525.Az

Vaqif Bəhmənli poeziyası: sözün və səsin rəng çalarları


 

Vaqif Bəhmənli poeziyası: sözün və səsin rəng çalarları<b style="color:red"></b>

Çağdaş poeziyamızın görkəmli nümayəndəsi Vaqif Bəhmənlinin son bir ayda iki şeirlər kitabı nəşr edilib. Bunlardan biri keçən ilin son, biri isə bu ilin ilk ayına təsadüf edib.

Bu kitablardan biri Azərbaycanda (“Qansız savaş”. Ən yeni şeir. Bakı, “Renessans-A” Nəşriyyat Evi, 2019, 400 səh.), biri isə Türkiyədə (“Hüzünlü misralar”. Seçilmiş şiirler. Ankara, Bengü, 2018, 234 səh.) işıq üzü görüb. Hər iki kitabı şairin son dövr poetik düşüncə və obrazlar aləminin zənginliyinin, müxtəlifliyinin bir faktı kimi mənalandırmaq mümkündür.

Vaqif Bəhmənli çağdaş Azərbaycanın o şairlərindəndir ki, oxucusu ilə görüşə həmişə yeni şeirlərlə gəlir, bu, şair ilə oxucu arasında ən etibarlı və səmimi körpüdür. “Qansız savaş” kitabında da son beş ilin şeirləri toplanıb. Bu mənada toplunu şairin son yaradıcılıq uğurları da hesab etmək olar. Bu isə o deməkdir ki, şair poetik məkanda böyük bir təkamül yolu keçib; poeziyası fikir, düşüncə, obrazlar, dil, üslub faktoru baxımından yeniləşib, dəyişib və ən üst səviyyəyə çatıb. Kitabın tərtib prinsipində (Proloq, Epiloq, ayrı-ayrı qatlara (beş qata) və qatlararası “Bəndübənd”ə bölünməsi) də bu yeniliyi görürük. Şairin oxucusu ilə ikinci bağlı təqdim etdiyi şeirlərin bütün poetik parametrləri, obrazları, dil və üslub faktoru ilə yeni olmasıdır.

V.Bəhmənlinin yeni şeirlərində obrazlar başlıca yer tutur; şair poetik obrazlarla düşünür və yaratdığı orijinal obrazlarla poeziyasına yeni çalarlar qatır. Bu obrazlar həyatın hər hansı bir məqamını, fəlsəfi düşüncəsini, həyati dünyagörüşünü əks etdirir. Kitabın birinci qatına daxil olan “Vaqifin nağılı”, “Dəqiq təvəllüd”, “Qocalmayan uşaq”, “Qəribə hal”, “Xatirat”, “Mən hamını sevirəm”, “Mən və yol”, “Ad günü” və başqa şeirlərində öz obrazını yaradır. Oxucu burada iki Vaqif görür; biri uşaqlıqdakı nağıllaşmış, daim gələcəyə boylanan Vaqif, digəri isə bugünündən uşaqlığına baxan və həmişə onun həsrətini çəkən Vaqif. Haradasa altmış illik bir zaman məsafəsi Vaqifin tərcümeyi-halında poetikləşir. Həyat və yaşam tərzinə fəlsəfi məna verən şair Göy üzünün xətrinə dünyaya gəlişini belə mənalandırır:

... dar divarlar
sıxdı məni, Göyü üzü!
Təpiklədim dar divarı,
o dünyada bu dünyanı,
bu dünyada o dünyanı
görüb çıxdım, Göy üzü!

Vaqif Bəhmənli şeirləri bütöv bir bədii mətni xatırladır; sanki bu şeirlər bir bütündür. Obrazlı fikrin stenoqrafik tərtibi şairin özünəmxsus poetik sistemini təşkil edir. Hər şeir bir bədii mətn olaraq bu poetik sistemi bütövləşdirir; misraların poetik üslubi vəhdəti müəyyən bir kontrast effekti yaradır. Bu mənada “Birinci qat”da toplanan şeirləri yeni tipli poema da adlandırmaq olar. Bu poemanın baş qəhrəmanı şair özü və onu əhatə edən insanlardır. Bəhmənliyə himn həsr edir, taleyindən keçən insanların - Anası, qardaşı Yadigar, həyat yoldaşı Rəhilə, övladları, nəvələrinin obrazları ilə tanış oluruq. Bu insanların bəzən adı çəkilir, onların Vaqif həyatının hansısa parçasındakı rolu, taleyi göstərilir. Burada iki Vaqifi, onun yaddaşında heç zaman qocalmayan uşaqlığını görürük. Elə bir uşaqlıq ki, heç zaman “özünü böyüdə bilməmiş”, “ölümə də sevgiylə baxmış”, “kim hara buyurursa” sanki “hamının qulu” kimi oraya getmişdir. Şeirin bədii məntiqi altmış yaşlı uşağı indiyədək Allah saxladığını diktə edir. Şair bu şeirlərində ömürlüyünün ən incə, çətin, ziqzaqlı məqamlarını anladır, oxucudan gizli heç nə qalmır. Bütün bunlar fərdi üslubla tənzim olunur; poetik dil, yeni fikir və ifadə modelləri aparıcı olur. İstənilən bir şeirdə poetik detallar, kəşflər, deyimlərlə qarşılaşırıq. Burada hər şey görümlüdür: “Bəsdir daha yaşadım ağac-uğac ağlıyla”, “Könlüm azad çöldü, kirayə bilməz”, “Badımcandı qapımızın zəncisi”, “Araz qəm ağacıdı, meyvəsi sulu, acıdı”, “Əcnəbi dildədi, dinclik və kölgə-Zəhmətin dilini bilirəm əzbər”, “Necə doğulmuşam, Allahım bilir, amma bilirmi ki, mən necə öldüm” və digərləri.

Fərqli baxışlar, düşüncələr, poetik qənaətlər, həyati detallar bu şeirlərdə şair ömürlüyünü poetikləşdirir, tarixləşdirir. Lakin bu sadəcə bir həyatın xronikası deyil, yaşanan həyatın fəlsəfi, psixoloji qavramlarıdır. Həyatın hər üzünün ziddiyyətləri, metamorfozası V.Bəhmənli poeziyasında yenidən dərk olunur:

Hər kəs məni xoşbəxt bilir!
Xoşbəxtəm, əlbəttə,
çünki heç bir kimsənin
mənim qədər dərdi yoxdu.

               ... Hamı məni bədbəxt bilir!
Bədbəxtəm, əlbəttə,
çünki heç bir kimsənin
mənim qədər 
                xoşbəxtliyi yoxdu...

Burada fikrin gözəlliyini dilin səlisliyi, aydınlığı, zənginliyi müşayiət edir və bunun da nəticəsində poetik bir sistem yaranmış olur. Dilin canlılığı, qrammatik elastikliyi fikrin ifadə enerjisini artırır.

V.Bəhmənli poeziyasında poetik funksiya aparıcıdır; əslində, elə poeziya bu funksiyaların başqa komponentlər üzərində üstünlük qazanması hesabına başa gəlir. Onun şeirlərində poetik semantika, struktur funksiyaların formalaşmasında dominant rola malik olur. Poetik çoxmənalılıq, ekspressivlik, kontekstdən asılı olmamaq, linqvipoetik axıcılıq və başqa cəhətlər şeirlərin yükünü artırır, onu bədii mətnə çevirir. Bu cür bədii mətnlər poetik yüklü olduğundan effektiv səciyyə daşıyır. “Qəfil ölüm” şeirində olduğu kimi:

Mənə başsağlığı verin, a dostlar,
Cismim külə döndü,
                               bu gecə öldüm.
İçimi buz tutdu, ayağımı qar,
Necə lazım idi,
                               eləcə öldüm!
Qəfil çiçəkləndi çinim içimdə;
Tüstü kimi uçdu cinim içimdə-
Terror törətdilər mənim içimdə-
o yalan sözdü ki, gizlicə öldüm.

Vaqif Bəhmənli bədii mətnlərində hadisəni, fikri, hissi daha effektli, ekspressiv şəkildə təqdim edir; söz, ifadə, misra düzümlərində müəyyən semantik və sintaktik bölgülər yaradır. İlk baxışdan bu misralarda, bölgülərdə qulağa qeyri-yatımlılıq da hiss olunur, lakin diqqətlə baxdıqda fikrin hərəkətinin xronikasının fərdiliyini görməyə bilmirsən. Poetik xronikada fikir əyaniləşir, detallaşır, görümlüləşir. “Azərbaycansayağı ayrılıq”, “Ağacın dərdi”, “Nidalı qoşma”, “Qoca və ocaq”, “İndiki oğlanlar, indiki qızlar” və digər şeirlərində fikrin hərəkətinin əyaniliyi aydın görünür. Vaqif Səmədoğluya həsr etdiyi “Adaş” elegiyasında epik təsvirlə poetik təsvir birləşərək ağı formasında ifadə olunur. Şairin son günlərinə ayrı-ayrı fraqmentlərlə nəzər salır və 75 illik yubiley gecəsindəki ovqatını detallaşdırır. “Azdrama”da təntənəli yubiley axşamında “ikibaşlı düyünlü can qantelini dünyanın ən yüngül daşı kimi aparan” şairin bu ovqatı onda yaratdığı təzadlarla göstərilir:

Beşmərtəbəylə üzbəüz
Füzuli meydanının tuşunda
“Azdrama”nın ağuşunda
Altı yüz qadın, kişini
Səmədoğlu azarına
yoluxmuş gördüm,
Dünyada xərçəng adında
Cəfəngiyyat yoxmuş gördüm...
Halbuki bu,
yatsam yuxuma da girməzdi!

Vaqif Bəhmənli şeirlərinin bir özəlliyini də xüsusi qeyd etməyi vacib bilirəm; o da poeziyasının orijinal ritm və ahəngə malik olmasıdır. Onun şeirlərinin ayrı bir ahəngi, musiqisi var. Şeirlərinin heç birində axıradək bir ritm, ahəng izlənilmir, yaxud şeirdən-şeirə təkrar olunmur. Bu da hər bir şeirin taleyinin olmasından xəbər verir. Bu xüsusiyyət həm də şeirlərin yaşam həyatıdır. Bu ritm və ahəng onun şeirinin vəznini də orijinallaşdırır. Yəni V.Bəhmənli şeirlərini vəzn baxımından təhlil etməli olsaq, burada heca ilə sərbəstin qarışığını görərik. Ayrıca sərbəstdə, yaxud hecada şeirləri var; bu öz yerində, lakin elə şeirləri də var ki, burada vəzn qarışıqdır. Bu da şairin poetik üslubunu müəyyənləşdirən amil kimi çıxış edir. Bu cür poetik mətnlərində ritmik qruplaşmalar şeirin ahəngini tənzimləyir, ayrı-ayrı ritm vahidləri bədii mətndə sərbəst hərəkət edərək bir qrup yaradır ki, bu sərbəstlik, yaxud muxtariyyət şeirdə ahəngi başqa bir istiqamətə dəyişir. Davamlı səs, ahəng ayrılıqları ümumilikdə şeirin təşkili prosesində poetik düşüncənin yerini və mövqeyini bəlirləyir, emosionallığını artırır. “Eşqin şəkilləri”, “Yoxluğun var olmağı”, “Hüceyrə”, “Olacaqlar”, “Tanrı məndə qalır”, “Sevgi sualları”, “Dəli rəssam”, “İndiki oğlanlar, indiki qızlar” və başqa şeirlərinin təşkilində müxtəlif ahəngli söz və ifadə modelləri iştirak edir. “Həyat nədir” şeirinin təşkilində söz və misra faktlarının tez-tez dəyişməsi fikrin fəlsəfi çalarlarının əks etdirilməsini şərtləndirir. Yaxud “Dəli rəssam” şeirində bəndlərarası ahəng axıradək izlənilmir, müxtəlif variasiyalarda davam edir:

Yaradana Tanrı vəkil...
cəhənnəmi cənnət eyləyən biri var,
onu təsvir etmək istəyirəm...
Mümkünsə, azca kənara çəkil,
fırçanı bəri ver, Bəhlulzadə Səttar!
Leylilər naturadı həmişə,
Yoxdan varın rəsmini çəkən
Məcnunlar da həmişə var...
Fırçanı rica etdim...
dərd özü sevdi ruhumu, bax...
Bəhlulzadə Səttar, bu yerdə məni
fırçayla təkbətək burax!

Vaqif Bəhmənlinin şeirləri forma cəhətdən də zəngindir; bayatı, qoşma, gəraylı formasından tez-tez istifadə edir. Lakin bu klassik bayatı, gəraylı və qoşmadan texniki cəhətdən fərqlənir. Yaxud “Öz-özündən qafiyələr” silsiləsi tamamilə yeni bir formadır. İki sətirdə poetik fikrin açılımı baş verir: “Sözlərin...eşitmədiyim! Gözlərin... içində itmədiyim! Dillərin...dadmadığım! Yanaqların...toxunmadığım!” Əslində, “öz-özündən yaranmış” bu qafiyələrdə sevginin yeni ifadə dili qullanmışdır.

Şairin işlətdiyi yeni formalardan biri də dördlüklərə uyğun gələn parçalardır. Şair bu formalardan geniş istifadə edir. Lakin onu dördlük deyil, “bəndübənd” adlandırır. Şairin yenilikçiliyi yalnız bu formanın adında deyil, həm də məzmunundadır. Bu şeirləri strukturuna görə rübai, yaxud bayatıya da bənzətmək olar. Lakin onun məzmununda fəlsəfi düşüncə ilə yanaşı, bir istehza, ironiya da var; ömürlüyü ilə bağlı hər hansı bir hadisədən çıxan nəticənin poetik qənaətləri kimi səslənir. Şair bu şeirlərə ad da qoyur. Bu şeirlər hecada da, sərbəstdə də ola bilir. Əsas xüsusiyyətlərindən biri də hökmən dörd sətirdən ibarət olmamasıdır; bəzən iki, bəzən dörd, bəzən isə daha çox misradan ibarət olur. “Altmış yaşıma”, “Axır”, “Son hədd”, “Ovqat”, “Əmanət”, “Bacı bayatısı” və digər bəndübəndləri hər hansı bir əhvali-ruhiyyənin poetik qənaətləridir.

Vaqif Bəhmənlinin Türkiyədə dərc edilən “Hüzünlü misralar” kitabı oxucularının coğrafi hüdudlarını bir qədər də genişləndirir. Bu şairin Türkiyədə dərc edilən ilk şeirlər kitabıdır. İnanırıq ki, şairin poetik universallığı, bədii nitqinin söz və rəng çalarlarının zənginliyi, intonasiya polifonizmi Türkiyə türklərinin duyğu və düşüncələrinə yeni bir hava gətirəcək.

 





04.02.2019    çap et  çap et