525.Az

Azərbaycan nümayəndə heyəti Özbəkistanda


 

İKİ ÖLKƏ ARASINDA İQTİSADİ ƏLAQƏLƏR MÜZAKİRƏ EDİLİB

Azərbaycan nümayəndə heyəti Özbəkistanda <b style="color:red"></b>

Fevralın 4-dən 5-dək Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində hər iki ölkənin rəsmilərinin və sahibkarların iştirakı ilə dəyirmi masa ətrafında tədbir keçirilib, Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə edilib.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, turizm, mədəniyyət, İKT, innovasiyalar və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini diqqətə çatdırıb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, son 15 ildə ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, ticarət dövriyyəsi 3,5 dəfə, qeyri-neft ixracı 4,2 dəfə artıb, ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları investisiya qoyulub. Qazanılan uğurlar, ölkəmizdəki əlverişli biznes və investisiya mühiti beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib. İqtisadiyyat naziri özbəkistanlı iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində birgə müəssisələrin təşkilinə dəvət edib.

Azərbaycanın əlverişli geostrateji mövqedə, Şimal-Cənub, Cənub-Qərb və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını vurğulayan Ş.Mustafayev logistika-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını, Özbəkistanın ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə biləcəyini bildirib.

Nazir əsrlər boyu xalqlarımız arasındakı dostluğa və dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli siyasi münasibətləri vurğulayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Özbəkistan tərəfinə minnətdarlıq edib.

Özbəkistanın baş nazirinin müavini Elyor Qəniyev ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfərinin, aparılan müzakirələrin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacağını qeyd edib.

Tədbirdə Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov, Özbəkistanın Kənd Təsərrüfatı naziri Jamşid Xocayev, İnvestisiya və Xarici Ticarət naziri Sardor Umurzakov çıxış edərək iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, kənd təsərrüfatı sahəsində təcrübə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalar və yeniliklər, pambıqçılıq, ipəkçilik və digər sahələrdə təcrübə mübadiləsinə və əməkdaşlığa dair fikirlərini bildiriblər.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Özbəkistanın baş naziri Abdulla Aripovla görüşüb. İqtisadiyyat naziri Ş.Mustafayev Özbəkistanla əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Görüşdə xalqlarımız arasındakı tarixi dostluq əlaqələrinə və dövlət başçılarının siyasi iradəsinə əsaslanan yüksək səviyyəli münasibətlərin iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığı vurğulanıb.

Özbəkistanın baş naziri A.Aripov dövlət başçılarının siyasi iradəsini, xalqlarımız arasında tarixən mövcud olan dostluq əlaqələrini vurğulayıb, hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərin səmərəli olduğunu, aparılan müzakirələrin ikitərəfli əlaqələrin genişləndirilməsində önəmini qeyd edib.

Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində hər iki ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri arasında da görüşlər keçirilib və əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Özbəkistana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti "Bakan Tex" tekstil fabriki, "Artel" elektrik məişət texnikası, "Uzbekipaksanoat" ipək, "Uzaqrotexsanoatholdinq" kənd təsərrüfatı texnikası istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.

CEYHUN

 





07.02.2019    çap et  çap et