525.Az

"Palitra" ədəbi klubu bu dəfə Mikayıl Müşfiqi yad edib


 

"Palitra" ədəbi klubu bu dəfə Mikayıl Müşfiqi yad edib<b style="color:red"></b>

Ötən ilin dekabr ayından Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən "Palitra" Ədəbi Klubunun yanvar ayının 28-də keçirilən ikinci yaradıcılıq günü görkəmli Azərbaycan şairi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunub.

Tədbiri klubun ümumi rəhbəri, yazıçı-publisist, Mingəçevir Bələdiyyəsinin üzvü Zahid Qasımlı giriş sözüylə açaraq, sənətkarın Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətlərindən danışdıqdan sonra AYB-nin üzvü, yazıçı-publisist Yusif Ələkbərov şairin keşməkeşli həyat yolundan və bənzərsiz ədəbi yaradıcılığı barədə məruzə ilə çıxış edib. Ötən yüzilliyin otuzuncu illərində təqib, şantaj və amansız iftiralara məruz qalan Mikayıl Müşfiqin nakam ömür yoluna ayna tutan məruzədə sənətkarın vətən, xalq sevgisini və ülvi məhəbbəti vəsf edən əsərlərindən söz açan məruzəçi, onun 1935-ci ildə qələmə aldığı "Mingəçevir həsrəti" poemasında bu günümüzlə səsləşən şair uzaqgörənliyini əks etdirən misraların təsir gücünün yenilməz olduğunu vurğulayıb.

"Palitra" Ədəbi Klubunun həmsədri yazıçı-esseist Eyyub Cabbaroğlu şairin həyat eşqini əks etdirən şeirlərinin insanlara nəcib hisslər aşıladığından söz açıb, qaynar təbli və fenomen yaddaşlı bir insan olduğunu qeyd edərək, sonda Mikayıl Müşfiqin portretini bölməyə hədiyyə verib.

Tədbirə qatılan yazarlardan Mirsədi Daşdəmirov, Məmməd Mərzili, Səxavət Kəlbəcərli, Bəhman Gülövşəli, Mehman Rəsulov, Əbülfət Həsənoğlu, ədəbiyyatsevərlərdən Məhəmməd Fərzəliyev, Cəlal Həsənov və Sahib Məmmədov Mikayıl Müşfiqə böyük xalq sevgisindən danışıb, dövlət başçısının  sərəncamı ilə ötən ildən bəri bütün bölgələrdə şairin 110 illik yubileyinin keçirildiyini məmnunluq hissi ilə qeyd ediblər. Klubun üzvü Mahir Musa sənətkara həsr etdiyi şeirini oxuyub, uzun illər boyu məlahətli səsiylə hamını valeh edən veteran mədəniyyət xadimi, qocaman müğənni Ağagül Əliyev isə görkəmli bəstəkarlar tərəfindən Mikayıl Müşfiqin şeirlərinə bəstələnmiş mahnılardan nümunələr oxuyaraq məclisə əlvan çalarlar qatıb.

Sonda AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə Mikayıl Müşfiq sözünün işığına yığışan klub üzvlərinin sənətkarla bağlı addımlarını yüksək dəyərləndirib və "Palitra" Ədəbi Klubunun fevralın 28-də, saat 15:00-da keçiriləcək növbəti məşğələsinin yetmiş yaşlı Mingəçevirin musiqi aləminə həsr ediləcəyini bildirib. 

Vahid QAFARLI
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 





31.01.2019    çap et  çap et