525.Az

Prezident: "Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır"


 

"ZƏLZƏLƏDƏN SONRA DÖVLƏT BAŞÇISININ ŞAMAXIYA SƏFƏR ETMƏSİ, FƏSADLARIN ARADAN QALDIRILMASI İSTİQAMƏTİNDƏ TAPŞIRIQLAR VERMƏSİ VƏTƏNDAŞA OLAN DİQQƏT VƏ QAYĞININ ƏYANİ TƏZAHÜRÜDÜR"

Prezident: "Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır"<b style="color:red"></b>

Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfər edib.

Dövlət başçısı fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olub. Zəlzələdən zərər çəkən tikililərə baxış keçirən prezident daha sonra sakinlərlə söhbət edib. Təbii fəlakətin nəticələri ilə yerində tanış olan dövlət başçısı fəsadların aradan qaldırılması istiqamətində müvafiq qurumlar qarşısında ciddi tapşırıqlar qoyub.

Prezident sakinlərlə görüşündə qeyd edib ki, dağılan evlərin bərpası, yenidən tikilməsi istiqamətində müvafiq göstərişlər verib: "Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fevralın 5-dən Şamaxıdadırlar, yaxşı işləyirlər. Bütün müraciətlər nəzərə alınır, evlərə baxış keçirilir. Harada ki, bərpa etmək mümkündür, bərpa olunacaq. Harada ki, mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürür".

Şamaxıya tez-tez səfər etdiyini deyən dövlət başçısı bildirib ki, burada infrastruktur layihələrinin, sosial obyektlərin, kənd təsərrüfatı obyektlərinin açılışlarında iştirak edib: "Şamaxının inkişafı daim diqqət mərkəzindədir. Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək... İndi yüzlərlə müraciət var.

Mənə verilən məlumata görə, hələ ki, 70-dən çox müraciətə baxılıb və müvafiq aktlar tərtib edilib. Bu aktlar əsasında bütün təmir-bərpa işləri aparılacaq. Vətəndaşlar narahat olmasınlar. Azərbaycan dövləti həmişə öz vətəndaşının yanındadır".

Təbii fəlakətin nəticələri ilə şəxsən tanış olduqdan sonra ölkə rəhbəri fəsadların aradan qaldırılması istiqamətində müvafiq sərəncam imzalayıb. Dövlət başçısı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 2 milyon manat vəsait ayırıb.

Sərəncamda qeyd olunub ki, 2019-cu il fevralın 5-də episentri Ağsu və İsmayıllı rayonlarının ərazisində olan zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, sosial və infrastruktur obyektlərinə ziyan dəyib.

Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərilib. Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində hazırda zəruri tədbirlər görülür.

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi Şamaxı, İsmayıllı və Ağsu rayonlarında müvafiq işlər görür. Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edirlər.

Prezidentin zəlzələnin baş verdiyi bölgəyə səfəri, təbii fəlakətin qarşısının alınması istiqamətində atdığı addımlarla bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, zəlzələdən dərhal sonra dövlət başçısı İlham Əliyevin Şamaxıya səfər edərək vəziyyətlə yerində tanış olması, sakinlərlə görüşüb söhbət etməsi, zəlzələnin nəticələrini tezliklə aradan qaldırmaq üçün müvafiq qurumlara göstərişlər verməsi dövlət başçısının daim millətimizin yanında olduğunun, xalq və dövlət hakimiyyəti arasında sıx birliyin göstəricilərindən biridir.

M.Qasımlının sözlərinə görə, bu səfər və keçirilən görüşlər bir daha təsdiq edir ki, vətəndaşlar dövlətin qayğısı və diqqəti altındadırlar. O vurğulayıb ki, Azərbaycan vətəndaşı dövlət rəhbərinə güvənir və böyük etimad bəsləyir.

Deputat Sahib Alıyev isə qeyd edib ki, İlham Əliyev hər bir azərbaycanlının prezidentidir: "Dövlət başçısı evi zəlzələdən dağılan vətəndaşın qapısına gedir, qayğısına qalır, keçirdiyi sarsıntını az qala onun kimi yaşayır".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də hesab edir ki, Prezident İlham Əliyev hər zaman vətəndaşların qayğısına qalır, onlara xüsusi diqqət göstərir: "Biz bunu şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin timsalında dəfələrlə hiss etmişik. Eyni zamanda, ölkədə hər hansı vətəndaşın müalicəsinə ehtiyac olubsa və bu barədə prezidentə məlumat verilibsə, bu istiqamətdə dərhal zəruri addımlar atılıb. Dövlət başçısı kimliyindən, siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın yanında olub, öz dəstəyini göstərib. Bu mənada Şamaxıda baş verən zəlzələdən sonra prezidentin həmin əraziyə səfər etməsi, təbii fəlakətdən zərər görən evlərə baş çəkməsi, əhali ilə birlikdə olması, fəsadların aradan qaldırılması istiqamətində tapşırıqlar verməsi ənənəvi bir prosesin davamıdır, vətəndaşa olan münasibətin növbəti əyani nümunəsidir".

Deputat Elman Məmmədov isə qeyd edib ki, İlham Əliyev hər bir azərbaycanlının prezidenti olduğunu əməli, işi ilə sübut edir. O, SİA-ya bildirib ki, dövlət başçısı təkcə təbii fəlakətlər zamanı yox, hərbi əməliyyatlar zamanı, həmçinin, əmin-amanlıq dövründə xalqın yanınadır və onların qayğıları ilə yaxından maraqlanır: "Bu yaxınlarda ölkə rəhbərinin şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlərlə bağlı görüşləri, atdığı addımlar bunu sübut edir. Bu günlərdə də təbii fəlakətlə bağlı prezidentin operativ qaydada verdiyi göstərişlər, sərəncamlar, xüsusilə Şamaxı şəhərinə səfəri, xalqın içində olması onu göstərir ki, onun bütün fəaliyyəti, siyasəti insanlarımızın, vətəndaşlarımızın təhlükəsizliyinə, əmin-amanlığına, sosial durumunun, maddi-rifahının yaxşılaşmasına yönəlib".

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Fevralın 5-də, saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Əsasən dağıntılar Şamaxı rayonunda qeydə alınıb. Fevralın 6-da, saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Daha bir yeraltı təkan saat 04:25-də qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlara təcili tibbi yardım göstərilib və onlar evə buraxılıb, insan tələfatı qeydə alınmayıb.

Ceyhun ABASOV

 





08.02.2019    çap et  çap et