525.Az

Nəsiminin Gəncədə qorunan yadigarı - Video


 

25 İL ƏVVƏL ŞAİRİN NƏSLİNİN NÜMAYƏNDƏLƏRİ ONUN HƏLƏBDƏKİ TÜRBƏSİNİN QƏDİM KİLİDİNİ GƏNCƏLİ BİR SƏYYAHA BAĞIŞLAYIBLAR

Nəsiminin Gəncədə qorunan yadigarı - <b style="color:red">Video </b>

Azərbaycanlıların yeni ili böyük bir ism ilə şərəfləndi. Dövlət başçımız 2019-cu ili hər birimizin qəlbində hər an qürur hissi doğuran Nəsiminin doğumunun 650 illiyi ilə bağladı. Biz azərbaycanlılar üçün bu, həm də Nəsiminin zamanları aşaraq, neçə-neçə nəslin mənəvi dünyasına hopmuş böyük bəşəri dəyərlərin daşıyıcıları olduğumuzu unutmamağa bir çağırışdır!

“Nəsimi ili”ndə ruhumuzun bu böyük şəxsin söz və fikir enerjisi ilə bir daha təzələnəcəyinə, eləcə də onun dünyanın od tutub yanan bölgəsində - Suriyanın Hələb şəhərindəki məzarının haləti və aqibəti haqda Söz Sahibi olacağımıza böyük ümidlər var.

Məzarı Vətəndən uzaqda olsa da, bu böyük zəka sahibimizin xatirəsi Azərbaycanın hər bir guşəsində yaşayan insanların ürəyində qərar tutub. Bu xüsusda, Nəsimi ilə bağlı Gəncədə saxlanılan bir yadigardan söhbət açmağı da müvafiq saydıq. Söhbət Nəsiminin Hələbdəki türbəsinin darvazasını neçə yüzilliklər ərzində açıb-bağlamış və 25 il əvvəl gəncəli bir səyyah tərəfindən bu şəhərə gətirilmiş dəmir kilid haqdadır.

Hazırda 59 yaşı olan gəncəli Əlişir Azəri (Əhmədov) nadir bir məslək sahibliyini - səyyahlığı boynuna götürərək, hələ cavan ikən iki dəfə böyük səyahətə çıxıb. Ali təhsilli gənc Əlişir günlərin bir günü Nizami Gəncəvinin “Xəmsə”sinin cazibəsinə düşərək, bu böyük mütəfəkkirimizin Dünyaya çatdırmaq istədiyi mətləbləri mümkün qədər daha çox insana anlatmaq missiyasını da daşımaq qərarına gəlib. 1989-1991-ci illər ərzində Nizami Gəncəvinin 850 illik yubileyi münasibətilə keçmiş SSRİ-nin böyük bir hissəsini sözün əsl mənasında dərviş kimi payi-piyada gəzərək, dahi şairimizin irsini Pribaltikadan tutmuş, Orta Asiya, Sibir, Uzaq Şərqədək təbliğ edib. Əlişir Azəri öz səyahətlərindən neçə-neçə cildlik xatirələr yazıb və “Nizami nurlu səyahət” adı altında nəşr etdirib.

İkinci səyahətini isə o, böyük Füzulinin 500 illik yubileyinə həsr edib - 1994-cü ildə Yaxın Şərq ölkələrini gəzib. Həmin səyahət vaxtı Hələbdə də olub, Nəsiminin türbəsini ziyarət edib, böyük şairimizin törəmələri ilə təmas qurub.

Böyük Azərbaycan şairi və filosofu Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsiminin (1369-1417) Suriyanın Hələb şəhərindəki məzarı sarıdan hər bir azərbaycanlı kimi dərin nigaranlıq keçirən səyyah həmin məkanın 25 il öncəki ziyarəti xatirələrini bölüşür.

O danışır ki, Nəsiminin məzarı tarixi bir yerdə, Hələb Qalasının yaxınlığında yerləşir. Burda Nəsiminin adına məscid də var. Əlişir Hələbdə olduğu vaxt elə bir neçə gün həmin məsciddə gecələyib. O, Hələbdə Nəsiminin nəslinin nümayəndələri ilə tanış olub, onlara yaxın bir adama çevrilib, onların qonağı olub. Nəsimilər ailəsi gəncəli səyyahı şərəfli tutaraq, ona şairin türbəsinin qapısının qədim kilidini bağışlayıblar.

“Nəsimilər ailəsinin üzvləri məni evlərinə qonaq apardılar. Onlar hamısı bizim dilin şirin, hətta deyərdim, poetik bir ləhcəsi ilə danışırdılar. Mən də onlara Azərbaycanda hər kəsin Nəsimini nə qədər sevdiyindən, böyük şairə həsr olunmuş musiqi, rəsm və ekran əsəsrlərindən qürurla danışırdım. Həmçinin, mənim bir səyyah kimi, bir neçə il əvvəl Nizami Gəncəvinin təbliği ilə Avrasiya məkanına uzun səyahətimin əhvalatlarını da maraqla dinləyirdilər. Sonra gördüm ki, nə isə öz aralarında məsləhətləşir, pıçıldaşırlar… Sən demə, mənə böyük şərəf verərək, məni bu məqama layiq bilərək, Nəsiminin türbəsinin evlərində saxladıqları köhnə kilidini bağışlayacaqdılar. Onlar izah etdilər ki, bu kilidin bir neçə yüz il yaşı var. Kilid hələ türbənin qapısı taxtadan olarkən onun üstündəymiş. İndi isə qapı metaldandır və kilid də yenisi ilə əvəzlənib” - deyə Ə.Azəri xoş xatirələrə meydan verir.

Amma dəyərli ərməğanlar təkcə kilidlə bitməyib. Əlişir bir neçə kağız vərəqdə həkk olunmuş Nəsimilərin nəsəb şəcərəsini də nümayiş etdirir.

“Bu, mənimçün əvəzsiz bir sərvətdir. Onlar mənə tərtib etdikləri “Nəsimilərin şəcərə ağacı”nın təsvirinin bir nüsxəsini də hədiyyə etdilər. Maraqlıdır ki, bu nəslin nümayəndələrinin, istər keçmiş, istər də indiki nümayəndələrinin hamısının tam ad-soyadının axırı “İmadəddin Nəsimi” ifadəsi ilə qurtarır. Belə nəticəyə gəlmək olar ki, “İmadəddin Nəsimi” bir növ, soy ad, familiyadır. Daha doğrusu, lap qədimdə onların soyadı “İmadəddin” olub, böyük şairin təxəllüsü isə sonralar bu nəslin adının axırına əlavə edilib. Doğrudan da şairin adı Seyid Əlidir, atasının adı Seyid Məhəmməddir. Tam şəkildə isə Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin, təxəllüsü isə Nəsimidir” - deyə, Ə.Azəri maraqlı mülahizələr söyləyir.

Səyyah fikirlərinin təsdiqi üçün öz dəftərçəsindəki qeydləri də göstərir. 25 il əvvəl həmin qonaqlıqda iştirak edənlər Əlişirin dəftərçəsinə öz adlarını yazaraq, imzalarını qoyublar. “Avtoqraf”ların hamısı da “İmadəddin Nəsimi” soyadı ilə bitir.

Səyyah Əlişir söyləyir ki, Azərbaycandan apardığı bir qətrə torpağı Nəsiminin qohumlarına bağışlayarkən, onlar göz yaşlarını saxlaya bilməyiblər.

“Bir yaylığa bükdüyüm torpağı onlara verib, babalarının yurdundan, Azərbaycandan gətirdiyimi söylədim. Onlar bir-bir torpağı öpərək, gözlərinə qoyur, “yaşa, yaşa canımız-gözümüz Azərbaycan” deyərək, qəhərlənirdilər” - deyə, səyyah yada salır.

Bir Nizami sevdalısı, Füzuli heyranı, Nəsimi bilicisi kimi səyyah Əlişir içində yaşadığımız ilin “Nəsimi ili” elan edilməsinə hədsiz sevindiyini və xüsusən bu il xalqımızın bu böyük övladının öz dövrünü əsrlərlə qabaqlamış ümumbəşəri fəlsəfəsinin mahiyyətini bir daha bütün dünyaya bəyan ediləcəyinə əmin olduğunu da qeyd etdi.

Həqiqətən də əsərləri ilə insanı ən uca məqamlara səsləyən, onu yaradılışın mükəmməl timsalı görmək istəyən, bu il anadan olmasından 650 il keçən Nəsiminin  dünyanın xilasının yalnız mənəvi yüksəlişdən keçməsi fəlsəfəsi bu fani dünyada hər zaman aktualdır.

Gəncə

 





04.02.2019    çap et  çap et