525.Az

Tural Gəncəliyev: "Erməni icması ilə konstruktiv dialoq aparmağa hazırıq"


 

"DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI VƏ ERMƏNİ İCMALARI ÖLKƏMİZİN BEYNƏLXALQ SƏVİYYƏDƏ TANINMIŞ SƏRHƏDLƏRİ, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ, YENİDƏN SÜLH ŞƏRAİTİNDƏ, BİRGƏ YAŞAMAĞA QADİRDİR"

Tural Gəncəliyev: "Erməni icması ilə konstruktiv dialoq aparmağa hazırıq"<b style="color:red"></b>

"Ermənistan-Azərbaycan münaqişəsinin regionumuz üçün törətdiyi ağır nəticələr hamıya məlumdur. İlk növbədə bunu Ermənistanın həyata keçirdiyi təcavüz və işğal siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlı məcburi köçkünlər, o cümlədən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri daha yaxından hiss edirlər".

Bu sözləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev ötən ay Brüsseldə "Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana və Azərbaycana iqtisadi təsiri" mövzusunda araşdırmanın nəticələri ilə bağlı keçirilən təqdimatla bağlı fikirlərini bildirərkən deyib.

T.Gəncəliyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə regionda nəinki hərbi və siyasi təhlükəsizlik və stabillik bərpa olunar, habelə regionun iqtisadi, humanitar və digər sahələrdə inkişafı istiqamətində daha böyük uğurlar əldə edilə bilər: "Bu müstəvidə, 2019-cu ilin yanvar ayında Brüsseldə aparılmış "Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana və Azərbaycana iqtisadi təsiri" adlı araşdırmanın təqdimatı diqqətimizi cəlb edib. Sözügedən araşdırma mənzil-qərargahı Berlin şəhərində yerləşən "BE Berlin Economics GmbH" konsaltinq şirkəti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb".

İcma rəhbərinin sözlərinə görə, araşdırmada vurğulanıb ki, münaqişənin tam tənzimlənməsi sərhədlərin açılması, ticarətin yenidən bərpası, əməkdaşlıq potensialı, qaçqınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərin həlli vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq: "Xülasədə qeyd edilib ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli böyük iqtisadi faydalar gətirəcək və bu hər iki ölkənin iqtisadi marağındadır. Münaqişənin həllindən 10 il sonra hər iki ölkə daha yüksək inkişaf yolunda olacaq, eləcə də yaşayış standartları nəzərəçarpacaq dərəcədə təkmilləşəcək. Bu xüsusda, sülhün iqtisadi faydaları Dağlıq-Qarabağ münaqişəsinin daimi həllinin tapılmasının lehinə güclü dəlildir".

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması olaraq, biz də bu məntiqə şərik çıxdığımızı və məhz belə yanaşmanı dəstəklədiyimizi bildiririk", - deyə T.Gəncəliyev qeyd edib.

O bildirib ki, münaqişənin həlli nəticəsində Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcək: "Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib".

Regionda sülhün bərqərar olmasının gələcək üçün vacib olduğunu deyən icma rəhbəri əlavə edib ki, münaqişənin həlli prosesində maraqlı tərəf olaraq Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa və təmas qurmağa hazırdırlar: "Biz müxtəlif müstəvilərdə, o cümlədən, iqtisadi və humanitar əlaqələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq. Şübhəsiz ki, bunun üçün münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin öz doğma torpaqlarına - Dağlıq Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin olunmalıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində, yenidən sülh şəraitində, birgə yaşamağa qadir olduqlarına inanırlar".

C.ABASOV

 





05.02.2019    çap et  çap et