525.Az

Helsinki Vətəndaş Assambleyası: "Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır"


 

"DÜŞMƏN ORDUSUNDAKI HƏRBÇİLƏR MÜHARİBƏSİZ DƏ BİR-BİRLƏRİNİ QIRMAĞA DAVAM EDİRLƏR"

Helsinki Vətəndaş Assambleyası: "Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır"<b style="color:red"></b>

"Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosu maraqlı statistika açıqlayıb. Onların araşdırmasına görə, 2018-ci il Azərbaycanla Ermənistan arasındakı təmas xəttində son 5 ildə ən sakit il olub. Yenə onların hesabatına görə, 130 gündür cəbhə bölgəsində Ermənistan ordusunun bir itkisi belə yoxdur və bu sakitlik hələ də davam edir".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Helsinki Vətəndaş Assambleyasının Ermənistan bürosunun hesabatına görə, Ermənistan ordusunda qeyri-döyüş itkiləri artır: "2018-ci ildə 17 erməni hərbçi yol qəzalarında həlak olub, 13 nəfər xəstəliklərdən ölüb, 11 nəfər isə özünü öldürüb".

Politoloq hesab edir ki, bu hesabatdan iki nəticə hasil olur: "Birinci nəticə odur ki, həqiqətən cəbhə bölgəsində nisbi sakitlik hökm sürür. Çünki son aylarda bizim televiziya kanalları da xəbərlərə cəbhə bölgəsindəki atəşkəsin intensiv pozulması məlumatları ilə başlamırlar. Görünür, Ermənistanın baş naziri Nikol Paşinyan ordu komandanlığına gizli tapşırıq verib ki, ordu təxribatdan çəkinsin, atəşkəsə riayət etsin. Məsələn, son aylarda işğal altındakı torpaqlarda hərbi təlimlərdən xəbər yoxdur. Əvvəllər belə təxribatlara çox rast gəlirdik. Ancaq sakitliyin və sükutun uzun müddət çəkəcəyini söyləmək çətindir. Çünki "Qarabağ klanı" əlindəki imkanlardan istifadə edərək hər an təmas xəttində təxribat planlaşdıra bilər. Azərbaycan ordusunun cavabı özünü çox gözlətməyəcək. Bu isə Paşinyanın mövqelərini zəiflədəcək. "Qarabağ klanı"na da elə bu lazımdır".

"Hesabatdan gəlinən ikinci nəticə budur ki, Ermənistan ordusundakı hərbçilər müharibəsiz də bir-birlərini qırmağa davam edirlər. 2018-ci ildə ümumilikdə 41 hərbçi müxtəlif səbəblərdən ölüb. Bu, hələ Helsinki Vətəndaş Assambleyasına məlum olan rəqəmlərdir. Ermənistanda ordunu təhciz etmək İrəvana baha başa gəlir. Üstəgəl də qeyri-döyüş itkiləri azalmır. Ancaq bütün bunlar bizi arxayın salmamalıdır. Bəli, hələ ki, atəşkəsə riayət edirik. Ancaq Paşinyan yaxın aylarda münaqişənin həllində addım atmasa, atəşkəsə riayət etməyin anlamı qalmayacaq".

Ceyhun ABASOV

 





07.02.2019    çap et  çap et