525.Az

Prezident Azərbaycan gəncliyinə güvənir və etimad göstərir


 

"GƏNCLƏR MİLLİ RUHDA TƏRBİYƏ ALMALIDIRLAR Kİ, GƏLƏCƏKDƏ DÖVLƏT MARAQLARINI, XALQIMIZIN MİLLİ MARAQLARINI LAYİQİNCƏ QORUYA BİLSİNLƏR"

<b style="color:red">Prezident Azərbaycan gəncliyinə güvənir və etimad göstərir</b>

Xəbər verdiyimiz kimi, fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri günü münasibətilə respublika toplantısı keçirilib.

Tədbirdə iştirak edən Prezident İlham Əliyev ölkə gənclərinə ünvanlanan geniş çıxışı ilə yadda qalıb. Gəncləri əlamətdar gün münasibətilə təbrik edən, onların cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır: "Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər".

Prezident gənclər üçün əsas istiqamət kimi təhsil sahəsini xüsusi qeyd edib: "Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar".

Bu gün Azərbaycan gənclərinin cəmiyyətimizin fəal hissəsi olduğunu deyən dövlət başçısı vurğulayıb ki, haqlı olaraq gənclərimizlə fəxr edə bilərik: "Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərib ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır".

İ.Əliyev toplantıda dövlət təşkilatlarına gəncləri önə çəkməyi tövsiyə edib.

Daha sonra gənclərə ölkə qarşısında duran bəzi vəzifələr haqqında danışıb: "Ölkəmizin sürətli və uğurlu inkişafı davam edir, ölkə qarşısında duran bütün vəzifələr icra olunur. Bu gün Azərbaycan dünyada çox sürətlə inkişaf edən ölkə kimi tanınır. Biz isə əldə edilmiş uğurlarla kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq və ilk növbədə, bu gün həll edə bilmədiyimiz məsələləri həll etməliyik, nöqsanları, problemləri aradan qaldırmalıyıq".

Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan danışan ölkə başçısı bildirib ki, qarşıda duran ən başlıca məsələ Dağlıq Qarabağ torpaqlarının işğaldan azad edilməsidir: "Azərbaycan bu istiqamətdə hüquqi cəhətdən, siyasi cəhətdən və bütün başqa cəhətlərdən öz mövqelərini möhkəmləndirir. Bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, heç vaxt olmayıb və heç vaxt olmayacaq".

Prezidentin tədbirdəki çıxışı ilə bağlı fikirlərini bildirən politoloq Nəzakət Məmmədova qeyd edib ki, müasir dünyada qarşısıalınmaz proses olan qloballaşma hər bir xalqa öz mədəniyyətini təbliğ etmək imkanı yaradır. O, "Trend"ə bildirib ki, bu baxımdan gənclərin milli ruhda tərbiyə alması çox vacib amildir: "Prezident İlham Əliyevin haqlı olaraq söylədiyi kimi, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər".

Politoloq hesab edir ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var: "Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Müasir dünyanın ən mühüm tələblərindən biri təhsilli və savadlı gənclərin yetişməsidir. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında qeyd edib: "Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır".

N.Məmmədova əlavə edib ki, Prezident İlham Əliyevin bu çıxışı Ümummilli lider Heydər Əliyevin yeritdiyi siyasətə sadiqliyini göstərir: "Çünki ulu öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycan gənclərinin SSRİ-nin müxtəlif ali məktəblərində təhsil almasına çalışırdı. Bu, ixtisaslı, savadlı gənc kadrlar sayəsində fövqəldövlətin bir respublikası kimi Azərbaycanın irəli getməsinə, nüfuz qazanmasına səbəb oldu. Bu gün də həmin mütəxəssislər Rusiya və digər MDB ölkələrində diasporumuzun əsasını təşkil edirlər".

Politoloq vurğulayıb ki, hazırda Azərbaycan dövlətinin strateji məqsədlərindən biri beynəlxalq münasibətlərdə dövlətimizin yeritdiyi siyasəti uğurla davam etdirməyi bacaran, dünyanın reallıqlarını aydın dərk edib ona uyğun fəaliyyət göstərmək potensialı olan gənc kadrların hazırlanması prosesinin davamlılığını təmin etməkdən ibarətdir: "Eləcə də müasir dünyanın çağırışları savadlı, erudisiyalı gənclərin sayəsində ölkələrin dünyada öz layiqli yerini tutacağını deməyə əsas verir. Qloballaşma, dördüncü sənaye inqilabı, süni intellektin yaradılması hər bir dövlətdən adekvat davranış, çağırışlara strateji yol xəritələri ilə yanaşma tələb edir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət Vətənə bağlı, dövlətə sadiq, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ və təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə və layiqli yerlərini tutmasına səbəb olub".

Milli Məclisin deputatı Elşən Musayev isə hesab edir ki, Prezident İlham Əliyevin Azərbaycan Gəncləri gününə həsr olunmuş respublika toplantısında çıxışı millətini və dövlətini sevən hər kəs üçün örnək olmalıdır. O bildirib ki, oradakı səmimiyyət, qətiyyət, verilən mesajlar əslində, həm də aparılan siyasətin qayəsindən, prioritetlərindən xəbər verir: "Bu gün Azərbaycanda bütün sahələr inkişaf edir. Üstəlik, sistemli formada inkişaf edir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dərin köklərə malik azərbaycançılıq ideyası, fəlsəfəsi ölkənin iqtisadi və siyasi sabitliyinin qarantıdır. Prezidentin son nitqi də daxil olmaqla, demək olar, bütün çıxışlarını əsas etibarilə milli maraqlara yönəldir. Çünki milli maraqların təmin olunmadığı yerdə, müstəqilliyin, suverenliyin təhlükə altında olduğu məqamlarda heç bir zaman inkişafdan söhbət gedə bilməz. Bizim elə ən böyük üstünlüyümüz ondadır ki, məhz milli maraqları İlham Əliyev kimi ləyaqətlə qoruyan liderimiz var".

Deputat vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyulan prinsipial mövqe, ölkənin kənar təsirlərdən bu qədər mükəmməl şəkildə qorunması, müdafiə olunması, terrordan, qarşıdurmadan, siyasi və iqtisadi böhrandan uzaq olmağımız və nəhayət, bu qədər rahat formada, sabit şəkildə yaşamağımız Prezident İlham Əliyevin apardığı məqsədyönlü və balanslı siyasətin nəticəsidir: "Ən əsası, bizim azərbaycanlı olmağımızla bu qədər fəxr etməyimizin səbəbi də məhz ölkənin dünya nəhəngləri arasındakı adı və yeridir. Bu hissi və şərəfi isə bizlərə aparılan doğru siyasətin nəticələri yaşadıb. Yaşatmağa da davam edir. Zaman var idi ki, SSRİ tərkibində idik, hər şeyimiz kimdənsə asılı idi. Müstəqilliyin, müstəqil atributların nə olduğunu bilmirdik. Fəqət tarix bizə elə bir mərhələdə yaşamağı qismət elədi ki, həmin müstəqilliyin varlığını gördük, daddıq və bu məqamda prezidentin söylədiyi müdrik bir fikri xüsusən qeyd etmək lazımdır: "Müstəqilliyi qazanmaqdan da çətin olan onu qorumaqdır".

E.Musayev qeyd edib ki, Prezident İlham Əliyev gənclərlə görüşündə həm də stimulverici, obrazlı bir çıxış edib: "Dövlət başçısı özünün və xalqın çətin günlərindən, amma heç zaman ümidsiz olmamasından danışıb. Bu, həm də gənclik üçün ruh yüksəkliyi, gələcəyə inam xarakteri daşıyırdı. Bəli, prezident Azərbaycan gəncliyinə çox güvənir, etimad göstərir. Elə təkcə Nazirlər Kabinetinin son tərkibinə baxsaq görərik ki, elmli, təhsilli gənclərə münasibət necədir. Bu, həm də bir prioritetdir, dövlət siyasətinin aparıcı xəttidir: bütün istedadlı gənclərin potensialını dəyərləndirmək! Azərbaycan bu uğurlarla kifayətlənirmi? Xeyr. İnkişaf strategiyamız hələ İlham Əliyevin rəhbərliyi ilə bizləri daha böyük uğurlara aparacaq. Ölkə rəhbəri bizlərə Dağlıq Qarabağlı Azərbaycanımızı bəxş edəcək, diplomatik danışıqlar effekt verməsə, ən son addım kimi müzəffər ordumuz öz ali baş komandanının rəhbərliyi altında ərazi bütövlüyümüzü, tamlığımızı təmin edəcək".

Deputat əlavə edib ki, Aprel döyüşlərindən, Lələ Təpə uğrunda, Naxçıvandakı peşəkar hərbi əməliyyatlardan sonra buna kimsə şübhə etmir: "Ölkənin, dövlətin ən ali məqsədi də elə budur. Prezident gənclərlə görüşündə bu barədə də ətraflı və konkret danışıb. Ölkə rəhbərinin dövlət qurumlarına müraciət edərək "Gəncləri irəli çəkin" təşəbbüsü də son dərəcə təqdirəlayiq mesajdır. Deməli, gənclər öz üzərilərində işləməli, təhsillərini gücləndirməli və ölkəsinə verə biləcəkləri faydalar barədə düşünməlidirlər. Dövlət və prezident gəncliyin yanındadır. Bu faktın özü bir gəncin arzulaya biləcəyi ən böyük xoşbəxtlikdir".

Ceyhun ABASOV

 





07.02.2019    çap et  çap et