525.Az

Təhsilə həsr olunan ömür


 

Təhsilə həsr olunan ömür<b style="color:red"></b>

Bu gün paytaxtımızda və digər şəhərlərimizdə olduğu kimi, respublikamızın regionlarında da təhsil sistemi təkmilləşdirilir, yeni müasir təhsil müəssisələri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki,  son illər ucqar kəndlərdə təhsilin keyfiyyətinin yaxşılaşması üzrə önəmli uğurlar əldə edilir.

Buna misal olaraq Lənkəran məktəblərinin məzunlarının respublikamızın ali məktəblərinə qəbul  imtahanlarında yüksək bal toplayaraq nailiyyətlər əldə etməsi, müxtəlif bilik olimpiadalarında lənkəranlı yeniyetmə və gənclərin fərqlənməsi sevindirici haldır. Lənkəranın ucqar Şürük kənd məktəbi də uğurlar baxımından cənub bölgəmizin ən qabaqcıl təhsil ocaqlarından birinə çevrilib. Bu nailiyyətlərin əldə olunmasında kənd məktəbinin direktoru, uzun illərin təhsil işçisi olan tanınmış pedaqoq Namiq Bağırovun da rolu az olmayıb. O, bəlkə də yüzlərlə gəncin mənsəbə çatmasında önəmli rol oynayıb. Onun üçün Şürük kəndi və məktəbi bir-birinə son dərəcə bağlı olan məhfumlardır. Kənd ona bir ömürlük məkan, məktəb isə uzun illər zəhmət çəkdiyi, çalışdığı və öz evi qədər doğma bildiyi bilik ocağıdır.

1959-cu ildə Lənkəran rayonunun Türkəkəran kəndində doğulan və bu torpağın hər qarışına, hər daşına ürəkdən bağlı olan  və uzun illərin təhsil adamı kimi xarakterizə olunan Namiq Bağırov 2004-cü ildən bu günə qədər ucqar kənddə məktəb direktoru kimi çalışır. Namiq müəllimin hər addımında çalışdığı peşəyə  inamla, sevgiylə yanaşdığını rayon təhsil ictimaiyyəti, qocaman təhsil xadimləri yaxşı bilirlər. İxtisasca mexanika-riyaziyyat üzrə mütəxəssisdir.  1981-ci ildən bu məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 

Namiq Bağırov keçdiyi  təhsil yolu barədə danışarkən, məktəbin uğurlar əldə etməsini, şagirdlərin respublika səviyyəsində fərqlənməsini prinsipial məsələ  hesab etdiyini bildirdi. Pedaqoq qeyd etdi ki, bu kəndin gözəl xasiyyətli, qonaqpərvər insanları olduğu qədər də, savadlı kontingenti var. Çünki Şürük kənd orta məktəbi hələ keçmiş  SSRİ dövründən təhsil məsələlərinin xüsusi diqqətdə saxlanıldığı müəssisələrdən biri olub. Müstəqilliyimiz bərpa olunduqdan, imtahanlar test üsulu ilə həyata keçirildikdən sonra da Şürük kənd məktəbindən məzun olmuş nə qədər gənc ölkəmizin ən yaxşı universitetlərinə tələbə kimi qəbul olunub. N.Bağırov deyir ki, bu məktəbin əsas devizi gənc nəslin təlim-tərbiyəsi, onlara elmin sirlərinin öyrənilməsi ilə yanaşı, həm də əxlaqlı, vətənsevər, milli-mənəvi ruhda tərbiyə almış yeni nəsil yetişdirməkdir.  Qeyd edək ki, məktəb rayonda həmişə intellektual şagird resurslarının çoxluğu ilə fərqlənir. Hər il məktəbin 10-15 şagirdi ali məktəblərə daxil olur. Bu da bir ucqar kənd üçün çox böyük göstəricidir.

Namiq müəllimin rəhbərliyi altında bu gün məktəbin uğurları davam edir. Hazırda məktəbdə iki internet və debat mərkəzi mövcuddur. Həm məktəbin müəllimləri və şagirdləri, həm də qonşu məktəblər, icra nümayəndələri bu mərkəzlərin fəaliyyətindən bəhrənərək qlobal informasiya məkanına daxil olurlar, öz bilik çevrələrini və imkanlarını genişləndirirlər.  Debat proqramları üzrə işlər düzgün qurulduğuna görə həm Təhsil Nazirliyi, həm də Proyekt Harmoniya təşkilatının rəhbərliyi və şəhər təhsil şöbəsi bu işləri qiymətləndirir.  Bundan əlavə, Namiq müəllimi bir pedaqoq kimi fərqləndirən cəhətlərdən biri də budur ki, o, daim innovasiyalara açıq, dərslərdə demokratik mühit yaratması ilə diqqət çəkir. Belə ki, 2010-cu ildən Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edən  pedaqoq hazırda bu mərkəzin riyaziyyat üzrə ekspertidir. O, 2010, 2012, 2014, 2018-ci illərdə DİM-nin keçirdiyi ali məktəblərə qəbul kampaniyasında iştirak edib və III, IV qruplar üçün riyaziyyatdan ali məktəblərə qəbul testlərinin çeşidlənməsi və hazırlanması işini həyata keçirənlərdən biri olub. O, həmçinin, DİM-nin abituriyentlərə kömək məqsədi ilə həyata keçirdiyi iki video mühazirənin müəllifidir. Bundan əlavə, "Fizika və riyaziyyat tədrisi" jurnalında məsələ və misalları dərc olunub. Bu illər ərzində iki şagirdi respublika riyaziyyat olimpiadasında iştirak edib. Ötən ilin noyabr ayının 28-də keçirilən Azərbaycan müəllimlərinin XV qurultayının nümayəndəsi olan Namiq müəllim ölkəmizin ictimai həyatında da fəal iştirak edir və dövlətə və dövlətçiliyə sadiqliyi ilə seçilir.

Namiq müəllim həmişə özünə qarşı tələbkardır. O deyir ki, təxminən  40 ilə yaxın təhsil fəaliyyətimdə tələbkarlıq mənim üçün birinci dərəcəli prinsip olub. Artıq 60 yaşı haqlamışam, lakin buna baxmayaraq, təhsilin inkişafında göstərilən diqqət və qayğını hiss etdikcə daha böyük ruh yüksəkliyi və əzmlə çalışıram.  Şagirdlərimi də öz övladlarım kimi Vətənə, dövlətə, xalqa bağlı, layiqli şəxsiyyət kimi yetişdirmək əsas amalımdır.

Anar ƏLİYEV

 





06.02.2019    çap et  çap et