525.Az

Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirildi


 

Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirildi <b style="color:red"></b>

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı keçirilib.

Trend-in Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, toplantıda Azərbaycan Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbərliyi, veteranlar, Azərbaycan Ordusunu təmsil edən gənclər, mətbuat və ictimaiyyət nümayəndələri iştirak edib.

Toplantı iştirakçılarının bir qrupu bir gün əvvəl Fəxri Xiyabana, birinci və ikinci Şəhidlər xiyabanınlarına gedərək müstəqil dövlətimizin qurucusu, ulu öndər Heydər Əliyevin abidəsini, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Toplantıdan öncə rəsmi qonaqlar “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Gənclərə qayğı Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir” və “Ordu gəncləri böyük qüvvədir” mövzularında foto sərgilərlə tanış olublar. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü müstəqil Azərbaycan Respublikası gənclərinin birinci formunun iştirakçısı, polkovnik Abdulla Qurbani qonaqlara sərgilər barədə ətraflı məlumat verib. Aprel zəfərinin qazanılmasında, həmçinin Naxçıvanın Günnüt və digər strateji yüksəkliklərinin azad olunmasında xüsusi xidmətləri olmuş hərbi qulluqçular rəsmi qonaqlara təqdim edilib.
Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.
Toplantıda dövlət gənclər siyasətinin bu gün respublikamızda geniş vüsət almasından bəhs edən video-çarx nümayiş etdirilib və ümummilli liderimiz Heydər Əliyevin, eləcə də dövlətimizin başçısı İlham Əliyevin gənclərə müraciətləri səsləndirilib.

Cəbhə bölgəsindən gəlmiş, toplantı iştirakçılarının seçimi ilə tədbiri idarə etmək həvalə edilmiş gənc zabit Orxan Rüstəmov qeyd edib ki, bir gün öncə Gənclər Günü münasibətilə keçirilən respublika toplantısında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin proqram əhəmiyyətli çıxışı hər bir Vətən əsgərinin də döyüş ruhunu, vətənpərvərlik hissini daha da artırıb. Bu toplantıdan bir gün sonra Ordu gənclərinin ümumrespublika toplantısının keçirilməsi heç də təsadüfi deyil. Biz buraya ona görə toplaşmışıq ki, bir daha möhtərəm Prezidentimizə, Vətənimizə, xalqımıza, dövlətimizə öz sədaqətimizi bəyan edək, qoy dostlarımız, eləcə də düşmənlərimiz bilsinlər ki, Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi–şöbə müdiri Fuad Ələsgərov tədbirdə çıxış edərək hərbçi gənclərimizi Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Gəncləri Gününün təsis edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə hələ 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1997-ci ildə isə ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzalayıb.

Gənclərə xüsusi qayğının Azərbaycan Prezidenti İlham Əliyevin də daim diqqət mərkəzində olduğunu qeyd edən Fuad Ələsgərov deyib ki, torpaqları hələ də işğal altında olan Azərbaycan üçün ordu quruculuğu ən vacib məsələlərdən biridir. Bu sahədə görülmüş işlərin nəticəsi olaraq bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin mayında aparılmış uğurlu əməliyyat Azərbaycan hərbçilərinin qəhrəmanlığını, Ordumuzun yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirib.
Toplantıda Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən döyüş və ictimai-siyasi hazırlıqda, aprel döyüşlərində və Naxçıvanda Günnüt kəndinin azad edilməsində, on bir min hektar ərazinin nəzarətə götürülməsində müstəsna xidmətləri olan ordu gənclərinin nümayəndələri: “Azərbaycan Bayrağı” ordenli gizir Tahir Misirxanov, “III dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş Mirdamət Bağıyev, Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Rasim İbrahimovun yolunu davam etdirən oğlu, kapitan Nizami İbrahimov, Günnüt uğrunda döyüşlərin fəal iştirakçısı, “İgidliyə görə” medalına layiq görülmüş Əlqəm Gözəlov, Mərkəzi Ordu İdman Klubunun taqım komandiri, Avropa və Dünya çempionu, Əməkdar idman ustası, “Tərəqqi” medallı leytenant Həsən Əliyev, Azərbaycan hərbi aviasiyasının pilotu kapitan Məzahir Səfərov, Hərbi Dəniz Qüvvələrinin zabiti baş leytenant Ariz Qəhrəmanov, Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı Tapdıq Mansurov və başqaları çıxış ediblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov çıxış edərək 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Ordusu gənclərini təbrik edib. Nazir qeyd edib ki, bu bayram təkcə hərbçi gənclərin deyil, ümumiyyətlə, bütün Azərbaycan gənclərinin bayramıdır.

Ordumuzun döyüş qabiliyyətindən, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olmasından söz açan Müdafiə naziri bildirib ki, Azərbaycan Ordusunun potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Müdafiə naziri bildirib ki, ölkəmizin son illərdə dinamik iqtisadi inkişafı və nəticə etibarilə ordumuzun güclənməsi ölkə başçısının fəaliyyətinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Müdafiə naziri deyib: “Azərbaycan Ordusunun hazırkı vəziyyətinə gəlincə, o tam döyüş qabiliyyətlidir. İstənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Orduda aparılan islahatlar onun əməliyyat, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə yeni şərait yaradıb. Ən əsası odur ki, ordunun döyüş qabiliyyətini təyin edən mütəxəssislərin 70 faizi gənclərdir.”

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Kənan Əzizov Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciəti toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Müraciətdə deyilir:

“Möhtərəm Prezident!

Cənab Ali Baş Komandan!

Biz, Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı iştirakçıları Sizi salamlayır, Azərbaycan xalqı və dövləti naminə yorulmaz fəaliyyətinizdə daha da böyük müvəffəqiyyətlər arzulayırıq.

Müstəqil Azərbaycan Respublikasının iqtisadi, siyasi , mədəni və ordu quruculuğu sahəsində son 15 ildə qazanılan uğur və nailiyyətlərdə, ölkəmizin nüfuzunun dünyada daha da artmasında Sizin gərgin əməyiniz durur, biz ordu gəncləri də bunu görür və yüksək dəyərləndiririk. Siz hər bir azərbaycanlının Prezidenti olmaqla, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirirsiniz. Ümummilli Liderimizin banisi olduğu dövlət gənclər siyasətində möhtərəm Prezidentimizin yeni bir mərhələnin başlanğıcını qoyduğu və gənclərə qayğını dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevirdiyi bizi də hədsiz sevindirir. Sizin rəhbərliyinizlə qəbul edilmiş Dövlət Proqramları, Azərbaycan gənclərinin inkişaf strategiyası və digər fərman və sərəncamların verdiyi imkanlardan Azərbaycan Ordusunun əsasını təşkil edən biz gənclər də bəhrələnirik. Ordumuzun qüdrətlənməsi, hərbi qulluqçuların xidmət şəraitinin daha da yaxşılaşdırılması, sosial problemlərimizin müsbət həlli, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə dünyanın heç bir ölkəsində rast gəlinməyən diqqət və qayğını Siz bizə göstərirsiniz. Bütün bunlara görə Vətən əsgəri Sizə minnətdardır!

Möhtərəm Prezident!

Müasir mütəşəkkil Ordumuzu yaratmaq ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. Bu Ordu isə Sizin ölkəni məharətlə idarə etmək, yüksək peşəkarlıq, sərkərdəlik məharətinizlə daha da güclənmiş, qüdrətlənmiş, istənilən döyüş əmrini, hücum əməliyyatı tapşırığını yerinə yetirməyə hər an hazır olan əsl güc strukturuna çevrilmişdir.

Biz Aprel zəfərini, Günnüt zəfərini Sizin rəhbərliyiniz, Ali Baş Komandanlığınız altında qazanmış və Azərbaycanın şanlı hərb tarixinə yazmışıq.

2 fevral Gənclər Günü münasibəti ilə Bakı Konqres Mərkəzində keçirilən Respublika toplantısında Sizin tarixi çıxışınızı biz Ordu gəncləri də diqqətlə izlədik. Yenə də Azərbaycan əsgərinin xidmətlərini yüksək qiymətləndirdiniz. Bizim tarixi qələbəmiz olan Aprel zəfərindən danışarkən qeyd etdiniz ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır.

Cənab Ali Baş Komandan!

Əmin ola bilərsiniz ki, biz həqiqətən Vətən uğrunda, torpaq uğrunda canımızdan keçməyə, işğal altında olan torpaqlarımızı azad etməyə, ərazi bütövlüyümüzü təmin etməyə hər an hazırıq. Hərbi paradlarda cüzi bir hissəsini nümayiş etdirdiyimiz ən müasir hərbi texnikalarımız, zenit-raket komplekslərimiz, artilleriya qurğularımız, aviasiya vasitələrimiz və ilk növbədə Azərbaycan əsgərinin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, peşəkarlığı, yüksək vətənpərvərlik hissi bunu deməyə imkan verir. Biz Sizin arzularınızı gerçəkləşdirəcək, rəhbərliyiniz altında işğaldan azad edəcəyimiz digər əzəli torpaqlarımızda da bayrağımızı dalğalandıracaq və həmin bayraqları Azadlıq meydanına gətirərək Qələbə paradında nümayiş etdirəcəyik.
Azərbaycan uğrunda hər bir əmrinizə hazırıq, cənab Ali Baş Komandan!

Hörmət və ehtiram hissi ilə, Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısı iştirakçıları”

***

Tədbir Azərbaycan incəsənət ustaları, eləcə də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin iştirakı ilə baş tutan konsert proqramı ilə davam edib.

Azərbaycan Ordusunun gənclərinin ümumrespublika toplantısı Ali Baş Komandana ünvanlanan “Zəfər marşı” ilə sona yetib.

 





03.02.2019    çap et  çap et