525.Az

Samuxda daha bir körpü inşa edilir


 

Samuxda daha bir körpü inşa edilir<b style="color:red"></b>

Bölgələrimizin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının tələblərinə uyğun olaraq, yerlərdə yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, o cümlədən, kənd yollarının inşası və ya yenidən qurulması geniş vüsət alır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda 3 kəndi birləşdirəcək yeni körpünün tikintisi aparılır. Körpü  yenidən qurulması ötən il başa çatdırılan 13 kilometrlik Yenikənd - Köbər (keçmiş adı Lüksemburq) - Qaraağaclı (keçmiş adı Qırmızı Samux) avtomobil yolu üzərində salınır. Yeni körpünün istifadəsi ilə  sözügedən kəndlərdə, eləcə də ətraf məntəqələrdə yaşayan təxminən 4 min nəfərdən çox  sakinin rayon mərkəzi ilə əlaqəsi daha da yaxşılaşdırılacaq. Həmçinin, bu yeni texniki qurğu təbiətin bir sıra şıltaqlıqlarının qarşısının alınması işinə də öz töhfəsini verə biləcək

"Körpünün istifadəyə verilməsi həm də Boz dağ silsiləsindən və Çeyrançöl ərazisindən yaz və payız aylarında gələ bilən potensial sel axınlarının neytrallaşdırılması, yəni onların birbaşa Kür çayına yönəldilməsi baxımından əhəmiyyətli olacaq" - deyə, icraçı qurumun mühəndisi Səbuhi Əliyev bildirib.

Körpünün uzunluğu 18 metr, eni  8 metr, yerdən hündürlüyü 4,5 metr  olacaq. Körpü avtomobillərlə yanaşı, piyadaların keçidi üçün də nəzərdə tutulub.  Tikinti işlərinə  1 aya yaxındır ki, başlanılıb. Bu qısa müddətdə artıq işlərin 60 faizi yerinə yetirilib. Körpünün yaxın ongünlüklərdə tam istifadəyə verlməsi nəzərdə tutulur.

Zakir MURADOV
Samux

 





06.02.2019    çap et  çap et