525.Az

Düşünən və düşündürən rejissor


 

ƏMƏKDAR ARTİST MƏRDAN FEYZULLAYEVİ XATIRLAYARKƏN

Düşünən və düşündürən rejissor<b style="color:red"></b>

Bizim doğulduğumuz və boya-başa çatdığımız Kiş kəndi adamı düşündürəcək qəribəliklərlə dolu bir kənddir. Onun Yanıxlar, Salayşağı, Bədələr, Tatarşağı, Duluzlar, Layişlər, Vələmmədlər kimi məhəllələri ilə yanaşı, Doxun, Cour, Maflar, Gavan, Doduşağı kimi anlaşılması baxımından adamı düşünməyə vadar edən məhəllələri də var.

Ondakı Ərşpirim Baba, Cumay Ocağı, Pir Qaya kimi müqəddəs yerlər də bir yandan. Kiş qalası, Kiş məbədi, Gələrsən-görərsən qalası da bir üstəlik. Muğay, Şubay, Mavıd və sair kimi şəxs adları da həmçinin. Kəndin görünüşü və coğrafi qəribəlikləri də göz qabağındadır.

Kəndimizin adamları adları dillərinə yatan tərzdə deməyi sevirlər. Hələ də dünya şöhrətli kardioloq Teyyub Əfəndiyevə Deyif dayı, filosof  Fərrux Yusifova Fərrux Usufov, türkoloq və dövlət xadimi Aydın Məmmədova isə Alim Aydın  deyirlər.

Bu qəribəliklər Kiş kəndinin yetirmələrində, o cümlədən, Mərdan Feyzullayev şəxsiyyətində özünü göstərirdi. O, hələ orta məktəb illərindən ədəbiyyata və səhnəyə bağlılıq nümayiş etdirirdi.       Qarşımda bir foto şəkil var. 17 yaşlı Mərdan Feyzullayev də “Səbuhi” ədəbi dərnəyinə yığışan bir qrup adamın arasındadır. O, arxa sırada sağdan ikincidir, ucaboyu və saçlarının görünüşü ilə diqqəti cəlb edir. Ön sırada və tən ortada yer tutan şairə qızlar da bizim Kiş məktəbinin şagirdləridir. Ön sırada soldan birinci adam bu sətirlərin müəllifidir, üçüncü adam yazıçı Məmməd Çələbiyev, dördüncü adam şair Ələşrəf Şayan, sağdan birinci adam isə yazıçı-publisist Adil Zamandır. Şair Yaqub Mahir isə ikinci sırada soldan dördüncü yerdə qərar tutub.

Bizim dostluğumuz Mərdanın  Şəki Dövlət Dram Teatrında fəaliyyəti illərində daha da möhkəmləndi. Bu illər məlum Qarabağ sindromu ərəfəsinə təsadüf edirdi. O zaman bizim kəndin “idarə qabağı” deyilən mərkəzi hissəsində iri bir kötük var idi. Orada ahıl kişilər əyləşər və söhbət edərdilər.  O günlərin birində o kötüyün yoxa çıxdığını gördük. Kötüyün kənd rəhbərlərinin fitvası və meşəbəyinin əli ilə oğurlandığını düşünürdülər. Beləliklə, mən “Kötük” adlı pyes yazmaq fikrinə düşdüm. O ərəfədə tez-tez görüşür və ikili müzakirələr keçirirdik. Onda Mərdan mənə bir hadisə danışdı: “Məhləmizdə Dəli Əlsöyün deyilən bir şəxs var idi. Lakin o, dəli deyildi. O, bəzən bağçada əlləri üstündə gəzişər və deyərdi ki, adam ayaqları üstündə gəzəndə yeri, əlləri üstündə gəzəndə isə göyü yaxşı görür”. Bu söhbətdən sonra mənim “Kötük” pyesim üçün daha bir obraz da tapılmış oldu. Əslində, mənim pyesim real hadisələrə və obrazlara əsaslanırdı. Orada danışıq tərzi, boy-buxunu ilə kəndimizin yaddaşına həkk edilmiş Qafıl oğlu Əhmədiyyə, Bığ Adışirin, Tütək Məmmədiyyə, Axsaq Piri, Çolaq Şokət kimi şəxsiyyətlər xüsusi yer tuturdu. Aydın Məmmədovu Asif adı ilə ümumiləşdirmişdim. O da insanlara dilimizin və kəndimizin tarixini başa salmağa çalışırdı.

Sonrakı illərdə qələmə aldığım “Ruhlarla söhbət”  poemam Mərdanın xüsusi marağına səbəb oldu. O, dramatizmi hadisənin axarında və məzmununda görə bilən rejissor olduğundan situasiyaları qruplaşdıra, ayırd edə, əlaqə və əks-əlaqə yarada bilirdi. Onun ən üstün cəhətlərindən biri də öyrənmək, öyrənmək və öyrənmək həvəsi ilə yaşamasında idi. Şərq və Qərb təfəkkür tərzi ilə tanışlığı səhnələşdirəcəyi əsərin taleyini layiqli şəkildə həll edirdi. O, ustad rejissor idi, düşünə və düşündürə bilirdi. Heç yadımdan çıxmaz, “Hüseyn xan Müştaq” dram-xronikasını yazmışdım. Mərdan bu əsərlə tanış olandan sonra əsl dost səmimiyyəti ilə məni təbrik etdi və dedi: “De görüm, Hüseyn xan Müştaq kürkü də, zağlı tüfəngi və cövlan atı da Molla Pənah Vaqifə göndərdiyi halda, onun qətlinə “Müsibətnamə”ni niyə Molla Vəli Vidadi yazmışdı?” Dedim ki, bəs Molla Pənah Vaqif İbrahim xanın qulluğunda idi və “müsibətnamə” yazmaq onun üçün təhlükəli ola bilərdi. Aralarında qohumluq əlaqələri olsa da, Şəki və Qarabağ xanlığı yola getmirdilər. Bir tərəfdən də Molla Vəli Vidadi qulluqda deyildi və təbiətən saf bir şəxsiyyət idi.

Onda Mərdan ikinci sualını verdi: “Bəs yaxşı. Qubalı Fətəli xanla olan ilişkilərdəki təzadları haradan götürmüsən?”

Dedim: “Qardaş, Şəki ilə bağlı tarixlər, “Qarabağnamə”lər, XVIII əsrlə bağlı elmi-tədqiqat işləri, əldə etdiyim bir çox sənədlər dadıma çatdı”.

Mərdan üzümə diqqətlə baxaraq dedi: “Axı, nə üçün Şəki xanlığını südü Kişdən, sümüyü Şəkidən olan xanlıq kimi təqdim edirsən və onu süd və sümük halallığı üzərində qurulan xanlıq hesab edirsən?”

Gülümsədim: “Əzizim, bu, tarixi bir həqiqətdir. Bunu Şəki xanlığının tarixini qələmə alan, Kərim ağa Fateh, Hacı Seyid Əbdülhəmid əfəndi, Mustafa ağa Şuxi və başqa şəxsiyyətlər deyirlər”.

Mərdan aldığı cavablardan razı qalmış kimi məmnun-məmnun qımışdı.

Elə o günlərin bir günü Mərdanın Kişdə olmasından istifadə edərək Gələrsən-görərsən qalasından da bir xeyli şimalda, Kiş cayının Damarçın qolu boyunca yerləşən Pir Qayanı və Sığnağı ziyarət etməyi qərara aldıq. Bu ziyarətdə Mərdanın əsgərlik yoldaşı Cəlil də iştirak edirdi. İndinin özündə də müqəddəsliyini qoruyan Pir Qayanın əzəmətinə heyran qaldıq, minlərlə dairəvi daş evlərdən ibarət olan Sığnaq xarabazarlığına ürək ağrısı ilə baş əydik. O yerlərdə bir bir xeyli gəzdik, dolaşdıq. Damarçında əl-üzümüzü yuduq.  Onda Mərdan tam şəkildə insan dabanının eyni olan bir daş tapdı. Daş onu özünə valeh etmişdi. Daşı az qala əcdad ayaqlarından qopub qalan yadigar kimi bağrına basdı, öpdü, sığalladı və onu etibarlı bir yerə qoyub Moskvaya aparacağını söylədi. Sonra da nəhəng dördkünc tava bir daş tapıb üzərində ağzıyuxarı uzandı və mürgülədi. Elə bu vaxt köynəyini çıxarıb şalvarını dizinəcən çırmalayan Cəlil əlinə iri bir dəyənək alıb, tüklü sinəsin qabağa verərək çay aşağı və yuxarı suyu şappıldada-şappıldada gəzişməyə başladı. Şappıltıya gözünü açan Mərdan “aha” deyərək hövlnak ayağa qalxdı. Sən demə, Cəlil onun qədim insan kimi görünübmüş. Mərdan dərin bir həyəcan içində üzünü Cəlilə tutub dedi: “Allah səni saxlasın, elə bildim üstümə neandertal gəlir!” Gülüşdük...

Əslində, qədim yerlərin daşında və torpağında qədim insanın ruhu və şəkli var. O  şəkil həmişə yerin adamının gözünə görünür, o ruh isə ona həyan olur.

Bu hadisədən bir neçə gün sonra Mərdan Moskvaya qayıtdı və daha bir müddətdən sonra  Moskvadan gələn təklif - Səməd Vurğunun “Vaqif” pyesini yeni motivlər əsasında yazmaq məsələsi gerçəkləşdi.  

Mərdan “Vaqif”i Səməd Vurğun ruhuna böyük sevgi və dərin hörmət hissi ilə səhnəyə qaldırdı. Söhbətlərinin birində Vaqif Səmədoğlunun da bu arzuda olduğunu ifadə etdi. Mən onda bir daha qət etdim ki, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanım Vəkilova-Babayeva və Yusif Səmədoğlunun qızının Şəkidə premyerada iştirakı həm də sakral xarakter daşıyırmış.

... Mərdan bu gün haqq evində, atası və anasının gözü qabağındadır. Onu orada doğma torpaq sinəsi üstündə saxlayır. Düşünən və düşündürən rejissor Mərdan Feyzullayev isə könüllərdə və ürəklərdədir. 

Vaqif ASLAN
AYB-nin Şəki bölməsinin sədri  

 





04.02.2019    çap et  çap et