525.Az

Göyün Yerə qələbəsi - İlqar Kamil yazır


 

Göyün Yerə qələbəsi - <b style="color:red">İlqar Kamil yazır</b>

Yaşı mini ötən qoca Yaroslavlın sərin sabahlarından biridir. Günəş yenə də üstünə qara buluddan yorğan çəkib bizdən gizlənir. Bu nədir axı, yəni o, hələ oyanmayıb? Qanım qaralır: Nə qədər tənbəldir bu qız? Amma eybi yox, quşların canı sağ olsun, budur, parkımızın səmasında ciggildəşə-ciggildəşə gəzişməkdə, uçuşmaqdadılar. Günəş yoxsa, quşlar var. Baxıram, baxıram... get-gedə quşlar gözümə insan kimi görünməyə başlayır, sanki qara paltarlı xırda insanlar uçur, bəzən yerə qonub nəsə axtarır, yenidən “pırr” eləyib havalanırlar... Yoxsa bu, bir şoudur?!

Qanım durulmağa başlayır, mənsə düşünürəm: İnsan və quş. Quşun ayaqları insanın maddi, təbii, yer tərəfi, qanadları isə onun mənəvi, ilahi və göy tərəfidir. Və birdən ağlıma gəlir ki, insan eyni zamanda, həm yeriyə, həm uça bilən varlıqdır. Lakin uçmaq həmişə daha çətindir, nədən ki, uçmağın başqa adı - yerin cazibə qüvvəsi ilə çarpışmaqdır.

Bəli, insan yerli və göylü yaradılışdır. Kanta görə, insan tam yerli (yer qanunlarına uyğun) varlıq kimi yaşayanda çirklənir, çünki yer qanunları çirklidir, onlar insana belə deyir: çap, tala, yırt, doğra, yetər ki, güclü ol, yetər ki, həyatda ol, yetər ki, hər şey sənin olsun, eyni ilə heyvanlardakı kimi. Kant deyir ki, yer qanunları, bir yandan baxanda, məntiqli qanunlardır, məntiqə sığmayan - göy qanunlarıdır: rəhmin gəlsin, başqalarını qabağa sal, dürüst ol, tamahını öldür və s. Belə səmavi prinsiplərlə yerdə yaşamaqmı olar? Ona görə də biz çox yaxşı adam görəndə deyirik ki, adam elə bil, bu dünyanın adamı deyil.

Pəncərəmə düşən əksimə baxıb özümdən soruşuram: bəs sən, sən nə qədər yer, nə qədər göy adamısan? Axı, bir də ana kitabın dediyi “Allahla aldadanlar” var. Allahla, yəni mənəviyyatla, əxlaqla, dürüstlüklə, mehribanlıqla... Yəni onlarda olan bütün ali xüsusiyyətlər, əslində, daha çox qazanmaq, daha çox mənimsəmək, daha çox sevilmək üçündür... Allah-Allah deyib şeytanı xoşnud edənlər, bəlkə də ən təhlükəli varlıqlarıdır bu kainatın!

Ehh, əzizim, qəribədir, quşlar göylərdə uçsalar da, onların yemi (qidası) yerdədir və bəlkə, onları yerə bağlayan yeganə şey də elə budur, yoxsa əlbət ki, gözdən itənə qədər uçar, uçar, səmanın ənginliklərinə dalıb yox olardılar. Siz də deyirsiz, quşlar azaddır. Allah bilir də neynir.

Pəncərəni azca açıb sərin havanın otağıma dolmasını istərkən ala-bula göyərçinlər “pırrr” eləyib uçuşur və elə bu uçuş, bəlkə də, “pırrr” səsi mənim zehnimin səmasına durna qatarı kimi silsilə suallar düzür:

Görəsən, quşların həyat hədəfi nədir? Nə qədər uçmaq olar axı, bəs sonra?

Yaşamaqdan yorulan insanlar görmüşük, bəs quşlar... onlar da uçmaqdan yorulurmu?

Mənə elə gəlir ki, quşlar uçuşlarını bizə nümayiş etdirsələr də, ölümlərini bizdən gizlədirlər. Əlinizi alnınıza qoyub baxın: səmada minlərlə quş var... bəs bu qədər quş harda ölür? Niyə tez-tez rastımıza ölü quş çıxmır? Yoxsa ölüm vaxtları gələndə onlar səmanın ənginliklərinə çəkilib yox olurlar?..

Bəlkə də hə, bəlkə də kefimizi pozmaq istəmədikləri üçün belə edirlər - göz yaşlarını qrim otağına saxayan klounlar kimi. Bir də, əlbəttə ki, qürur var, axı, necə olsa azadlıq rəmzidirlər; Azadlıq və ölüm? Azadlıq və xəstəlik? Yaraşmır, axı...

Məsələn, göy qanunlarıyla yaşayan mərhum Fuad Poladovun xəstəykən heç kimlə görüşmək istəməməsinin də səbəbi, məncə, buydu; gücün, heybətin, qüdrətin simvolu özünə sığışdırmırdı zəif görünməyi... Və mənə elə gəlir, dərdini gizlətmək insana xas cəhət deyil.

Qanım yenidən qaralır, fikirlərimin arxasına sısqa bir nöqtə qoyub pəncərəmdən çəkilirəm:

Həyat, yerlə göyün əbədi və əzəli çarpışmasından ibarətdirsə, ildırımlar - Tanrının səsi, ölüm - göyün yerə qələbəsidir.

 





28.01.2019    çap et  çap et