525.Az

Ermənistan: Avropa ilə Rusiya arasında


 

Ermənistan: Avropa ilə Rusiya arasında<b style="color:red"></b>

Rəsmi İrəvanın Gömrük İttifaqına üzv olmaqla bağlı qərarını açıqlaması meydana bir çox suallar çıxarıb. Erməni cəmiyyətinin buna münasibəti birmənalı deyil. Kütləvi informasiya vasitələri və bir sıra siyasətçi bu addımın doğru olmadığını vurğulayırlar. Avropalı siyasətçilər də təəccübləniblər. Onlar Ermənistan rəhbərliyindən izahat tələb edirlər. Geosiyasi aspektdə isə bu məsələnin region üçün hansı nəticələri verə biləcəyi açıq qalır.

Siyasətdə qul psixologiyası: erməni nümunəsi

Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan ölkənin Gömrük İttifaqına daxil olacağı haqqında yayılan informasiyaları "sadiq kölənin sahibindən tam asılılığının təsdiqi" kimi qiymətləndirib (bax: "Была угроза применения силы": Александр Арзуманян о встрече Саргсян-Путин // www.1in.am, 4 sentyabr 2013). O hesab edir ki, Rusiya tərəfdən S.Sarkisyana təzyiqlər olub və hətta güc tətbiqindən söhbət gedib.

Erməni KİV-in yaydığı informasiyalarda İrəvanda insanların etiraz aksiyaları təşkil etdiyi bildirilir (bax: "Путинки!", "Наташи!": акция протеста перед резиденцией президента // www.1in.am, 4 sentyabr 2013). Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının keçmiş sədri Ovanes İgityan isə S.Sarkisyanın bəyanatını "alçaldıcı səhv" adlandırıb (bax: "Армения явилась в Москву просить, чтобы Путин позволил вступить в Таможенный союз: это унизительно" // www.1in.am, 4 sentyabr 2013).

Ermənistanın bir sıra siyasətçiləri və partiyaları (məsələn, "Azad demokratlar") da rəsmi İrəvanın Gömrük İttifaqına qoşulmaqla bağlı qərarını kəskin tənqid ediblər. Bu zaman ölkə iqtidarı daxilində yekdil mövqenin olmadığı vurğulanır. Məsələn, "Qraparak" qəzeti yazır ki, prezident Moskvada Gömrük İttifaqına üzvlükdən danışanda xarici işlər naziri E.Nalbandyan Avropadakı tədbirdə Qərb dəyərlərinin əhəmiyyətindən söz açır, inteqrasiyadan dəm vururdu. Əgər E.Nalbandyan S.Sarkisyanın qərarı ilə razı deyilsə, istefa verməlidir (bax: Было бы естественно, если бы Эдвард Налбандян подал в отставку: пресса // www.1in.am, 4 sentyabr 2013).

Erməni mediası daha düşündürücü başqa bir məqama diqqət çəkir. Cəmi bir ay bundan əvvəl baş nazir T.Sarkisyan Ermənistanın Gömrük İttifaqına daxil olmasının mümkünsüzlüyü haqqında Rusiya mətbuatında məqalələrlə çıxış edirdi. Orada Ermənistan hökumətinin rəhbəri ümumi sərhədin olmaması səbəbindən bu işin həyata keçməsinin imkan xaricində olduğunu əsaslandırmağa çalışırdı. Sual yaranır: indi rəsmi İrəvan Rusiya ilə ümumi sərhədi haradan "tapdı"? (bax: Шоковая терапия // www.1in.am, 4 sentyabr 2013). Belə çıxır ki, fövqəladə nəsə baş verib və erməni hakimiyyəti mövqeyini kəskin dəyişməli olub. Məsələnin bu tərəfinə Ermənistanda və Avropada daha çox diqqət yetirirlər.

Doğrudan da, hansı səbəbdən S.Sarkisyan Gömrük İttifaqına daxil olmaq haqqında bəyanat verdi? Axı, cəmi bir neçə ay əvvəl o, Avropa İttifaqı ilə yaxın əlaqələrdən, ümumi dəyərlərdən və hətta sosial-siyasi və iqtisadi inteqrasiyadan danışırdı. Açığını desək, bizim üçün ermənilərin bu cür davranışlarında heç bir müəmmalı məqam yoxdur. Çünki onlar tarixən satqın, qərarsız, güclüyə boyun əyən və kənardan verilən əmrləri yerinə yetirən olublar.

Ruslar da ermənilərin belə olduqlarını yaxşı bilirlər. Burada avropalıların dərs alması lazımdır. Onlar əmin olmalıdırlar ki, Ermənistan adlı müstəqil dövlət yoxdur. Reallıqda söhbət Rusiyanın Cənubi Qafqazdakı forpostundan gedə bilər. Bu keyfiyyətdə isə İrəvandan istənilən axmaq və məntiqsiz hərəkət gözləmək olar. Ermənistan rəhbərliyinin demokratiya, dövlətçilik, müstəqillik və s. haqqında danışdıqları isə nağıldır.

Geosiyasi qərarsızlığın məntiqi nəticəsi

Bunlardan başqa, rəsmi İrəvanın bu addımı geosiyasi aspektdə Cənubi Qafqazda bir sıra arzuolunmaz proseslərə yol aça bilər. Məsələnin bu tərəfi üzərində dayanmağın mənası vardır.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton rəsmi İrəvanın qərarı ilə bağlı bildirib ki, "biz erməni tərəfdən izahat gözləyirik".

Məsələ ondan ibarətdir ki, Ermənistan Avropa İttifaqının yaratmaq istədiyi azad ticarət zonasına daxil olmaq niyyətindədir. Bu barədə 2013-cü ilin noyabrında Vilnüsdə tərəflər arasında saziş imzalanmalıdır. Həmin bənd Ermənistanın Aİ-yə tam assosiativ üzv olması prosesinin tərkibində yer alıb. İndi isə məlum olur ki, rəsmi İrəvan bir ayağını eyni zamanda iki "başmağa yerləşdirmək" fikrinə düşüb. Avropa İttifaqı bu kimi şərtləri qəbul etmir. Ermənilərdən məhz bunun izahını tələb edirlər. Maraqlıdır ki, Ermənistan rəhbərliyi baş verənlərdə qeyri-adi və ziddiyyətli bir məqam görmür.

Ermənistan prezidenti administrasiyasının rəhbəri Vigen Sarkisyan bəyan edib ki, "Ermənistan assosiativ üzvlüyə imza atmaqda qərarlıdır" (bax: "Армения привержена парафированию Соглашения об ассоциации с ЕС": глава Администрации Президентa // www.1in.am, 4 sentyabr 2013). İrəvan hesab edir ki, Avropa siyasi islahatlarda ona yardım etməlidir. Dövlət strukturlarının formalaşmasında, demokratik fəaliyyət prinsipinin bərqərar olmasında assosiativ üzvlük yararlı olacaqdır.

Lakin V.Sarkisyanın özü də etiraf edib ki, avropalılar Gömrük İttifaqına və Avrasiya inteqrasiyası prosesinə qoşulmamaq şərtini qoyublar. Ancaq bunu bilə-bilə yenə həmin strukturlara daxil olurlarsa, dolayısı ilə Aİ-dən imtina edirlər. Ermənistan rəhbərliyi bununla Avropanı axmaq yerinə qoyur – Rusiyanın inteqrasiya modelini özünə uyğun sayır və eyni zamanda, avropalılardan tələb edir ki, siyasi islahatlar aparmaqda, güclü dövlət qurmaqda kömək göstərsin.

Ermənilərin məsələni bu cür təqdim etməsi onu göstərir ki, İrəvan həm Moskvanın himayəsində qalmaq istəyir, həm də Qərbin hesabına güclü dövlət qurmaq niyyətindədir. Təbii ki, bu cür süni siyasət uzaq gedə bilməz. Keçmiş xarici işlər naziri A.Arzumanyan da xəbərdar edib ki, təzyiqə və gücə tabe olmaqla qəbul edilən strateji qərarlar qısa zamanda mütləq bir yerdə qırılmalıdır. Erməni dövlətçiliyi bundan böyük zərər görə bilər. Çox güman ki, məhz belə də olacaq.

Bəzi ekspertlər hesab edirlər ki, rəsmi İrəvan Dağlıq Qarabaş məsələsinin mürəkkəbliyindən çəkinərək Kremlin tələbini qəbul edib. V.Putinin Bakıya gəlməsi fonunda S.Sarkisyanın təcili Moskvaya çağırılması səbəbini daha çox bu aspektdə izah etməyə çalışırlar. Konkret desək, Rusiya Azərbaycana bərabərhüquqlu tərəfdaş kimi yanaşırsa, Ermənistanı öz forpostu olaraq qəbul edir. Şübhəsiz, burada məntiq vardır. Ermənilər Azərbaycan haqqında nə qədər qərəzli danışsalar da, reallıq tamam başqa məqamlardan xəbər verir.

Belə ki, Bakı müstəqil siyasət yeridir. O cümlədən, nə Aİ-yə assosiativ üzvlük məsələsində Brüsselin təzyiqlərini qəbul edir, nə də Kreml onu Gömrük İttifaqına daxil olmağa məcbur edə bilir. Azərbaycan düşünülmüş xarici siyasəti ilə ümumiyyətlə, belə bir vəziyyətin yaranmasına imkan vermir. Son iki ildə Ermənistan rəhbərliyinin Avropa ilə Rusiya arasında manevr etmək adı altında hansı süni addımlar atdığını xatırlamaq olar. Onlar özlərini gah avropalı kimi təqdim edir, gah da Rusiya ilə tarixi əlaqələrdən danışırdılar. Ancaq bir həqiqət əvvəlcədən məlumdur – Ermənistanın mövcud olması birbaşa Rusiyadan asılıdır. Onun müstəqillik çərçivəsini də Moskva müəyyən edir. Modest Kolerov bu barədə lakonik və aydın yazıb – "Ermənistan Rusiyasız ümumiyyətlə mövcud deyil"!

Bütün bunlar onu göstərir ki, Ermənistanın Gömrük İttifaqına daxil olmaq planları onun asılı dövlət olduğunu dünyaya bir daha nümayiş etdirdi. Dünyanın iki böyük geosiyasi gücü arasında uğursuz manevrlər etməsi faktiki olaraq erməni dövlətçiliyinin perspektivsizliyinin nümayişi oldu. Artıq bəzi erməni ekspertlər baş verənləri məhz bu müstəvidə izah etməyə çalışırlar. Bundan başqa, avropalı siyasətçilər açıq bildirirlər ki, İrəvana Kremldən ciddi təzyiqlər olur.

Belə çıxır ki, bir sıra ekspertlərin Ermənistanın geosiyasi əhəmiyyətinin artması ilə bağlı fikirlərinin heç bir əsası yoxdur. Bu ölkə əvvəllər necə geosiyasi oyunların "piyadası" idisə, indi də həmin statusdadır. Ona görə də ermənilərin Maykl Kambek kimi qərbli dostlarının ("Ermənistanın avropalı dostları" təşkilatının nümayəndəsi Maykl Kambek nəzərdə tutulur) göz yaşları belə İrəvanın imicini dəyişə bilməz (bax: Майкл Камбек: Резкий поворот со стороны президента Армении не был свободным выбором // www.news.am, 4 sentyabr 2013).

Azərbaycanlılarda bir misal var – "özü yıxılan ağlamaz". Erməni dövlətçiliyi də yıxılır. Ancaq çətin ki, ermənilərin göz yaşları qurusun, çünki onlar tarix boyu ağlayıblar. Görünür, onlar bu cür həyata alışıblar.

Newtimes.az

 





09.09.2013    çap et  çap et