525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin "Facebook" statuslarından seçmələr


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin "Facebook" statuslarından seçmələr</b>

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”.

Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarını “fastfood” yeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı və razılaşmalıyıq!

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın və klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam! Axı dövr, zaman dəyişir və min illik ədəbi məhsulları barmaq boyda “yaddaş”a yerləşdirib özünlə daşıya bilərsənsə...

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən də qaçhaqaç həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevirib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır...

Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə ilki mən edim!? - deyə düşündüm. Beləcə, “Qələmsiz yazılanlar” kitabından daha bir hissəni “525”in oxucuları üçün hazırladım.

2019

***

Redaksiyaya gəlirdim, təsadüfən Rəşad Sadıqovla rastlaşdım. Sən demə, müsahibə üçün “Qol.az”a gəlibmiş. Görüşdüm və xatırladım, ona da xatırlatdım: 2009-cu il iyulun 23-ü, Ağdamın işğalı günündə “Qarabağ”ın Norveçin “Rusenborq” komandası ilə oyununu. Oyundan bir gün qabaq Aqil Abbasla birlikdə oyunçularla görüşmüşdük. Mən orada demişdim ki, sabah bütün stadion dolacaq, mənim adaşım Rəşad Sadıqov bir qol vuracaq və biz 1:0 udacağıq. Oyun günü də bunu qəzetlər yazmışdı. Dediyim kimi də oldu!!! Səhərisi gün “Yeni Müsavat” qəzetində Xalid Kazımlı “Samir Sarı” imzası ilə “Bir Rəşadın falı, bir Rəşadın qolu” adlı məqalə yazdı. O zamanlar məndən soruşmuşdular ki, bunu necə hiss etdiniz. Demişdim ki, son 15 ildə heç vaxt Allaha bu qədər səmimi qəlbdən, saf, təmənnasız yalvarmamışdım. Sonra Rəşad Sadıqov da müsahiblərində demişdi ki, topun qapıya girəcəyini mən də təxmin eləmirdim. Bu, nəsə başqa cür oldu.! “Rusenborq”un qapıçısı isə demişdi ki, o top qapıya girməməli idi, onu külək elədi!!! 10 il qabaq baş verən bu hadisədə mistik məqam indiyədək beynimdə yaşayır. Rəşadla görüşümüzdə bunları ona da dedim. Əlavə elədim ki, həmin gün - Ağdamın işğalının 16-cı ildönümündə sən o qolla yüzminlərlə insanı sevindirdin. Və bu qədər insanı sevindirmək, xoşbəxt etmək missiyası həyatda hər adama nəsib olmur. Məncə, bu, Tanrının Rəşad Sadıqova bəxş etdiyi bir lütf idi!

***

Deməli, AYB-də mənim otağımda “Azərsell” tutmur! Mən də zarafatla deyirəm ki, burda qədim yazıçıların - Əli Vəliyevin, Osman Sarıvəllinin, Hüseyn Abbaszadənin ruhu var, qoymur “Azərsell”in dalğaları içəri girsin! :)

***

Bura vaxtilə Respublika fizika-riyaziyyat təmayüllü 1 nömrəli orta internat məktəbi idi! 1979-1981-ci illərdə burda oxumuşam! Riyaziyyatı yaxşı bilirdim, amma ədəbiyyat üstün gəldi! Fizika lirikaya uduzdu?!  İndi litseydi. Təhsil Nazirliyinin təşəbbüsü ilə burda şagirdlərin, beynəlxalq olimpiadaya hazırlıq prosesi ilə tanış olduq. Dərs oxuduğum sinif otaqlarını gəzdim. Nostalji yaşadım!

***

Gələcək nəsillər qəzet köşklərinin şəkillərini görəndə təəccüblənəcək! Köşklərdə qəzet satırdılar ki?! Niyə?! Ağıllı telefonlar yox idi ki?!

***

Bu səhər göy üzü sarı, qırmızı, qara rənglərin qarışığına bürünmüşdü. Fotosunu çəkdim! Təkrar çəkmək fürsəti yoxdu! O ANıydı! Keçdi getdi!

***

Nəsimi ilində şairin bir beyti ağlıma gəldi:

“Dünya duracaq yer deyil, ey can, səfər eylə!
Aldanma anın felinə, andan həzər eylə!” 

2018 

Bu gün həyatımda ilk dəfə ADPU-da oldum! Düşündüm ki, el arasında “APİ”, “Pedaqoji”, “Tusi” adlandırılan ali təhsil ocağına heç vaxt yolum düşməyib, bəlkə marağımda olmayıb! Bura sadə kənd qızlarının müəllimlik oxuduğu məkan kimi qalıb ağlımda! :) Bu gün həmkarlarımla birgə xoş təəssüratlar və bolluca informasiya aldıq. AMEA-nın 10 prezidentindən 3 nəfəri buranın məzunu olub!

Əgər 5 il əvvəl 500-dən yuxarı bal toplayan abituriyentlərdən cəmi 5-10 nəfəri bu ali təhsil ocağını seçmişdisə, son qəbul ilində bu rəqəm 566 nəfərə çatıb! Bunu müəllimliyə marağın artması ilə izah etdilər. İnkişafın yolu kənd məktəblərindəki müəllimlərin səviyyəsindən keçir. Yaşasın müəllim olmaq istəyən sadə kənd qızları! :)

***

“Könül ən yakınındakından qırılır” - deyir konuşmaçı Nejdet Ünüvar...

***

Bu gün qatarın pəncərəsindən görünən bu Bakını 25 il öncə heç kim xəyal bələ edə bilməzdi!

***

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Qırğızıstan xərçəng xəstəliyinin ən az müşahidə olunduğu ölkələrdəndi! Havası tərtəmiz, ərzağı təbii, saf, insanları harınlıqdan uzaq, istirahət məkanları sadə, dəbdəbəsiz... Heç əsəbə, stressə də səbəb yoxdu! Qızları da ki, ay parçası! :)

***

Saytını göstər kim olduğunu deyim!

***

Bəzən qeyri-ciddiyə varan Lüğət diskussiyaları bir lətifəvari əhvalatı yadıma saldı! Deməli, 90-cı illərdə qarlı havada xanəndələr - rəhmətlik Yaqub Məmmədov və Süleyman Abdullayev metroya minəsi olurlar! Yaqub müəllim stansiyanın adını oxuyur: “Əsəmi”. Yandakı gənc qızdan soruşur:

- Əsəmi nədi, a bala?

- Əmi, Əsəmi yox e, Əcəmi! Təzə əlifbaya keçmişik də! “S” olub “C”!

- Hə?! “S” “C” olub?! Onda Süleyman da oldu Cüleyman?! :)

2017 

Deyir (Türkiyə filmində), bu da bizim millətə xas bir şey: mutlu olmaqdan qorxarız!!!

***

“Çelsi”nin də gücü elə “Qarabağ”a çatırdı!.. 

2016

Feysbuk sirr qoymadı heç kimdə... Statuslar, şəkillər, şərhlər də dil açıb bilinməyən sirləri faş edir.  

2015

Bu yeni mediada meydan sulamağa nə var ki?! Yazıları planlaşdırmırsan, redaktə, korrektə etmirsən, səhifələrə yerləşdirmirsən, nəşriyyata aparmırsan, çapına göz-qulaq olmursan, yayımına diqqət etmirsən!.. Elə saatda bir sərsəm fikir, fantaziya uydur qoy sayta, oxucular razı qalsın. :)

2014

İstəyirəm, bu Monika Belluçini dostluqdan siləm!.. Yaman çox və ehtiraslı şəkillər paylaşır. :) 

2012

Tarixin heç bir dönəmində bu qədər çox yazmayıblar! İndi hamı - siyasətçidən məktəbliyə qədər dayanmadan hər şey - sms, status, şərh, köşə, şeir, hekayə, roman... yazır. Bəs niyə oxumağa bir şey tapılmır?

2011

Kondisioner orucu batil eləmir ki, görən?

 





04.02.2019    çap et  çap et