525.Az

Bir şəkilin tarixçəsi - Əli Şamil yazır


 

YAXUD "İSTİQLAL UĞRUNDA" TOPLUSUNDAKI RƏSM ƏLƏKBƏR RZAQULİYEVİNDİRMİ?

Bir şəkilin tarixçəsi - <b style="color:red">Əli Şamil yazır </b>

(Əvvəli ötən sayımızda) 

Sual yarana bilər ki, Ələkbər Rzaquliyev sink üzərində hazırladığı başlıqları o dövrün imkanları daxilində İstanbula necə göndərə bilib? Bu suala dəqiq cavab tapa bilməsəm də, məntiqlə cavab vermək olar. İstintaqdan aydın olur ki, 1927-ci ildə Məhəmməd Əmin Rəsulzadənin kitabları və Müsavat Partiyasının bəyannaməsi hansısa yolla gənc rəssama gəlirmiş. Demək, həmin yolla da İstanbula materiallar göndərmək mümkün imiş.

Ələkbər Rzaquliyevin övladları "Atamız Azərbaycanın ilk komsomolçularından olub, 1922-ci ildə Kommunist Partiyasına üzv qəbul edilib, partiya işində yaxından iştirak edib, onu nahaqdan tutublar" - deyirlər.

İstintaq materialları, arxiv sənədləri, Sovetlərin çöküşündən sonra çap olunanlar, efirdə səsləndirilənlər isə onu göstərir ki, sosialistlərin bir çoxu - bolşeviklərin təbliğatına aldandıqlarını görənlər müxalifətə çevriliblər. Necə deyərlər, hakimiyyəti dəyişmək, ədalətli bir hökumət qurmaq üçün gizli təşkilatlar yaradıblar. İstintaq sənədləri də onu göstərir ki, Ələkbər Rzaquliyev Kommunist Partiyasının üzvü olsa da, haqsızlıqlardan bezib, gizli təşkilatlarla əməkdaşlıq etməyə başlayıb.

"Ələkbər Rzaquliyev. Rəngkarlıq və qrafika" kitabına Şirin Y.Məlikova sənədlər əsasında olduqca dəyərli giriş yazıb. Bu yazını oxuduqca ona ürəyimdə azı yüz dəfə "Afərin!" dedim. Sonra da əlavə bilgi toplamaq üçün internetdə axtarış verdim. Ələkbər Rzaquliyevlə bağlı məqalələrin əksəriyyəti 2018-ci ilin payızında "Ələkbər Rzaquliyev. Rəngkarlıq və qrafika" kitabının çap və təqdimetmə mərasimi günlərində nəşr edilib. Bir-birinə çox bənzər olan bu yazıların müəllifləri xatirələrdən istifadə etməyə üstünlük veriblər. 

Ələkbər Rzaquliyev və Ruhulla Axundov 

Bu yazılardan doqquz il öncə, yəni 2009-cu il sentyabrın 26-da "525-ci qəzet" Çingiz Kərimovun "Ələkbər Rzaquliyevin ağlı-qaralı dünyası" adlı məqaləsini çap edib. Yazı rəssamı tanıtmaq və sevdirmək baxımından diqqətçəkəndir. Şirin və oxunaqlı yazılıb. Orada deyilir: "Birinci sürgündən qayıdandan sonra Ələkbər Bakıda təsadüfən bolşeviklərin lideri Ruhulla Axundovla üz-üzə gəldi. Onun bu tezliklə qayıtdığına təəccüblənib, təzədən göstəriş verdi ki, onu sürgünə göndərsinlər. Bu dəfə Ələkbəri həbs edib soyuq Şimala, Solovkiyə yola saldılar".

Rəssamın istintaq sənədləri ilə yaxından tanış olan və ömür yolunu diqqətlə öyrənən Şirin Y.Məlikova isə yazır: "Ə.Rzaquliyevi istedadlı və gələcəyi olan kommunist kimi Ali Bədii Texniki Emalatxanada (VXUTEMAS) təhsilini davam etdirmək üçün Moskvaya göndərirlər.

Novinski bulvarında kirayələdiyi kiçicik otağında ... həmkarı, məktəb yoldaşı və həmyerlisi İbrahim Quliyevin hazırladığı büstü qoymuşdu. Otağın ən görkəmli yerində isə dostları Nazim Hikmətin və Mikayıl Rəflinin portretləri asılmışdı. O illərdə siyasi xadim Ruhulla Axundov da tez-tez Ələkbərin qonağı olurdu. Rəssamın əsərlərinin gənclər sərgisində nümayiş olunduğunu bilən Ruhulla Axundov onunla görüşür və vernisaja baş çəkərək əsərləri haqda təəssüratlarını bölüşür. O, Rzaquliyevə maddi dəstək göstərir..."

Gənc rəssam Moskvada yaşadığı illərdə həm yaradıcılıq, həm də ideya-siyasi axtarışlarda olub. O, Nazim Hikmətlə dostluq etməklə yanaşı, məşhur fransız yazıçısı Anri Barbüs və meksikalı rəssam Dieqo Rivera ilə də tanış olub.

1928-ci ildə Moskvada gənc rəssamların sərgisi açılıb. Ələkbər Rzaquliyevin bir neçə əsəri sərgidə nümayiş etdirilib. "Axundov ona Bakıda sərgi keçirməyi və yerli tələbələri ora cəlb etməyi təklif edir. Rəssam bu təklifi həvəslə qəbul edir". Bu sətirlərin müəllifi Şirin Y.Məlikova istintaq sənədləri əsasında məqalə yazmaqla kifayətlənməmiş, Ələkbər Rzaquliyevin Ruhulla Axundov haqqında rus dilində yazdığı xatirəsinin bir səhifəsinin fotosurətini də kitabda çap etdirib.

1928-ci il iyulun 29-da Bakıda Azərbaycanın gənc rəssamlarının ilk sərgisi açılıb. Orada Ələkbər Rzaquliyevin də bir neçə rəngkarlıq və qrafika əsəri təqdim olunub. Bir gün sonra isə gənc rəssamı həbs edirlər.

Ruhulla Axundov hakimiyyət uğrunda qruplaşmalarda

Azərbaycan Kommunist Partiyasının ikinci, sonra isə birinci katibi işləyən Ruhulla Axundov 1926-cı ildə vəzifədən uzaqlaşdırılır və yerinə Levon Mirzoyan gətirilir. Ruhulla Axundov qrupdaşlarının köməyi ilə Azərbaycan SSR Xalq Maarif Komissarı vəzifəsinə təyin edilir. 1927-1930-cu illərdə bu vəzifədə işləyir. O dövrdə mədəniyyət məsələləri ilə də Xalq Maarif Komissarlığı məşğul olurdu. Ruhulla Axundovun da gənc rəssam Ələkbəri Bakıda keçiriləcək sərgiyə gətirməsi təbii və normaldır. Ruhulla Axundovun Ələkbər Rzaquliyevin Nəsrulla İsrafilov və Ağakərim Əliyevlə dostluğundan, xaricdəki müsavatçı mühacirlərlə əlaqəsindən xəbəri olsaydı, onu heç Bakıya sərgiyə dəvət etməzdi. Bu iş KQB müstəntiqlərinə də, görünür, İbrahim Quliyevin həbsindən sonra məlum olmuşdu.

 1928-ci il iyunun 30-da həbs olunan Ələkbər Rzaquliyev uzun istintaqdan sonra 5 illiyə  Xüsusi Təyinatlı Solovki Düşərgəsinə (SLON) göndərilir. 1933-cü ildə sürgün müddəti bitdikdən sonra Bakıya qayıda bilir. Gənc rəssam sürgündə olduğu dövrdə Ruhulla Axundovun da həyatı siyasi mübarizənin burulğanlarında keçir. 1930-cu il avqustun 5-də Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi "Azərbaycan məsələləri haqqında" ikinci qərar qəbul edir. Qərara əsasən, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi N.Gikalonu yarıtmaz işinə görə vəzifədən uzaqlaşdırır. Yerinə Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının (ÜİHİMŞ) ikinci katibi V.Polonski təyin edilir. O, Bakıya gələn kimi N.Gikalonun və Ə.Qarayev, N.Ağaverdiyev, L.Mirzoyan üçlüyünün fəaliyyətini pisləyir, Ruhulla Axundov isə respublikadan uzaqlaşdırılaraq Zaqafqaziya Ölkə Komitəsi Mərkəzi Komitəsinin katibiliyinə göndərilir.

"Sırtsov və Lominadzenin antipartiya qrupu"nun üzvü kimi ifşa edilərək" vəzifədən uzaqlaşdırılan Ruhulla Axundov 1933-cü ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsində işə başlayır. Bu zaman onun Ələkbər Rzaquliyevi yenidən sürgünə göndərə biləcək bir hökmü qalmamışdı. O, rəqiblərini nüfuzdan salaraq yenidən hakimiyyətə gəlmək üçün gizli fəaliyyət göstərən müxaliflərlə əməkdaşlıq etməyə can atırdı.  

Sürgündən azad edilmə və təkrar həbs

1933-cü ildə Ələkbər Rzaquliyevə Arxangelsk şəhərində yaşamağa icazə verilir. O, burada Su Nəqliyyatı İşçilərinin Mərkəsi Klubunda rəssam işləməyə başlayır. Sürgün müddəti başa çatan Ələkbər Rzaquliyev 3 il də orada yaşayır (1937-ci ildəki ittihamnaməsindən aydın olur ki, 1933-1936-cı illərdə o, həbs və ya sürgün cəzası almayıb. Bəlkə də, sürgündən sonra ya vətənə dönməyib, dönübsə, Bakıda iş tapa bilmədiyindən və ya hansısa səbəbdən təkrar geri qayıdıb). Rəssam 1936-cı ildə Azərbaycana gələndə Kirovabad (Gəncə) Dövlət Teatrında işləməyə göndərilib. Ruhulla Axundov isə 1936-cı ildə "trotskiçilikdə və müsavatçılıqda" ittiham olunurdu. "Əksinqilabi üsyançı, terrorçu mərkəzin" üzvü kimi həbs olunaraq 21 aprel 1938-ci ildə güllələnir. Ruhulla Axundovun 1936-cı ildə Ələkbər Rzaquliyevi yenidən həbs etdirməsi və sürgünə göndərməsi inandırıcı deyil.

Şirin Y.Məlikova yazır: "1937-ci ildə Rzaquliyev yenidən həbs edilir. Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı "üçlüyü"nün 3 noyabr 1937-ci il tarixli 24 saylı protokolundan: "1928-ci ildə müsavatçı olduğu üçün 5 il müddətinə həbs olunmuşdur. Sürgündən qayıtdıqdan sonra Sovet hakimiyyətinə qarşı əksinqilabi faəliyyətini davam etdirməkdə ittiham olunur. Sürgündən Kirovabad şəhərinə qayıdıb orada keçmiş müsavatçılarla əlaqəsini bərpa etmişdir. Dövlət teatrında işləyən aktyorlar arasında Sovet hakimiyyətindən narazı olduğunu göstərmişdir. Yeni konstitusiyanın, eləcə də kolxozçuların ünvanına böhtanlar yağdırmaqla məşğul olub... On il müddətinə islah əmək düşərgəsinə göndərilsin, siyasi hüquqları beş il müddətinə ləğv edilsin".

Ələkbər Rzaquliyev Varkuta-Peçora İslah Əmək Düşərgəsində olarkən kömür istehsalında, şaxta, dəmiryol tikintisində işlədilir. 1944-cü il iyulun 10-da rəssam Komi MSSR Kojva rayonu Abez qəsəbəsinə, Kojva-Vorkuta yolunun tikintisinə göndərilir. Rəssamlıqla məşğul ola bilməyən Ələkbər Rzaquliyev yol tikintisində yaxşı işlədiyinə görə 1944-cü il fevralın 12-də ona "istehsalatdakı əla göstəricilərinə, yüksək intizamına, vəzifələrinə məsuliyyətlə yanaşmasına görə" ən yaxşı inşaatçı kimi fəxri fərman da verilir.

Ələkbər Rzaquliyev 1947-ci ildə həbs müddəti başa çatandan sonra Azərbaycana qayıdır. Bu dəfə isə onu bədii dərnək rəhbəri kimi Şəkidə işləməyə göndərirlər. Həbs və sürgünlər bununla da başa çatmır. Rəssam 1949-cu ildə təkrar həbs edilərək Krasnoyarsk Diyarındakı Abansk rayonunun Beryozovka kəndinə sürgün edilir.

Üçüncü həbsdən sonrakı azadlıq və yaradıcılıqda yeni mərhələ

1953-cü ildə Stalinin ölümündən sonra ölkədə böyük aministiya həyata keçirilir. Bir milyona yaxın insan həbsdən və sürgündən azad edilir. Ələkbər Rzaquliyevin də işinə yenidən baxılır. 1928-ci ildə istintaq ittihamının müttəhimin ziddiyətli ifadələrinə əsaslandığı, dindirmənin qanundan kənar üsullarla keçirildiyi, müttəhimin protokolu imzalamaqdan imtina etdiyi müəyyənləşdirilir. Buna əsaslanaraq, Ələkbər Rzaquliyevin sonrakı ittihamları da qanunsuz sayılır və ona bəraət verilir.

"İstiqlal uğrunda" kitabı üzərindəki rəsm olmasaydı, onun ömür yolunu da, bəlkə, belə əhatəli izləməyəcəkdim. Araşdırmalardan sonra bu qənaətə gəldim ki, toplunun tərtibçiləri Azərbaycanda yaşayan və təhlükə altında olan rəssamın və şeirlərin müəlliflərinin adlarını açıq verməyiblər. Rəssam Türkiyədə yaşasaydı, yəqin ki, onun müəllif hüququna sayqı ilə yanaşar və adını, soyadını verərdilər.

Bu qənaətdəyəm ki, istiqlalçı Azərbaycan gəncinin tablosunu yaradan məhz Ələkbər Rzaquliyevdir. Hətta həmin rəsmin müəllifi olmasa belə, başı müsibətlər çəkmiş, yaradıcılığında milli-mənəvi dəyərlərimizi geniş əks etdirmiş bu müsavatçı rəssamı gənc nəsilə qədərincə tanıtmaq və sevdirmək lazımdır.

 





06.02.2019    çap et  çap et