmi gün keçməmişdi ki, sinifə girəndə, uşaqlar məni dövrəyə alıb dedilər: qəzetdə şeirin çıxıb! Beləcə, mənim “ədəbi sirrim”in üstü açıldı.

– Biz – o vaxtkı adı ilə desək – Azəbaycan Politexnik İnstitutunda paralel qruplarda oxuyurduq və bir yerdə ədəbiyyat dərnəyinə gedirdik. Söz bizi dost eləmişdi. Yadımdadı, bir dəfə sizə gələndə, masanın üstündə iki kitab gördüm: “Tərsimi həndəsə” və “Vilyam Şekspir”.

– Hə, yadıma gəlir. İkisi də təxminən bir qalınlıqda idi. “Tərsimi həndəsə” ilə elə həmin il – kursu başa vuranda vidalaşdım. Amma aradan əlli il keçməsinə baxmayaraq, “Vilyam Şekspir” hələ də masamın üstündədir.

– Hüseynbala müəllim, mən sizin Lənkərandakı evinizdə olmuşam. Çox böyük kitabxananız var...

– O evin layihəsi hazırlananda çalışdım ki, iki guşə – qonaq otağı və kitabxana böyük olsun. Çünki dostlarım da, kitablarım da çoxdu.

– O kitabların hamısını oxumusunuzmu?

– (gülür).  Yox. Təbii ki, o qədər kitabı oxumağa bir ömür yetməz. Bir dəfə Gülbağda – həyat yoldaşım dedi: – Ay Hüseynbala, bu qədər kitabı oxuyacaqsan ki alırsan? Dedim, bir az mən oxusam, bir az sən, bir az uşaqlarımız, bir az nəvə-nəticələrimiz, bir az da dost-tanışlarımız... hələ qorxuram ki, azlıq edə – çatmaya.

– Sizin ilk kitabınız – “Tənha durna uçuşu”, səhv etmirəmsə, 1986- cı ildə nəşr olundu.

– Bəli. Xalq yazıçısı Elçinin ön sözü – xeyir-duası ilə.

– Amma sonradan uzun müddət – beş-altı il ədəbi səhnədə görünmədiniz. Bu nə ilə əlaqədar idi?

– Mən, əslində, həmin illərdə yaradıcılıqla daha çox məşğul olmuşam. Ancaq işim – o vaxt Lənkəranda Qaz  Tikinti Quraşdırma İdarəsinin rəisi vəzifəsində çalışırdım – elə idi ki, Bakıya – redaksiyalara və nəşriyyatlara tez-tez gələ bilmirdim. Bir də, bundan əlavə bir sıra digər çətinliklər də var idi. Məsələn, gərək üç-dörd il, bəzən isə daha çox növbə gözləyəydin, kitabın plana düşəydi, sonra çap olunaydın. Odur ki, mən, əsasən, “saxla romanı, gələr zamanı” pinsipinə üstünlük verirdim. Xoşbəxtlikdən, həmin zaman gəldi, maneələr aradan qalxdı, indi elədir ki, istəyirsən, gündə bir kitab çap elətdir.

– Hüseynbala müəllim, indiyə qədər neçə kitabınız çap olunub?

– Səhv  etmirəmsə, otuz. Onlardan biri – “Görkəmli adamların həyatı” seriyasından Ümummilli liderimiz, Ulu öndər,  dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş kitab iyirmi səkkiz dilə (rus, ingilis, türk, seb, çin, ərəb, fars, gürcü, özbək, türkmən və s.) tərcümə olunub. Bu kitaba görə mən Nikolay Rıjkovun rəhbəri olduğu Ümumrusiya Sənaye və Ticarət Palatasının təsis etdiyi A.N.Kosıgin adına mükafata (2008 – ci il) layiq görülmüşəm.

– Hüseynbala müəllim, bildiyimiz kimi, Ümummilli liderimiz Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, şəxsiyyəti barədə yüzlərlə kitab yazılıb. Bəs, sizi nə vadar etdi ki, təzədən bu mövzuya qayıtdınız?

– Mən, sadəcə, içimdəki bir suala cavab tapmağa çalışırdım: “Biz Heydər Əliyevi necə dərk etməliyik?” Gəlin tarixə ekskurs edək. Qaşıdurma müşaiyət olunan, çaxnaşma və dağıntı baş verən ölkələrin liderləri – başçıları, adətən, bir qayda olaraq, yığdıqları sərvəti götürüb ölkədən qaçmağa cəhd göstərirlər. Məsələn, İran şahı Rza Pəhləvi qaçdı, Qırğızıstan prezidenti Kurmanbek Bakiyev qaçdı, Azərbaycan Prezidenti Ayaz Mütəllibov qaçdı, İraq prezidenti Səddam Hüseyn, Liviya prezidenti Müəmmər Qəddafi və Misir prezidenti Hüsnü Mübarək qaçmağa cəhd göstərdilər, amma bacarmadılar. Bu ənənə orta əsrlər Avropasında da olub. Misal kimi, Napaleon Bonapartın dövründəki Fransanı göstərmək olar. Heydər Əliyev, bu dünya ənənəsinin əksinə olaraq, özbaşınalığın, soyğunçuluğun, xəyanətin tüğyan etdiyi bir vaxtda, bütün təhlükələri göz önünə alaraq, Vətənə qayıtdı və Azərbaycanı Yuqoslaviya kimi üç-dörd yerə parçalanmaqdan xilas etdi, imkan vermədi ki, Bakı Bağdada, Qahirəyə dönsün!

Heydər Əliyev, eyni zamanda, dünyanın nəhəng dövlətlərinin başçıları ilə balanslaşdırılmış siyasət apara-apara, ilk növbədə, Azəbaycanın müstəqilliyini qorudu, ordusunu yaratdı, qəpiyi qəpiyə söykəyə-söykəyə ildən-ilə artan büdcəsini formalaşdırdı, iqtisadiyyatın inkişaf etməsi üçün şərait yaratdı. Mən istəmişəm ki, Azərbaycan xalqı üçün artıq məlum olan bu həqiqətləri dünya oxucularına – beynəlxalq aləmə də çatdırım. Təsəvvür edirsinizmi, bu kitabı oxuyan serblər necə həsədlə deyirdilər ki, kaş, bizim də o vaxt Heydər Əliyev kimi bir liderimiz olaydı – Vətənimizi parçalanmaqdan qoruyaydı...

Yeri gəlmişkən deyim ki, “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabını işləyərkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və görkəmli oftalmoloq, akademik Zərifə Əliyeva ilə bağlı maraqlı faktlara rast gəldim və həmin faktlar imkan verdi ki, sonradan elə bu qəbildən “İlham Əliyev” və “Zərifə Əliyeva” kitablarını da yazım.

– İstərdim ki, söhbətimiz bir qədər şaxələnsin: hekayə, povest, roman və pyeslərinizdən də söz açaq, ədəbiyyatla  bağlı düşüncələrinizi dinləyək. Bu, sirr deyil ki, sizin əsərləriniz həmişə ədəbi tənqidin diqqət mərkəzində olub. Xüsusilə,  “Cəza” povestiniz haqqında  çox yazılıb. Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə “Dünyanı gözəlləşdirən cəza” məqaləsində qeyd edir ki, siz məhəbbət kimi ali bir hissi ədəbi ənənələrə zidd olaraq, iki insanın yox, iki canavarın timsalında vermişsiniz. Əlbəttə, insanın (Ağalələnin, Tülkü Qasımın)  heyvanlaşdığı, heyvanın (ağappaq dişi canavarın, şinəsi qara zolaqlı əzəmətli yalquzağın) insanlaşdığı bir situasiyada bu son dərəcə real – inandırıcı görünür və oxucuda zərrə qədər də şübhə yeri qalmır ki, “Cəza”, əsərdəki mətləblərin –qaldırılan problemlərin çoxluğuna baxmayaraq – məhz məhəbbət dastanıdır. Əsərin bir yerində oxuyuruq: “Sağlam, totuq və gözəgəlimli Ayçən artıq yetişkənlik dövrünə qədəm qoymuşdu. Ətraf ərazilərdə yaşayan erkək canavarların demək olar ki, hamısı onu gözaltı eləmişdi. Ancaq Ayçənin, boğazının altından sinəsinə qədər qaramtıl zolaq enən Köysərəkdən xoşu gəlirdi. Odur ki, digər erkək canavarları, azacıq da olsa, yaxına buraxmırdı, etirazlarına məhəl qoymayanları isə, iti dırnaqları ilə cırmaqlayır, ya da var gücü ilə dişləyirdi. Əlbəttə, bu sərt əlbəyaxa döyüşlərdə ona dov gələnlər də olurdu. Belədə, Köysərək dadına çatır, ona hücum edənləri altına basıb gəmirir, dirənənləri al qanına qəltan edib, ölümcül hala salırdı. Bu döyüşlərdə Köysərək özü də rəqibləri tərəfindən xəsarət alırdı – biləyindən və boğazından qan axırdı. Amma yaraları nə qədər ağır olsa da, qururunu itirmir – məğrur-məğrur Ayçənin yanına qayıdırdı. Ayçən də onun sevgisi uğrunda aldığı yaraları nəvazişlə yalayır, mehribanlıq göstərirdi”.

– Müxtəlif tənqidçilərin eyni əsər barədə mülahizələrində çox vaxt ortaq cəhət tapmaq olmur. Məncə, bu, normal haldır. “Cəza” povesti haqqında mərhum akademik Bəkir Nəbiyev bir şey yazıb, Nizami Cəfərov başqa bir şey. Hər tənqidçi öz ədəbi həqiqətini – təhlil yönünü axtarır. Biri – süjeti, biri – mövzunun aktuallığını, biri – obrazların spesifik xüsusiyyətlərini, biri də – əsərin zəif cəhətlərini araşdırır. Mən “Cəza” povestinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Akademik Həsən Əliyev adına beynəlxalq mükafat”ı almışam. Deməli, “Cəza”  təkcə məhəbbət əsəri deyil. Povestin mövzusu həyatdan götürülüb. Bir dəfə rayondan Bakıya gələndə yolüstü bir çayxanaya döndüm, gördüm həyətə xeyli adam yığılıb. Soruşdum ki, orda nə olub? Dedilər, qəfəsə canavar salıblar, adamlar tamaşa eləyirlər. Yaxınlaşıb baxdım. Ətrafa toplaşanlar zavallı heyvanın başına nə oyun gətirmirdilər? Biri ağacla döyəcləyir, biri kibrit çöpünü yandırıb atır ki, tükünü yandırsın. Düzü, bərk sarsıldım, dedim, yazıqdı, incitməyin, buraxın getsin. Dedilər, nə danışırsınız, çayxana sahibi heç razı olar? Bunun hesabına müştəri yığır.

Aradan günlər keçdi. Amma gördüyüm bu məşəqqətli mənzərəni unuda bilmədim. Düşündüm: bəlkə bir şey yazım? Canavarların həyatına dair, kitablar oxudum, filmlərə baxdım. Sən demə, insanlardan fərqli olaraq, canavarların heç vaxt pozmadıqları, dəqiq riayət etdikləri qayda-qanunları, adət-ənənələri varmış.

“Cəza” povestini işləməyə başlayanda, qarşıma belə bir məqsəd qoymuşdum: insanı pis əməllərdən uzaqlaşdırım; o, öz həmcinsləri də daxil olmaqla, Allah-təalanın yaratdığı canlıları incitməsin və təbiətə qəsd etməsin! Elə bilirəm ki, istəyimə nail olmuşam. Bu əsər, əgər, belə demək mümkünsə, mənim yaradıcılıq emblemim – yaradıcılıq loqomudur.

– Ailə-məişət mövzusunda işlənmiş “Gəlinlik paltarı”, Qarabağ problemlərinə həsr olunmuş “Yanan qar”, repressiya illərindən və insan hüquqlarının keşiyində dayanan hakimlərin həyatından bəhs edən “Qırxıncı otaq” romanları da sizə az şöhrət gətirməyib...

– Bu əsərlər də “Cəza” povesti kimi, həyatdan götürülüb. “Yanan qar” romanında belə bir epizod var: Qarabağ münaqişəsi zamanı oğlu ermənilər tərəfindən öldürülmüş havalı ana eşidir ki, kənddə – bir tövlədə düşmən əsiri saxlanılır, fəryad qoparır ki, onu verin parçalayım. Nə qədər başa salırlar ki, olmaz, mərkəzə göndəriləcək, sorğu-sual ediləcək, əl çəkmir. Axırda belə qərara gəlirlər ki, öldürür, qoy öldürsün, bəlkə təskinlik tapdı. Ana əlində xəncər tövləyə girir və heç bir dəqiqə çəkmir ki, eşiyə çıxır. Soruşurlar ki, nə oldu, deyir, bu yoluq-moluq bir şeydi, mənim oğlumun tayı deyil ki, öldürüm...

Mən o ananı da, ermənilər tərəfindən qətlə yetirilmiş o oğlanı da tanıyırdım...

Qarabağ münaqişəsi başlayanda mən Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini idim və tez-tez döyüş bölgələrinə gedirdim, yardım aparırdım və təbii ki, insanlarla sıx ünsiyyətdə olur, dərd-sərlərini dinləyirdim. Ancaq o vaxt ağlıma da gəlməzdi ki, gördüklərim və eşitdiklərim nə vaxtsa bir yazıya çevriləcək. Yeri gəlmişkən, nə qədər ağır olsa da, bir iradımı bildirmək istəyirəm. Şair və yazıçılarımız, rəssamlarımız, bəstəkarlarımız, nədənsə, Qarabağ mövzusuna çox az müraciət edirlər. Düzü, bu biganəliyin səbəbini başa düşə bilmirəm. Nə isə...

Bayaq adını çəkdiyiniz “Qırxıncı otaq” romanının da qəribə tarixçəsi var. Günlərin bir günü işdə gələn məktublara baxırdım – gözümə iri, qalın bir zərf dəydi. Fikirləşdim ki, yəqin hansısa qələm əhli təzə çapdan çıxmış kitabını göndərib. Açanda gördüm ki, gündəlikdir, iki ümumi dəftər həcmində, bir qadın yazıb. Oxudum, çox mütəəssir oldum. Qadının nə adı, nə ünvanı, nə də telefon nömrəsi vardı. Xahiş edirdi ki, əgər, münasib bilsəm, başına gəlmiş bu əhvalatlardan bəhrələnim. Bəhrələndim də...

“Qırxıncı otaq” romanı çap olunandan sonra onlarla məktub aldım. Biri o qadından – toxtaq, səliqəli xətt sahibindən gəlmişdi. Yazırdı ki, oxudum və xeyli yüngülləşdim. Fikirləşəndə ki, o sətirlərdə mənim də taleyimdən nəsə var – təskinlik tapıram... Yenə nə adı, nə ünvanı, nə də telefonu vardı...

“Gəlinlik paltarı” romanında isə, insan ruhunun qüdrəti və faciəsi məsələsinə toxunmaq istəmişəm. Əsərin qəhrəmanı – Fənayə bataqlıqda bitmiş zərif bir çiçəkdir. Ərgənlik yaşına çatar-çatmaz həyatın acı küləklərinə tuş gəlir, amansız zərbələr alır, gözəlliyini – təravətini itirir. Nəhayət, həyatda onu həqiqi məhəbbətlə istəyən birinə rast gəlir, amma başa düşür ki, artıq gecdir. Onu sevən oğlana deyir: “Gəlinlik paltarı – qəfəsdir, mən isə azad olmaq, uçmaq, ruhumun seçdiyi budaqlara qonmaq istəyirəm...”.

– Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmində Məşədi İbad məclisdəkilərə Rüstəm bəyi göstərib deyir: “Əşi, mən “Tarixi-Nadiri” yarısınacan oxumuşam, bilmirəm, bu biçarələr hardan bilsinlər?” Və bununla da gülüş obyekinə çevilir, çünki sən demə, “Tarixi-Nadir” səhifəyarımlıq bir şeydi...  Necə oldu ki, səhifəyarımlıq tarixi olan Nadir şah haqqında roman yazmaq fikinə düşdünüz? Özü də nə az, nə çox, beş yüz səhifəlik...

– Rəhmətlik atam hərəkətini və danışığını bilməyən adam haqqında həmişə deyərdi: “Bu, “Tarixi-Nadir”i yarısınacan oxuyanlardandı”. Onun bu sözü uşaqlıqdan yaddaşıma həkk olunmuşdu. Məni, əlbəttə, o yarımçıq adamlardan daha çox, Nadir şahın səhifəyarımlıq tarixi maraqlandırırdı. Doğrudanmı, bu mahir sərkərdə, qüdrətli dövlət başçısı, tarixdə sonuncu fateh kimi tanınmış nəhəng şəxsiyyət barəsində elə səhifəyarımlıq şey yazılıb? Bu sual məni araşdırmalara sövq etdi. Ən əvvəl, o dövrün tədqiqiylə məşğul olan adlı-sanlı tarixçilərimizlə görüşdüm – faydalı məsləhətlər aldım. Sonra düz üç il Nadir şahla bağlı faktları topladım. Onları məntiqi ardıcıllıqla düzmək – sistemləşdirmək üçün də bir il vaxt lazım oldu. Romanı da elə təxminən bir ilə yazdım. Qısacası, “Sonuncu fateh” romanı beşillik zəhmətin məhsuludur.

 – Əsərin əvvəlindəki mülayim, xeyirxah, hamıya əl tutan Nadir axırda – şah olandan sonra birdən-birə qəddarlaşır, hətta oğlunun gözlərini çıxartdırır. Bu, mələyin quduzlaşması ... müəyyən bir ədəbi məntiqə əsaslanırmı?

– Əgər yadınızdadırsa, əsərin əvvəllərində, yəni Nadir hələ şah olmamışdan qabaq əsirlikdən qaçır və bilir ki, onu təqib edəcəklər. Özünü qorumaq, müdafiə etmək üçün dəstə yaradır. Sonra bu özünümüdafiə vətəni müdafiəyə çevrilir və saysız-hesabsız döyüşlərdə şücaət göstərən Nadir, şah olur, o nəinki öz el-obasını qoruyur, hətta ətrafdakı ölkələri bir-bir zəbt edir – şimalda Rusiyaya (Dağıstan), şərqdə Hindistana, cənub-qərbdə Osmanlı dövlətinə qədər gedib çıxır. Maraqlıdır ki, bundan sonra onun qəlbində dünyanı fəht etmək arzusu yaranır. Və bu arzu o qədər güclü, qarşısıalınmaz olur ki, sizin dediyiniz kimi, mələk quduzlaşır. Nadir şah dərk edir ki, dünyanı fəht etmək üçün, ilk növbədə,  güclü ordu lazımdır. Onun tutduğu ölkələrin xəzinələri, rəiyyətdən yığdığı vergi isə elə də qüdrətli ordu yaratmağa imkan vermir. Odur ki, vergiləri günbəgün artırır. Bir haşiyəyə çıxmaq istəyirəm. Bir gün Əmir Teymur darğanı yanına çağırıb deyir: bu gündən əhalidən yığdığın vergini iki dəfə artır. Qayıdanda soruşur ki, camaat mənim bu fərmanımı necə qarşıladı? Darğa deyir ki, sakit, heç nə olmamış kimi. Əmir Teymur deyir, onda vergini iki dəfə də artır. Darğa “Baş üstə!” deyib gedir. Qayıdanda, Əmir Teymur yenə soruşur: bəs, bu dəfə necə oldu? Darğa deyir: bir-iki nəfər mızıldandı. Əmir Teymur deyir ki, bir-iki nəfərin mızıldanmağından heç nə olmaz – vergini iki dəfə də artır. Darğa elə də edir, qayıdanda isə, deyir: camaatın yarısı susdu, yarısı gileyləndi. Əmir Teymur deyir: eybi yoxdu, sən gileylənənlərə fikir vermə, vergini iki dəfə də artır.

Vergi iki dəfə də artırılandan sonra camaat sözü bir yerə qoyub etiraz edir. Bunu eşidən Əmir Teymur bərk qəzəblənir, deyir, rəiyyətin fikri ilə oturub- durmayacağam – madam ki, belə oldu, vergini iki dəfə də artır, etiraz edən olsa, cəzalandıracağam.

Darğa verginin iki dəfə də artırıldığını camaata bəyan edəndən sonra Əmir Teymurun yanına qayıdır.

 Əmir Teymur soruşur:

 – Nə oldu?

Darğa deyir:

– Hamı gülür.

Əmir Teymur bir qədər fikrə gedəndən sonra deyir:

– Hamı gülür? Bu, təhlükəli haldı – vergini əvvəlki həddinə qaytar.

Bax, Nadir şah bu təhlükə anını hiss edə bilmir – əyanlarını məcbur eləyir ki, dünyanı fəht edəcək qüdrətli ordu yaratmaq üçün tələb olunan məbləği yığsınlar, yoxsa, cəzalanacaqlar... Cəzalanacaqlarından qorxan əyanlar çıxış yolunu Nadir şahın yerinə oğlunu hakimiyyətə gətirməkdə görürlər, bu baş tutmadıqda isə, sui-qəsdə əl atırlar, – beləcə, nəticədə möhtəşəm bir dövlət dağılır.

 – Belə çıxır ki, Nadir şahı sevmədiklərinə görə yox, qorxduqlarına görə öldürürlər.

– Tamamilə doğrudur.

– Bayaq dediniz ki, bu əsəri yazmamışdan əvvəl o dövrü tədqiq edən tarixçilərimizlə görüşüb, məsləhətlər almısınız. “Sonuncu fateh” romanının təqdimatının bir başqa yerdə yox, məhz Milli Elmlər Akademiyasında keçirilməsinə Sizmi təşəbbüs göstərdiniz, yoxsa, tarixçilərimiz?

– Həm mən, həm də onlar. İstəklər üst-üstə düşdü – uyğun gəldi. Əgər fikir vermisinizsə, əsərin redaktoru da ədəbiyyatşünas yox, tarixçidir.

– Belə güman edirəm ki, tarixçilərimizlə əməkdaşlıq yaxşı səmərə verib. Bu, ənənə şəklini ala bilərmi?

– Tarixçi dostlarım elə “Sonuncu fateh”in təqdimatı zamanı təklif etdilər ki, Sara xatun, Uzun Həsən və Şah İsmayıl barədə fundamental bir şey yazım... Hazırda onlarla bağlı tarixi sənədləri toplamaqla məşğulam...

– Hüseynbala müəllim, istərdim ki,  bu söhbətimizdə dramaturgiyanızdan da söz açaq. “Xəcalət” Qarabağ mövzusuna – bayaq siz bu məsələyə çox yerində və yaxşı toxundunuz – həsr olunmuş azsaylı əsərlərdəndir və səkkiz ildir ki, səhnədən düşmür, özü də, anşlaqla gedir – həm paytaxt, həm də əyalət teatrlarında. Yüzdən çox tamaşa – sözsüz ki, rekord nəticədir! Bir dramaturq kimi, bu uğurun səbəbini nədə görürsünüz?

 – Bildiyiniz kimi, hər bir tamaşa kollektiv əməyin məhsuludur. Dramaturq, rejissor, bəstəkar, rəssam və əlbəttə ki, aktyorlar... Məncə, biz uğurlu vəhdət yarada bilmişik. “Xəcalət” tamaşası 2011-ci ildə Yaltada keçirilən A.P.Çexov adına Beynəlxalq teatr festivalında “Qran-pri” alıb, Serbiyada, Moldovada, Gürcüstanda uğurla göstərilib. Tbilisidə tamaşadan sonra maraqlı bir əhvalat oldu. Görkəmli gürcü rejissoru – mənə təklif etdi ki, “Xəcalət” pyesinin gürcü variantını işləyim, yəni, hadisələr Gürcüstanda cərəyan eləsin, obrazlar da gürcülər olsun. Fikirləşdim ki, mümkündür, çünki Qarabağ hadisələri ilə Cənubi Osetiya və Abxaziya hadisələri bir-birinə çox oxşayır. “Gözlə gələcəyəm”i – “Xəcalət”in gürcü variantını bir aya tamamladım. Məşhur gürcü rejissoru aradan heç üç ay keçməmiş məni pemyeraya dəvət etdi. Düzü, tamaşanı çox bəyəndim.

– Bəhram Osmanovla quruluşları arasında oxşar cəhətlər vardımı?

– Bəli. Bəhram Osmanovun dəst-xətti hiss olunurdu. Bununla belə, fərqli cəhətlər də var idi.

– “Gəncə qapıları” pyesinizi də Bəhram Osmanov tamaşaya qoyub.

– Fərəhli haldır ki, əməkdaşlığımız alınır və davam edir. “Gəncə qapıları” da “Xəcalət” kimi uğurlu alınıb – inanıram ki, uzun müddət oynanılacaq.

– Sizcə, Nadir şahla Cavad xan arasında bir oxşarlıq varmı?

– Yox. Nadir şah yerlə-göylə əlləşir, istəyir ki, bütün dünyanı fəth etsin, Cavad xan isə, əksinə, çalışır ki, nəyi varsa, onu qorusun – nə özü, nə də rəiyyəti yadelli işğalların zülm və tənlərinə məruz qalmasın. Əslində, “Gəncə qapıları” azad ruh haqqında dastandır.

– Hüseynbala müəllim, səhv etmirəmsə, Sizin “Ruhunu gözlərində gördüyüm adam” adlı publisistik yazınız da var...

– Bəli. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov haqqında.

– Madam ki, söz Çingiz Aytmatovdan düşdü, söhbətimizə onun qeydləri ilə davam etmək istəyirəm. O yazır: “Azərbaycanın tanınmış yazıçı-dramaturqu Hüseynbala Mirələmovla bir yerdəyik... Mən dostluqda dəqiqliyə, həssaslığa və təmənnasız münasibətlərə xüsusi qiymət verən adamam. Bu mənada, Hüseynbalayla oxşarlığımız çoxdur. Həmfikir olduğumuza görə tale bizi qovuşdurub. Biz hər bir mövzuda fikir mübadiləsi aparanda eyni məxrəcə gələ bilirik. Hüseynbala ilə hər görüşəndə ondan müsbət enerji qəbul edirəm, mənən bəhrələnirəm”. Mən istərdim ki, bu dostluğun tarixçəsini qısaca da olsa danışasınız.

– Etiraf edim ki, mən Çingiz Aytmatovu həmişə əfsanələrdəki qəhrəmanlar kimi təsəvvür etmişəm: əlçatmaz, ünyetməz və qüdrətli! Elə bilmişəm ki, o, Yer üzündəki bütün qırğızların atası, ağsaqqalı və xilaskarıdır. Bəlkə elə buna görə də, Sovet imperiyası dağılanda, istər-istəməz, düşündüm ki, bu dahi sənətkar qələmi yerə qoyacaq, xalqını kabusdan qorumaq üçün mübarizə meydanına atılacaq – siyasi liderə çevriləcək. Lakin belə olmadı – “Ədəbiyyat imperiyasının” sultanı qələminə sadiq qaldı və başa düşdüm ki, mənim o cür fikirləşməyimin səbəbi, əslində, o dövrün xarakterik xüsusiyyətləri ilə bağlı imiş...

Dediyim kimi, ağlıma da gəlməzdi ki, mən nə vaxtsa Çingiz Aytmatovla üzbəüz əyləşəcəyəm. Onunla yaxın müsahib, dost olacağam. Hər şey – təvazökarlıqdan uzaq olsa da, deyim – “Xəcalət” povestindən başladı. Bu əsər “Pokayanie” adı ilə rus dilində nəşr olunmuşdu. Kitabın bir nüsxəsini əslən bakılı olan, Almaniyada yaşamış mərhum dostum David Kostyukovski, sən demə, o vaxt Qırğızıstanın Belçikadakı səfiri Çingiz Aytmatova çatdırıb. Bundan bir neçə gün sonra iş otağımda telefon zəng çaldı. Dəstəyi götürdüm. Çingiz Aytmatov idi!

Bəli, əsərlərini sevə-sevə oxuduğum, yaradıcılığına və şəxsiyyətinə hörmət etdiyim, nə gizlədim, bayaq da qeyd etdiyim kimi, əfsanələrdəki qəhrəmanlartək əlçatmaz və ünyetməz sandığım Çingiz Aytmatov birdən-birə, qəfildən, gözləmədiyim halda mənə zəng etmişdi. Doğrusu, bərk həyəcanlandım.

Çingiz Aytmatov “Xəcalət” povestini oxuduğunu, Qarabağ mövzusunun bu cür real cizgilərlə ədəbiyyata gətirilməsinin yaxşı hal olduğunu qeyd etdi, axırda da dedi ki, nə vaxt Belçikaya yolun düşsə, görüşək. Xoşbəxtlikdən 2005-ci ilin yanvar ayının axırlarında iş elə gətirdi ki, Belçikaya işgüzar səfərim oldu.

Oteldə yerləşəndən sonra Çingiz Terekuloviçə zəng vurdum, Brüsseldə olduğumu biləndə sevindi:

–  Aha, çox yaxşı, indi görüşə bilərik, – dedi.

Biz qırx ilin dostları kimi görüşdük. Söhbətimiz, əsasən, ədəbiyyatdan oldu. Dahi sənətkar poeziyamızın korifeylərini – Rəsul Rzanı və Bəxtiyar Vahabzadəni xatırladı, əslən qarabağlı olan Şahmar Əkbərzadənin vaxtsız ölümünə təəssüfləndi. Sonra aydın, qətiyyətli bir səslə dedi: – Qarabağ Azərbaycan torpağıdır və heç şübhəsiz ki, bu problem həll olunarkən, Azərbaycanın ərazi bütövlüyü gözlənilməlidir. Beynəlxalq hüquq normaları da bunu tələb edir. Yeri gəlmişkən deyim ki,  İlham Əliyev Heydər Əliyevin uğurlu siyasətini davam etdirə biləcək. Mən sevinirəm ki, Azərbaycan xalqı onu prezident seçib. Ümumiyyətlə, İlham Əliyev kimi siyasətçilərin hakimiyyətdə olması çox yaxşıdır. Unutmaq olmaz ki, ən böyük qanun – mənəviyyatdır, hər bir şəxs onu öz əcdadlarından qalma müqəddəs irs kimi qəbul edir və əsas odur ki, bu qanuna – normaya sözsüz əməl edəsən, onun daha da möhkəmlənməsinə çalışasan.

– Çingiz Aytmatovun Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev barədə dedikləri xalqımızın tez-tez işlətdiyi bir zərb-məsəli yadıma saldı: “Söz vaxtına çəkər”. Biz 2003-cü və 2008-ci ildə olduğu kimi, yenə də seçim qarşısındayıq. Xətai rayonu üzrə Yeni Azərbaycan Partiyasının sədri kimi, İlham Əliyevin son beş ildə gördüyü işləri və növbəti prezident seçkilərini necə dəyərləndirərdiniz?

– Əvvəla, tarix göstərdi ki, Azərbaycan xalqı öz seçimində yanılmayıb – İlham Əliyev Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin, həqiqətən də, ən layiqli davamçısıdır. Son on ildə respublikamız məhz onun rəhbərliyi ilə iqtisadi, elmi-mədəni cəhətdən təkcə MDB-yə deyil, bütün dünyaya örnək ola biləcək səviyyəyə çatıb. Sənaye və kənd təsərrüfatı inkişaf edib, şəhər və kəndlərimizdə quruculuq və abadlıq işləri aparılıb, nə qədər xəstəxana, məktəb tikilib və yaxud təmir olunub, büdcəmiz dəfələrlə artıb, əhalinin maddi-rifah halı yaxşılaşıb, nə qədər sənət adamı fəxri adlara layiq görülüb, mənzillə təmin olunub. Mən dünyanın, xüsusilə mədəni Avropanın bir çox ölkəsində olmuşam – Bakı qədim və müasir –modern binaların gözəlliyinə görə onların heç birindən geri qalmır. Bu illər ərzində ordu quruculuğu sahəsində xüsusilə böyük işlər görülüb. Qürur hissi ilə deyə bilərik müasir tələblərə cavab verə bilən hərb sənayemiz təşəkkül tapıb. Azərbaycan artıq silah alan ölkədən silah istehsal və ixrac edən ölkəyə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə yaradılmış möhtəşəm “Bayraq meydanı” hamımızın qəlbində fərəh hissi oyadır! İstərdim ki, respublikamızın “Avrovizion”da qalib gəldiyi – birinci yeri tutduğu günü xatırlayaq. “Avrovizion” nədir? Musiqi və ifaçılıq sənəti üzrə Avropa çempionatı! Bəli, biz musiqi və ifaçılıq sənəti üzrə Avropa çempionuyuq! Bu çox böyük məsələdir! Bütün bu sadaladığım işlər cənab Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyət, diqqət və qayğısı sayəsində əmələ gəlmişdir. Bayaq dediniz ki, prezident seçkiləri ərəfəsindəyik. İnanıram ki, Azəbaycan xalqı yenə müdriklik göstərəcək, ən layiqli oğluna – İlham Əliyevə səs verəcək və fürsətdən istifadə edib, mən onun hər dəfə prezident seçilərkən dediyi bir sözü xatırlatmaq istəyirəm: “Mən bütün azərbaycanlıların prezidentiyəm!”

– Yəqin, bir partiya təşkilatı kimi, seçkiyə ciddi hazırlaşmısınız.

– Təbii ki! Artıq təbliğat kampaniyasına başlamışıq. Rəsul Rza yazmışkən:

 

Mübarizə bu gün də var, yarın da, Mən də onun ön sıralarında!

 – Hüseynbala müəllim, Rəsul Rza dediniz, yadıma düşdü ki, Siz həm də Rəsul Rza adına  Beynəlxalq mükafata layiq görülmüsünüz.

– Elədir. Mən Azərbaycanın novator şairi Rəsul Rza haqqında yeddi nəğmədən ibarət irihəcmli monoqrafiya yazmışam.

– Yazıçı, dramaturq... birdən-birə poeziya... ədəbi tənqid...

– Söhbətimizin əvvəlində dedim axı: mən ədəbiyyata şeirlə gəlmişəm və Rəsul Rza poeziyasının vurğunuyam. Tələbəlik illərində də, ondan sonra da sərbəst vəzndə çoxlu şeir yazmışam. Yəqin ki, nə vaxtsa onları oxuculara çatdıracağam.

– Rəsul Rza poeziyasının hansı xüsusiyyətləri sizi cəlb edir?

– Rəsul Rza yaradıcılığının mükəmməl bir ədəbi məktəb olduğu bu gün hamı tərəfindən qeydsiz-şərtsiz qəbul olunur.

Bu qüdrətli söz ustasının poeziyası ilə bağlı iki məqam üzərində xüsusi dayanmaq istəyirəm.

Ədəbiyyatımızda novator şair kimi tanınan Rəsul Rza heç bir zaman klassik ənənələrimizə arxa çevirməmiş, əksinə, bəlkə də, şifahi xalq ədəbiyyatımıza, xüsusilə “Kitabi-Dədə Qorqud” dastanının, eləcə də, Nizaminin, Füzulinin, Nəsiminin poetik ruhuna başqalarından daha çox sadiq qalmış, yeri gəldikdə, ədəbi irsimizin əsl müdafiəçisinə çevrilmişdir. Doğrudur, Rəsul Rza sxolastik şeir formalarına qarşı çıxmışdır, yeni səpkidə yazıb-yaratmışdır. Amma o, Azəbaycanın ədəbiyyatının yaşarı ənənələrini davam etdirməyi yaşıdlarına və özündən sonra gələnlərə dönə-dönə tövsiyə etmişdir. O, tərcümeyi-hal xarakterli “Poeziya zəhmət və ilhamdır” adlı məqaləsində belə izah edir: “Mən inanırdım ki, xalq və klassik poeziyamızdan istifadə edərək – əlbəttə, onu təkrar etməmək şərti ilə – irəli getmək lazımdır. Axı, klassik formalar konkret tarixi şəraitdə intişar etmişdir. Poeziyanın dilini isə xalq yaradır, inkişaf etdirir və zənginləşdirir. Xalqın yaradıcılıq dühası yaşayır, yeni forma, yeni söz ehtiyacı həyatın öz tələbidir”.

Gördüyümüz kimi, Rəsul Rza yeni forma və yeni söz ehtiyacını həyatın və zamanın tələbi hesab edir.

Rəsul Rzanın ən çox sevdiyi şair Mirzə Ələkbər Sabir olmuşdur desək, yanılmarıq. O bir məqaləsində yazır: “Mənim ilk əsərlərimə ən dərin təsiri bizim milli ədəbiyyatımız, ilk növbədə, Sabir yaradıcılığı göstərmişdir. Bu da təbiidir. Sabiri çox sevirəm. Bəlkə də “sevirəm” sözü, hər dəfə bu əziz adı çəkdiyim zaman duyduğum həyəcanı ifadə edə bilmir. Sabir ömrüm boyu müəllimim və dostum olmuşdur. Bu ad qəlbimdə iftixar hissi oyadır. Onun şeirlərində elə cəsarət, elə mətanət, elə kədər, elə ağrı və təsir gücü var ki, bəzən heyrət edirsən ki, belə bir şair ucqar bir şəhərdə, böyük bir ailə qayğısı altında gecə-gündüz işləməyə, sabun bişirməyə məcbur olmuşdur”. Rəsul Rza, Mirzə Ələkbər Sabirlə necə fəxr edibsə, mən də Rəsul Rza ilə o cür fəxr edirəm.

 – Hüseynbala müəllim, bir az əvvəl Çingiz Aytmatov haqqında dedikləriniz, istər-istəməz, Orta Asiyanın daha bir nəhəngini – qüdrətli şair və publisistini – qalmaqallı “Az-Ya” kitabının müəllifi Oljas Süleymenovu yadıma saldı. 1970-ci illərdə Azərbaycanda keçirilən sovet ədəbiyyatı günlərində o da qonaq sifətiylə iştirak edirdi. O vaxt mən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyirdim və çox istəyirdim ki, o dövrün çılğın – “qurd ürəyi yemiş” qələm sahibindən müsahibə götürüm. Sağ olsun, təklifimi qəbul etdi. Biz studiyaya daxil olanda mən, sevimli şairimiz Bəxtiyar Vahabzadənin təzəcə çapdan çıxmış kitabını ona hədiyyə etdim. Orda bir şeirdə belə bir misra vardı: Füzuli qürbətdən Vətənə (yəni Kərbəladan Azərbaycana – Dilsuz), mən isə Vətəndən Vətənə (yəni, Şimali Azərbaycandan Cənubi Azərbaycana – Dilsuz) baxıram. Maraqlıdır ki, Oljas Süleymenovun bu misraya münasibəti fərqli oldu: o dedi ki, Füzuli heç vaxt qürbətdə olmayıb, o vaxt Kərbəla Azərbaycan torpağı olub və tarixə bugünkü xəritənin gözü ilə baxmaq düz deyil. Yeri gəlmişkən deyim ki, mən bu genişliyi Nadir şah haqqında yazdığınız “Sonuncu fateh” romanını oxuyanda da hiss etdim və bir şeyə çox kədərləndim ki, ermənilər dənizdən-dənizə olmayan vətənləri haqqında hər şey, biz isə okeandan-okeana olan vətənimiz haqqında heç nə yazmırıq...

– Yox, yazırıq, amma az... Yaxşı ki, siz Oljas Süleymenovdan söz saldınız, mənim yadıma gəlir ki, 20 Yanvar qırğınından dərhal sonra, səhv etmirəmsə, elə səhərisi günü o, Bakıya gəldi, işğalçıları lənətlədi və azərbaycanlılarla həmrəy olduğunu bildirdi.

 – Ümumiyyətlə, Oljas Süleymenov Azərbaycana çox bağlıdır. Yadıma gəlir ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinə gələndə onu hava limanında yaxın dostu Kəmaləddin Heydərov qarşıladı və mehmanxanaya yox, bağ evinə apardı. Əlbəttə, türkdilli xalqlar arasında bu cür münasibətlərin olması son dərəcə vacibdir.

– Təbii ki, türkdilli xalqlar arsında münasibətlərin inkişafı həm də adını çəkdiyiniz bu cür dəyərli insanların çiyni üzərindədir. Ümumiyyətlə, Kəmaləddin Heydərov mənim tanıdığım, haqqında yalnız xoş sözlər deyilən iki-üç yüksək vəzifə sahibindən, ziyalıdan biridir. Bir də ki, xalqımızda gözəl bir məsəl var: “Dostunu göstər, mən deyim sən özün necə adamsan...”

– Sizin dünya ədəbiyyatından bir sıra tərcümələriniz də var...

– Görkəmli rus dramaturqu Yuri Polyakovun “Homo erektus və yaxud arvadların dəyişdirilməsi” komediyasını, özbək dramaturqu Teymur Zülfüqarovun Əmir Teymurla Sədi Şirazinin həyatından bəhs edən “Kəklikli qəfəs” pyesini, yenə rus yazıçısı Varlam Şalamovun hekayələrini dilimizə tərcümə etmişəm. Varlam Şalamov, bəlkə də, dünyada yeganə yazıçıdır ki, həyatı ilə yaradıcılığı tam üst-üstə düşür. O, keçən əsrin lap əvvəllərində anadan olub. Keşiş oğlu və yəhudi olduğu üçün Oktyabr inqilabından dərhal sonra Sibirə – üç illik sürgünə göndərilib. Cəzasını başa vurduqdan sonra Moskvaya qayıdıb, oxumaq istəsə də, siyasi dustaq olduğuna görə sənədlərini heç bir ali məktəbə verə bilməyib. Sərbəst kurslara – o vaxt bu sərbəst kurslar hələ ləğv olunmamışdı – gedib, ali məktəblərə qəbul olunmaq üçün təşkil edilmiş müsabiqəni qazanır... Amma bundan xəbər tutan hökumət, Stalin əleyhinə təşkil olunmuş mitinqdə iştirak etdiyini bəhanə gətirərək, onu ömürlük sürgünə göndərir. Orda qaldığı müddət ərzində müxtəlif hekayələrdən ibarət “Sibir dəftəri” kitabını yazır. Varlam Şalamov aradan uzun illər keçəndən sonra – ömrü tükənənə yaxın, yəni 1982 –ci ildə bəraət alır və bir qədər yaşadıqdan sonra vəfat edir. “Ölümündən sonra – 1985-ci ildə- yenidənqurma və aşkarlıq dövründə yaxın dostlarının təşəbbüsü ilə ilk kitabı – “Sibir dəftəri” çapdan çıxır. (H.Mirələmovun tərcüməsində V.Şalamovun “Baldırğan suyu” hekayəsi qəzetimizin gələn şənbə sayında dərc olunacaq – red.)

– Siz yazıçı-dramaturq, publisist, tərcüməçi və tənqidçi olmaqla yanaşı, həm də texnika elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasında “Neftin, qazın saxlanılması və nəqli kafedrası”nın müdiri, Doktorluq Müdafiə Şurasının sədri, bir sözlə, elm adamısınız. Respublikamızda təhsilin vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?

– Əvvəllər – yəni, biz uşaq olduğumuz vaxtlarda, bəlkə sizin də yadınıza gəlir, Hüseyn Cavid kimi, əlində şirmayi, sədəfli əsa, gözündə pensne eynək, əynində təmiz paltar olan adamı – hər rayonda bir və ya iki belə adam var idi-  göstərib deyirdilər: Parisdə oxuyub, İstanbulda təhsil alıb, Leypsiqdə universitet bitirib... O vaxt xaricdə təhsil almaq böyük iş sayılırdı. Əslində, bu gün də belədir. Sadəcə olaraq, hazırda xarici ölkələrdə təhsil alan tələbələrimizin sayı birə yüz artıb...

– Yəni çoxalıb...

– Bəli, çoxalıb. Bu təbii prosesdir. Bilmirəm, statistika aparılır, ya yox, amma mənə elə gəlir ki, bizdə təhsil alan əcnəbilərin sayı xaricə oxumağa gedən tələbələrimizin sayından qat-qat çoxdur. Respublikamızın ali məktəblərində dünyanın ən çox inkişaf etmiş ölkələrindən – ABŞ-dan, İngiltərədən, Almaniyadan, Fransadan, Türkiyədən, İrandan, Pakistandan – olan gənclər təhsil alırlar. Bir sözlə, Azərbaycan yavaş-yavaş dünyanın güclü elm mərkəzlərindən birinə çevrilir.

Bayaq qeyd etdiyimiz kimi, mən Dövlət Neft Akademiyasında Doktorluq Müdafiə Şurasının sədriyəm – elmimizin gündən-günə necə inkişaf etdiyinin şahidiyəm.

– Hüseynbala müəllim, sizin fəaliyyət sahəniz o qədər çoxşaxəlidir ki, istər-istəməz, belə bir sual doğur: bu işləri necə çatdırırsınız?

– Həvəs və maraqları düzgün idarə edə bilsən, 24 saat elə də az vaxt deyil.

 – Bayaq kitabxananız haqqında danışanda, haqlı olaraq dediniz ki, o qədər kitabı oxumağa ömür yetməz. Amma bəzən belə olur: bir kitabın qatını da açmırsan, amma başqa bir kitabı da əlindən yerə qoymursan – dönə-dönə oxuyursan...

– Tamamilə düz deyirsiniz. Məsələn, mən Viktor Hüqonun “Paris Notrdam kilsəsi” əsərini və Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını beş-altı dəfə oxumuşam. Yəni ki, nə vaxtsa yenə Kvazimodo, Esmiralda, keşiş Klod Frollo və o gənc Feb üçün darıxacağam. Orada belə bir məqam var: keşiş Frollo, Kvazomodo və gənc oğlan Feb – hər üçü Esmiraldaya bəyan edir ki, bir gecəliyinə sənə qovuşmaq üçün ruhumu şeytana sataram. Bu yalvarış – sevgidir.   Nə edəsən, belədir də: kitab var əlinə ala, kitab da var əlindən yerə qoya bilmirsən.

– Arzu edərdim ki, oxucular Sizin kitabları əllərindən yerə qoya bilməsinlər.  

– Çox sağ olun.

 





09.09.2013    çap et  çap et