525.Az

Əvəz Abdullanın Latviya səhnəsindəki parlaq zəfəri - Fotolar


 

Əvəz Abdullanın Latviya səhnəsindəki parlaq zəfəri - <b style="color:red">Fotolar </b>

Yanvarın 27-də Latviya Milli Opera və Balet Teatrının səhnəsində dahi italyan bəstəkarı Cuzeppe Verdinin “Nabukko” operası oynanılıb. 

Bu opera bəstəkarın yaradıcılığında müstəsna yer tutur. Verdinin öz etirafına görə, onun  “sənətdə  karyerası məhz “Nabukko”dan  başlanıb”. Opera möhtəşəm  xorları,   dramatik  ansambl səhnələri, baş qəhrəmanlrın ehtiraslar dolu ariyaları ilə elə ilk tamaşadan (1842)  dinləyicilərin ürəklərini fəth edib.

Verdinin xatirəsinin anıldığı gün – bəstəkar 1901-ci il, yanvarın  27-də vəfat edib –  Latviya Opera Teatrında sərgilənən səhnə əsərində baş rolu – Babil çarı Navuxodonosorun (Nabukkonun) partiyasını Azərbaycanın Хalq artisti, dünyanın bir çox tanınmış səhnələrində böyük uğurlar qazanmış  Əvəz Abdulla   ifa edib. Ə.Abdullanın repertuarında Fiqaro, Riqoletto, Jermon, Skarpia, Eskomilio kimi bir-birindən fərqli partiyalar var.  Yaxınlarda , o,  Amsterdamda Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin ilk ifasında  çıxışı ilə tamaşaçıları valeh etmişdir.

“Nabukko” operası vokalçılar qarşısına çətin tələblər irəli sürür. Burada təkcə qüdrətli, bir növ qaltanlı səs tembrinə malik olmaq kifayət deyil, həm də aktyor kimi də ustalıq nümayiş etdirmək lazımdır. Çətinlik həm də ondadır ki, Nabukko obrazı opera ərzində təkamülə məruz qalır, hər səhnədən-səhnəyə bu personajın xarakteri yeni çalarlarla zənginləşir. Əvəz Abdulla öz səsi – qeyri-adi cazibədarlığı ilə seçilən, məxmər kimi yumşaq baritonu və əsl dramatik aktyor keyfiyyətləri ilə elə ilk dəqiqələrdən dinləyicilərin rəğbətini qazandı. Azərbaycanlı vokalçı obrazın dramaturji inkişaf xəttini  məharətlə  quraraq onun bütün mürəkkəbliyini və dərinliyini  nümayiş etdirməyə müvəffəq oldu: Nabukkonu həm qəddar, zəhmli hökmdar, həm də qəliz  daxili dünyaya malik insan kimi təqdim etdi. Ə.Abdullanın pərdədən-pərdəyə səs tembri sanki yeni rənglərə boyanırdı: bu səsdə gah hökm, gah ekspressiya, gah yalvarış, gah dolğun lirika üstünlük təşkil edirdi. Sonda (Nabukkonun ariyası) Ə.Abdulla öz qəhrəmanının daxili aləmini, bütün sarsıntıları, iztirabları, qəlb çırpıntılarını böyük sənətkarlıqla çatdıra bildi. Onun ifasında Nabukkonun ariyası heç bir mübaliğəyə yol verməyərək operanın kulminasiyası oldu. Tələbkar, həssas Riqa tamaşaçıları azərbaycanlı sənətkarı davamlı gur alqışlarla qarşıladılar. Ə.Abdullanın Riqa səhnəsində möhtəşəm çıxışı, şübhəsiz, Azərbaycan opera ifaçılığı sənətinin böyük uğurudur.

“Nabukko” tamaşasının əlamətdar xüsusiyyəti ondan ibarət idi ki, operanı həmin axşam C.Verdinin həmvətəni tanınmış italiyalı maestro Yakopo Sipari di Peskaseroli  (Jacopo Sipari di Pescasseroli) böyük temperamentlə idarə edirdi. Azərbaycan musiqisevərlərinə bu ad bəlli olmalıdır: 2018-ci ildə dirijor “İtalyan operası günləri” adlı layihə çərçivəsində Bakıya təşrif buyurub, Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində göstərilən  Puççininin “Madam Batterflyay” tamaşasına dirijor pultu arxasında rəhbərlik edib.

Ə.Abdullanın tərəf-müqabilləri arasında Yulianna Bavarska (Abiqail), Laura Qretska (Fenena), Romans Polisadovs (Zaxariya), habelə Latviya opera teatrının xoru qeyd olunmalıdır. Xorun təqdimatında operanın ən məşhur nömrəsi - əsir düşmüş yəhudilərin xoru böyük məharətlə - qürurla, nəcib və son dərəcə ekspressiv səsləndi. Tamaşanın uğurunu təmin edən amillər sırasında quruluşçu rejissoru Quntas Qaylitis, rəssamları Andris Freyberqs və Kristine Pasternakanın uğurlu yaradıcılıq işini də qeyd etməliyik.

Ə.Abdulla hazırda Latviya Milli Opera Teatrının dəvət olunmuş solistidir. Yeri gəlmişkən, Azərbaycanın Xalq artisti Dinara Əliyeva da truppanın dəvətli vokalçılarındandır. Ümidvaram ki, həmvətənlərimizin Latviya opera teatrı ilə uğurlu əməkdaşlığı davam edəcək, biz,  azərbaycanlılara bu əməkdaşlıq qürur hissi yaşatdıracaq, bütün opera həvəskarlarına isə həqiqi zövq bəxş edəcək.

Zümrüd DADAŞZADƏ

 





28.01.2019    çap et  çap et