525.Az

Hər bir azərbaycanlının prezidenti


 

VƏTƏNDAŞ ÇƏTİN ANINDA YANINDA HƏR ZAMAN ONU GÖRÜR

Hər bir azərbaycanlının prezidenti<b style="color:red"></b>

Azərbaycanın dövlət başçısı İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkiləri zamanı hər bir azərbaycanlının prezidenti olacağını bəyan etmişdi.

Ötən 15 ildən çox müddət göstərdi ki, İlham Əliyev doğurdan da hər bir azərbaycanlının prezidenti olmağı bacardı. İnsanlarımız çətin, ağır problemlərlə üzləşən zamanı ölkə başçısının dəstəyini, qayğısını hiss etdilər. İlham Əliyev təkcə hansısa problemlərin həlli üçün göstərişlər verib, müvafiq sənədlər imzalamadı. Həm də özü hadisə yerinə baş çəkir, vəziyyətlə tanış olur, insanları dinləyir. Məsələn, prezident regionlara səfərlər edən zaman yerli əhali ilə görüşür, onların qayğılarını dinləyir və imzaladığı sərəncamlarda mütləq vətəndaşlardan gələn təkliflər nəzərə alınır.

İki il əvvəl baş vermiş aprel döyüşlərindən dərhal sonra da prezident və birinci xanım cəbhə bölgəsinə səfər edib, yerli sakinlərlə görüşüb, vəziyyətlə yerində tanış oldular.

Bir neçə gün əvvəl Şamaxı şəhərində baş vermiş zəlzələdən sonra da vətəndaş öz yanında məhz prezidentini gördü. İlham Əliyev fevralın 7-də Şamaxıya səfər edərək zəlzələdən zərər çəkən tikililərə şəxsən özü baxış keçirdi, sakinlərlə söhbət etdi.

Qeyd edək ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Əsasən dağıntılar Şamaxı rayonunda qeydə alınıb. Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanlara təcili tibbi yardım göstərilib və onlar evə buraxılıb, insan tələfatı qeydə alınmayıb.

Əslində, zəlzələ orta səviyyəli idi, ağır dağıntılara, insan itkisinə səbəb olmadı. Ölkə başçısı məlumatları aidiyyatlı şəxslərdən də ala bilərdi. Amma özü hadisə yerinə getdi, vətəndaşlarla bir-bir görüşüb, zəlzələnin törətdiyi fəsadlarla tanış oldu. Bu, ilk növbədə Azərbaycan vətəndaşı üçün böyük mənəvi dəstək idi.  Azərbaycan vətəndaşı üçün öz liderinin hər zaman onun yanında olmasından daha önəmli heç nə ola bilməz.

Bu, əlbəttə ki, həm də Azərbaycan rəhbərinin həyata keçirdiyi sosial siyasətin təzahürüdür. Təkcə bu il ərzində həyata keçirilən tədbirlərə nəzər yetirdikdə, mənzərə aydın olur. Bu mənzərədə isə prezident-xalq birliyinin aydın təsviri var.

İlham Əliyev öz çıxışlarında dövlətin siyasətinin sosial yönümlü olmasını və bu siyasətdə qayğıya ehtiyacı olan hər bir vətəndaşın, xüsusilə şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, eləcə də əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasının mühüm yer tutduğunu dəfələrlə bəyan edib. Prezident dediklərini həm də əməldə göstərməklə hər kəsin böyük sevgisini, rəğbətini qazanıb.

Azərbaycan prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşləri də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Bu görüş hələ də mətbuatda, sosial şəbəkələrdə müzakirə edilir. Dövlət başçısının qeyd edilən görüşdə şəhidlərimizin ailə üzvlərinə göstərdiyi dərin hörmət və ehtiram, onlara həssas münasibəti duyğusal hisslər yaratmaqla, ölkə liderinin öz vətəndaşına, şəhid ailələrinə münasibətinin göstəricisi idi.

Prezidentin şəhid atasına su verməsi, onun tribundan enməsinə kömək etməsi, başqa bir yaşlı şəhid valideyninə yaxınlaşıb, onu ayağa qalxmağa qoymayaraq, şəxsən özünün birdəfəlik ödəniş kartını təqdim etməsi dövlət başçısının xalq tərəfindən daha çox sevilməsinə, daha dərin rəğbət qazanmasına səbəb olub.

Nəhayət, Şamaxıda prezidentin evi dağılan yaşlı qadının əlini öpməsi qeyd etdiklərimizin daha bir nümunəsi idi. Azərbaycan prezidenti Şamaxı şəhəri, Salman Mümtaz küçəsi 33 ünvanında yerləşən və ən çox zərər dəymiş evin sakinləri ilə görüşüb. Ev sahibi olan yaşlı qadın dövlət başçısına  təşəkkürünü bildirib, əlini öpmək istəsə də, İlham Əliyev buna imkan verməyərək, özü əyilərək qadının əllərindən öpüb.

Prezident sakinlərə bildirib ki, biz evləri bərpa edəcəyik, yenidən tikəcəyik, müvafiq göstəriş verilib:  “Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək”.

Qeyd edək ki, dövlət başçısı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam da imzalayıb.

Sənədə əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.

Deputat Tahir Kərimli Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfərinin yüksək qiymətləndirildiyini deyib. O bildirib ki, dövlət başçısının bütün digər işlərini təxirə salıb, birbaşa Şamaxıya getməyi çox vacib əlamətdir: “Bundan əvvəl fövqəladə hallar naziri də dərhal orada olub və müəyyən tədbirlər görüb. Şamaxı, Ağsu və İsmayıllıda zəlzələ ilə bağlı komissiyalar fəaliyyət göstərir. Onlar həmin ərazilərdə dəymiş ziyanı hesablayır”. Deputat əlavə edib ki, cənab prezident orada evlərin bərpası ilə bağlı yerindəcə tapşırıq verdi: “Bundan başqa, bərpası mümkün olmayan ev varsa, yeni evin tikilməsi göstərişini də verdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan prezidenti öz vətəndaşlarının taleyi üçün nə qədər həssasdır və dərhal necə reaksiya verib hadisə yerinə baş çəkdi. Açığını desəm, mən heç bunu gözləmirdim, ona görə də bu səfəri yüksək qiymətləndirirəm”.

Deputat  Azər Badamov isə deyib ki, harada nəyəsə ehtiyac yaranırsa, problem meydana çıxırsa, Azərbaycan prezidenti oradadır: “Dövlət başçısı həmin problemə diqqət göstərərək, onun tez bir zamanda aradan qaldırılması istiqamətində tapşırıqlarını verir. Biz illərdir ki, bunu ölkəmizdə qaçqın və məcburi köçkünlərə olan münasibətdə görürük. Minlərlə ailənin yeni mənzillərə təmin olunması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər bunu deməyə imkan verir”.

Azərbaycan prezidentinin bu yaxınlarda şəhid ailələri ilə görüşünü xatırladan A.Badamov vurğulayıb ki, görüş zamanı ölkə başçısının söylədiyi fikirlər, prezidentimizin ağsaqqal insanlara yaxınlaşaraq onların əllərindən tutması, səmimi münasibətin göstərilməsi dövlət başçısının vətəndaşlara olan diqqət və qayğısının bariz göstəricisidir: “Azərbaycan prezidenti daha sonra gənclərlə görüşündə onlara göstərdiyi səmimi münasibət, ölkə gəncliyinə verilən tövsiyələr, qarşıya qoyulan vəzifələr gənclərimiz üçün stimul idi. Ölkə başçısının əlil gəncə yaxınlaşması, onu təbrik və təltif etməsi, Azərbaycan vətəndaşına olan dəyərin göstəricisi idi”. Deputat qeyd edib ki, bütün bunlarla yanaşı, İlham Əliyevin ötən gün zəlzələ bölgəsinə səfəri və təbii fəlakətdən zərər çəkən insanların yanında olması, çıxışında “mən gəlməyə bilməzdim” ifadəsi insanlarımız üçün böyük ruh yüksəkliyi idi: “Səfər zamanı təbii fəlakətdən əziyyət çəkənlərin dövlət başçısına münasibəti, “biz sizə arxayınıq” söyləməsi xalqımızın öz Prezidentinə inamını ortaya qoyur. Bütün bunlar hər kəs üçün həyat dərsi, bir prezidentin öz vətəndaşına olan yüksək münasibətin göstəricisidir. Atılan addımlar bir daha göstərir ki, dövlət başçısı hər bir azərbaycanlının prezidentidir”.

PƏRVANƏ

 





09.02.2019    çap et  çap et