525.Az

“Azadlıq nəğməsi”nin sorağında...


 

“Azadlıq nəğməsi”nin sorağında...  <b style="color:red"></b>

Qarşımda yazıçı-publisist Sabir Şahtaxtının “Azadlıq nəğməsi” romanıdır. Açığını deyim, birnəfəsə oxuduğum bu romanı bilmirəm, məhəbbət dastanı adlandırım, yaxud milli-azadlıq hərəkatımızın salnaməsimi?!

Əsərin qəhrəmanları Şahvə ilə Şölənin ülvi məhəbbətindən bəhs edən bu əsərdə müəllif sovetlər dönəmində yaşayan zəngin bir ailənin acı taleyini canlandırmaqla xalqımızın dəyərlərini, dövlətçiliyimizə olan sədaqəti, özünüdərk proseslərinin əhəmiyyətini təsvir etməyə nail olub. Vaxtilə nazir müavini işləyən Şölənin atasının milli azadlıq hərəkatına başlayan xalqa dəstək verməsi, qardaşının Qarabağ müharibəsində həlak olması, Şahvənin cəbhədən yarımcan dönməsi Şöləyə sarsıdıcı zərbələr vurur. Hələ bu azmış kimi, oğul itkisinə dözməyən valideynlərini də itirən Şölə bütün ümidini Şahvəyə bağlayır.

Müəllif əsər boyu oxucunu macəra xarakterli hadisələrlə üzləşdirməklə, vətən fədaisi olan bu iki gəncin saf məhəbbəti kontekstində milli azadlıq hərəkatında baş verən bir çox qaranlıq məqamlara aydınlıq gətirməklə ən müasir tariximizdə baş verənləri obrazlı şəkildə təsvir edir. Əsərdə baş verən ayrı-ayrı hadisələr dövlətçilik uğrunda aparılan milli varlığımızın əsası kimi oxucuya çatdırılır.

Ümumiyyətlə, xüsusi olaraq vurğulamaq istəyirəm ki, Sabir Şahtaxtı yaradıcılığında hadisələrə dərindən yanaşmaq, ayrı-ayrı epizod və faktları özünəməxsus ustalıqla təsvir etmək məharəti diqqəti cəlb edir. Onun əsər boyu bir çox epizodla etdiyi təsvirlər həm bilik səviyyəsinə, həm də dolğunluğuna görə cəlbedicidir.

Şəxsən mən bu vaxta qədər Naxçıvanda olsam da, Şahtaxtı kəndini görmək qismətini hələ ki yaşamamışam. Amma bu əsəri oxuduqdan sonra belə deməzdim. Müəllif əsərdə doğulub boya-başa çatdığı Şahtaxtı kəndindən Şahvənin baba yurdunu o qədər canlı təsvir edir ki, adama elə gəlir, bu kənddə olub və elə həmin imarətdə doğulub və böyüyüb. Bu səhnə məndə belə bir təəssürat yaradır ki, Şahtaxtının yosununu qoxulayıb, qaynar bulaqlarında bitən yarpızdan dadmışam, çeşmələrdən doyunca su içmişəm, həyətlərindəki təndiri gözlərimlə görmüşəm, təbrizli ustaların böyük həvəslə işlədikləri naxışlı qapıları milyon dəfə açıb-örtmüşəm. Müəllif, sözün həqiqi mənasında, bütün bunları obrazlı və yaddaqalan ştrixlərlə təsvir etməyi bacarıb.

Yaxud, elə götürək, müəllifin Sinqapurdan verdiyi təsvirlərini. İndiyədək heç Sinqapur barədə düşünməmişdim və bu ölkə barədə hər hansı təsəvvürüm də yox idi. Məhz müəllifin bu əsərdə Sinqapur barədə, onun iqtisadiyyatı, inkişafı, oradakı insanların yaşam tərzi və s. verdiyi səlis məlumatlar fonunda bu ölkəni az qala sevmək istəyirsən. Ən önəmlisi odur ki, Sabir Şahtaxtının bu təsvirləri milli xarakterdə əsl müasir nəsr dili ilə oxucuya çatdırılmışdır. Müəllifin oxucunu qəhrəmanlarının ardınca Sinqapura dartıb aparması təsadüfi deyildir. O, bütün bu proseslərin fonunda milli şüurun qüdrətini, elmli, əsl mütəxəssis olmağın gücünü nümayiş etdirir.

Müəllifin yaradıcılıq üslubunda bir cəhəti də qeyd etmək yerinə düşər. Onun hadisələri təsvir etməsində bir orijinallıq mövcuddur. Necə ki, məhəbbət səhnələrini nə qədər gözəl, abır-həya çərçivəsində tərənnüm edirsə, sanki artıq bir söz və ifadə işlətməkdən də çəkinir. Yazıçı oxucusunu faciəli ölüm səhnələrində sarsıtsa da, sonradan onu bu ağır iztirablardan müdafiə edə bilir. Bütün bunlar onun oxucu ilə səmimi münasibətdə olmasının göstəricisidir.

Sabir Şahtaxtının qələmində gördüyüm və qeyd etməyi vacib saydığım bir məqam daha var. Bu da onun nəsr dili və üslubudur. Açığını deyim, son dövr ədəbiyyatında çatışmayan ən başlıca cəhət bədii dilin  -nəsr dilinin publisistik dillə əvəz olunması prosesinə keçid məsələsidir. Yəni, bu iki janrın dili olduqca fərqlidir. Hesab edirəm ki, yazıçı ilk olaraq buna riayət etməlidir. Məncə, Sabir Şahtaxtının nəsr dili Azərbaycan ədəbiyyatının 1930–1950-ci illərdəki üslubuna çox yaxındır. Dolğun cümlələr, geniş və əhatəli təbiət təsvirləri, hər hansı predmetə bədii münasibət və s. Müəllifin yüksək intellekti, vətən sevgisi, torpağına və xalqına  bağlılığı haqqında bəhs etdiyim əsərin hər bir sətrində ifadə olunur. Məsələn: “Pa­yız əl­lə­ri ilə lə­çək­lə­ri tu­mar­la­dı. Çə­tin­lik­lə də ol­sa, on­la­rı bur­nu­na ya­xın­laş­dı­rıb güldü və ge­ri qay­tar­dı. Şölə güllə­ri on­dan alıb su­ya qoy­maq üçün ya­na çə­ki­lən­də Pa­yı­zın qo­par­dı­ğı ha­ray­dan dik atıl­dım. O mə­ni görmuşdü. Şaq­qıl­tı ilə gülür, əl­lə­ri­ni ha­va­da oy­na­dır­dı. Sağ əli­nin baş və şə­ha­dət bar­maq­la­rı ara­sın­da bir ma­vi zan­baq, qıp­qır­mı­zı qı­zılgül və yam­ya­şıl bir yar­paq qal­mış­dı”. Bu ifadədə həm yüksək bədii təsvir, həm də üçrəngli bayrağımıza tükənməz sevgi mövcuddur. Diqqət edin, yazıçıda milli düşüncə o qədər zəngindir ki, o, hətta eşqinə qovuşa bilməyib əlil arabasında iztirablar yaşayan gənc qızın əlində qalan yarpaq və ləçəklərdən də bir bayraq ucalda bilir.   

Müəllif bu əsərə əvvəlcə “Əkizlərin azadlıq nəğməsi” adını vermişdi. Bu, Şahvə ilə Şölənin əkiz övladlarının şərəfinə adlandırılmışdı. Sonradan romanın adı sadəcə “Azadlıq nəğməsi” oldu. İlk baxışda sadə görünən bu adın da arxasında həqiqəti əks etdirən böyük məna, anlam dayanır. Yəni, xalqımızın başına gətirilən bu qətliam və müsibətlərdən sonra müstəqilliyə qovuşma hissi təkcə əkizlərin deyil, bütün Azərbaycanın azadlıq nəğməsini tərənnüm edir. Şübhəsiz ki, müəllif əsərini “Azadlıq nəğməsi” adlandırmaqda haqlıdır. Məncə, bu yerdə əsərdən kiçik bir parçaya müraciət etmək fikrimizi təsdiqləyər: “...Elə o an­da­ca gözlə­rim önündə ge­niş bir bağ can­lan­dı. Onu Ab­şe­ron bağ­la­rı­nın əha­tə­sin­də sal­mış­dım. Bağ­ça­da hər nə var­dı­sa, özüm ək­miş­dim. Hə­min gündən baş­la­ya­raq, xə­ya­lən bu bağ­ça­da ça­lı­şır, mil­li hiss­lə­ri­min qəl­bi­mə hökm et­di­yi mə­qam­lar­la tə­biə­tə gözəl­lik ve­rir­dim. Dar­va­za­dan içə­ri gi­rən­də sağ tə­rəf­də yed­di ağac ək­miş­dim. Əv­vəl­ki yer­də­ki “A” (Əlif-آ) hər­fi­ni Gən­cə, Ər­də­bil və Nax­çı­van ar­mud­la­rı­nın şiv­lə­rin­dən vur­du­ğum pey­vənd­dən alı­nan ağac ya­şa­dır­dı. Uzan­dıq­ca uza­nır­dı sə­ma­ya doğ­ru bu ağac. Özü də heç bir fə­sil­də mas­ma­vi­li­yi­ni itir­mir­di. Ağa­cın gövdə­si də, yar­paq­la­rı da ay­dın, gömgöy sə­ma rən­gin­də idi. San­ki uca göylər öz tə­bii rən­gi­nə bo­ya­mış­dı onu. İkin­ci yer­də­ki “Z”-ni (Ze -ز) əy­ri bir zey­tun ağa­cı əvəz­lə­yir­di. Bu zey­tu­nun öz rəng­lə­ri pey­vənd ar­mu­dun gömgöy rən­gi­nin kölgə­sin­də də mas­ma­vi görünürdü. Üçüncü yer­də­ki əlif (ا) çox en­li bir Qu­ba al­ma­sı ağa­cıy­dı. Qı­zıl pa­yız rən­gin­də bərq vu­rur­du, o. “D” (Dal-د) hər­fi­nin ye­rin­də Zən­canme­şə­lə­rin­dən gə­tir­di­yim bir də­mi­ra­ğa­cı ək­miş­dim. O da qıp­qır­mı­zı görkəm­dəy­di. Nə­həng la­lə və qı­zılgül kol­la­rı isə bir-bi­ri­nə sar­ma­şa­raq “L” (Lam-ل), “I” (ya-ی) və “Q” (Qaf-ق) hərf bir­ləş­mə­lə­ri­nin for­ma­sı­nı al­mış­dı. Özü də bu kol­la­rın üstündə­ki gül-çi­çək də öz yar­paq­la­rı ki­mi ya­şıl rəng­dəy­di. Də­mi­ra­ğa­cın bu­daq­la­rı ar­xa tə­rəf­dən şa­xə­lə­nib əzə­mət­li bir şə­kil­də “Azad­lıq” (آزا­د­لیق) görkə­mi ya­ra­dan bu sı­ra­nı mə­tin­lik­lə şi­mal külə­yin­dən qo­ru­yur­du. Boş vaxt­la­rım­da, əsa­sən düşkün olan­da bu ağac sı­ra­sı­nın qar­şı­sın­da da­ya­nıb on­la­rın bir-bi­ri­nə to­xu­na­raq tu­mar­lan­maq­dan al­dı­ğı ləz­zə­ti seyr edib ya­şa­ma­ğa ruh­la­nır­dım. O an­lar mə­nə elə gəlir­di ki, ağac­lar da in­san­lar ki­mi se­vib-se­vil­mə­yi ba­ca­rır­lar. Ona görə də bir-bi­ri­lə­ri­nə can atır, gözox­şa­yan şiv­lə­ri­nin ucu ilə to­xu­nub bir-bi­ri­lə­ri­nə tu­mar çə­kir­lər.”

... Əsərin qəhrəmanları Şahvə və Şölə azadlıq aşiqləridir. Onlar əsər boyu əl-ələ tutub “Azadlıq!” nəğməsini oxuyurlar. Bu nəğmənin sözlərinə həmmüəllif olduqları kimi, onun musiqisini də birlikdə bəsdələyiblər. Müəllif isə böyük ədəbi ustalıqla qəhrəmanlarınımənfi təsirlərdən məharətlə qoruya bilib. Bu yerdə üsyankar şair İmadəddin Nəsiminin dünyaca məşhur olan ifadəsini xatırlayıram: “Zərrə mənəm, Günəş mənəm!” Bəli, Şahvə Azərbaycanın müstəqilliyi yolunda canını fəda edən milyon zərrədən biridir. Şölə isə hər zaman qürur mənbəyimiz olan fədakar, əxlaqlı, yenilməz, vətəninə və ailəsinə açılmaz düyünlərlə bağlı olan Azərbaycan qadınının üstünə Günəş şəfəqləri çiləyib zirvələri fəth edən obrazıdır.

Oxucularına belə gözəl bədii əsər bəxş etdiyi üçün qələm dostum Sabir Şahtaxtını ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram. Həm də ürək dolusu “Çox sağ ol!” – deyirəm.

Bir dəfə Sabirdən soruşdum ki, “Azadlıq nəğməsi”ni bioqrafik roman hesab etmək olarmı?”. Sualıma çox səlis cavab verdi: “– Mən Azərbaycan üçün canını verməyə hazır olan iki gəncin qəhrəmanlığını tərənnüm etmişəm. Xalqını sevən, dövlətin nə demək olduğunu anlayan, vətənə bağlı olan hər kəs “Şahvə mənəm”, “Şölə mənəm”, – deyib öyünə bilər.

P.S. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ithaf olunan  “Azadlıq nəğməsi” İstanbulda Anadolu türkcəsində, İranda isə farsca çapa hazırlanır. Əsərin Azərbaycan nəşrinə ön sözü tanınmış yazıçı Əlabbas yazıb. İstanbul versiyasının ön söz müəllifi görkəmli alim, professor Aygün Əttar, tərcüməçisi, tanınmış yazıçı-publisist Mətin Yıldırımdır.

İstanbul

 





05.02.2019    çap et  çap et