525.Az

V Beynəlxalq Musiqi Festivalı keçiriləcək


 

V Beynəlxalq Musiqi Festivalı keçiriləcək<b style="color:red"></b>  Sentyabr 18-dən 28-dək Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Üzeyir Hacıbəylinin anadan olmasına həsr olunan V Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
 
Nazirlikdən verilən məlumata görə, festivalda Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Slovakiya və Litvadan tanınmış dirijor və solistlər, gənc ifaçılar, musiqi kollektivləri iştirak edəcək. Musiqi Festivalında  Münhen Yeni Filarmonik Orkestri, Boqdan Varxal adına Slovakiya Dövlət Kamera Orkestri, "Romantik" kvarteti, "Utopik" kvartetinin və s. çıxışı olacaq.
 
Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərin təşkili də planlaşdırılıb. Festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Arşın mal alan" musiqili komediyasının 100 illiyinə həsr olunmuş yubiley tamaşası, italyan bəstəkarı C.Verdinin 200 illiyi münasibəti ilə GUAM ölkələri solistlərinin iştirakı ilə C.Verdinin "Aida" operası nümayiş olunacaq. Opera və Balet teatrı kollektivi festival günlərində italyan bəstəkarı Q.Donisettinin "Sevgi şərbəti" operasının premyerasına keçirəcək. Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik orkestri, dirijor P.Rundel və vokalçı Bricit Pinterin iştirakı ilə dahi alman bəstəkarı Rixard Vaqnerin 200 illiyinə həsr olunmuş yubiley konsertini tamaşaçılara təqdim edəcək.
 
Festival proqramında Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə"Türk xalqlarının musiqisi" adlı elmi konfrans və konsertin keçirilməsi də yer alıb.
 
Üzeyir Hacıbəylinin ev-muzeyində "Üzeyir evinin qonaqları" layihəsi adlı silsilə konsertlərdə gənc musiqiçilər iştirak edəcək. Hər il olduğu kimi Ağcabədidə "Qarabağ" Muğam mərkəzində təşkil edilən festival tədbirində Şuşa Musiqili Dram Teatrının "Üzeyir Hacıbəyli. Musiqi və gülüş dünyası" adlı tamaşası təqdim olunacaq.
 





11.09.2013    çap et  çap et