525.Az

Hadi Rəcəbli: "Otel məsələsi turizmlə bağlı yeni sənədin predmeti deyil"


 

Hadi Rəcəbli: "Otel məsələsi turizmlə bağlı yeni sənədin predmeti deyil"<b style="color:red"></b>

"Otellərlə bağlı məsələni onların öz qaydaları, Dövlət Turizm Agentliyinin müəyyənləşdirdiyi qaydalar, onun əsasnaməsi tənzimləyir. Bu məsələ turizmlə bağlı yeni hazırlanmış qanun layihəsinin birbaşa predmeti deyil. Yəni yeni qanun layihəsində otellərlə bağlı müəyyən məqamlar nəzərdə tutulsa da, amma bu məsələ adıçəkilən qanunla tənzimlənməyəcək".
 
Bunu "525"ə açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli otellərlə bağlı məsələnin parlamentin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş "Turizm haqqında" yeni qanun layihəsi ilə tənzimlənib-tənzimlənməyəcəyi məsələsinə aydınlıq gətirərkən bildirib.

Qeyd edək ki, son bir neçə ayda Azərbaycanın bir sıra məşhur otellərində zorlanma hadisələri, xüsusilə, yetkinlik yaşına çatmayan 14 yaşlı qıza otel əməkdaşlarından biri tərəfindən təcavüz edilməsi olayı yaşanıb və bu, cəmiyyətdə, mediada geniş rezonansa səbəb olub. Onu da qeyd edək ki, ailəli şəxslərin, ərlə arvadın otellərdə qalması üçün onlardan şəxsiyyət vəsiqəsinin və nikah kağızının tələb edilməsi fonunda, bu cür halların hansı və necə şəraitdə baş verməsi, onların önlənməməsi cəmiyyətdə, mediada haqlı narazılıq və suallar yaradıb.

H.Rəcəbli də otellərdə zorlanma, cinsi istismar hallarının, o cümlədən, son günlərin müzakirələrinə çevirilən yetkinlik yaşına çatmayan qızın otellərdən birinin əməkdaşı tərəfindən təcavüzə məruz qalmasının artıq cinayət faktı, cinayət hadisəsi və bunun daha çox cinayət qanunvericiliyinin predmeti olduğunu bildirib. "Bunlar çox böyük təəssüf və narahatçılıq doğurur. Hər birimiz bundan narahatıq. Otellər bu məsələdə çox ciddi ölçülər götürməlidirlər, otelçiliyə yaraşmayan halları aradan qaldırmalıdırlar. Təbii ki, bunu bütün otellərə şamil etmək olmaz, bunlar istisna təşkil edir. Amma bütövlükdə belə hallara yol verilməməlidir. Eyni zamanda, otellərlə bağlı məsələni onların öz əsasnaməsi və qaydaları daha çox tənzimləyir, yəni bu məsələ turizmlə bağlı qanun layihəsinin predmet deyil. Dünyanın bir çox yerlərində otellərdə ərlə arvadın orada qalması üçün həm kimlikləri, həm də nikah kağızları tələb olunur. Bəzi ölkələr də var ki, orada ərlə arvaddan nikah sənədləri tələb edilmir. Amma bütün hallarda otelə daxil olan, orada qalan insanların qeydiyyatı mütləq şəkildə olmalıdır. Onlar mütləq kimliklərini göstərərək, qeydiyyatdan keçməlidirlər. Bununla yanaşı, yeniyetməlik yaşına çatmayanların valideynlərin iştirakı olmadan otelə girişi belə qadağan olunmalıdır. Onlar ancaq valdeynlərinin iştirakı ilə otelə daxil olmalı və ya orada qalmalıdırlar. Ancaq bununla belə, hesab edirəm ki, son hadisə artıq cinayət hadisəsidir və bunda günahı olanlar hamısı qanun qarşısında cavab verməli, sərt şəkildə cəzalandırılmalıdırlar" - deyə, komitə sədri əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





05.02.2019    çap et  çap et