525.Az

Tanıyaq və tanıdaq - Süsən Nəvadeye Rəzi


 

Tanıyaq və tanıdaq - <b style="color:red">Süsən Nəvadeye Rəzi </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb. Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
 
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!

Esmira FUAD
Filologiya elmləri doktoru

Müəllifin öz dilindən təqdimatı: "...1963-cü ildə Təbriz şəhərində anadan olmuşam. Aydın düşüncəli atam, kitab oxuyan anam və sinəsi folklor xəzinəsi olan hikmətli bir ənnəm (yəni atamın anası - nənəm) var idi. Birinci sinifdən farscadan əlavə, həm də fransızca dərs aldım. İran inqilabının qarmaqarışıqlığına qurban gedən bir çox gəncimiz kimi, mən də yüksək təhsilata davam etməkdən məhrum qaldım. Ancaq öz-özümü eyitməkdən heç vaz keçməyib, doğma türkcəmizi kiril, latın və ərəb əlifbasıyla öyrənməyə qeyrət etdim. 1990-cı ildən şeirlərimi, köçürmələrimi, qısa yazı və nağıllarımı yerəl dərgilərdə yaymağa başladım. Quzey Azərbaycanda çıxan dərgi və qəzetlərdən bir çox yazı köçürüb çapa vermişəm. Üç kitabım yayımlanıb: "Şəlalələr şələsi" - şeir toplusu, "Arzuların, yəni Gülşan bağı" - hekayə və şeirlər, "Ənnəmnən mən" - folkoyazı (folklor ağırlıqlı xatirələr).

Bir sıra klassik və müasir fars şair və yazarlarının əsərlərini Azərbaycan türkcəsinə çevirmişəm. Elbilimi dərnəyinin sorumlu müdiri, Yazarlar Heyətinin üzvü, "Sancaq" dərgisinin baş yazarı və sorumlusuyam".

Süsən NƏVADEYE RƏZİ

Sevmək

Yelə bel bağlamaq,
Suya sarılmaq,
Havanı həvəngdə döyməkdir,
Bəlkə də sevmək.
Nəsələr var olmaqdan ötə,
Nəsələr var ölməkdən ötə,
Elə donuq-donuq baxma qadası!
Ümid
Davam etməyə ən yetərli dildəm (dəlil, məntiq - müəl.) deyilmi?!
 
Ağaclar və mən

Heç darıxmırdıq,
Nə şəhər, nə də cib telefonum.
Heç kimi də gözləmirdik,
Nə bəlalı mən, nə də ziyalı Təbriz...
Soyundum səni,
Səpdim şıltaq sərçələr dənləsin,
Küskünlüyümü, umduğum yerdən.
İndi, nə mən mənəm,
Nə də bu şəhər şəhərdir;
Deyirəm kaşki qar yağmasın bu il...
Təbrizə qar yağanda
Şairləşir bütün ağaclar və mən...

Təqvimin sonu

Söylə,
Hansı saatda yaranmısan?
Dörd fəsil gül açırsan
Xəyalımın bağçasında...
Zəhmət olmasa,
Xəyalına buyur,
Dolaşmasın biləmə...
Bu fəsildən sonra
Heç bir fəsil gəlməyəcək

Yaşıllaşma həvəsi

Səhər-səhər almalıqlara
Damcı-damcı damanda günəş,
Qulağıvı daya dodaqlarıma
Yarpaqların yaşıllaşma həvəsini
Narın-narın
Pıçıldasın sənə.
Yel günəşi yerdən süpürəndə
Quşların şeirimə susuzlayan çağı
Səsim
Budaq-budaq
Cücərib göyərəcək ağaclarda...

Səni yollara tapşırıram

Nə varsa bəlləyimdə,
Nə varsa ürəyində,
Burax da get, giləsi!
Get,
Gedişin, yam-yaşıl tumurcuqlansın
Qalışım, sap-sarı soluqsa da.

Sənli düşüncələrimin uzaq varoluşu
Sənsizlik dəminin yaxın gərçəyində
Avar olunca çarəsiz başıma...
Ah... giləsi!
Elə bir susuram bağırmaqdan ötə
Elə bir səssizləşirəm hayqırmaqdan bətər
Və qarşımda
Diz çöküb ağlır
Güc-bəla ilə basdırdığım gözyaşlarım.

Səni yollara tapşırıram,
Yollar yorulmasın, deyə
Və dağlara...
Güvənəcək dayağı olsun, deyə
Səni günəşə tapşırıram
Qara-orxu qərrahlanmasın
Və dənizə,
Ayın sevişəcək yuvası olsun, deyə.
Bugün ayrılışın acısına basdırıram özümü
Və yarınların parlaq düşlərinə, səni.
Gedişin gün çıxana olsun, giləsi!..
Ürəyimin bayqın batışına,
Baş əyməyim də neynəyim?!
 
Gecələrində Ay işıldırmı hələ?

Gecələrində Ay ışıldırmı hələ?
Gündüzlərində Günəşivin yanaqları
Parlaqdırmı hələ?
Heeeç sevincli deyiləm, giləsi...
Düşsüz
Gülüşsüz
Nə təhər sevincli olunur?!
 
Yel kimi gəzginəm,
Sel kimi çarəsiz,
Gəl, gülüşlərimi qurtar,
Gəl, qoşuqlarımı qurtar,
Gəl, damarlarım qanına alışdığım!
Gəl dilimi qurtar,
Gəl dinimi qurtar,
Gəl dünümü, günümü, yarınlarımı qurtar...
Gəl,
Gəl!
Gəlmə, get!
Get, hara gedirsən get,
Harda olursan ol!
Zamanın ötəsində bilə olsan,
Günəşi zədələyən buludları göstərmə, nolar...
O qədər təvaf eləmişəm ki, biləvi
- xəyalıvı yanı -
Həccə getmək gərəkməz mənə...
Getmə, gəl!
Gəl tazadan yoz yuxularımı
Bir az dəliləşdir, bir az da dəcəl eylə...
Həm qoşuqsuzlaşdır,
Həm nağılsızlaşdır,
Həm də ağılsızlaşdır bir az biləmi...
Doğrudan
Gecələrində ay ışıldırmı hələ?!

 





08.02.2019    çap et  çap et