525.Az

İsa Həbibbəyli: "Dərsliklərin yazılmasında özfəaliyyət ola bilməz"


 

İsa Həbibbəyli: "Dərsliklərin yazılmasında özfəaliyyət ola bilməz"<b style="color:red"></b>

"525"in müxbirinin suallarını Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli cavablandırır. 

- İsa müəllim, parlamentin bu günlərdə öz işinə başlayan 2019-cu il yaz sessiyası ilə bağlı komitənizin ilk iclasında məlumat verildi ki, ali təhsillə də bağlı qanun layihəsi olacaq. Odur ki, komitə olaraq, qanun layihəsinin hazırlıqlarına başlamağı və onu müzakirələrə təqdim etməyi nə vaxta nəzərdə tutursunuz?

- Son illərdə Milli Məclisdə Elm və təhsil komitəsi tərəfindən elmin və təhsilin müxtəlif pillələrini əhatə edən bir sıra qanunlar hazırlanıb, bu qanunlar ölkə prezidenti hörmətli İlham Əliyev tərəfindən təsdiq olunub və artıq icra edilməkdədir. "Elm haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" qanunlar ölkə reallıqlarına və dünya təcrübəsinə uyğun olaraq, təhsilin inkişafının tənzimlənməsinə uğurla xidmət edir. Hazırda biz "Ümumi orta təhsil haqqında" qanun layihəsi üzərində çalışırıq. Bu qanun layihəsi ötən ilin payız sessiyasında parlamentin birinci oxunuşundan keçib. Eyni zamanda, təhsil naziri, Təhsil Nazirliyi  və təhsil ekspertləri ilə bir yerdə onu komitəmizdə ikinci oxunuşda geniş müzakirədən keçirmişik və ümid edirəm ki, yaxın vaxtlarda ikinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. Bu da orta təhsil sahəsində müasir inkişafın təmin edilməsinə dəstək verən, yol açan bir qanun layihəsi kimi fikirləşirəm ki, çox əhəmiyyətli olacaq. Bizim komitənin hazırlayacağı növbəti qanun layihəsi "Ali təhsil haqqında" qanun layihəsi olacaq. Biz bu işə ümumi orta təhsillə bağlı qanun layihəsi ikinci oxunuşdan keçəndən sonra başlamağı düşünürük. Lakin indidən biz bu istiqamətdə hazırlıqların aparılmasına başlamışıq. Komitənin üzvləri və əməkdaşları ali təhsil sahəsində dünya təcrübəsini öyrənir, lazımi sənədləri əldə edir, ölkə reallıqlarına aid müşahidələr aparır, pedaqoji ədəbiyyatı mütaliədən keçirir. Hesab edirəm ki, biz bu ilin yaz aylarında "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupunu yaradıb, daha konkret işə başlayacağıq. Və həmin qanun layihəsini Milli Məclisin payız sessiyasında gündəliyə daxil etməyi daha məqsədəuyğun hesab edirik. Bununla da biz 2009-cu ildə qəbul olunan "Təhsil haqqında" qanunda öz əksini tapmış təhsilin bütün pillələri ilə bağlı qanun layihələrini ölkəmizin ictimaiyyətinə, elm və təhsil işçilərinə təqdim etmiş olacağıq.

- Həm ümumi orta təhsil, həm ali təhsillə bağlı müzakirələr zamanı daha çox tədris, dərs yükü və dərsliklər məsələsi qabardılır...

- Ümumi orta təhsillə bağlı qanun layihəsi həm birinci oxunuş, həm ikinci oxunuş üçün müzakirə olunarkən, orta ümumtəhsil məktəblərində tədris yükünün ağır və mürəkkəb olması barədə fikirlər səsləndilib. Bilirsiniz ki, ümumi orta təhsil üçün yaradılmış İşçi Qrupunun içərisində Təhsil Nazirliyinin də məsul əməkdaşları var. Bundan başqa, biz təhsil nazirliyi ilə sıx əməkdaşlıq şəraitində qanun layihəsini hazırlayırıq. Təhsil Nazirliyinin  rəsmiləri də bizim komitənin iclaslarında iştirak edirlər. Məhz onlarla bir yerdə deputatlarımızın bu yöndə səsləndirdikləri fikirlər barədə müzakirələr aparmışıq. Təhsil Nazirliyinin işçiləri də, Elm və təhsil komitəsinin üzvləri də o fikirdədilər ki, tədris yüklərinin uşaqların yaş və bilik səviyyəsi ilə uyğun gəlmədiyi məqamlar çoxdur. Ona görə də hazırda Təhsil Nazirliyində tədris yüklərinin tənzimlənməsi ilə bağlı islahat işləri aparılır və bizə verilən məlumata görə, bu işlər tamamlanmaq üzrədir.

Burada həm tədris yüklərinin azaldılması məsələsi diqqət mərkəzinə çəkilib, həm də tədris proseslərində və dərsliklərdə Azərbaycanın milli maraqlarının, azərbaycançılıq məfkurəsinin yerinin, mövqeyinin artırılmasına qayıdılır. Bizim komitədə də hər dəfə bu barədə çoxlu fikirlər səsləndirilib və bu istiqamətdə, yəni dərsliklərdə və dərs prosesində o mövqenin ifadə olunmasına diqqət yetirilib. İnanıram ki, növbəti tədris ilinə kimi Təhsil Nazirliyi bu işləri tamamlayacaq və bundan sonra nisbətən sadələşdirilmiş, azərbaycançılıq məfkurəsi istiqamətində yenidən hazırlanmış tədris proqramları əsasında yeni dərsliklərin yazılması işinə başlanılacaq. Bu, zamanın tələbidir, çağırışıdır. Məktəblərin birinci vəzifəsi də Azərbaycanın milli dəyərlərinə, dövlətçilik maraqlarına, milli-mənəvi ənənələrinə sadiq olan yeni nəsil hazırlamaqdan ibarətdir. Bu barədə Təhsil Nazirliyi ilə bizim komitənin apardığı iş eyni hədəfi ifadə edir.

- İsa müəllim, sirr deyil ki, bu gün mövcud olan dərsliklər, xüsusilə, ibtidai siniflər üçün nəzərdə tutulan dərsliklər çox bərbad durumdadır. Dərsliklər qrammatik səhvlərlə doludur, cümlələrin başı ilə ayağı bilinmir, sanki dərsliklər korrekturadan keçilmir. Həmçinin, bəzən heç kimin tanımadığı "yazar"ların "əsər"ləri həmin dərsliklərə ayaq açmaqdadır. Bunların önlənməsi mümkün olacaqmı?

- Komitəmizdə bu məsələ ilə də fikirlər səslənib. Əvvəla deyim ki, korrektura məsələsi təkcə dərsliklərə aid deyil, ümumiyyətlə, hazırda nəşriyyatlarda korrektura işi yox səviyyəsindədir. Demək olar ki, nəşriyyatlar öz iqtisadi çıxarlarını nəzərə alıb, korrektor ştatlarını ləğv ediblər. Nəşriyyatlarımız indi ödənişli olduğu üçün hansı müəllim xahiş və ödənişini təmin etsə, o nəşrlərə redaktor və ya korrektor nadir hallarda təyin olunur. Bu, ümumi bir nöqsan və ümumi bir problemdir. Nəşriyyatlarımız bu məsələni həll etməlidirlər. Xüsusən orta məktəb dərslikləri düzgün, səriştəli şəkildə yazılmalıdır, burada özfəaliyyət, qətiyyən, olmamalıdır.

Amma deyim ki, belə hallar çox da deyil. Bizim müşahidələrimizə görə, korrektura səhvləri çox da deyil. Bəzən mətbuat yazır ki, dərsliklərdə səhvlər baş alıb gedir, düzdür, korrektura səhvlərinə rast gəlinir, amma deyim ki, bunlar çox deyil. Bizim niyyətimiz, bizim məqsədimiz də ondan ibarətdir, yəni elə tədbirlər görülməlidir ki, belə hallar heç olmasın. İkincisi, deyirsiniz, deyirlər ki, təsadüfi adamların şeirləri bəzən dərsliklərdə yer tutur. Bu fikirlərlə də tanışıq. Biz də müşahidə edirik ki, müəyyən hallarda buna yer verilir. Amma deyim ki, bu da geniş yayılmış hal deyil. Elə bilirəm ki, bu məsələ də bir qədər şişirdilir.

Çünki bizim dərsliklərimizdə Azərbaycanın klassik yazıçılarının, şairlərinin əsərləri yer tutur, müasir dövrdə uşaq ədəbiyyatı ilə məşğul olan yazıçıların əsərlərindən nümunələrə də yer verilir. Bunun başqa alternativi yoxdur. Çünki müasir dövrün uşaq ədəbiyyatı müasir uşaqların düşüncəsinə, onların qavrayışına daha uyğundur. Məsələn, Abbas Səhhətin, Abdulla Şaiqin Azərbaycan uşaq ədəbiyyatının qızıl fondunu təşkil edən əsərləri uşaqlarda vətənpərvərlik düşüncəsi aşılamaq, onların zövqünü, dünyagörüşünü zənginləşdirmək üçün əvəzsiz sərvətdir. Əslində, bunlar öz yerini dərsliklərdə imkan daxilində tapır. Ancaq bunları bir qədər artırmaq da, yaxşı olardı. Amma müasir uşaqlara indiki informasiya cəmiyyəti haqqında məlumat vermək, indiki internet dünyası haqqında ilkin təsəvvürləri aşılamaq üçün müasir uşaq ədəbiyyatından da nümunələr seçmək, vermək zəruridir. Bəzən bizim ekspertlərimiz müasir dövr yazıçılarının müasir həyat, müasir elmlər haqqındakı əsərlərini təsadüfi əsərlər hesab edirlər. Ancaq mən bu istiqamətdə dərsliklərdə verilən materialları vacib, əhəmiyyətli hesab edirəm. Onların uyğun balansının tapılmasını vacib sayıram. Eyni zamanda istərdim ki, müasir informasiya cəmiyyəti, yeni dünya reallıqları haqqında dərslikdə verilən materiallar təkcə aktual olmaqla qalmasın, həm də bədii cəhətdən əhəmiyyətli olsun və seçilib bədii cəhətdən ən yaxşıları ora daxil edilsin.

Kamil HƏMZƏOĞLU

 





08.02.2019    çap et  çap et