525.Az

Azərbaycan və Bolqarıstan arasında turist axını xeyli artıb


 

Azərbaycan və Bolqarıstan arasında turist axını xeyli artıb <b style="color:red"></b>

Azərbaycan və Bolqarıstan arasında turist axını Bakı-Sofiya aviareysinin açılması ilə xeyli artıb.

Bunu Trend-ə Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib.

Diplomat Azərbaycan vətəndaşlarına verilən vizaların sayının ən azı 40 faiz artdığını bildirib: "Biz hesab edirik ki, yazda müntəzəm reyslərin bərpası nəticəsində bu il də müsbət tendensiya saxlanacaq".

Səfir vurğulayıb ki, paytaxtlar arasında birbaşa əlaqənin qurulması hər iki ölkənin liderləri tərəfindən çox müdrik siyasi qərar idi və artıq çox müsbət nəticələr verir: "Bu, xalqlarımız arasında daha sıx əlaqələr üçün böyük imkanlar, biznesdə daha intensiv təmaslar və daha dinamik iqtisadi münasibətlər yaradacaq".

Ölkələr arasında viza rejiminin sadələşdirilməsinə toxunan N.Yankov deyib ki, Bolqarıstan bu məsələdə Avropa İttifaqının siyasətini əsas tutur:

"Bizim səfirliyimiz işini Avropa İttifaqı ilə Azərbaycan arasında viza verilməsinin sadələşdirilməsi haqqında sazişə uyğun qurur. Səfirliyin konsul bölməsi qısa müddətdə viza alışı ilə bağlı sənədlərin işlənməsi üçün həmişə tam gücü ilə çalışır".

Qeyd edək ki, Bakı və Sofiya arasında aviareysin açılması barədə razılıq 2017-ci ilin 13 oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.

Bolqarıstan paytaxtı Avropa İttifaqında ilk şəhərdir ki, Azərbaycanın "Buta Airways" şirkəti birbaşa reyslər həyata keçirir.

 





28.01.2019    çap et  çap et