525.Az

“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub”


 

“Tarixin hər bir mərhələsində Azərbaycanda bütün xalqların hüquqları bərabər olub”<b style="color:red"></b>

“AZƏRBAYCAN ƏRAZİSİ ƏSRLƏRDƏN BƏRİ MÜXTƏLİF DİNLƏRİN VƏ İNANCLARIN YANAŞI MÖVCUD OLDUĞU NADİR YERLƏRDƏNDİR” 

Müsahibimiz fəlsəfə elmləri namizədi, ilahiyyatçı-filosof Elsevər Səmədovdur. Bu yaxınlarda ABŞ-dan bir aylıq səfərdən qayıdan gənc alimlə söhbətimizin məğzini qonaq olduğu ölkənin milli və dini münasibətlər baxımından Azərbaycanla müqayisəli təhlili, bu aspektdən oxşar və fərqli cəhətlərin, eləcə də ümumilikdə tolerantlıq anlayışının fəlsəfi dəyərləndirilməsi, həmçinin Azərbaycanda qədim dövrlərdən başlayaraq bugünümüzədək təşəkkül tapıb yayılan müxtəlif dinlər, məzhəblər haqqında mülahizələr təşkil edir. Həmçinin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərə, milli təhsil sistemində dini biliklərin tədrisinin vacibliyinə, bununla bağlı təkliflərə və başqa məsələlərə də toxunmuşuq.

“Tolerantlıq geniş anlamda dərk olunmalıdır. Bu daha qlobal anlayışdır. Tolerantlığın hərfi mənası dözümlülük deməkdir.  Milli və dini aspektdən yanaşsaq, dözümlülük anlamı bir din mənsubunun digər din mənsubuna, eləcə də bir etnosun digər xalqa hörmətlə, sayğıyla yanaşmasıdır” – deyən gənc alim bu yaxınlarda səfərdən qayıtdığı Amerikanın Azərbaycanla dini və milli münasibətlər baxımından müqayisəsi ilə bağlı fikir və düşüncələrini dilə gətirib: “Beynəlxalq seminarda iştirak etmək məqsədilə ABŞ-a səfərə getmişdim. ABŞ-da olduğum bir ay ərzində orada bütün sosial mühitin mərhələlərini görmək imkanı qazandım, bütün sosial təbəqələri incələdim. ABŞ-ın dini və milli durumuna nəzər saldım. Və bir çox məsələlər mənə yenidən aydın oldu. Demokratiya hansı səviyyəyə qədər yaşanılıb dərk olunacağını müşahidə elədim. Fikirləşirəm, əbəs yerə deyilməyib ki, Amerika demokratiyanın beşiyidir. Orada mən müxtəlif din mənsubları ilə bir toplantıda yaxud eyni tədbirlərdə oldum, suallar verdim və şahidi oldum ki, hər birində hansı dinə, hansı məzhəbə və hansı səviyyəyə malik olmasından asılı olmayaraq, bütün insanlara, insanlığa eyni baxış mövcuddur. Bu nədən irəli gəlir? Çünki doğrudan da orada insan məsələsi çox önəmli rol oynayır. Yəni, artıq bu cəmiyyətdə insanın hansı dinə, hansı millətə, hansı irqə, hansı cinsə, yaxud da hansı oriyentasiyaya  mənsub olması heç bir əhəmiyyət daşımır. Burada önəmli olan insandır. İnsanmərkəzli bir yanaşma üstünlük təşkil edir. Din anlayışı, dinə münasibət tamamilə fərqlidir. Yəni biz dini daha çox klassik anlamı ilə dərk edirik. Amma amerikan cəmiyyəti dinin klassik anlamı ilə yox, daha çox insanmərkəzli dərk edir. Bu nə deməkdir? Yəni burada din ancaq mənəviyyat üçün var. Dinin siyasi-ideoloji , sosial yönü o qədər də əhəmiyyət kəsb eləmir. Önəmli olan insanın mənəvi təminatıdır. Ona görə də insanlarda dinə fərdi yanaşma mövcuddur. Hər bir fərdin özünün din anlayışı və özünün teologiyası var. Məncə, bu çox önəmlidir. Bizdə məsələn ümumi bir din anlayışı, standart yanaşma var. Orada isə dindən söhbət gedəndə hər kəsin özünün hər hansı bir dini necə, hansı yönümdən dərk etməsindən danışılır. Bir ənənəvi dinə mənsub olanların hər birinin o dinlə bağlı müxtəlif düşüncələri ola bilər. Bunun da mərkəzində insan, onun mənliyi dayanır. Əslində buna birmənalı yanaşmaq olmaz. Məsələn islam nöqteyi-nəzərdən bu, düzgün qəbul olunmaya bilər, tənqid oluna bilər,  ancaq Amerika cəmiyyətində artıq onlar bunu aşıblar.  Amma humanizm baxımından dəyərləndirsək, burada insana daha artıq önəm verilməsi çox yaxşıdır. Amma bununla belə əlbəttə ki, amerikan cəmiyyəti ideal cəmiyyət deyil. Hər cəmiyyətin bir çatışmazlığı olur. Amma bir məsələ var ki, amerikan cəmiyyəti çox uzun demokratik yol qət eləyib və burada müxtəlif səpkili insanlar var. Bəli, onu da qeyd eləməliyik ki, burada da xalqlar, dinlər arasında düşmənçiliyin olmasını istəyən qruplar istisna deyil. Amerikada İslam düşmənçiliyini özlərinə vizyon seçənlər də az deyil. Müəyyən güclərə xidmət edən media isə bunu daha da şişirdir. Ümumən, insanlarda isə mən belə bir tendensiyaya rastlamadım. Xristianlığın müxtəlif təriqətlərinə etiqad edən insanlarla, fərqli təriqətlərin nümayəndələri ilə görüşdüm. Bunların əksəriyyətində özümə qarşı heç də ikrah, dözümsüzlük yox, əksinə rəğbət, xoşgörü hiss elədim. Orada seminarda mən İslam mənəviyyatını, sufizmi anlatdım. Çox böyük heyranlıqla dinləyirdilər, çox böyük hörmətlə yanaşırdılar. Hətta mən orada eynilə bizdə olduğu kim qonaqpərvərliyin şahidi oldum. Özümü yad ölkədəki kimi hiss eləmədim. İslama çox sayğı ilə yanaşan insanlarla ünsiyyətdə oldum və bu mənə çox xoş təsir bağışladı. Eyni zamanda mən orada müsəlman cəmiyyətlərinə də baş çəkdim və tamam fərqli bir mənzərə ilə qarşılaşdım. Bizdə müsəlmanlar başqa səpkidə inkişaf ediblər, Amerikanın müsəlmanları da fərqlidir. Buradakı afro-amerikan müsəlmanları özlərinəməxsus tendensiya mövcuddur. Məlumdur ki, uzun illər qaradərililər ağdərililərin əsarəti altında yaşayıblar. 500 il onlar kölə həyat sürüblər, mədəniyyətləri, ənənələri qəsdən unutdurulub. Sonra onlar yenidən dirçəlmək üçün çıxış yolunu İslamda axtarmaq qərarına gəliblər. İrqçiliyi rədd edən İslamın ümmətçilik anlayışı onların prinsipləri ilə üst-üstə düşüb. Axı Amerikada əvvəllər belə bir tendensiya vardı: Tanrı ağdərilidir. Çünki kilsələrdə İsanın şəkli həmişə ağdərili, göygözlü verilirdi. Əslində isə həqiqətənmi o, ağdərili olub? Yaxın Şərqdən olan İsa əslində kilsələrdəki kimi yox, təqdim olunduğundan fərqli bir fizionomik quruluşa sahib olub. Ona görə də ümmətçiliyi təbliğ edən İslam həmişə ağların ayrı-seçkiliyinə məruz qalan afro-amerikanların əksəriyyətinin etiqad yerinə çevrilib. İslam onlara həm də məhv olmuş mədəniyyətlərinə qayıdış üçün lazım idi. Böyük bir kütlə də onların arxasınca gedir. Amma bu gün bunlarla yanaşı hələ də Amerika cəmiyyətində qaradərililərə qarşı müəyyən irqçiliyi də müşahidə elədim. Əlbəttə, heç bir cəmiyyət ideal deyil. Amerikanın da öz qüsurları var: istər siyasi yönlü, istər də digər məsələlərdə. Amma buna baxmayaraq demokratiya sahəsində onlar çox böyük yol qət ediblər. Amerikanı Avropa ilə müqayisə eləsək fərqli mənzərə ortaya çıxar. Məsələn,  Avropada millətçilik daha çox nəzərə çarpır. Fransız özünü daha üstün tutur, yaxud ingilis öz dəyərlərini etalon hesab edir və sair. Yəni Avropa ölkələri heç biri digərini bəyənmir, özünü daha üstün sayır.  Amma Amerikada Avropadan fərqli olaraq belə deyil. Amerikada əsas olan Amerika vətəndaşlığıdır. Fərqi yoxdur sən pakistanlısan, hindlisin, qaradərilisən, ərəbsən, yaxud çinlisən. Elə amerikan ailələri var ki, tamamilə fərqli irqdən, fərqli xalqdan olan uşağı övladlığa götürür. Bu da tolerantlığın bir nişanəsidir. İnkişaf etmiş dəyərlərə sahib ölkələrdə millətçilik, törəçilik kimi problemlər artıq öz həllini çoxdan tapıb. Tolerantlıq inkişaf etmiş cəmiyyətlərə xasdır. Amerikada doğrudan da sözün əsl mənasında tolerantlıq mövcuddur”.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





11.09.2013    çap et  çap et