525.Az

Sevməyin “Cəza”sı - Türkan Turan


 

Sevməyin “Cəza”sı - <b style="color:red">Türkan Turan </b>

“Hələ dünən addım at, mən səni tutacam deyən birinə qollarımı açdım... uçuruma düşdüm. Mən elə birini sevdim ki, elə bu, intihar idi”.

Görəsən, bundan daha dəhşətli nəsə var? Sənə “gəl” deyirlər, qorxma, atıl, səni tutacağam söyləyirlər, ümidlə, inamla, güvənərək, həyəcan keçirərək özünü boşluğa - onun gülərək, geniş açılan qollarına doğru buraxırsan. Vəə... budur, son anda çəkilir və sən bumbuz betonun üstünə çırpılıb, min tikəyə bölünürsən! Dəhşətlidir, deyilmi?

Sevirsən, fədakarlıq edirsən, onun həyatındakı varlığını hüceyrələrinə sancırsan, toxumalarına yeridirsən, iliyinə qarışdırırsan, sübut etmək istəyirsən ki, dəyərlidir. Amma o, əlinə düşdüyü ilk fürsətdəcə səni xərçəng edir, vərəmə yoluxdurur. İtirə-itirə gedirsən, ağrı-acı ilə qol-boyun yaşayırsan, gözünün yaşı quruyur, damarındakı qan çəkilir. Hə, bax, sevməyin CƏZAsını bəzən bu cür çəkirsən...

Rəşad Məcidin təkidi və dünyadan uzaqlaşmaq...

Bir neçə gün öncə Rəşad Məcid dedi ki, Gənc Tamaşaçılar Teatrında “Cəza” tamaşası var, mütləq ora get. Özü də israrla... Maraqlı gəldi, görəsən, bu təkidin səbəbi nədir? Əmin idim ki, Rəşad Məcid bunu belə möhkəm-möhkəm tapşırırsa, deməli, orada nəsə böyük hadisə var. Çünki o, məni elə mənim qədər çox tanıyır. Donuq təbəssümümün, isti gülüşümün nədən qaynaqlandığını bilir. Nəyin məni daha çox düşündürəcəyinə də yaxşı bələddir. Tamaşa başlayan ərəfələrdə başım şirin söhbətə qarışmışdı. Hətta bir ara öz-özümə tərəddüd etdim ki, bəlkə getməyim. Hələ bir az yubandım da... Onsuz da hava soyuq idi, üşüməmək üçün içəridə vaxt qazanırdım. Düşünürdüm ki, özümü yarısına çatdıraram. Elə də oldu! On beş dəqiqə gecikdim. Ancaq sən demə, elə mən içəri daxil olan anda başlayırmış. Zalın qaranlığına qarışdığım məqamdaca, sanki geridə qoyduğum hər yerlə və hər şeylə əlaqə kəsildi və özümü yeni - çöldəki soyuğu unutduran qaynar dünyanın içərisində tapdım. Yeriyən sandıq, uçan yelləncək, düyünlənən intihar kəndirləri, ortalıqda görünən stullar, şimşək kimi çaxan, gah qızaran, gah sönən işıqlar, göydən yağan daşlar, bərq vuran ulduzlar, tüstülü hava, zülmət gecə, hadisələrin gərginlik dərəcəsini tənzimləyən musiqi parçaları... Öz-özümə dedim, İlahi, mən hara düşmüşəm?! 

Qara paltarlı qadın... 

Mehriban Ələkbərzadənin müəllifi olduğu “Cəza” mono-tamaşası... İnsanı haldan-hala salırdı: gah ümidləndirir, gah hüznləndirir, gah güc verir, gah taqətin kəsirdi. İzlədikcə özün, tanıdıqların, həyat hekayəsinə şahid olduqların hamısı fotolent kimi bir-bir gözünün önündən keçirdi. Səhnədə qara paltarlı qadın danışırdı. 15 il öncə bu cəzaya məhkum qaldığını deyirdi. Gənc yaşlarında ailə həyatı qurmuş, iki övlad anası olmağından bəhs edirdi. Ərindən, sevgisindən, xəyanətindən, iztirablarından elə danışırdı ki, tamaşaçılar bu mənzərə qarşısında donub qalırdılar. Adama elə gəlirdi ki, danışan bir qadın deyil, milyonlarla qadının bir ağızdan çıxan hayqırtılarıdır. Evi-eşiyi, əri, övladı, yeməyi-içməyi, geyimi-keçimi vardı, amma rahatlığı yox idi. Həyatında sevgisizlik hökm sürürdü! Ətrafındakı hamı, hər kəs, öz balası belə boynuna keçirilən kəndir kimi onu boğurdu. Nə gedə bilirdi, nə qala... Onu heç nə ovundura bilmirdi. Darıxır, sıxılır, istəklərinin başından basır, məişət qayğılarının içində itib-batırdı. Xoşbəxt olmaq istəyirdi, dünya ilə yenidən tanış olmaq, itmiş kimliyini tapmaq, içində öləziyən duyğuları dirçəltmək üçün dəridən-qabıqdan çıxırdı. Hesab edirdi ki, işləsə, insan içinə çıxsa, hər şey düzələcək. Elə belə də edir. Lakin çox keçmir ki, çalışdığı şirkətin rəhbərinə aşiq olur. Sevgiyə qanad açır. Elə ondan sonra gözü heç kimi görməməyə başlayır. Artıq ana olduğunu da unudurdu. Analıq onun üçün boynuna keçən ip, ayağına dolaşıb, ətinə girən tikanlı kola çevrilmişdi. Nə yatağına, nə evinə sığırdı. İstəkləri o qədər şiddətlənir, elə böyüyürdü ki, heç dünyada da özünə yer tapa bilmirdi. “Uçurum”un kənarında addımlamaqdan zövq alırdı! Uçub, “sıldırım qayaların” üstünə köç etmək istəyirdi, uşaqlar qanadlarına ilişirdi. Üsyanı dözülməz həddə çatmışdı. Artıq susmurdu: “Bir məndən soruşun görün, mən bu evi, bu uşaqları istəyirəmmi? Ərim mənə mətbəxi vəd edir, sevgilim isə dünyanı. Kim harda xoşbəxt olmaq istəyirsə, ora da qaçır...” Göyün yeddinci qatında idi. Eləcə uçmaq istəyirdi. Amma mətbəxtdən gələn soğan qoxusu buz kimi suya dönüb başına tökülür və həqiqətləri önünə sərirdi. Üsyan edirdi: “Məni niyə bu qədər sıxırsız? Niyə məni sındırıb özünüzə gərəkli olan adama çevirmək istəyirsiniz?! Siz heç fəzadan mətbəxə enməyin nə olduğunu bilirsiniz?”

Fəza da aydın deyildi, sisli, qorxulu, təhlükəli idi. Dumandan nəyin necə olduğu görünməsə də, oranın mətbəxdən daha  öldürücü olduğu dəqiq idi.

Qadının bu çırpınışlarını nə əri, nə digərləri görürdü. Bütün diqqəti, fikri, mehri uşaqlarda idi. Qadın isə onun gözündə öhdəliklərini yerinə yetirən robota çevrilmişdi.

Belə davam etmir, əri ilə bir-birinə tab gətirə bilməyib, ayrılırlar. Yeni həyata başlamaq eşqi ilə bütün əzablara tab gətirən qadın, sevgilisinə “Mən xilas oldum, səni də xilas etmək üçün sürünərək gəldim” deyir. Sevgilisi “Bizim macəramız sənə də, mənə də üzqaralığından başqa bir şey gətirməyəcək. Biz ikimiz də bir az əylənmək istədik... Əyləndik, bəsdir... Mənim gül kimi arvadım var. Mən onu çox sevirəm” deyir. Bu sözlərdən sonra qadın qanadları qırılmış quş kimi çırpına-çırpına qalır: “Axı mən sənin yaşaman üçün həyat səbəbin idim!” demək istəyir sevgilisinə, sözlər boğazında düyümlənir. Namərdliyin dərəcəsini ölçmək istəyir. Amma unudur ki, elə bir ölçü vahidi yoxdur, qadına zərbə vuran kişinin namərdliyini hesablasın. Heç tapa da bilmir, çıxdığı yüksəklikdən yerə çırpılır. Ah, qadın... qadın! Fədakar, sevgisi uğrunda bütün sərhədləri vurub dağıdan qadın! Kişi çox nadir hallarda sevdiyi üçün hər şeyindən keçir. Nəinki vazkeçmək, hətta rahatlığı pozular deyə, az qalır ürəyi köksündən çıxsın. Amma qadın... bir göz qırpımında onu var edən bütün dəyərləri heçə döndərir.

Göz yaşına qarışan üsyan...

İki gün əvvəl cərrah-transplantoloq Kamran Beydullayevlə söhbət edirdik. Ötən həftə iştirak etdiyi bir tamaşadan gileylənirdi. Həmin gileyin ümumiləşdiyini - digər tamaşalara da sirayət edəcəyini hiss etdim, qərar verməyə tələsməyin dedim. Telefonumu açdım və iki dəqiqəlik görüntünü izləməyini xahiş etdim. Hə, “Cəza” tamaşasından bir epizod idi. Hətta əvvəlcə, “bir nəfər səhnədə diqqəti nə qədər özündə saxlaya bilər?” sualını verdi və ekran hərəkətə gəldi! Gözlərini Əməkdar artist Kəmalə Hüseynovanın fəryadına, üsyanına zilləmişdi... Aktrisanın səhnədəki performansı onu yerindəcə, məni isə təkrar heyrətə salmışdı. Aktrisanın gözündən yaş, ağzından köpük axırdı. Qışqırır, üsyan edir, tamaşaçı ilə üz-üzə dayanıb, həqiqətləri hayqırırdı. Müəllifin -Tamara Vəliyevanın yaratdığı hadisələrin dinamikası o qədər güclü idi ki, aktrisa salonu bütün enerjisi ilə doldururdu. Telefonu geri alanda, Kamran həkimin təəccüblə baxmağı artıq hər şeyi deyirdi. Dostlara söz vermişəm, növbət dəfə hamımız birlikdə gedib izləyəcəyik. Bu cür keyfiyyətli, düşündürən sənət əsəri üçün əməyi keçən hər kəsə təşəkkür edir, Mehriban Ələkbərzadənin isə ürəyindən öpürəm!

 





02.02.2019    çap et  çap et