525.Az

"Separatçılar Qarabağ danışıqlarında heç vaxt üçüncü tərəf ola bilməzlər"


 

"Separatçılar Qarabağ danışıqlarında heç vaxt üçüncü tərəf ola bilməzlər"<b style="color:red"></b>

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda Almaniyada səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yenə də danışıqlar prosesini çətinləşdirəcək bəyanatlar səsləndirib.

O, Almaniya kansleri Angela Merkelle birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi "mən Ermənistan Respublikasının baş naziri olaraq, Ermənistan adından danışıqlar apara bilərəm, lakin Dağlıq Qarabağın adından danışıq apara bilmərəm. Aydın səbəbə görə: "Dağlıq Qarabağ xalqı bizim seçkilərdə iştirak etmir, mən səs verməyib. Onların öz prezidenti, öz parlamenti, öz hökuməti var və Qarabağ xalqı adından danışıqlar prosesində Qarabağ xalqı tərəfindən seçilmiş nümayəndələr danışmalıdır" fikirləri "Deutsche Welle" teleradio şirkətinin jurnalisti ilə müsahibə zamanı yenidən təkrarlayıb.

Jurnalist Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə hər hansı irəliləyişin əldə olunub olunmaması ilə maraqlanıb. Paşinyan cavabında deyib: "Bilirsiniz, bu, yalnız ilkin proseslər, ilkin danışıqlar idi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi danışıqlar hələ başlamayıb. Sadəcə olaraq görüşdük, söhbət etdik, danışıqlar prosesinə və onun tarixinə dair fikir mübadiləsi apardıq. Heç kəs bu görüş zamanı hansısa konkret addımların olacağına ümidli deyildi".

O əlavə edib ki, hazırda xarici işlər nazirləri (Azərbaycan və Ermənistan) mümkün görüşümüz üzərində çalışır. Lakin bir sıra vacib məsələləri həll etmədən münaqişənin həlli mümkün deyil. Paşinyan sözlərinə əlavə edib ki, Dağlıq Qarabağı (Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış separatçı rejimi nəzərdə tutur) danışıqlar prosesi zamanı təmsil edə bilməz. 

Paşinyanın sözünü kəsən jurnalist qeyd edib ki, bu, Ukrayna münaqişəsi məsələsində Kremlin yanaşmasını xatırladır: Kreml deyir ki, Donbass separatçıları ilə danışıqlar apara bilər, lakin burada Rusiyanın heç bir işi yoxdur, buradakı insanlara təsir edə bilməz.

Lakin baş nazir buna etiraz edərək bildirib ki, bunlar iki ayrı-ayrı məsələlərdir: "Düşünmürəm ki, Donbass və Dağlıq Qarabağ münaqişəsi ilə eynilik olsun. Bu, həqiqətdir ki, Dağlıq Qarabağın rəhbərliyi var, orada seçkilər təşkil edilir, oranın sakinləri məni seçib və mənə onların səlahiyyətlərini təmsil etmək hüququ verib".

Əlbəttə ki, Paşinyan bü cür mövqeyi ilə sülh prosesinə zərbə vurmuş olur. Dağlıq Qarabağın və ətraf rayonların erməni silahlıları tərəfindən işğal edilməsi bu gün heç kimə sir sirr deyil. Hətta almaniyalı jurnalistin belə Paşinyanın fikirlərinə müdaxilə edərək, parallel aparması bunu bir daha sübut edir. Paşinyan bir tərəfdən danışıqlar prosesini dinamik şəkildə davam etdirməkdə özünü maraqlı göstərir, Azərbaycanın dövlət başçısının iştirak etdiyi beynəlxalq tədbirlərdə onunla ünsiyyətə can atır, digər tərəfdən isə prosesi çətinləşdirəcək açıqlamalar verir. Bəllidir ki, Qarabağ münaqişəsinin tərəfləri Azərbaycan və Ermənistandır, separatçılar burada heç vaxt üçüncü tərəf ola bilməzlər. Sadəcə olaraq iki icmanın nümayəndələri görüşə, fikir mübadiləsi apara bilərlər. Amma görünür, Paşinyan mütəmadi olaraq səsləndirdiyi bu "arqumenti" ilə sülh danışıqlarını dalana dirəmək istəyir. Bu isə Koçaryan-Sarkisyan yolunun davamıdır. İstənilən halda, Azərbaycan bütün mənalarda Ermənistandan üstün mövqedədir. Həm dünyadakı nüfuzu, həm iqtisadi imkanları, ilk növbədə isə güclü Ordusu ilə. Paşinyan da Azərbaycanın gücünə, imkanlarına yaxşı bələddir, öz nüfuzunu qorumaq üçün səsləndirdiyi bu cür boş bəyanatlarla uzağa gedə bilməyəcəyinin də fərqində olmalıdır. Paşinyanın qarşısında həll etməli olduğu saysız problemlər var, amma bu problemlərin açarı da məhz Qarabağ münaqişəsindədir. Yəni münaqişəsinin nizamlanmasında Ermənistanın konstruktiv addımlar atacağı təqdirdə, onun iqtisadi, sosial inkişafı üçün də yeni imkanlar açılacaq. 

Mövzuya millət vəkili, politoloq Rasim Musabəyov münasibət bildirib. O xatırladıb ki, Azərbaycan torpaqları birbaşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bura Paşinyanın və Ermənistan müdafiə nazirinin oğlanları daxil olmaqla, daimi çağırış əsasında Ermənistandan 10 mindən çox hərbçi yerləşdirilib.

Bundan əlavə, Rusiyadan fərqli olaraq, ermənilər işğal olunmuş ərazilərdə kütləvi etnik təmizləmə həyata keçiriblər, qurbanların sayı isə 600 mindən çox olub.

Beləliklə, Paşinyanın iddialarının yalan olduğu aydındır, başqa sual isə budur: Ermənistanın xarici havadarları və "məxməri" inqilabın həvəsli pərəstişkarları Paşinyanın gözünə yalanlarını soxacaqlar, yoxsa Koçaryan-Sarkisyan cinayət-oliqarx tandemi ilə əvvəllər olduğu kimi ermənilərin küyünə düşməkdə davam edəcəklər?"

PƏRVANƏ

 





07.02.2019    çap et  çap et