525.Az

"Erməni soyqırımı"nı anan Makron Fransanın törətdiyi soyqırımları niyə unudub?!


 

"Erməni soyqırımı"nı anan Makron Fransanın törətdiyi soyqırımları niyə unudub?!<b style="color:red"></b>

Hər il aprel ayında dünyadakı erməni lobbisi və diaspor təşkilatları daha da fəallaşaraq, qondarma "erməni soyqırımı" ilə bağlı müxtəlif kampaniyalara, tədbirlərə start verirlər. Məqsəd isə tarixdə baş verməmiş bir hadisədən istifadə edərək Türkiyə əleyhinə kampaniya aparmaqdır.
 
Bu məsələdə "öndə" gedən ölkələrdən biri isə Fransadır. Əlbəttə ki, Fransanın ermənipərəst olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu ölkə qondarma "erməni soyqırımı"nı tanıyan ilk dövlətlərdən biridir. Amma prezident Emmanuel Makron erməni məsələsində daha da irəli gedib. Əvvəlki prezidentlər balansı nisbətən qorumağa çalışırdılarsa, Makron açıq şəkildə ermənipərəst siyasət aparır. Təkcə Türkiyəyə qarşı deyil, eyni zamanda. Azərbaycana qarşı da. Sanki bu adam Fransanın deyil, Ermənistanın dövlət başçısıdır. Makron Fransa tarixinin ən zəif siyasətçisi və dövlət başçısı hesab olunur. Dünyada heç bir nüfuza malik olmayan bu şəxs prezident seçildikdən sonra Fransada vəziyyət bütün sahələrdə pisləşib. Xeyli müddətdir ki, ölkəni etiraz aksiyaları bürüyüb. "Sarı jiletlilər" adlandırılan aksiyaçılar güc strukturlarının zorakılığı, qeyri-insani rəftarına məruz qalıblar. Aksiyaları dağıtmaq üçün hətta qadağan edilmiş vasitələrdən də istifadə edilib. Ölənlər, xeyli yaralananlar və həbs edilənlər var. Aksiyaçılar ölkədəki duruma, vergilərin artmasına, qiymətlərin bahalaşmasına etiraz edirlər. Amma Makron bu problemlərin həlli istiqamətində heç bir addım atmır. Öz xalqına biganə yanaşan fransız lider ermənilərə qarşı daha sayğılı, daha diqqətlidir. Yəqin ki, bu sayğı və diqqətin arxasında həm də növbəti dəfə prezident seçkilərində səs almaq məqsədi dayanır. Başqa sözlə, öz nüfuzu tamamilə itirmiş Makron seçkilərdə ermənilərin səsinə ümid edir. 

Makron ermənilərə xoş gələn daha bir addım atıb. O, aprelin 24-ü tarixini Fransada qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsi günü kimi qeyd edilməsini qərar alıb. Bu barədə o, özü Fransanın erməni təşkilatlarının koordinasiya şurasının illik naharında bildirib. Makron xatırladıb ki, Fransa "erməni soyqırımını" tanıyan və qınayan ilk ölkələrdən biri olub.

Qeyd edək ki, Fransa 2001-ci ildə qondarma "erməni soyqırımı"nı rəsmən tanıyıb.

Makronun hakimiyyətdə olduğu müddətdə  təkcə Türkiyəyə qarşı deyil, Azərbaycana qarşı da münasibətlərə xələl gətirə siyasət aparması açıq-aydındır. Belə ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri, fransız merlərinin və bələdiyyə rəhbərlərinin Qarabağa qanunsuz səfərləri, eyni zamanda, separatçı rejimlə əlaqəli atılan digər qanunsuz addımlar Parisin separatçılığı təşviq etməsinə bir nümunə idi.

Yaxud Ermənistanın paytaxtı İrəvanda ötən il keçirilən Frankofoniya Beynəlxalq Təşkilatının 17-ci zirvə görüşündə iştirak edən Makronun Bakıya səfəri nəzərdə tutulsa da, sonradan ləğv edildi. Səfər barəsində də elə məhz fransız mətbuatı anons vermişdi.

Frankofoniya fransız dilli ölkələri birləşdirir. Ermənistan isə məlumdur ki, fransızdilli deyil. Heç fransız dili bu ölkədə populyar dil də hesab edilmir. Belə olan halda, sammitə niyə məhz Ermənistanın ev sahibliyi etməsinə gəlincə, burada əlbəttə ki, erməni diasporunun təsiri də çox olub. Nəticədə isə İrəvan sammiti təşkilatın tarixində ən uğursuz bir sammit kimi yadda qaldı.

Məsələyə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın münasibət bildirib. Kalın bunu şiddətlə qınadıqlarını bəyan edib. "Sözdə "erməni soyqırımı" iddiaları heç bir hüquqi əsasları olmayan, tarixi gerçəklərə zidd, siyasi bir yalandır. Türkiyə üçün heç bir hökmü yoxdur. Prezident Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildə tarixi gerçəklərin işıqlandırılması üçün "Ortaq Tarix Komissiya"nın yaradılması ilə bağlı çağırışından qaçanlar indi də tarixi hadisələri saxtalaşdırmağa çalışmaqdadırlar".

Politoloq Qabil Hüseynli isə mətbuata açıqlamasında Emmanuel Makronun qondarma "erməni soyqırımı" ilə bağlı qərarını çox böyük provokasiya adlandırıb. Əlavə edib ki, onsuz da fransızlar 2001-ci ildən etibarən bu provokasiyanı addım-addım daha geniş vüsətlə təkrarlamağa başlayıblar.

O bildirib ki, 2001-ci ildə Fransa parlamenti "erməni soyqırımı"nı tanıdı, onun ardınca isə 2005-ci ildə bu "soyqırımı"nı inkar edənlərə cinayət işinin açılması barədə qərar qəbul etdi: "Amma bu qərarı Fransanın Konstitusiya Məhkəməsi ləğv etdi, yəni "soyqırımı" etiraf etməyənlərə qarşı cinayət məsuliyyətinin olması ilə bağlı irəli sürülən iddialar rədd edildi. Makron bir budaqda oturub min bir budağı sirkələyən provokator xarakterli bir şəxsdir. Bunun əməlləri Fransa xalqına böyük ziyanlar gətirməkdə davam edir. Görünür, "sarı jiletlilər"in ayağa qalxması və Makrona qarşı istefa tələblərini irəli sürmələri bu provokator prezidenti hələ heç də ayılmağa gətirib çıxarmayıb".

Politoloq əlavə edib ki, Türkiyə siyasətçisi, Vətən Partiyasının sədri Doğu Pərinçək Fransanın "erməni soyqırımı" və ona qarşı cəza tətbiq edilməsi ilə bağlı Avropa Məhkəməsinə müraciət edib: "Bu məhkəmə prosesi 8 ilədək davam edib. 8 ildən sonra, yəni 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Pərinçəkin iddiası ilə bağlı Fransanın Osmanlı İmperiyası ərazisində baş vermiş hadisələrə doğru qiymət vermədiyini təsdiq edən bir qərar çıxarıb. Beləliklə, Pərinçəkin Fransa üzərində qələbə çalması bu məsələlərin nə qədər uydurma olduğunu isbatlayır. Lakin Fransa dayanmır. Makron bütün bunlardan utanmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Fransanın da daxili olduğu ali məhkəmə orqanıdır və bu qərara tabe olmayaraq indi də saxtakar anım gününün qeyd edilməsi və xalqlar arasında milli ədalətə çağırış kimi dəyərləndiriləcək bir qərar qəbul etməsi Fransa üçün çox xoş olmayan ciddi nəticələr çıxaracaq".

Q.Hüseynli vurğulayıb ki, Fransa özü soyqırımı həyata keçirən ölkədir: "Fransa Makronun uşaqlıq dövründə - 1961-62-ci illərdə Əlcəzair və Tunisdə müstəmləkə zülmündən azad olmaq istəyən 1,5 milyona qədər ərəbi qırıb çapdı. Bu, uzaq olmayan bir tarixdə baş verib. Hətta bunu sübut etmək üçün dövrün qəzetlərini də araşdırmaq kifayətdir. Güman edirəm ki, Türkiyə buna cavabsız qalmayacaq. Görünən odur ki, Fransanın özünün Amerikada, indiki Kanada ərazisində, Afrikanın şimalındakı Mərakeş, Tunis, Liviya ərazilərində törətdiyi qanlı qətliamlarla bağlı qərar qəbul edilməsinə ehtiyac duyulur. Ərəb dünyasına və Amerikanının aborigen əhalisinə qarşı soyqırımı həyata keçirən Fransanın mövqelərinə siyasi qiymət verilib, qərar qəbul edilməlidir. Hesab edirəm ki, Türkiyə dövləti bunu etməli və digər ölkələrə də bunun qəbul edilməsi istiqamətində təsir göstərməlidir".

PƏRVANƏ

 





07.02.2019    çap et  çap et