525.Az

Qara Qarayevlə bağlı nəşrlər sərgiləndi


 

Qara Qarayevlə bağlı nəşrlər sərgiləndi <b style="color:red"></b>

Fevralın 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, Xalq artisti, akademik Qara Qarayevə həsr olunmuş "Unudulmaz bəstəkar - Qara Qarayev" adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə dünya musiqi xəzinəsinə "Yeddi gözəl", "İldırımlı yollarla" baletləri, "Don Kixot", "Alban rapsodiyası" simfonik qravürləri, "Leyli və Məcnun" simfonik poeması və digər yüzlərlə müxtəlif musiqi janrlarında nadir incilər bəxş edən, Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında və inkişafında əhəmiyyətli rol oynamış, özünəməxsus yaradıcılıq yolu keçmiş, musiqimizə yeni nəfəs, yeni fikir gətirmiş, milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar Qara Qarayevlə bağlı materiallar nümayiş olunur. Burada not əsərləri, əlyazmaları, səsyazıları və CD-lər, bəstəkarın kinofilmlərə və dram tamaşalarına yazdığı musiqi əsərləri, dövri mətbuatda və məcmuələrdə dərc edilmiş məqalələri, habelə Azərbaycan və müxtəlif dünya dillərində həyat və yaradıcılığı haqqında yazılmış 200-dən çox nəşr yer alıb.

Qeyd edək ki, Qara Qarayevin musiqiləri onun doğum günündə Fransanın "Mezzo" kanalında səsləndirilib. "Les Films de la Decouverte" şirkətinin böyük bəstəkara həsr edilmiş musiqili sənədli filmi Fransanın radio və televiziya kanallarında müntəzəm olaraq yayımlanır. Avropalı musiqisevərlərin marağına səbəb olan bu film Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə dəstəyi ilə çəkilib.

Qara Qarayevin anadan olmasının 100 illiyi çərçivəsində hazırlanan filmdə Xalq artisti, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynov nüfuzlu "Reine Elizabeth Concours" müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və 24 prelüdiyasını səsləndirib. Evyan şəhərində çəkilmiş bu filmdə Qara Qarayevin musiqisi beynəlxalq səviyyədə ilk dəfə lentə alınıb.

Sözügedən film fevralın 13-də, 15-də, 19-da və 21-də kanalda təkrar yayımlanacaq.

ŞAHANƏ

 





06.02.2019    çap et  çap et