525.Az

"Mədəniyyət" qəzetinin aylıq "Afişa" əlavəsi çapdan çıxdı


 

"Mədəniyyət" qəzetinin aylıq "Afişa" əlavəsi çapdan çıxdı <b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq nəşr olunan və pulsuz yayılan "Mədəniyyət" qəzetinin aylıq "Afişa" əlavəsinin fevral nömrəsi çapdan çıxıb.

Nazirlikdən bildirilib ki, nəşrdə Akademik Milli Dram, Akademik Opera və Balet, Musiqili, Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarının tamaşaları, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrındakı konsert proqramları, eləcə də şəhərdəki kino zalları və sərgi salonlarındakı film və təqdimatlar barədə ətraflı məlumat almaq mümkündür. Həmçinin, teatrlarda tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı tamaşaların mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, qalereya, konsert zalları və kinoteatrlarının ümumi afişası ilə yanaşı, sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar da verilib.

Fevral ayı xalqımızın yaddaşına Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə həkk olunub. "Afişa" əlavəsində bu hüznlü tarixlə bağlı mədəniyyət ocaqlarında keçiriləcək tədbirlər qeyd edilib, həmçinin, birinci səhifədə Xocalının səhnə yaddaşı olan "Arzu və Murad" tamaşasına (Gənc Tamaşaçılar Teatrında) xüsusi yer verilib.

Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan "Afişa" əlavəsində hər kəs öz zövqünə, maraq dairəsinə uyğun mədəni istirahət məkanı seçə, bu məkanlarda istədiyi günə, saata uyğun tamaşa, konsert, film, sərgi seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

"Mədəniyyət+Afişa" nəşri Mədəniyyət Nazirliyinin və "ASAN xidmət"in dəstəyi ilə paytaxtın müxtəlif məkanlarında yayılır. Nəşrin fevral buraxılışı bu gündən etibarən "ASAN xidmət" mərkəzlərində sakinlərə təqdim olunur. "ASAN xidmət" əməkdaşları vətəndaşlara nəşr haqqında məlumat verirlər.

Qeyd edək ki, "Afişa" əlavəsinin fevral buraxılışını paytaxtın teatrlarında, digər mədəniyyət ocaqlarında da pulsuz əldə etmək olar. Nəşrin məqsədi Bakı sakinlərini, eləcə də şəhərə gələn qonaqları mədəniyyət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün bu müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir.

 





01.02.2019    çap et  çap et