525.Az

"Fikir buludları"nın yağışı


 

"Fikir buludları"nın yağışı<b style="color:red"></b>

Çox sakitdi. Danışdırmasan, qətiyyən səsi çıxmaz. Bir az da yumaq kimi görünür kənardan baxanda. İçinə elə çəkilib ki, elə bilirsən, toxunsan, uşaqların əlindəki balon kimi məhv edə bilərsən dünyasını. Elə bu şəkildə də tanışlığımızın çox da uzun illərə dayanmadığı bu çəlimsiz adamı simasında əks olunan qəribə rənglərin yaratdığı kədərli boyalarıyla kəşf eləməyə çalışmışam.

Bura kimi olan düşüncələrim onun şeirsiz halının cizgiləridir. Elə ki, şeirlərini oxumağa başladı, elə bilirsən buludsuz göy üzündə birdən-birə bir şimşək qılınc kimi qınından sıyrılıb masmavi asimanı ikiyə bölməyə çalışır. Bu ikiyə bölünmə xəttində dayanıb şair Mirşahinə və gündəlik qayğıların adamı olan Mirşahinə boylanmaq çox asan olur. Birində sakitliyinin səhra ilğımı adamı üşəndirirsə, digərində dağ çayı coşğunluğundakı məftunluğun özünü büruzə verir.

Mirşahindi adı. Əvvəli bütün "Mir"lər kimi soyadı da bəllidir. Hələ təxəllüs seçimi barədə düşünməyib deyəsən. Mən isə özlüyümdə onu Mirşair kimi yaddaşıma həkk eləmişəm.

Bugünlərdə Naxçıvan Müəllimlər İnstitutunda şairlərlə tələbələrin görüşü təşkil olunmuşdu. Mirşahin də bu ali təhsil ocağının Riyaziyyat-informatika ixtisasından məzun olub. Bu tədbirdə Mirşahin kitabını imzalayıb mənə verdi: "Fikir buludları". Kitabın arxasındakı şəklinin altında qısa tərcümeyi-halını oxuyanda təəccübləndim. Ötən il məktəbi bitirməyinə baxmayaraq, Mirşahin, demək olar ki, bizimlə eyni nəslin adamıdır. 1984-cü ildə Culfa rayonunun Əbrəqunus kəndində doğulub. Aramızda heç beşcə il də fərq yoxdu. Amma mühitə çox gec gəlib. Hələ gəldiyini də demək olmaz. Onu dinləyəndə hərdən elə bilirəm ki, Konyanın uzaq dağ kəndlərində bir Mövləvixanədə dərvişlibas biriylə danışıram. Yəni bu, Mirşahinin daxili ovqatının yaratdığı auradır. Özü isə səliqə-sahmanlı geyimində, tələbələrdən isə sadəcə alnını tərk edən tellərinin yoxluğuyla seçilir.

"Fikir buludları" 2017-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun rəhbərliyinin diqqəti və qayğısı sayəsində nəşr olunub. Məhdud sayda olsa da, məhdud səhifədə deyil. 150 səhifəlik kitabda artıq 35 yaşını salamlayan şairin lap yeniyetməlik dövründən etibarən yazdığı şeirləri də cəm olunub. Bu "yeniyetməlik" sözünə aldanmayasız. Həmin şeirlərdə də elə indi gördüyümüz ağır-batman söz adamının yeni və qeyri-adi fikirlərini oxumaq ruhu təzələyir. Hər şeirin altındakı illərə baxanda bilirsən ki, bu, hansı yaşın düşüncələridir. Bəlkə elə birinə baxaq. Məsələn, 2005-ci ildə, 21 yaşında yazdığı "Dağınıq fikirlər" şeirinə:

Sənin zülfün, mənim fikrim dağınıq,
Çıxa bilsək bu gecədən səhərə.
Günəş baxıb süzərkən otağını,
Sən saçını yığacaqsan bir yerə,
Mən toplaya bilməyəcəm fikrimi.

Düşünməkdir bu alnımı tərlədən,
Fikir vardır, hər cizgidə, qırışda.
Aman Allah, mən əkdiyim tarladan,
Özünə yem toplayacaq qarışqa, -
Mən toplaya bilməyəcəm fikrimi.

Bu şeirin hər bəndi beləcədir. Axıcıdır, söz yüklüdür, lap elə şeirindəki qarışqa kimi lüğət tarlasından, fikir zəmisindən sözlü günləri üçün özünə azuqə toplayır şair. Bu şeirlərin hamısında halallıq var. Şair halallığı. Şairin torpağa bağlılıq halallığı. Görünür ki, mayası halallıqdır, qayəsi halallıqdır. Şeirlərindən iman əhli bir adam boylanır. Sözlərindən sufiyanə damcıların süzüldüyünü sezmək də çətin deyil. Elinə-obasına, yurduna-yuvasına bağlılığındandır ki, elə doğmaca kəndində də məskən salıb. Bu tərəflərə, yəni mən hələ ölkə paytaxtını demirəm, heç Naxçıvan şəhərinə də yolunu çox az-az salır. Halallıq dedim "Torpaq ətri" şeiri yadıma düşdü:

Kim bilmir ki, nəfi nədi?
O, tükənməz dəfinədi.
"Yox"dan ölüm üfunəti,
"Var"dan torpaq ətri gəlir.

Mirşahinin də şeirlərindəki yeni fikirlərdən məhs bu "var" olmanın torpaq ətrini duymaq olur. Şairi "güldürmək üçün qan ağlayan ürəyi"ndən bir ümid də keçir:

Qəlbləri oxşayarsa nadir xalçalar kimi,
Yəqin könül evindən asar kimsə şeirimi.

Qəribə şeirləri var. Sujetlidir. Amma bu sujetin içində elə bir lirik mənzərə yaradır ki, təəccübləndirir, heyərtləndirir oxucunu. "Yadigar saat" kimi, "Mən sənin arxanca danışan zaman" kimi, "Süfrə başında" kimi, "Unutdurdu" kimi, "Nənə-nəvə" kimi. Bir də "Zaman - ilan" şeiri var. Bax orda da belə deyir:

Bəzən bir an il kimidir,
Bəzən bir il an kimi.
Hey qıvrılır, açılır
Zaman - bir ilan kimi.

Zaman adlı ilanın
Zəhəri də var hətta.
İlan həyətdə sancır,
Zaman isə həyatda.

"Fikir duyğuları" kitabını oxuduqca bir məqama da əmin olursan: Mirşahin şeir musiqisinə çox gözəl ayaq uyduraraq fikirlərlə rəqs edir. Bu zaman sözlərlə oynadığı kimi, sözləri oynatmağı da yaxşı bacarır. "Özünə vurulmaq ən qorxulu eşq, Özünü vurmaqdan təhlükəlidir", "Qorxduğumçün sevdim səni bir zaman, İndi səni sevdiyimçün qorxuram", "Nəyi biliriksə, bilirik, fəqət, Nəyi bilmiriksə, o bizi bilir" və bu kimi misralarla, ifadələrlə şair öz düşüncələrini oxucuya sevdirə bilir.

Tələbəlik illərimdə mənə də dərs demiş, tənqidçi-alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Əzimli bu kitaba "Fikir onun çarmıxıdır" sərlövhəli ön söz yazıb. Burada da Mirşahinin ədəbi portreti müəllimimizin müşahidəsində çox aydın bir şəkildə görünür: "Mirşahinin özünəxas fikir və düşüncə axtarışları, məna burulğanları vardır. Onun fikir və düşüncələri dalğalı, ləpəli, coşğuludur: bu düşüncələrilə o, bəzən fırtınalı hala düşür, bəzən özünə qapılmış halda olur: bu özünəqapılma özünü idrak əlamətlərinin ifadə şəklidir". Tam haqlıdır Əbülfəz Əzimli.

Özümə qapıldım - açın qapımı,
Dizimə qapandım - açın qapımı.
İlham - qapı zəngim, qələmim - açar.
Kitabım qapımdı - açın qapımı, -

deyən şairin qapısını qapayanda gözlərim önündə bir obraz canlanmışdı. Bəli, bu onun öz silueti idi. Buludların arasında, həm də ağappaq buludların arasında fikrə gedən və bu fikirlərdən olsa ki, yaşından tez yaşlaşmış dərvişxəyal söz adamı. Sözün bütün mənalarında şair Mirşahin. Nəsimi filmindəki dərvişlər kimi də ritmlə şeirini oxuyurdu:

Elə bilməyin ki, əlimdə varaq,
Limanda yazıram şeirlərimi.
Fikir dalğasında enib-qalxaraq,
Ümmanda yazıram şeirlərimi.

Kağıza əyilib, qələmi əyib,
Bütün qənimlərə qənimi əyib,
Yaxşıya, yamana ümid eyləyib,
Gümanda yazıram şeirlərimi.

Yer üzündə yersiz hədə görəndə,
Nadanlığı hədsiz həddə görəndə...
Mən nə eşidəndə, nə də görəndə -
Duyanda yazıram şeirlərimi.

Baxanda bəşərin rəzalətinə,
Düşəndə vicdanın nəzarətinə...
Gözümü dünyanın naz-nemətinə
Yumanda yazıram şeirlərimi.

Qalxıram ruhumun həmləsi ilə,
Ölçürəm tutumu həndəsə ilə.
Duyğumu təfəkkür rəndəsi ilə
Yonanda yazıram şeirlərimi.

Kitabdan, xitabdan, dindən yaxınsan,
Torpaqdan, toxumdan, dəndən yaxınsan.
Ey Rəbbim, sən mənə məndən yaxınsan,
Yanında yazıram şeirlərimi.

Tanrının yanındakı şairin şeirlərini oxuyanda üzümü göylərə tutdum. Gördüm ki, orada bir şeir dualamaqdadır. Onu da gördüm ki, göylərdən yerlərə - yanımıza, sıramıza yubansa da, dostanə ərklə və sözü dərklə "Fikir buludları"ndan sıyrılmış bir şair gəlir. Öz şeiri ilə onu salamladıq:

Nə qaçqınsan, nə köçəri,
Öz evindi, keç içəri...

 





07.02.2019    çap et  çap et