525.Az

Prezident: “Gənclər Azərbaycanın ümumi inkişafına böyük töhfə verirlər”


 

“DÖVLƏT BAŞÇISININ TOPLANTIDAKI ÇIXIŞI ÖLKƏ GƏNCLƏRİNİN GƏLƏCƏK FƏALİYYƏTİNDƏ YOL XƏRİTƏSİ ROLUNU OYNAYIR”

Prezident: “Gənclər Azərbaycanın ümumi inkişafına böyük töhfə verirlər”<b style="color:red"></b>

Gənclər günü münasibətilə Bakı Konqres Mərkəzində keçirilən respublika toplantısı Prezident İlham Əliyevin gənclərə ünvanlanan geniş və məzmunlu çıxışı ilə yadda qalıb.

Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edən, onların cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, ölkənin hərtərəfli inkişafında gənclərin çox böyük rolu var: “Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.

Prezident gənclər üçün əsas istiqamət kimi təhsil sahəsini xüsusi qeyd edib: “Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar”.

Bu gün Azərbaycan gənclərinin cəmiyyətimizin fəal hissəsi olduğunu deyən dövlət başçısı vurğulayıb ki, haqlı olaraq gənclərimizlə fəxr edə bilərik: “Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərib ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır”.

“Bizim gənclərimiz idmanda böyük qələbələr qazanırlar, başımızı uca edirlər. Hər bir idman qələbəsi hər bir vətənpərvər vətəndaşı sevindirir, ruhlandırır. Görün, biz hansı böyük nailiyyətlərə çatdıq. Son Yay Olimpiya Oyunlarında medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerdə idi. Bu, tarixi qələbədir. Bu qələbəni müstəqillik dövründə doğulmuş və boya-başa çatmış gənclər əldə ediblər”, - deyə İ.Əliyev bildirib.

Prezident toplantıda dövlət təşkilatlarına gəncləri önə çəkməyi də tövsiyə edib: “Gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər. Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər. Özəl sektora da tövsiyəm bundan ibarətdir. Biz özəl sektora çox gözəl şərait yaratmışıq. Azərbaycanda fəaliyyət göstərən özəl müəssisələrin sayı son 15 il ərzində 60 mindən 130 minə qalxıb. Bu, iqtisadi sahədə islahatların təzahürüdür. Onlar da mütləq gəncləri işə cəlb etsinlər ki, gənclər həm təcrübə keçsinlər, həm də hazırlıq prosesi sürətlə getsin”.

Prezidentin tədbirdəki çıxışı ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Eldəniz Səlimov qeyd edib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. O, SİA-ya bildirib ki, Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir: “Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin göstəricisidir”.

E.Səlimovun sözlərinə görə, Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır. O bildirib ki, ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqətdədir: “Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır”.

Hazırda ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyini xüsusi vurğulayan deputat əlavə edib ki, sosial həyatın bütün sferalarına nəzər salsaq, orada gənclərin əksəriyyət təşkil etdiyini görmək mümkündür: “Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı isə qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Gəncləri gününə həsr olunmuş respublika toplantısındakı nitqində ölkə gəncliyinə inandığını və güvəndiyini bəyan edib: “Dövlət başçısı bildirib ki, haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Prezident xüsusilə vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür və gənclər müstəqilliyimizin daha da möhkəmlənməsi üçün çalışmalıdırlar. Ölkə rəhbərinin bu yüksək etimadı gəncliyimizi qürurlandırmaqla yanaşı, məsuliyyətimizi də artırır. Gənclər bundan sonra da öz fəaliyyətləri ilə dövlətin onlara göstərdiyi etimadı doğrultmağa çalışacaqlar”.

F.Şahbazlının sözlərinə görə, Prezident İlham Əliyevin nitqi Azərbaycan gənclərinin gələcək fəaliyyətində yol xəritəsi rolunu oynamaqla yanaşı, gəncliyin qarşısında duran vəzifələri dəqiq müəyyən edir: “Azərbaycanda həyata keçirilən gənclər siyasətinin mahiyyətində gəncliyi dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda, dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün gənclər hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla dövlət idarəçiliyində yaxından iştirak edirlər”.

QHT sədri bildirib ki, bu gün dövlətimiz ölkənin sabahını etibar edəcəyi gənc nəslin formalaşmasına xüsusi önəm verir: “Prezident İlham Əliyevin fərman və sərəncamları, uğurla həyata keçirilən dövlət proqramları gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Dövlət başçısının fərmanı ilə Gənclər Fondunun yaradılması, paytaxt və rayonlarda gənclər evi mərkəzlərinin yaradılması gəncliyin uğurlu gələcəyinə hesablanıb”.

Ceyhun ABASOV

 





09.02.2019    çap et  çap et