525.Az

Bakı, caz və düşüncələr - Rəvan Cavid yazır


 

Bakı, caz və düşüncələr - <b style="color:red">Rəvan Cavid yazır </b>

Küləklər şəhərinin tarixi, lap qədim tarixi həmişə mənə maraqlı gəlib. Elə bir tarix ki, onda adamlar hələ təzə-təzə küləyə, dənizə, qağayılara ad verirlərmiş. Bax bir də o yaşlarında tanımaq istəyirəm Bakını.

Mənim gördüyüm ən qədim liman şəklində iki tacir və taxta gəmi var idi. Qədim Bakı mənim üçün o gəmidən ibarət oldu. Nə “Qız qalası”, nə də Badü-Kubə ifadəsi o gəmini mənim düşüncəmdəki şəkildən çıxara bildi. Sirli bir keçmişi var bu şəhərin, bilirəm. Mənə elə gəlir, dənizin altından çıxıb bu şəhər. Bütün divarları mavi olub. Qumu səma rəngində imiş. Adamları balığa oxşayıb. Öz təsəvvürlərim var Bakı haqqında. Nə əzan, nə muğam, nə qavaldaşın səsi, nə də dənizlə küləyin dueti məni öz təsəvvürlərimdən ayırır. Bircə caz Bakını şəhər kimi düşünməyimə kömək edir. Bircə Vaqif Mustafazadə mənə Bakı haqqında həqiqi nağıl danışa bilir. Onun barmaqlarının ucunda milyon illərin Bakısı sərgilənir, həm də ağ-qara. Fondakı saksofon şərq tütəyinin sürreal formasıdı, elə düşünürəm. Bakını pianodan və saksafondan ibarət hiss edəndə gülümsəyib bu şəhərin uçmadığı və dənizin altından çıxmadığı həqiqətilə barışıram.

“Düşüncə”

Bakını, Şərqlə Qərbin acıqlı iki öküz kimi burun-buruna dayandığı bu şəhəri onunla bərabər addımlamaq gözəldi. Şərqlə Qərbin adını təsadüfi çəkmədim. Onun məhz bu musiqisində qumlu səhrada ağır-ağır addımlayan dəvələri və başında “silindr” olan avropalının maşınına minməsini izləyirik. Ya da bu musiqidə elə notlar var ki, onu yalnız Bakıda - içindən dəvələr və avtomobillər keçmiş şəhərdə eşitmək olur. Bakının bütün küçələri var bu bəstədə. Hər kəs yığılıb “Düşüncə”mizin içinə elə bil. Milli cazın ən dəyərli nümunəsidir buna görə də. Hamılıqla iştirak edirik. Vaqif Mustafazadə və bakılı olmaq olmaq arasında qalan görkəmli bəstəkarın tərəddüdüdür “Düşüncə”. Mənim təxəyyülümdəki o mavi şəhər birdən-birə itir və yerini yorğun boz rəng alır. Bu rəngin içində artıq “Şirvanşahlar” da var, “Qız qalası” da, “İsmaliyyə” də. Bakı öz donunu geyinir. Nağıllardan çıxıb Xəzərin sahilinə gəlir Bakımız. Və hər şey Mustafazadənin barmaqlarının piano dillərinə toxunmağı ilə başlayır. Bakının tarixi, bəli, məhz öz tarixi bu adamın ifalarında yenidən, yorulmadan təkrarlanır. Ona əbəs yerə  “Azərbaycan cazının memarı” demirlər. O, təkcə cazı yaratmaqla öz memarlığını sübut etməyib, həm də cazın notları arasına Şərqin ən gözəl şəhərini yenidən inşa etdiyinə görə bu adı alıb. Arxadakı ritm cazın ahəngini pozmadan bəstəkarın Qobustan sevdasını da öz səsi ilə gətirir. Milliliyi qoruyub saxlayan adam. Öz kimliyindən çıxa bilməyən və bunu ustalıqla yaradıcılığa çevirən adam.

“Bakı gecələri”

“Dağüstü park”dan şəhərimin hündür, gecələr üzərində işıqlar yarışan şüşəli binaları da, asfalt yolları da, dənizi də, İçərişəhəri də görünür. Kimin əfsanəsi olub bu şəhər? Kimsə yaxşı uydurub Bakını. Hələ min il sonra da bura qərarsız qalacaq. Və onun bu qərarsızlığı hər addımda ən gözəl əsərlərə ilham olacaq. Bakı müsəlman şərqinin mədəniyyət beşiyi olub. Musiqidə xüsusən. İlk opera, ilk balet, ilk qadın bəstəkar, ilk üvertura və yüzlərlə ilk. Avropa Bakıda İslama və orta və yaxın Şərqə qarışır. Dünyanın ən sekulyar müsəlman şəhəridir. Bu sekulyarlığı bir nəfər öz musiqilərinə daşıyıb. Yorulmayıb. Milyon illərin yükünü çiyninə atıb yeddi nota bölüb.

Bakı gecələri hər kəsin ağlında qalacaq füsunkarlığa malikdir. Bunu şişirtmədən deyirəm. Taksidə radiodan Vaqif Mustafazadənin “Bakı gecələri” ifasını dinləyib Bakıya vurulmamaq olmur. Sevgili olursan şəhərlə. Əzizləmək istəyirsən. Xətrinə dəyən küləkləri dənizə verib bircə gecəlik rahat uyutmaq istəyirsən bu yorğun şəhəri. Melanxolikliyini tarixə bağışlayın bu mətnin.  

Nə qədər gözəlliyindən, şərqindən, qərbindən danışsaq da, tarixindəki ağır yaralar gözümüz önündə eləcə dayanır. Musiqidəki pauzalar da o təqvimlərdir. Nağara səsi Vaqifin vətənindən Avropaya ayaq basan özünəməxsusluqdu. Caz nə muğamla, nə Şərq musiqisi ilə bu qədər gözəl olmuşdu.

“Fantaziya”

Bu əsər onun şah əsəridi bəlkə. Bəlkəsiz. Bu ifanı dünya eşitməli və tanımalıdır. Bədəni yırğalanan, özünü notlara çatdıran, səbirsizliklə, eyni zamanda, harmonik ifa edən bəstəkarın bütün ruhu var bu bəstədə. Bakı Vaqif Mustafazadənin yeganə bu ifasında mənim düşündüyüm şəklə bürünür. Uçan xalça üzərində, mavi rəngdə. Sehirlidi. Nə isə var bizim bilmədiyimiz, şəhərin bizdən gizlətdiyi. Elə bil qaladan atılan qız heç dənizə düşməyib, uçub gedib. Ümidlidi. “Fantaziya” ümidvericidi.  Sürrealdı. Xilas olmaq istəyən adam var o ifada. Nədən, kimdən, bilmirik. Qaçır. Amma getdiyi yer eynidi. Musiqinin sonunda yox olur adam. Bitməsini arzuladığımız keçmiş kimi. Vaqif Mustafazadənin “Fantaziya”sı Bakının unutmaq istədiyi keçmişidir. O, özü bunu etiraf etməsə də. Mən bilirəm. Mənim şəhərimin unutmaq istədiyi tarixləri var. Bəlkə özünün əlində olsa idi qələm, daha maraqlı nələrsə cızma-qara edərdi Bakı.

“Yollar”

Görəsən, nə qədər yaxşı tanıyıb şəhəri? Həmişə yazıçıların öz şəhərlərinə, bəstəkarların öz evlərinə, rəssamların öz ölkələrinə xüsusi bir bağlılıqlarının olmasını düşünmüşəm. Nə qədər çox gəzsələr də, nə qədər çox adam tanısalar da, yenə eyni yerə qayıdıb dünyanı o balaca şəhərdə, o balaca küçədə, o balaca otaqda yaşayırlar. Hər kəsi oradan görür, hər şeyə oradan baxırlar. Vaqif isə yolları elə tanıyıb. İçərişəhərdə onu itirmək asan olub yəqin. Ya da sahildə təkbaşına gəzəndə gözlərini yumub pianosunun arxasına keçib elə bu bəstəni işləyib. Onun da dünyası mənə maraqlıdır.

Vaqif Mustafazadə 39 ilə Qərbdən Şərqə, Şərqdən Qərbə uzun bir yolu keçə bildi. Amerika cazını yolun başından götürüb Azərbaycan muğamına qədər gətirdi. “Yollar”ı dinlədikcə bunları düşünmədən belə fərqinə varırsan ki, necə böyük bir sənətkarın şəhərindəsən.

Musiqi bütün hallarda sehirlidi. Əgər o, Bakıda yaranıbsa, onun daha müqəddəs sehri, aliliyi özünü göstərir. Mədəniyyət bu yerlərə xasdır. Buralardan başladı hər şey, buralarda da davam edir. İncəsənət dünyanı xilas edəndən sonra elə buralarda da qeyb olacaq. Buralarda - Vaqifin doğulduğu və yaratdığı şəhərdə.

 





04.02.2019    çap et  çap et